Bir gün bir kitab oxudum

 

Siz heç yazıçının yaza bilmədiyi romanı oxumusuz? Mən oxumuşam.

Siz heç kitab qəhrəmanı sandığınız adamla qarşılaşmısız? Mən qarşılaşmışam.

Siz heç bütün cavabları inkar olan suallara rast olmusuz? Mən olmuşam.

Bu günlərdə Qan Turalının son romanı olan "Fələk qırmancı"nı oxudum. İlk səhifələrdə çox da çəkici gəlməyən roman oxucunu sonrakı vərəqlərdə ovunu öz şirəsində boğan şehçiçəyi kimi kamına çəkir. Birgözünü açırsan ki, orta əsrlərdəki sufi təkkəsindəsən.

Birinci şəxsin dilindən yazılan əsər bir çox məsələlərə işıq tutan inkardan, daha doğrusu, dilemmadan yaranıb. Ədəbiyyatdakı çox məşhur "olum, ya ölüm?" dilemması kimi... İlk dilemma "əsarət-azadlıq" üzərində qurulsa da, irəlilədikcə kontekst dəyişir, genişlənir, süjet başqa mövzulara şaxələnir.

Hətta "ədəbiyyat yengələri" də əsərdən paylarını artıqlamasilə alıblar.

"Fələk qırmancı" üç "mən" üzərində qurulub. Birinci "mən" cəmiyyətin qadağaları altında əzilən Zeynəbdir. O təhsil almaq, azad yaşamaq, sevib-sevilmək istəyir. Zeynəbin platonik eşqi olan yazıçı Mehdi Bəyazid isə romandakı ikinci "mən"dir. Mehdi yazmaqdan bezən, ədəbiyyatın, sözün dünyanı xilas edə bilmədiyinə görə əzab çəkən, yazıçılığın boş olduğunu düşünən bartlbidir. Burada artıq ikinci dilemma üzə çıxır: "yazmaq-yazmamaq"... Əsərdəki üçüncü "mən" Orta əsrlərdə yaşayan sufi Mehdidir. Özünü sufi təkkəyə həsr edən bu gənc təkkədə yetə biləcəyi bütün mərtəbələrə çatır. Hamının sevimlisi olur. Çətin işlərin öhdəsindən gəlir. Yeri gələndə təkkənin qoyduğu qaydalara zidd getməkdən çəkinmir, amma bütün bunları bir şey üçün edir - insanlıq. Beləcə, növbəti dilemma çürüdülür - "inanc-şübhə". Bu dilemmalar əsər boyu bir-birinə calandıqca calanır, çoxaldıqca çoxalır, həyat kimi hər tərəfdən oxucunun üstünə çökür

Bir tərəfdən əsərdə sufi Mehdinin dünyanın bütün nemətlərindən əl çəkməsindən danışılır, təsəffüvün pillələrində durmadan irəliləməsi göstərilir. Digər tərəfdən isə onun təkkənin qadağan etdiyi məsələlərə gizli marağı var. Küfr hesab olunan bir çox ədəbi əsərləri, divanları, qəzəlləri, qoşmaları əzbərləyir. Hətta qadağan edilsə də, təkkədə iki sevgiliyə sığınacaq verir. Buna etiraz edən təkkə şeyxini tutarlı arqumentlərlə susdurur. Bundan başqa, gənc qəhrəmanımız təkkədə dostlaşdığı, dünyəvi sevgidən qopa bilməyən Abbasla da bağlarını qoparmaq istəmir. Səfərlərindən birində Gülgəz adlı qıza vurulan Abbas əslində 40 gün çəkməli olan çilədən aylarla çıxmır. Bununla özünü cəzalandırmaq, ruhunu arındırıb, bütün dünyəvi düşüncələrdən xilas olmağa çalışsa da, sonda məğlub olur. Süjet irəlilədikcə Abbasın əslində məşhur haqq aşığı Tufarqanlı Abbas olduğu anlaşılır. Bu, oxucunun ona olan rəğbətini bir qədər də artırır.

Sufi qəhrəmanımızın timsalında inanc ağıl yox, ürək işidir deyiminin əslində yanlış olduğu qənaəti də gətirilir. Müəllif kifayət qədər inandırıcı dəlillərlə sübut edir ki, kamil iman ağılla hisslərin vəhdətindən törəyir.

Düşünürəm ki, forma baxımından "Fələk qırmancı" Azərbaycan ədəbiyyatı üçün ilklərdəndi. Süjet xətti çoxmərtəbəli, iç-içə şəkildə qurulub, qəfil keçidlər oxucunu yormur, hətta bir qədər intizarda saxlayır, dinamikanı qoruyur. Paralel zamanda cərəyan edən hadisələr bir qədər qarışıqlıq yaratsa da kələfi çözmək istəyi oxucuya vərəqləri çevirməyi təlqin edir.

Elə ilk fəsillərdən aydın görünür ki, Tural bu əsəri yazmaq üçün sərf etdiyi 3 ili boşuna keçirməyib. Orta əsrlər tarixini, o vaxtkı məişəti, İslam dinini, eləcə də sufizmi, təsəffüvü, divan ədəbiyyatını, klassikləri və müasir söz sənətini kifayət qədər əxz edib. Müəyyən ipucları olsa da romanda konkret dövr göstərilməyib. Bu, bir qədər dünyaca məşhur "Taxt oyunları" silsiləsini xatırladır. Orada müəyyən işarələr olsa da, dövr naməlum qalır.

Ən ümdə məsələ isə "Fələk qırmancı" adlı romanını yaza bilməyən nakam ədibimiz Mehdi Bəyazidin əsərin əsas qəhrəmanı üç "mən"dən ikisini özündə birləşdirən Mehdinin prototipi olmasıdır. Nakam yazıçımızın arzusunu əsərdə mehdilər, həyatda Tural gerçəkləşdirib.

Romanda tamamilə kölgədə qalan daha bir "mən" var. Molla Sadıq. Bəs bu "mən" niyə "nakam" qalır? Sona qədər getmir, rüşeym formasından o tərəfə keçmir? Məncə, bu bir qədər də şüuraltına, təsəffüvə, bilinməyənə işarədi.

Əsərin ən sevmədiyim tərəfi dili oldu. Müəllif, bunun bir növ üslub "priyom"u olduğunu desə də, yazı prosesində Vonnequta tərəfəm.

Digər məsələ isə hadisələrin həddən artıq tələsik baş verməsidir. Əlbəttə, bunu sürət əsrinə bağlamaq olar. Amma belə ağır mövzulara girişən ədib üçün, məncə, çox da keçərli arqument deyil. Qəhrəmanını ildə dörd dəfə qırx günlük çiləyə salan müəllif əsəri sanki at belində yazıb.

İronik desək, roman ortalarından etibarən qırmancdan daha çox Orxan Pamukun atasının bavuluna bənzəməyə başlayır. Pamuk üslubu dominantlıq qazanır. Hətta "Mənim adım Qırmızı" əsərinə hədsiz bənzərliklər özünü göstərməyə başlayır.

Sonluğa az qalmış sanki barıt yanıb bitir, dinamika artdıqca özünəməxsusluq azalır. Nəticədə isə təxminən Yeşilçam filmlərinin titrək kadrları ilə əsəri bitirməli oluruq.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, sadalanan bütün bu mənfi cəhətlərlə yanaşı, əsəri Turalın ümumi yaradıcılığında yeni mərhələ kimi qiymətləndirmək olar. Qurğu, əlaqələndirmə, oxucunu maraqda saxlama bacarığı kifayət qədər irəliləyib. Və məncə, artıq Azərbaycan ədəbiyyatı təkcə yazıçılar üçün deyil, oxucular üçün də oxunaqlı hala gəlməkdədir.

 

Cavid QƏDİR

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.14.