Örən, Freyd və siesta
Mübariz Örən oxucuya çatdırmaq istədiyi mətləbi bədii detallar vasitəsilə xırdalamaq üçün axtarış aparmağı, arzuladığı mətni almaqdan ötrü sözlə işləməyi, sözü "yonmağı" bacaran, yazmaqdan çox pozmağa əhəmiyyət verən nasirdir. "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" də müəllifin axtarışı hekayəyə - bədii mətnə çevirməyi bacardığı əsərlərindəndir.
Hekayə "yaşını soruşanda bir əlini tam, o birinin bir barmağını açan" uşağın kənardan heç kimin görmədiyi iç dünyasına işıq salır. Uşağın anası dişi-dırnağı ilə dolanma, çörək savaşı aparır, canı yanında qalsa da, onu evdə məcburyyət üzündən tək qoymalı olur. Atasının hara getdiyi uşağa bəlli deyil, lakin atasının gələcəyi günü gözləyə-gözləyə həsrətini çəkir. İkitəkərli velosipedlə belədən-belə səkən qonşu oğlanın isə həsədi içini göynədir, özünə də ikitəkərli velosiped arzulayır. Qonşuluqda müvəqqəti yerləşmiş qaraçı qızından zəhləsi gedir.
Bütün bunlarla bərabər həmin uşağın yuxu kimi qarışıq olan iç dünyası yuxusunda üzə çıxır. Hekayədə yuxudan bədii üsul kimi düzgün, yerində istifadə olunub: mətndə yuxu baş verənlərin xəyal olduğunu göstərmək, "novella effekti" yaratmaq üçün deyil, uşağın özündən gizlin şüuraltı yaşantısını əyaniləşdirmək, canlandırıb hərəkətə gətirmək üçün ən əlverişli vasitədir və uşağın fərdi şüurdanxaric instinktlərini "oxumağa", gizlinlərini açmağa xidmət edir. Məlum olur ki, uşağın hələ heç özünün fərqində olmadığı, əsas hissəsi şüurundan xaricdə olan fərdi dünyası yalnız ata həsrətindən və velosiped həsədindən ibarət deyil. Hekayədəki situasiyada ananın timsalında seksual-erotik təhrik və uşağın özünün təbii fizioloji-seksual duyğuları onun fərqində olduğu şüurlu düşüncələrinə təzyiq göstərir, bu düşüncələri çalxalayıb lərzəyə salır, uşağın adi gününü əlindən alıb, ona tamamilə başqa bir gün qazandırır.
Psixoanalitik nəzəriyyənin banisi Freyd belə hesab edirdi ki, seksual mahiyyət daşıyan şüuraltı uşağın ətrafdakı aləmə qarşı bütün reaksiyalarının mənbəyini, başlanğıcını təşkil edir. Uşağın böyümə mərhələləri isə psixi enerjinin müxtəlif erogen zonalar üzrə yerdəyişməsini və mərkəzləşməsini təmin edir. Uşaq özünün seksual impulslarını ifadə etməyə can atır, onu əhatə edən mühit isə buna sərt müqavimət göstərir və beləliklə öz əhatəsi tərəfindən "sıxışdırılması" onun psixikasını zədələyir, uşaq bundan ilk travmalarını alıb ömrü uzunu onlarla yaşayır.
Freydin nəzəriyyəsinə əsasən, üç yaşından beş yaşına qədər uşaqlarda (bunun üçün hekyədə uşağın yaşını soruşanda bir əlinin barmaqlarını açması kifayət edirdi) əks cinsdən olan valideynə (oğulda anaya, qızda ataya) qarşı libido (cinsi istək) meyli yaranır və bu, qısqanclıqla müşayiət olunur. Oğlan uşaqlarında buna Edip kompleksi, qızlarda isə Elektra kompleksi deyilir və bu, xəstəlik hesab edilmir. Bu kompleksin düzgün idarə edilməməsi isə uşağın sonrakı həyatında fəsadlar yarada bilir.
Hekayədə uşağın gülən balıq görməsi və onu yaddaşında saxlaması detalı Freydin müəyyənləşdirdiyi Edip kompleksi ilə bağlıdır: uşaq özü də dərk etmədən, şüurunun xaricində anasını balıqsatan kişiyə qısqanır. Əslində, Edip kompleksi oğlan uşağının özünü ataya rəqib kimi görməsi ilə şərtləşir. Hekayədə ata ortalıqda olmadığına görə rəqib dəyişir, balıqsatan atanı əvəz edir. Ananın davranışı uşaqda özünün qorxu zənn etdiyi qısqanclıq duyğusuna təkan verir: "bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, - suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, - əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və... Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən "balıq bədəninə", azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını "tutdu"...
Mübariz Örən günorta uşağın gözünə çimir gələndə onun şüurunun altında baş verən axını bir anlıq işıqlandıra bilmiş, onun gizlinlərini ortaya tökə bilmişdir. Oxucu uşağın içini oxuyub anlamağa macal tapmamış hər şey Freydin nəzəriyyəsinə tam uyğun olaraq yekunlaşır:
"Şart!"- anasının çatan kimi yumşaq yerindən çəkdiyi şapalaq göylərdən yerə çaldı onu.
- Bu nədi, a bala,- quş kimi qaldırıb qoltuğuna aldı onu.- Tumançaq niyə gəzirsən? Yekə kişisən ta!.."
Uşaq hələ fərqində olmadığı bir əməlin (yuxusunda zəhləsi gedən qaraçı qızı ilə cinsi akt yaşayırdı) cəzasını, bu cəza ilə də birlikdə psixikasının ilk dərin zədəsini alır. Bundan o tərəfə onun psixikasının formalaşmasının yeni bir mərhələsi başlayır. Freydin nəzəriyyəsinə inanmalı olsaq, yuxuda "qazanılmış gündən" - yaş keçidindən sonra oğlan uşağı kişi davranışlarını təqlid etməyə, özünü kişi kimi aparmağa çalışacaq. Psixoloqlar bu keçidə böyük əhəmiyyət verirlər, belə hesab edirlər ki, bu başlanğıcın zəif olduğu uşaq böyüyərkən "kişi işlərində" çətinlik çəkir. Hekayənin kiçik qəhrəmanının başına nə gələcəyini bilmirik, ancaq o artıq itirdiyini itirib: "...yerə tökülmüş yastı daşlar gah yaxınlaşır, gah uzaqlaşırdı"...
Beləliklə, hekayədə bir insan ömrünün "qırılma anı" bədii cəhətdən yetərincə əsaslandırılmış şəkildə əyaniləşdirilmişdir və buna görə müəllifi təbrik etməyə dəyər.
Mənim müəllifə
əsas iradım isə hekayənin adı ilə
bağlıdır. Onsuz da "Balıq gülüşü"
kifayət qədər müəmma və ya
mübhəmlik yaradan (professor
Cavanşir Yusifli Mübariz Örənin hekayələrindəki
mübhəmliyi başlıca keyfiyyətlərdən biri kimi qiymətləndirir)
addır, buraya "siesta"nın
qoşulması isə məsələni bir
qədər bəsitləşdirir (məhz bəsitləşdirir!).
Azərbaycan dilinin izahlı lüğətində
olmayan bu söz ispan dilindən gəlir,
mənası günorta yeməyinin
üstündən yüngül çimir almaq, gözün acısını qovmaqdır. Bunun "siesta" sözü ilə ifadə edilməsinin mətndə
hər hansı bir estetik
funksiyasını görə bilmədim. Uşağın
yuxulu məntiqi üzərində qurulmuş hekayədə onun
daxili dünyasının
açılmasının Freydizm nəzəriyyəsi
ilə səsləşməsi (və ya
müqayisəyə gəlməsi) nə qədər təbii
görünsə də, "siesta" sözü bir o qədər yerində görünmür, süni təsir
bağışlayır. Sərlövhədəki bu "qərib(ə)" söz
hekayə boyunca uşağın həm şüurundan, həm də
şüuraltından kənarda qalır...
Məti Osmanoğlu
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.18-19.