Görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevin 80 illik yubileyi qeyd olunub

 

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Yubiley tədbiri görkəmli elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirakı ilə keçirilib

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, filoloji fikrimizin görkəmli nümayəndəsi Qəzənfər Paşayevin yaradıcılığının zirvəsi onun 1985-ci ildə bədii-publisist, elmi-memuar üslubda qələmə aldığı “Altı il Dəclə-Fərat sahillərində” əsəridir. Qəzənfər Paşayev doğma vətənində olduğu kimi İraq, Türkiyə, İran kimi ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorçu kimi etiraf olunmuş alim, pedaqoqictimai xadimdir. Ömrünün səksəninci baharını tükənməz enerji, yaradıcılıq ehtirası ilə qarşılayan Qəzənfər müəllimi müasir humanitar fikrimizin səlahiyyətli söz sahibi etmiş yeddicildlikSeçilmiş əsərləri” onun elmi maraq dairəsinin hüdudlarını, mövzu və mətləblərini, müəllifin vətəndaşlıq mövqeyini özündə ehtiva edir. İsa Həbibbəyli çıxışında Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətindən bəhs edərək onun “Altı il Dəclə-Fərat sahillərində” əsərinin sovet dövründə ən çox oxunan kitablardan biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Qəzənfər müəllim zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyub. O, sözü ilə Azərbaycan cəmiyyətində ağsaqqal ziyalı kimi qəbul olunur. Qəzənfər Paşayev alim və ölkənin ağsaqqal ziyalısı kimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində və Respublika Ağsaqqallar Şurasında fəaliyyəti ilə bir nümunəyə çevrilib.

İnstitutun şöbə müdiri, professor Şirindil Alışanov Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətləri olan Qəzənfər Paşayevin yaradıcılığı barədə məruzə ilə çıxış edib. Qəzənfər Paşayevə bütün türk dünyasında böyük sayğı olduğunu vurğulayan Şirindil Alışanov onun ziyalı, dost, vətəndaş kimi yüksək keyfiyyətlərindən də bəhs edib.

Daha sonra çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov yubilyar Qəzənfər Paşayevin zəngin fəaliyyətindən bəhs edib və Respublika Ağsaqqallar Şurasının “Fəxri fərman”ını ona təqdim edib

Tədbirdə çıxış edən akademiklər Teymur Bünyadov və Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, professor Buludxan Xəlilov, Xalq Şairi Sabir Rüstəmxanlı, kərküklü qonaqlar Mustafa Ziya və Şəmsəddin Kuzəçi görkəmli alim Qəzənfər Paşayevin yaradıcılığından söz açıblar, onunla bağlı ürək sözlərini deyiblər. Çıxışlarda vurğulanıb ki, səksən illik ömrünü böyük ləyaqətlə yaşamış, xalqımıza Kərkük dünyasını bəxş etmiş təvazökar el ağsaqqalı, nəcib ailə başçısı Qəzənfər müəllimin həyat yolu onun həmkarlarının, oxucularının fəxr etdiyi, ehtiram göstərdiyi elm və vətəndaşlıq ünvanıdır.

 Tədbirəd alimin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Sonda görkəmli alim Qəzənfər Paşayev çıxış edərək tədbiri təşkil etdiyinə görə  Nizami adına Ədəbiyyat İnstitutunun rəhbərliyinə və şəxsən İnstitutun direktoru akademik İsa Həbibbəyliyə və qonaqlara təşəkkürünü bildirib.

 

Xeyransa

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.7.