"İtirilmiş
maarif" dövründən bəzi poetik sitatlar
ADA universitetində hazırda çapa
hazırlanan bir kitab üzərində son redaktə işləri
başa çatmaqdadır. "İtirilmiş maarif: Mərkəzi Asiyanın qızıl dövrü.
Ərəb istilasından Teymurləngədək" adlanan əsərin
müəllifi məşhur amerikalı
araşdırmaçı, Mərkəzi Asiya-Qafqaz
İnstitutu və İpək Yolu Araşdırmaları
Proqramının təsisçisi və sədri Frederik
Stardır. Əsəri ingiliscədən dilimizə tərcümə
edərkən müsəlman aləminin tarixinə dair
maraqlı təhlillərlə rastlaşdım. Kitabda bölgəyə aid ən müxtəlif
sivilizasiya faktları sırasında dünya poeziyasına
töhfələr vermiş Əbu Abdulla Rudəki, Əbul
Qasim Unsuri, Ömər Xəyyam, Rumi, Firdovsi, Nizami və
başqa klassiklərin yaradıcılığına toxunulur.
İstərdim müəllifin bu mənada poetik sitatlarla
müşayiət olunan qeydlərindən bəzisini
"Ədəbiyyat qəzeti"nin oxucularına
çatdırım. Onu da bildirim ki, təqdim edilən
şeir nümunələrini dilimizə orijinaldan deyil, ingiliscədəki
sətri tərcümələrdən çevirmişəm.
Nəriman
Qasımoğlu
...940-cı ilin həndəvərində,
o zaman ki, Qərbi Avropa yazarları əsərlərini hələlik
latıncanı bilən kiçik oxucu kütləsinə
ünvanlayırdılar və o zaman ki, Çində əksər
yazarlar bürokratlar üçün yazırdılar, Əbu
Abdulla Rudəki Buxara cəmiyyətində bir şair və
müğənni kimi öz təntənəsini
yaşayırdı. Bu təntənəsini "Qələm
və Arfa"ya dair bu üç qısa bənddə belə
ifadə edirdi:
Ömür bir at olmuş, sən də
belində,
Bu ömrü dördnala çapasan gərək.
Həyat bir top olmuş sənin əlində,
Vurasan, əyləncə tapasan gərək.…
O incə əllər ki, çalır
arfanı,
Olsun qələm tutan əlin qurbanı.
...Azalmış səndən yana zalımlıqla ədavət,
Çoxalmış səndən yana çomərdliklə ədalət.
Qələm onun deyimində:
Bir şikəstdir, yeriyir, qulağı
yox, danışır.
Bir kardır ifadəli, görür, fəqət,
yox gözü.
İtidir qılınc kimi, təpəsi -
ilan başı.
Bir sevgili cismi var, bir də qaranlıq
üzü.
Təsəvvür etmək asandır ki,
bahar mövzusu qəbilindən olan zamansız nəsnələr
haqqında nəğmə deyərkən və nəğməsini
ustalıqla udda (bərbək), yaxud da arfada (cəng) öz
çalğısı ilə müşayiət edərkən
dinləyicilər hansı məftunluqla ona qulaq kəsilirmişlər:
Baxın o buluda, görün bir necə
Qəmli bir insan kimi hey ağlayır.
Aşiq bir ürəkmi bulud bu gecə,
Guruldayan göylər ürək
dağlayır.
Gün boylanır oğrun-oğrun buluddan,
Zindandan süzülən işıq
selimi.
Ağrılara məlhəm çəkib
sağaldan,
Şəfa verən bir yasəmən
yelimi.
Müşk yağışı səpilir
yarpaqlara,
Bəzənir bağçalar atlas paltarla.
Güllər nəzər salır əriyən
qara,
Quru arxlar şişmanlanır sularla.
Və əlbəttə, tez-tez sevgidən
də oxuyarmış:
Sevgi sərxoşluğunu dadmış kəsə
ayıb olar,
Ki, bu haldan bircə anlıq ayılıb
ayıq ola.
Rudəkinin bir çox dostları
içində Bəlxdən olan zadəgan mənşəli
şairə Rabiə də vardı. Bu şairə sevgisini cavabsız buraxan
bir köləyə coşqun ehtirasla aşağıdakı sətirləri
həsr etmişdi:
Tanrıdan istərəm bənd etsin səni
Ağactək, qayatək tərpənməz
kəsə.
Yanarsan əzabdan sən də duranda
Ayrılıq oduyla nəfəs-nəfəsə.
Duyarsan eşqimi sən də o anda.
Rudəki isə mehrini Rabiəyə
salmışdı. O
xanıma ki, öz doğma qardaşı onu
ağılsızlığına görə qətlə
yetirdi.
Təəccüblü deyil ki, Rudəkinin
vəsflərində şərabın da yeri var. Bu, onun sətirlərində
sonrakı sufi şairlərində
olduğu kimi rəmzi mənada, yəni sərxoşluğu
ilahi hikmətlərdən doğuran nəsnəyə işarə
anlamında işlənmir. Rudəki bu meyverici içkini
insanı ruh düşkünlüyündən
çıxarmaq vasitəsi olaraq təsvir edir:
Şərab ləyaqəti üzə
çıxarır,
Pul qulundan ayırır azadəni.
İstedad qatqısı var piyalədə
Şərab fərqləndirir əsilzadəni...
Fərəhlənir ürəyin şərab
içincə həmən,
Xüsusən o çağda ki,
çiçəkləyir yasəmən.
Şərab silib-sovurmuş qalaları
göylərə,
Cəsur süvariləri salmış
atından yerə.
Çox alçaq xəsis var ki, şərabdan
dəm olunca
Hey səxavət göstərmiş aləm
varla dolunca.
…Mahmudun sarayında "Şairlər
şahı" (Məlik-us-suara) titulunu qazanmış birisi,
Əbul Qasim Unsuri otuz minə yaxın şeir sətrini qələmə
almışdı ki, bunlardan yalnız bir neçə mini
salamat qalıb. Unsuri
Bəlxdən gəlmişdi və o sənətkarların
arasında yer almışdı ki, Mahmud həmin şəhəri
tutandan sonra onları öz ətrafına
toplamışdı. Unsurinin Qəznidəki
uğuru onun mahir davranışları ilə bağlı idi.
Bir dəfə içki məclisində Mahmud
öz adamlarına əmr etmişdi ki, şairin sallanan saçlarını
kəssinlər. Növbəti gün hökmdar
anlayır ki, səfeh bir iş tutubmuş və bilmir nə
etsin. Unsuri bu sətirlərilə vəziyyəti xilas edir:
Yanlış kəsilmişsə də bütünüzün
saçları,
Nəyə görə boğmalı bizləri
bu qəm seli?
Şadyanalıq vaxtıdır, bizlər
şərab acları,
Göz oxşayır, bax, necə kəsiləndə
sərv teli.
Mərv doğumlusu başqa bir saray
şairi Əbu Nəzır Əbdul Əscadi oxşar bir
reaksiyanı xumarlıq sonrası halının
ağrılarını qələmə alanda göstərmişdi:
Tövbəliyəm şərabdan, şərabın
tərifindən,
Tər buxaqlı gözəllər vecimə
gəlməz daha.
Boş sözlərdir! Əl çəkməz
tənim
suç görəvindən,
Böylə saxta tövbədən
sığınıram Allaha!
Olduqca incə təbiət təsvirləri
fonunda öz himayəçisinin şəninə yaltaqlıq
təriflərilə çulğalaşmış məcburi
yazılan mədhiyyələrdən əlavə Mahmudun
laureat şairi xeyli sayda gözəl və təsirli lirik
şeirlərin də müəllifi idi. Bu mənada o, tək deyildi,
Mahmudun bir neçə başqa şairi də vardı ki,
lirik şeirlər yazır, fərqli sosial dairələrdən
olan gənclərin eşq həyatındakı problemləri
ifadə edirdilər. Əscadi şərab məclisindən
aldığı xumarlığı gedəndən sonra
gözüyaşlı aşiqin dilindən bu təsirli və
musiqili sözləri qələmə almışdı:
Süzülür yanağımdan
axıtdığım göz yaşı
Bir çaymı,
şırıltısı götürübdür aləmi?
Yağdırdığım damlalar andırır
gur yağışı,
Hayqıran şırıltılar ürəyimin
səsimi?
…Təxminən elə Səncər Qəzalini
Mərvə dəvət etdiyi bir vaxtda atasının ən məşhur
alimi olmuş Ömər Xəyyamı da paytaxta
çağırdı. Xəyyamın işləri
havadarı Nizamülmülkün qətlindən, sultan Məlikşahın
ölümündən əvvəl də yaxşı deyildi.
İsfahandakı astronomiya observatoriyası onun
üçün artıq uzaq bir xatirəyə
dönmüş, onun özü də var-yoxdan
çıxmışdı. Ona görə
də Səncərin dəvətini rəğbətlə
qarşıladı, Mərvdə bir müddət
qalmağından istifadə edib gələcək işlərindən
bir neçəsini, o cümlədən gümüş və
qızılın məlum çəkisindən istifadə ilə
ərintilərdə bir-birinə nisbətini müəyyənləşdirən
cəbri metoda aid əsərini qələmə aldı.
Ancaq Səncər uzaq illərin bir xatirəsini
unutmamışdı, xatırlayırdı ki, Xəyyam
çox-çox əvvəl bir dəfə onun yeniyetməlik
dövründə xəstəlikdən öləcəyini
demişdi. Çox keçmədi
araları dəydi və Xəyyam ondan
ayrıldı. Ömər Xəyyam son illərini
yenə də Nişapurda keçirdi. Qəlbi
ruh düşkünlüyü ilə meyxoşluq arasında
vurnuxaraq döyünürdü. Elmi tərk edib poeziyaya
qapıldı:
Xoşbəxtlik bilinmir hansı namdadı,
Ən yaxın sirdaşın şərabdır
adı.
Şadlıqla əl uzat şərab
camına,
Çünki xoşbəxtliyin tək bu
camdadı.
Melanxolik əhval-ruhiyyənin
möhrünü Xəyyamın gəncliyində ara-sıra
tez-tələsik qələmə aldığı
dördlüklərində, rübailərində də
aydın görmək olur. Bu ruh düşgünlüyü onun orta
yaşlarında da özünü göstərirdi:
Gəncliyim kitabdı, oxundu, bitdi,
Ömrümün baharı qış oldu,
itdi.
Gənclik dedikləri o hal bilmirəm,
Nə zaman gəlmişdi, nə zaman getdi.
İllər uzunu şəxsən məruz
qaldığı bir çox hücumlar öz
sözünü demiş və onun ruh
düşkünlüyü aşkaranə bir qəzəbə
çevrilmişdi:
Köhnə şərab içib məstəmsə,
məstəm,
Kafir, atəşpərəst, ya bütpərəstəm.
Hər təriqət barəmdə bir
söz deyir,
Nəyəmsə özüməm,
özümpərəstəm.
O, dəhşətlə müşahidə
etmişdi ki, Xorasandan olan müasiri Qəzali özünə
büt saydığı İbn Sinaya, eləcə də əvvəllər
tərəfdarı olduğu hamıya qarşı necə
amansızlıqla çıxmış və bununla da
Bağdadın sağ təmayüllü düşüncə
sahiblərinin əzizinə
çevrilmişdi. Xəyamın Qəzalidən zəhləsi
xüsusilə onun Yaradılış barədə
ehkamçı və özünə sərf edən
mühakiməsinə görə gedirdi:
Bu dünya hey dolur, boşalır hər
an,
Baxdıqca bu işə oluram heyran.
Bir kimsə bilməyir haradan gəlir,
Haraya yollanır bu uzun karvan.
Qəzali və qalib mühafizəkar dəstəkçilərinə
belə sərf edirdi ki, dünya həyatının zillətdən
başqa bir şey gətirmədiyini, zövq-səfanın
axirət dünyasında olduğunu car çəksinlər. Xəyyam isə hey sorğulayırdı:
Ağıllı kəs suya düzərmi
kərpic,
Bütlərdən, məbəddən gic
olmuşam, gic!
Xəyyam, kim deyir ki, cəhənnəmliksən?
Cəhənnəmi görüb gələn
varmı heç?
Başqa bir şeirində Xəyyam
birbaşa məsxərəyə keçirdi:
Bizə söyləyirlər, mey içən
insan
Cəhənnəmlik olur, bu, boş bir
yalan.
Cəhənnəmlik olsa aşiqlər, məstlər,
Cənnət ovcun kimi sənin boş qalar.
Digər dördlüklərində
camaatı istədikləri kimi mühakimə edən şəriət
üləması və imamlarını tənqidə tuturdu:
Eh üləma, biz ayrıyıq, siz
ayrı
Məstiksə də biz sizdən qat-qat
ayıq,
Siz qan içirsiniz, biz isə şərab,
Zalımlar, biz çoxdan haqq yolundayıq.
Zahid fahişəyə "sərxoşsan"
dedi,
"Gündə bir yuvada olmuşsan"
dedi.
O isə "ey şeyxim, mən buyam,
doğru,
Məni öz cildində bulmuşsan"
dedi.
Bir bənddə isə bölgənin yerli
aqnostikini qəzəblə müdafiə edirdi:
Gördüm yerdə oturubdur bu veyil,
Dünyadan, imandan, hər şeydən
qafil.
Nə Tanrı tanıyır, nə də
şəriət,
Kim ola onuntək cürətə
qabil?
Beləcə, səlcuq əsrinin ən
parlaq riyaziyyatçısı və astronomu, vəhy
qaynaqlı təlqinlərlə sufiliyin hikmət yoluna istinad
edən mühüm fəlsəfi əsərlər müəllifi
Ömər Xəyyam elə bir kəskin skeptisizm əhvalını
bəyanlayırdı ki, bu, hətta son əsrlərdə ən
nəhəng zəkaların həyatlarını həsr
etmiş olduqları böyük intellektual
axtarışlarında da öz təzahürünü
tapır:
Zəka əsirləri göstərir həvəs
Oluşla olmayış fikrinə əbəs.
Solarlar dəyməmiş fikir
bağında,
Bir qədəh şərabla elmə ver nəfəs.
Özünün uğursuzluğuna dair bəyanına
daxil etdiyi bütün şübhələri sanki aradan
qaldırırmış kimi əlavə olaraq bunları da
deyirdi:
Şüurum bilikdən qalmamış məhrum,
Öylə sirr yoxdu ki, olmamış məfhum.
Daldım aləmlərə yetmiş iki il,
Bilinməz nə varsa, həp mənə məlum.
...Ruminin həyatı bir müasir alimin
"ruhi müstəvidə indiyədək görünməmiş
parlaqlıq" dediyi bir şeylə kontrast təşkil edən
tamamilə qaranlıqdan ibarət nəsnə idi. Gündəlik güzəranın
amansızlığı və ruh yoxsunluğu şəraitində
Rumi özündən əvvəlki hər hansı şairin
keçirdiyindən artıq bir vəcd halı ilə həyatın
bütün mənfiliklərinə qarşı
çıxırdı. Şeir sətirlərini dilə
gətirə-gətirə, dünyəvi sevgi hisslərini
yaşaya-yaşaya, bir gözəl simaya gözlərini zilləyə-zilləyə,
Tanrının dərkolunmaz zatına vara-vara, Konyada sonradan dərviş
varislərinin fərqləndirici əlamətinə
çevrilmiş səma rəqslərini oynaya-oynaya və
musiqiyə dala-dala özünü unudurdu:
Musiqi aşiqlərin əzəl təbi,
Göylərə ucaldır təblənən
qəlbi.
Kül altında gizli od
alovlanır,
Dindirir ocaqda arınan canı.
Rumi birgə yaşadığı savadsız
zərgərdən aldığı ilhamla şeirlərinin əksəriyyətində
dünyəvi və ilahi sevgi arasında tərəddüdlə
vurnuxur, könlünə hakim qarışıq
duyğuların həyəcanı ilə ziddiyyət təşkil
edən bir dəqiqlik və ədəblə özünü
ifadə edir:
Eşq ilə şirinə dönür
acılar,
Qızıla çevrilir misdən nə
varsa.
Lilli su da şəffaflıqla
saçılar,
Eşq ilə sağalar insan ağrısa.
Ölüyə can verir eşqin dərmanı,
Şahı kölə edir eşqin fərmanı.
Belə eşq hər halda dərk meyvəsidir,
Göylərə səslənən əqlin
səsidir.
Cahilsə vurular ruhsuz bir şeyə,
Rast gəlməz ömründə xalis
sevgiyə.
Sevdiyi əslində nəfsinin yemi,
Yaddır bu cahilə saf eşqin dəmi.
Fərq qoymaq cahilə sağalmaz dərddi
Şimşək işığından
günəş nurunu.
Şimşək keçicidir, gəldi-gedərdi,
Alar ağuşuna qaranlıq onu.
Rumi üçün bütün sevgilərin
son ünvanı Tanrıdır. Onun inancında yer alan
etiqadı isə ənənəvi sünnilik, şiəlik və
hər hansı növdən olan təriqətlə əlaqəli
deyil:
Kor dindar önündə yollar
ayrıcı,
Hərə öz yoluna
çəkər yazığı.
Yalnızca eşqdədir
onun əlacı,
Eşqlə gələr
ona haqqın işığı.
Bax
özüm-özümə məchulam deyə
Nə deyə bilərəm
Tanrı adına?
Nə kafir olmuşam, nə
yəhudiyəm,
Nə xaçdan
xoşhalam, nə ayparadan.
Nə şərqdir, nə
qərbdir doğma məskənim,
Nə mələk, nə
də cin qohumum mənim.
Bütöv
sivilizasiyaların dağılması və qurulmasına səbəb
təbəddülatlar axarında hər şeyi görə-görə
taleyini yaşayan insanlara Rumi imanla təsəlli verirdi və
o, bu imanı passiv təslimiyyət şəklində deyil, Mərkəzi
Asiya sufiliyi ismarışının nüvəsini təşkil
edən fəal ilahi eşq biçimində
sürdürməyi təklif edirdi:
Nəfs şikar yemidir, tələdir
dünya,
Uzaqlaş tələdən,
üz tut Tanrıya.
Frederik Star
Ədəbiyyat qəzeti.-
2017.- 23 sentyabr.- S.4-5.