Platon dəyişdirmək istədiyi dünyanın
üfüqlərində
Dünyanın ən heyrətamiz təfəkkür dekadansını - gözünün qabağında klassik yunan polisi (dövləti) çürüyən Platon və onun dramatik fəlsəfəsi yaşayıb: antik yunan dahisi tarixdə ilk dəfə olaraq dünyanın və insanın mahiyyətinə bu dərinlikdə cəsarətlə enir, onun nüvəsində dayaq tutub möhkəmlənməyə və həmin nöqtədən varlığı vahid eydos universumunda dərk etməyə çalışır. Lakin bu fəlsəfənin gərgin kosmo-ekzistensial axtarışları Sokrat dialoqlarından "Dövlət", "Siyasətçi" və "Qanunlar"a doğru hərəkət etdikcə canlılıq və daşarlığını itirir, ruh, mənəviyyat və əxlaq zirvəsindən yıxılır, bütün toxumalarınadək kanonikləşir və hətta qəddarlaşır. Platonun mütləq idealizmi dövləti kosmos, insanı dövlət içinə sığdırıb konstruksiyalaşdırır. Və nəhayət, "ümumdünya kosmik zəkasını" vəsf edən bu fəlsəfə özünün absurd fazasına çatır: sən demə, insanlar - "allahların möcüzəli oyuncaqları" imiş, allahlar bu sevimli oyuncaqlarını oynadaraq idarə edir (müvafiq hind dini-fəlsəfi təlimləri ilə sönük səsləşmə) və xoşları gəlməyəndə, yaxud onlar yollarını azanda cəzalandırırmışlar ("Tövrat"da göstərildiyi tək). İnsanların da əsas vəzifəsi allahların və dövlətin iradəsincə fəaliyyətdə bulanmaq, atlanıb-düşmək, əylənməkmiş. -Platonun da həvəslə bəraətləndirdiyi bu "həyat" - insanın öz naturasınca yaşaması deməkmiş! Fəqət insanı bu "həyatla" doyuzdurmağın mümkün olmadığını görən Platonun, təbii ki, onu ölümdən sonrakı "gözəl ümidlərə" bağlamaqdan başqa çarəsi qalmır: insan bu dünyada keçirdiyi həyatın - oyuncaq ömrün gerçək (?) nəticəsini o dünyada görür... Bax, indi məlum olur ki, tarixin Platondansonrası ortodoksal teologiyaları niyə Platona bunca vurğunmuş və ondan belə bərk-bərk yapışırmış: cənnət və cəhənnəm tərəzili dinlərə bol "kosmik qida" verdiyinə görə... Antik yunan mütəfəkkirinin böyük fəlsəfəsi dinlər girdabında belə ölərək "dirilib"!
* * *
Platon fəlsəfəsi: işıq saça-saça böyüyən bu Ulduzun sönərək qaranlığa qərq olmasından da dəhşətli faciə məhz bundan sonra - onun kanonikaya çevrildikdən sonra müxtəlif sxolastik dini, fəlsəfi, siyasi və ideoloji sistemlərin qaynağında dayanmasıdır. İnsanın cismini Dövlətə, ruhunu dinə yedizdirən həmin sistemlərin kökündə siz özgə bir nəsnəni yox, məhz Platonun mütləqiyyətçi-idealist fəlsəfəsinin çöküntüsünü görərsiniz.
* * *
Sokrat Platon dünyasından qeybə çəkiləndən sonra, təbii olaraq, onun dialektikası sanki vakuuma düşür. "Qanunlar"da biz artıq polemosu ilə idrakı və əxlaqı lərzəyə gətirən Sokratı, onun gümrah, tikanlı gülüşünü, dialektik aramalarını, mübahisə çılğınlığını, həqiqət və ədalət mücahidliyini deyil, on müdrikin - Platonun qəlibləndirdiyi ideyaların donuq təcəssümlərinin rəhmsiz qanunvericilik "aktlarını" görürük. Onların "İlahi gecə məşvərəti" sanki dövrümüzün qlobal konspirativ təşkilatı kimi planetar idarəetmə hökmləri çıxarır... Bəlkə buna görə Platonun yola gətirə bilmədiyi Siciliya tiranları Böyük və Kiçik Dionisilər tərəfindən idarə olunmaqdadır əsrlər boyu dünya?!
* * *
Platona görə, eynimənşəli kosmos və dövlət ilahi yaradıcının - demiurqun vahid ümumdünya qanununa tabedir. Bu qanunun Tale dönərgələrində doğuluşa və məhvə məhkum olan canlı aləm - kosmos dəfələrlə yarana və dağıla bilər. Yer planeti də insan və dövlət qarışıq dönə-dönə Kainatdan silinə bilər - Atlantida kimi. Platon deyir ki, ("Siyasətçi") dünya katastrofları baş verəndə, o artıq "allahlar" tərəfindən deyil, öz-özünə idarə olunur və gücdən düşərək ilkin kamilliyini itirir.
* * *
Platonun mifləşdirilmiş fəlsəfəsi və fəlsəfələşdirilmiş mifi bir-birinə sarmaşa-sarmaşa əvvəl gur-yaradıcı enerjisini, sonra isə anti-enerjisini üzə çıxarır. Platonun fəlsəfəsi mifoloji qanadlarını taxıb yerlə göy arasında sərbəstcə uçur, hətta dövlət və siyasət məsələlərinə də o qanadları ərklə toxundurur. Ancaq antik yunan mütəfəkkirinə bəzən gen mif də darısqallıq edir: kosmosun mifoloji dialektikasını açan ("Timey") filosof kainatın sferik cizgilərinə uyğun yaradılmış insan başını kələ-kötür yer üzərində diyirləndirə bilmir və ona tez-tələsik dik dayanan uzunsov bədən və yeriyə bilən ayaqlar bəxş edir... Demək, əgər Platon ilanların filosofu olsaydı, onlara sürünə bilən bədən və haça dil, quşların filosofu olsaydı, onlara qanad, balıqların filosofu olsaydı, onlara qəlsəmə və üzgəc axtarıb tapacaqdı...
* * *
Hətta təəccüb edirsən: Sokratı yaradıcı fəlsəfə mehvərinin mərkəzində göstərən (Sokrat dialoqları) Platon öz ustadını sonadək anlamışdımı?! Sokrat fəlsəfəsi üzərində Platon Panteonunun sonradan baş-ayaq olaraq mahiyyətcə anti-Sokrat mərhələsinə bu şəkildə keçib quruluş ala bilməsi təbii idimi?! Məncə, yox. Platon Sokratdan görünməzcə üz döndərmişdi. Aristotel Platondan, İsgəndər Aristoteldən görünməzcə üz döndərdiyi tək. Platonun təməlini qoyduğu, min ilədək yaşayan Platon Akademiyasında fəlsəfi fikrin vibrasiyası da varisliklə inkarçılığın müdhiş ziddiyyətləşməsi prosesində baş vermişdir. Platon Akademiyası və Roma imperiyası: fəlsəfə və siyasətin əks-sədası bir-birinə güclə çatmışdır.
* * *
Platon bir çox yunan düşünərləri kimi etiraf edir ki, "ellinlər barbarlardan aldıqlarını kamilləşdirirlər" (2200 il sonra Hegel də Platonu başqa formada təkrar edəcək). Bəlkə daha çox tərsinə?! Həm də barbarlıq - mədəniliyi, əsilzadəliyi necə qidalandıra bilər?! Yunanların ən böyük tarixi səhvlərindən biri bəhrələndikləri mədəniyyətin yaradıcılarını - şərqliləri "barbarlar" kimi qəbul etmələri idi.
* * *
Platonun
ən dahiyanə əsəri "Sokratın
apologiyası"dır - yəni İnsan
apologiyası! Platon bu
böyük yol üzərində
dünyanın gerçəkdən dəyişdirilməsini mümkün edəcək ideyanı təməlləndirməkdə
idi! Amma o nə yaratdı? -
Dövlət apologiyası! Onun fəlsəfəsi - insanı zəncirlərdən
azad edən yox, əksinə,
daha total zəncirlərlə
buxovlayan doktrinaya
çevrilərək, dünyanın məhz bu
modeldə - insanın şəxsiyyətindən deyil, sümüklərindən tikilmiş modeldə qurulmasına yol açan ideya sistemlərini cücərtdi. Buna görə
də bəşəriyyətin antropoloji
inqilabları siyasi inqilablarından gec baş verdi.
İnsan Dövlət kabusunu
üzərindən atmağın hələ də olmazın
məşəqqətlərini çəkməkdədir. İnsan min illərdir sübut edə bilmir ki, o, "Tanrının
oyuncağı" (Platon) deyil,
"dövlətin vintciyəzi" (Lenin)
deyil, "taxtın ayağı"
deyil, "cəlladın kötüyü"
deyil, "hakimiyyətin arabası" deyil, "siyasətin çarxı" deyil,
"müharibənin sursatı" deyil,
"silahın gülləsi" deyil,
"snayperin nişangahı" deyil! O - İNSANDIR!
Rahid Ulusel
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.5.