Siesta və balıq gülüşü

 

Bizim hamımızın həyatında baş verən hadisədir, xüsusən uşaqlıqda, - günün günorta vaxtı səni yuxu aparır, qısa müddətdən sonra ayılanda vaxtı-vədəni çaş salırsan, elə bilirsən gecə yatıb səhər durmusan, öz arşınınla "dünənki" hadisələri xatırlayırsan. Vaxt hissini itirdiyindən bir müddət çəkisizlikdə qalır, hər şey, böyür-başında cərəyan edən hadisələrə başqa, tam fərqli baxmağa başlayırsan, bu vaqeə uzun çəkməsə də, bəzən sənin həyatında həlledici rol oynayır. Hər bir hekayəsini spesifik vəziyyət - situasiya üzərində quran Mübariz Örən bu hekayəsində daha qəliz situasiya seçib. Hekayədə müxtəlif obrazlar yaradılır, təqdim edilir, başqa bir fraqmentdə onlar başqalaşırlar, məlum semantik sərhədi aşır, gah arxetipik kontekstdə görünür, gah da bu sərhədi də aşaraq ona qarşı çevrilir, həyatın, gerçəkliyin mürəkkəb dönüş nöqtələrini nişan verirlər.

Obrazın öz semantik məzmununu aşması, metaforik, arxetipik anlam kəsb etməsi, təhkiyə strukturunun mürəkkəbləşməsi baş verir. Gənc tədqiqatçı Lalə Həsənovanın müşahidəsi bu mənada düzgündür: "Diqqətin insanın hisslərinə, həyəcanlarına, psixoloji məqamlara yönəldiyi əsərlərin sonunda  hadisələrin çözülməsi baş vermir. Çünki onun əsərlərində sonluq deyil, bədii detallar vasitəsilə canlandırılan təsvir əsasdır." Bu isə, fikrimizcə,  təhlil edilən hekayənin hansı süjet tipinə aid olması ilə bağlıdır.

Xronikal süjet tipinə malik olan "Siesta" hekayəsində diqqəti ilk cəlb eləyən konsentrik elementlərdir. Süjetin tipi, həm də dinamikanın getdikcə "söndüyü" "təhkiyə massivi"ndə bu konsentrik elementlər mühüm rol oynayır.

"...Qapının pərdəsini aralayıb çölə baxdı - həyət bomboşdu. çiçəkli akasya ilə baş-başa vermiş tutun üstü isə sığırçınla dolu..."

"... Həmişə eyni yerdən, Gülən xalagilin çəpərindən boylanıb baxan günəş indi yox idi, - hərçənd hava açıq, buludsuzdu... Durub mütləq günəşi tapmalıydı..."

Günəşi tapır. Amma bu dəfə başqa bir yerdə. Əlinə daş götürüb tutun üstündə qaynaşan sığırçınlara atır. Quşlar səslərini də götürüb gedirlər. Onlardan sadəcə bir əsim külək qalır. Bir də yaşıl yarpaqlar arasından boylanan günəş...

Yuxudan narahat oyanmış uşaq rahatlanır.  baş verir ki? Heç !

Adını çəkdiyimiz "konsentrik elementlər", gördüyünüz kimi, mahiyyətcə heç nəyə yaramır, ancaq ustalıq onları uc-uca calayıb (hekayə, daha doğrusu, təhkiyənin müxtəlif bloklarında) bir baxış bucağı yaratmaqdır. bundan sonra başqa bir "problem" gəlir - zahiri rabitəsizlik, əsaslandırmanın olmaması ("motivirovka"), ancaq hekayədə, danışılan, nəql edilən mətndə - bu qədər boşluğun içində nəsə baş verir həmin zahiri rabitəsizlik, məntiqsizlik çəni çəkilib gedir, hadisə hərəkətə çevrilir, daxilən elə güclü bir qaynaq yaradır ki, qarşında mənaları sıralanmış görə bilirsən. Bu, təhkiyə, süjet qurma nəzəriyyəsində ümumi baxışdır.

Elmi ədəbiyyatda "siesta"nın (günün ən isti vaxtında yuxuya dalmaq, yatmaq, ancaq bu, vaxt etibarı ilə 30 dəqiqədən artıq olmamalıdır, İspaniyada "Siesta" adında ənənəvi yarışlar da keçirilir; siesta o mənada qazancdır ki, çox qısa müddətdə yuxuda olmaq insanı hansı gərginliklərdənsə adladır, əsəb sisteminin möhkəmliyinə təkan verir, beləcə insanda "bu dünyada bir dəfə yaşadığını seyr etmək" təsəvvürü yaradır....) xüsusən uşaq yaşda zəruriliyindən bəhs edilir. Nələrisə görmədən adlamaq, onlarla həyatın başqa fraqmentlərində rastlanmaq imkanı, həm bu hadisələri başqa, daha dərin baxışla seyr edib anlamaq imkanı varsa, demək, bizə təsadüfləri yaddan çıxarmamaq qalır.

"Siesta" hekayəsi əslində həyatın adi, danışsan sözə gəlməyən, gəlsə belə, kimsəyə danışılması mümkün olmayan hadisələr zəncirini təqdim edir. Bəlli hadisəylə bağlı uşaqda ani olaraq vaxt hissi dəyişdiyindən təhkiyə ilə bizə çatdırılan hadisələrin harda, hansı məkanda - gerçəklikdə, yoxsa yuxuda baş verməsi çözülmür. əslində, təhkiyənin gedişində bunu çözməyin bir işə yaramayacağı da meydana çıxır. Əsas olan bu deyil. Reallıqla irreal aləmin sərhədlərinin qovuşduğu, yaxud itdiyi məqamda dilin - daxili nitqin dedikləri dünyanı heç zaman fəhm etmədiyimiz aspektləriylə nişan verir, elə şeylərə işarə edir ki, bir azdan yaşanacaq həyatda bunun qədər dəhşətli olmasını bütün ağrısıyla hiss edirsən. Təsvir edilən məkanda hər yer sakitlikdir. O qədər sakitdir ki, adicə səs qırığından hövüllənib aləmi başına götürə bilər. Hekayənin strukturunun məhz bu şəkildə olması əslində, hadisələrin, daxili nitqlə izhar edilən "hadisə axınının" bloklara ayrılmasını şərtləndirir. Tam sakitliyin çökdüyü məkanda tut ağacının başındakı sığırçınlar bir azdan hansısa xəbərin gəlməsini yox, tam fərqli mühitin formalaşacağını bildirir. Qeyd edək ki, hər şeyin yer-yerdən göründüyü məkan düzümlü yox, xaotik məkandır. Hərəkət zahiri görüntü etibarıyla belə dayanıbsa, yaxud belə bir təsəvvür oyadırsa, gerçəklikdən "yüz ağac o yana" xaotikliyin baş alması şərtdir. Bilindiyi kimi, xaotik sistemlər ən cüzi təsirlərə belə çox həssasdırlar. Psixologiya fəlsəfədə bəlli olan "kəpənək effekti"nin burada adını çəkmək yerinə düşər. Hər şeyin susduğu, dilin qatlandığı zaman məkanda - dünyada adicə kəpənək qanadının tərpənişi dünyanı alt-üst edə bilər. Bu ani effektlər bəzən "çoxmərtəbəli" allüziyalar meydana gətirmək gücünə malikdir. Bredberinin "Göy gurultusu" hekayəsi var: uzaq keçmişdə bir kəpənəyin ölümü çox uzaq kələcəkdə baş verəcək hadisələri dəyişdirir. Qrim qardaşalrının "Bit birə" nağılında qəhrəmanın yanması daşqına səbəb olur.

Təhkiyə massivində adı çəkilən effekt baş verdimi, ani olaraq zaman məkan dəyişir, fərqli zaman məkan müstəviləri bir-birinə keçir, dünya durduqca baş verən hadisələr uc-uca calanır, hər şeyin bir-birinə qarışdığı xaotik sistemdə aydınlıq, aydınlanma zülmətə, qaranlığa keçir, ani keçidlər bir anda baş versə , min ilin yuxusuna bənzəyir. 

"Siesta"da baş verənləri yuxarıdakı mülahizələrə müncər etmədən qeyd edirik ki, hekayədə meydana gələn sürəkli dəyişikliklərin sürəti təhkiyədə olduğu kimi göstərilmir, başqa sözlə "susdurulur", həmin dinamika konfliktin dərinliyinə keçid edir.

Hekayədəki allüziyalar süjet dinamikasına təsir etməklə, kompozisiyanın formasını bəlləyir.  "Balıq gülüşü"ndə bir məqam var: ... çəpəri aşıb (özü güc-bəla ilə-!) başqa bir dünyaya, vaxta düşmək. ".... Çəpəri aşıb bşqa bir dünyaya, vaxta düşmüşdü sanki; nəsə əlahiddə bir şey baş vermişdi. ? Özü bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin sanki hər tərəfə. Özü dəyişmişdi. Böyümüşdü! Sinəsində, ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü..." Bu, demək olar ki, hekayədə cərəyan edən hadisələrin inkişafının sona çatdığı birinci mərhələdir (təhkiyə massivində birinci blok). Ancaq sitatda verilən "böyümə" təkcə fiziki anlam daşımır.  Bu qəribə günün içində çox vacib yuxu payından imtina edib "adamsız" dünyada (hər gün gəzib-dolaşdığı, ikitəkərli velosipedi olan Bəxtinin, yəni Bəxtiyarın digər insanların olmaması ona bu dünyanı başqa şəkildə seyr etmək şansı yaradır).

Bu fraqmentdən sonra hekayənin (daha doğrusu, təhkiyənin) ikinci son mərhələsi başlanır - gülüş! ("... Gülüşdən qorxmağı da təzə çıxıb"). Bu ikinci mərhələ elə ürəyində danışan bu uşağın həyatının da başqa bir aşamasıdır. Səsdən, gülüşdən qorxmaq, xoflanmaq, daxili dünyanın müvazinətinin dəyişməsi özü ilə rəngbərəng qayğılar və komplekslər gətirir. İlk dəfə Bəxtiyarla balığa getdikləri günü xatırlayır. Uşaq sevinci, uşaq təbəssümü və kanalın sarı, lil sularından sıyrılıb qarğının dalınca uçan balıq gülüşü. Bir də uşağın anasının havalı gülüşü. Oppozisiya ixtiyari şəkildə yaradılır. Gülüşün yaratdığı qorxusevincin, ürəkdən gələn təmiz havanın, üzdə işıq haləsi kimi sayrışan təbəssümün bir an içində itməsi, içi sulu kisənin dibində qalması bir nöqtədə birləşir və ayrılır. Kanalda sarı, lilli sudan sıyrılıb uçan körpə balığı görüncə uşaq qorxur, bəlkə sövq-təbii bunun arxasında hansı rəzalətlərin dayandığını hiss edir. Çox təmiz və saf şeylər adi insan ehtiyacına qurban gedir. Bu rəzalət qısa zaman içində kisədə əl toxunan kimi ixtiyari hərəkətlər edən balıqlara baxdıqca üzündə təbəssüm günəşi doğan ananın qarşısına çıxır. Təsvir eynidir, demək olar ki, eyni amplitudada gerçəkləşir. Diqqət edin: "...Qarnı ağ-gümüşü, beli göy-qara, şüşəgözlü, xırda qanadcıqlı... Yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinirdi. Az sonra çat-qızmar torpaqda çapalayıb, quru çör-çöp qırıntılarını suvaşıq bədəninə yığıb, ətcə quş dimdiyinə bənzər sarı, xırda ağzını yumub-açıb imdad diləyəcəyindən hələ xəbərsizdi..."

Dünyada heç nə səbəbsiz baş vermirbitmir, hadisənin bitdiyini hesab ediriksə, bu o deməkdir ki, o artıq başqa bir hadisənin içində məskən salmışdır, onun gözlə görünməyəcək dərinliyinə çökmüşdür. Uşağın anasının "havalı gülüşü" bu metafizik ağrıyla bağlıdır (vaxt gələcək, imdad diləyəcəksən...). "Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən "balıq " bədəninə, azacıq açılı qalmış yaxasından görünən döşlərinə baxdığını "tutdu". Deyəsən, anası da nəsə duymuşdu; sir-sifəti ani dəyişdi, gözündəki sevinc kisənin dibində qaldı..."

Uşağın bu laübalı dünyasında get-gedə artırdı gülüş səsləri... Qorxulu səslər...

Yaddaşı özünə gəldikcə, xatirələri dilləndirməyin məqamı yetişdikcə həmin ixtiyari allüziyalar uc-uca gəlir, məkanın, bütövlükdə dünyanın yer-yerdən oyanmasına, kökündən, rişələrindən qaçmasına səbəb olur. Sakitliyin içindən fantan, güclü su şırnağı kimi qalxan səslər hər şeyin aydınlığa qovuşduğu məqamda ortaya qəliz suallar çıxarır. Bir şeyi sevmək bəs etmir. Heç nəyə yaramır. Arabir ona gülmək lazımdır. Ona tutulmaqla ona gülmək keçmişdə baş verən hadisələrin qatlarını qaldıracaq, həqiqəti tanımadığımızı bildirəcəkdir. Bu məqamda, təhlilin sonunda hekayəyə az dəxli olsa da, U.Ekonun gülüşlə bağlı araşdırmasından bir fraqmenti misal çəkmək istərdik: "Bəlkə də insanları sevənlərin missiyası onları həqiqətə güldürməkdir, gülüşü həqiqətə çevirməkdir, çünki yeganə həqiqət, insanlar üçün həqiqətə qarşısıalınmaz ehtirasdan xilas olmağın yollarını göstərməkdən ibarətdir... "

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.19.