Mavi, masmavi bir
ışık
Bu yazı bir şeirin
örnəyində türk və Qərb irfanının necə
iç-içə girə bilməsi barədədir.
Ne içindeyim zamanın,
Ne de büsbütün
dışında;
Yekpare, geniş bir anın
Parçalanmaz
akışında.
Bir garip rüya rengiyle
Uyuşmuş gibi her şekil,
Rüzgarda uçan tüy bile
Benim kadar hafif
değil.
Başım sükutu üyüten
Uçsuz bucaksız değirmen;
İçim muradına ermiş
Abasız, postsuz bir
derviş.
Kökü bende bir sarmaşık
Olmuş dünya sezmekteyim,
Mavi, masmavi bir ışık
Ortasında yüzmekteyim.
"Nə içindəyim
zamanın" şeiri "kosmosla insanın birləşməsini
nəql edən... röya halıdır". Bunu
Tanpınarın özü deyir.
Demək ki, şeir gerçəkliklə
metafizik düşüncənin, yaxud röya ilə gerçəkliyin
polifonik səslənişidir.
Berqsonun zamanı təşrih
edən həyat fəlsəfəsi məhz metafizik
düşüncə ilə elmin, bəqa ilə fənanın,
"ruh və maddə aləminin bir-biri ilə təmasından
mayalanaraq" əsl həyati məqama sıçrayan və
burda şəkillənən zamanın fəlsəfəsi idi. Demək ki, bu
şeirdə zamanın həm Berqson, həm də təsəvvüf
düsturu işləkdir. İntuitivizmdə olduğu
kimi, sufizmdə də zaman ruhsallığın,
davamlılığın, sürəkliliyin içində
parçalanmaz bir bütündür: "Ne içindeyim
zamanın, / Ne de büsbütün dışında; /
Yekpare, geniş bir anın / Parçalanmaz
akışında..." Yekparə, geniş və
parçalanmaz an Berqsonun təyin etdiyi
zamandır.
Qəribədir, elə bu
şeirin yazıldığı illərdə Salvador Dali
dalğalanan, əriyən, axıb gedən zamanın şəklini
- "Yaddaşın daimiliyi" tablosunu çəkmişdi. Dali də Tanpınar kimi Berqson
dövrünün yetirməsiydi: "Şeir və sənət
anlayışımda Berqsonun zaman tələqqisinin mühüm bir yeri var. Freydlə
Berqsonun bərabər paylaşdıqları bir dünyanın
çocuğuyuq. Onlar bizə sirri insan zəkasında, insan
hayatında aramağı öyrətdilər…"
(A.Tanpınar)
Tanpınarın şeir əyarını
bəlirləyən təməl fikir o idi ki, "röyalarda
içimizə eşlik edən duyğu mühümdür. Əsl olan bu
duyğudur. Musiqi burda işə girər".
Hələ Tanpınara qədər
Mallarmeyə görə yer üzünün melodik şərhi,
Orfik anlatımı poeziyanın yeganə vəzifəsidir. Röya,
duyğu və musiqinin, belə demək mümkünsə,
simbiozundan yaranmış şeir Mallarmedən
başlayırdı.
Verlenin şeiri isə səsin
musiqili ehtizazına istinad edirdi.
Amma Mallarmeyə və Verlenə
qədər də Orfeyin şəxsində ədəbiyyatlaşan
musiqi yunan mifoloji düşüncəsindən alman fəlsəfəsinə
nüfuz etməyi bacarmışdı.
Fridrix Nitsşe "Musiqinin ruhundan faciənin
doğuluşu" əsərində Şopenhauerə
istinadən bəyan edirdi ki, musiqi
istəyin dili olaraq xəyalqurma
gücümüzü oyandırır. Özü
görüntüsüz olsa da, ruhsal kainatı şəkilləndirir.
Tanpınar da türk
poeziyasında Bodler, Mallarme, Verlen cizgisinin və cazibəsinin
sehrinə düşən bir şair idi. Bunlarla da
yetinmir, sıralamaya çoxları, o cümlədən
Bethoven də daxil olur. Fransız simvolizmi türk
şerinə yansımazdan 150 il öncə
türk təsəvvüf nəfəsləri, mövləvi bəstələri
Avropa musqisinə Bethoven səviyyəsində təsir göstərmişdi.
Amma necə? Tanpınarın
"Hüzur"da dediyi kimi, adsız-ünvansız. Yəni,
babalarımız "sənətlərini bir mənliyin mütləq təsdiq
vasitəsi olaraq deyil, böyük bütündə
qeybolmanın tək yolu bilmişdilər". Çünki
bura Şərq idi. Bethovenlər, Vaqnerlər,
Debyüssilər sənət yapır, Şərqdəkilər
isə muğamlarını da, məqamlarını da dua
mislində yaradırdılar. Nəinki əsərlərin,
hətta məzarların üstünə belə ad
yazılması etinaya alınmırdı. Necə
ki, bu gün Bethovenin "Afina xərabələri"ndəki
"Dərvş xoru"nun ilkin qaynağını heç kəs
bəlirləyə bilmir. Amma hamı da
bilir ki, Bethoven bir mövləvi nəfəsindən əsinlənib,
özü də bir "Mahur" havasında. Sonralar
Rolan Bartın nişan verəcəyi
yaradıcılıq fəlsəfəsi - "müəllifin
ölümü" neçə əsr əvvəl Şərq
musiqisində belə baş vermişdi.
"Nə içindəyim
zamanın", Tanpınarın öz sözləri ilə desəm,
bir "ruh meracı"dır. Ruhun
zamansızlığa meracıdır. Kosmoloji
elm artıq çoxdan təsbit edib ki, kainat vakumda,
heçlikdə, boşluqda üzür, kainatın kütləsi
sıfıra bərabərdir, yəni o, çəkisizdir.
Kainatda zamansızlıq var, axış və
uçuş var.
Tanpınarın şeirində
zamansızlığın ritmi röya ritmidir, başqa
sözlə, metafizik ritmdir: "Rüzgarda uçan tüy
bile / Benim kadar hafif deyil".
Bu şeirin
yazıldığı illərdə nəzəri fizika
nüvədəki mikrokainatla kosmik kəhkaşanın ötəsindəki
makrokaonatların vahid cizginin ətrafında bir araya gətirilməsi
ilə uğraşırdı. Röyaların, axışın və
uçuşun, yuxu əhvalının dilində və ahəngində
yazılmış "Nə içindəyim zamanın"
şeiri gözlənilmədən Yerin cazibəsindən
sivrilib fəzaya daxil olsa da, fəzada davam etsə də,
sonsuzluğa axsa da, masivadan bütün-bütünə imtina
etsə də, dünyayla, məkanla, eşqlə irtibatı
da tamam qırılmır. Xəfif qımıltı,
rüşeym şəklində, bəlkə daha geniş
anlamda (və lakin) sarmaşıqcasına, yəni sonsuz bir
eşqlə dünyanı da öz arxasıyca çəkib
aparır: "Kökü bende bir sarmaşık olmuş
dünya sezmekteyim".
Digər tərəfdən, şeir
işıq sürətinə qoşulur: "Mavi, masmavi bir
ışık / Ortasında yüzmekteyim". Burda
həm də modern, sürreal bir təsəvvüf var. Masmavi
işığın ortasında uçuş dayansa,
Eynşteyinin təbiriycə, Zaman dayanar.
Məkan qavramını
aşıb keçmiş Tanpınara görə, şeirdə
musiqinin səltənəti Bodlerlə
başladığından bir mavi zolaqda poetik ahəng və
duyğu yaradıb hərflərin notlaşmasını,
sözlərin musiqiləşməsini gerçəkləşdirə
bildiyi üçün o, ya Mallarmeyə, ya Verlenə, ya da
Bodlerə borcludur. Daha çox Bodlerə borcludur. Bəllidir
ki, Bodlerin "Səyahətə dəvət" şerindəki
"Orda nə varsa süs, sükun və şəhvət, /
İntizam və gözəllikdən ibarət" -
misraları Tanpınarın zehni düsturuna çevrilmişdi.
"Şər çiçəkləri"ndəki
həmin şeirində Bodler sənə bənzəyən bir
yer düşünür: Gedib orda bərabər
yaşamanın, sevmənin, sevmənin və ölmənin səadətini"
və həzzini bölüşmək istəyir. Fəqət sıcaq-sıcaq bir ziya içində
uyuyan kainatın xülya ilə sərxoş" olduğu o
yer ömrün ələmindən, dünyanın
çirkinliyindən qaçanların
sığındığı metafizik bir aləmdir.
Xülyalarla sərxoş olan o məchul
məkanı 1904-cü ildə Anri Matiss kəşf edib, "Lüks,
huzur və həzz" tablosunu yaratdı. O dünyəvi cənnətin
əsintiləri Matissin başqa bir əsərində - "Həyatın
nəşəsi" tablosunda da ürpərirdi. Amma o ürpərti əsrar və şərabın
doğurduğu ürpərtidir. Bağrından
Tanpınarın üzüb keçdiyi bu masmavi işıq isə
təbii ki, oralarda deyil. Yəni məkanda
deyil, zamandadır. Bodler uydurduğu
süni, "Yapma cənnət"in qapısını əsrar
və şərabla açmaq istəyir. Tanpınar isə
cənnətin qapısına təsəvvüf
açarıyla uçur: "İçim muradına
ermiş / Əbasız, postsuz bir dərviş..."
Tanpınarın şeir estetikası
özünün də etiraf etdiyi kimi, Pol Valeridən
qaynaqlanır, o da şeiri Valerinin təklif etdiyi kimi, bir gecədə
pəjmürdə bir çılğın olaraq deyil, riyazi təfəkkürlə
düşünərək yazırdı... "Valerinin
"Röyalarını yazmaq istəyən adam
belə əzəmi şəkildə oyanıq
olmalıdır" cümləsini "ən oyanıq bir
qeyrətlə dildə röya halını qurmaq" şəklində
təshih edir və özünün şeir
anlayışını ortaya qoyurdu. Röya
halını, hətta dildəki vəcdli röya
halını Tanpınardan öncə türk şeiri Əhməd
Haşimdə sezmişdi. Amma
Tanpınarın röyası "Nə içindəyəm
zamanın" şeirinin poetikasında ən ciddi elementlərdən
biriydi. "Bir qərib röya rəngiylə /
Uyuşmuş gibi hər şəkil..."
"Nə içindəyim
zamanın" şeiri ilə Tanpınarın estetikası
türk poeziya tarixində ilk dəfəydi ki, "yekparə
geniş bir anın parçalanmaz axışında" -
"başqa türlü ritmi olan və məkanla, əşya
ilə içdən qaynaşan... yaşadığımızdan
daha başqa bir zaman"ın axışında süzdü.
Yuxarıda dediym kimi, yekparə geniş və parçalanmaz an Berqsonun təyin etdiyi və iradənin,
şüurun fövqündə cərəyan edən
aralıqsız, sürəkli və bölünməyən
zaman idi.
Tanpınarın mənsub olduğu ədəbi
mentalitetdə həmin sirli zamanın ünvanı "daimi an" şəklində indeksləşib.
Berqsondan beş yüz il əvvəl
Əbdürrəhman Cami "Rəbbin qatında axşam-səhər
anlayışı yoxdur" deyə "daimi an,
zamanüstü zaman, zamansızlıq..." barədə
yazırdı. Tanpınardan əlli il sonra
zamanın Berqson düsturunu Azərbaycan şeirinə Vaqif Səmədoğlu
gətirəcəkdi: "Bura bir aləmdir, vaxtsız,
saatsız.../ Ömürdən, ölümdən, vətəndən
uzaq."
Türkiyədə qərbli
şeir anlayışını Tanpınar
yaratmışdı (Dıranas).
Sufi nəfəslərinin - ilahilərinin
qərbli, qlobal, estetik, həm də modern şəklini
yaratmaq da onun intellektual hisslərinə nəsib oldu:
"Başım sükutu üyüten / Uçsuz bucaksız
değirmen..."
Təsəvvüfdəki susan kitabı yaxud mürşidi
ucsuz-bucaqsız dəyirmanda sükutu üyüdən
"intellektual dərviş" - Tanpınar əvəzlədi.
Azər Turan
Ədəbiyyat qəzeti.-
2017.- 23 sentyabr.- S.20.