Nurəngiz Günün "Ağ qanadlar"ı

 

Çağdaş Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən və önəmli  yeri olan unudulmaz  şairəmiz Nurəngiz  Günün yaradıcılığında  poemaları   da xüsusi əhəmiyyət daşıyır. Nurəngiz Günün sağlığında çap olunan yeddi poeması var ki, bu "yeddiliyin" hər birisi bir böyük mövzudan bəhs edir və poetik tutumu ilə seçilir, fərqlənir. Müxtəlif  vaxtlarda yazılsa da, real təsviri, tərənnümü ilə bu əsərlər çox diqqət çəkir. Şairin həyat gerçəkliyini - həqiqəti, insanın mənəvi dünyasını, xarici görkəmini poeziyanın incə dili ilə  təsviri ədəbiyyatımızda da əsrarəngizdir, desək, yanılmarıq. Ümumiyyətlə, Nurəngiz Günün poeziyasında poetik təsvir, poetik tərənnüm çox yüksək şəkildə ifadə olunur. Bu poemaların hər biri geniş tədqiqatın məhsuludur.

"Ağ qanadlar" şairin ilk poemasıdır. 1983-cü ilin iyun - 1984-cü ilin may tarixində yazılıb və 1986-cı ildə eyni adlı kitabda dərc edilib. Əsər İkinci Cahan savaşından bəhs edir, daha doğrusu, döyüşçünün müharibədən sonrakı həyatından fraqmentlərdir. 1941-ci ildə "Böyük Vətənimiz"in müdafiəsinə gedən Comərdin həyatı, gördükləri, düşüncələri poema boyu müxtəlif adlar altında öz real əksini tapıb. 

Böyük Vətən müharibəsi və Böyük qələbə ilə bağlı 80-ci illərdə də yetərincə əsərlər yazılıb. İstər nəzmlə, istərsə də nəsrlə yazılan bu əsərlər xüsusi diqqətlə çap olunur, geniş yayılır və oxunurdu.

Akademik Bəkir Nəbiyev özünün "Kamalın təntənəsi" adlı araşdırmasında yazır ki, "Böyük Vətən müharibəsi və bədii ədəbiyyat problemi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edən çox mühüm və aktual problemlərdən biridir". Çünki "bu fəlakətlərin bir daha təkrar edilməməsi naminə yeni nəslin hərbi-vətənpərvərlik  ruhunda tərbiyəsi və bu mövzunun getdikcə daha vüsətli miqyasda, daha mükəmməl sənət əsərlərində işlənməsi dövrün zəruri tələbi idi".

Müharibədən bəhs edən əsərləri, mövzu baxımından iki qismə bölmək olar: Müharibənin birbaşa özünü - döyüş səhnələrini, insanların igidliyini, qəhrəmanlağını və qələbənin şirinliyini yüksək pafosla tərənnüm edən və müharibədən sonra onun vurduğu maddi və mənəvi zərbənin acı nəticələrini əks etdirən, göstərən əsərlər.

Nurəngiz Günün "Ağ qanadlar"ı 2-ci qismə aiddir. Əsərin əsas və baş qəhrəmanı Comərdin həyat hekayəsini oxuduqca mənəvi zərbənin ağrı-acısı daha   dəhşətli şəkildə hiss edilir və aydınca görünür:

 

Kimdi bu belə?

Kim ola?

Başı əlləri içində,

Əlləri dünyadan qoca,

Gözləri heyrət dolu,

gözləri mat, alaca.

Kimdir bu qoca?

 

Keçən əsrin 80-ci illərində müharibə iştirakçısının görkəminin təsviridir bu.  Bəs bu qocanın əvvəlki cavanlığı necə olub:

 

Bir vaxtlar cavan idi,

boyu dağlardan uca.

Yumruğu daşdan ağır,

Sinəsi dəmir kimi,

Qüvvədən də bolluca.

Rütbəsi? hərbi qolaca.

Bəs indi? İndi necə?

 

Şairin təsviri davam edir. Yenə 80-ci illərə qayıdır. Qələbədən 40 il keçib:

 

Bir qıçı yox, 41-də itirmiş.

Arvadını çoxdan dəfn etmiş,

Qızının, bircə qızının

qulac-qulac hörükləri

şəkildən sallanıb ancaq.

Ahı dağlardan ağır,

         kirpiklərindən qəm yağır,

Üz cizgiləri? - Qayadan da  sərt.

Adı? - Comərd.

Bəs niyə sərv  qəddi bükülmüş,

Pərt düşmüşdür, pərt.…

Nə dinir, nə danışır.…

 

Şair daha sonra təsvir edir ki, torpaq uğrunda gedən müharibədən sonra bu qocanın elə pənahı, ümid yeri, sığınacağı da anam qara torpaq olub. Pirşağıda yer götürən qoca burda bağ-bağat salıb. Bütün ağaclardan, güllərdən əkib. Quşların məskən saldığı bu bağda yalnız Zümrüd quşu çatışmır. Tikib, qurduğu bu cənnətməkanda Comərd kişi tək-tənhadır. Bir itidi, bir yaxın- uzaq qonşuları, bir də xatirələri. Yaşıdları - müharibədən qolsuz, qıçsız, gözsüz qayıdan dostları çoxdan köçüb dünyadan. Yalnız xatirələri yaşayır onda. Ən ağır xatirə isə qızı Siyatellə bağlıdır. 45-də müharibədən qayıdanları qarşılayanlar arasında onun qızı Siyatel də vardı. Hamıdan, hətta ondan da atası Comərdi soruşurdu qız:

 

- Əmi, atamı görmədiniz ki?

- Dayı, siz atamı tanıyırsınız?

-Əsgərlər, ay əsgərlər, atamın adı Comərd

- Babacan!.. Az qala sevinmişdim.

Bir az sizə oxşarı vardı…

çiynində də bax bu cür ulduzlar parlayardı!..

- Siyatel!

- Yox, baba, siz səhv salırsız,

          mənim atam siz deyilsiniz.

Mənim atam cavandı, çox-çox cavandı!

 

Atasını, görmək istədiyi  güclü, cavan, sağlam atasını tapmayan Siyatel qələbə sevincini yaşayan insanlardan qaçıb, uzaqlaşır və atasız yaşaya bilməyəcəyini görüb intihar edir. Onun meyitini yaxınlıqdakı göldən tapırlar. Beləcə, müharibənin faciələri, vurduğu yaralar bitməz, tükənməzdir. Neçə-neçə nəsli də mənən şikəst edir.

Şairin burada poetik nailiyyəti lirik qəhrəmanın fikir və düşüncələrini, duyğularını daima məşğul edən həyat həqiqətlərini olduğu kimi, real təsvir, tərənnüm etməsidir. Poema təbiiliyi, axıcılığı, fəlsəfi fikir yükünün ağırlığı ilə də diqqəti çəkir.

Bəkir Nəbiyev yuxarıda adını çəkdiyimiz əsərində göstərir ki, "Müharibə gerçəkliyinin mümkün qədər dolğun təsviri üçün şairlər poeziyanın forma və növlərini inkişaf etdirməyə səy göstərirdilər. Şeirin müharibə gerçəkliyinə yaxınlığını göstərən əlamətlərindən biri ədəbi inkişafın ikinci mərhələsində lirikada süjetə, həyat həqiqətini real şəkildə qavrayışa meylin daha da qüvvətlənməsindən ibarət idi. Poeziya müharibəni siyasi lirik üslubda, poetik manerada əks etdirməklə kifayətlənmr, müasir varlığın mürəkkəbliyini, insanların tale və mübarizəsini göstərmək yoluna can atırdı".

Bu mənada Nurəngiz Günün "Ağ qanadlar" poeması da bir insanın, bir döyüşçünün timsalında göstərdiyi kimi, müharibə və onun dağıdıcı, qırıcı, yıxıcı nəticəsinin insanların taleyində necə amansız rol oynadığının poetik təsdiqidir.

Əsər maraqlı və nikbin bir sonluqla bitir. Həmişə xəyalı qızının batdığı göldə cövlan  edən Comərdin ruhu da bu gölə gəlir və bir gün o ağ Leylək şəklində göldən qalxaraq üzü Cənuba uçur. Comərd kimi insanlar əslində ölmür, beləcə başqa şəkildə əbədi yaşayırlar:

 

Yaxşı adamlar quş olur,

Yaxşı adamlar ölmür.

Elə belə, qanad çalıb

aramızdan uçmuş olur?

 

İnsanpərvərlik, vətənpərvərlik, yurdsevərlik, humanizm, soy-kökə, torpağa bağlılıq Nurəngiz Gün yaradıcılığına xas xüsusiyyətdir, bütün poeziyasında aparıcı xətdir desək, daha düzgün olardı:

 

Ağlama Günəşbanım! Ağlama mehribanım!

Gün banım, Günəş banım!

O nağıl ki, vardı ha!..

Ordan bir alma düşdü, yadında?

Bu da yadındamı, əkdiniz ha, torpağa?!

Hə, bax, onu deyirəm e!

Ləçəkləyib. Çiçək tökəcək.

Həyat ağacıydı, həyat nağılı!-

Qönçələri düyümlənəcək!

 

Beləliklə, bir daha qeyd etmək yerinə düşər ki, digər poemaları kimi, "Ağ qanadlar" poeması da Nurəngiz Gün yaradıcılığında xüsusi yer tutur. Bu poema, müharibə və insan haqqında yazılmış real həyat həqiqətlərinin, gerçəkliyin, insani duyğuların ustalıqla qələmə alınmış uğurlu bədii inikası,   çox səmimi və məharətli tərənnümüdür.

P.S. Sentyabrın 21-i Nurəngiz Günün doğum günüdür. Bu kiçik məqalə də onun ruhuna ərməğanımız olsun!..

 

Bahar Bərdəli

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.11.