Məmməd Cəfərin çap olunmamış dram əsəri

 

Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elminin zirvəsində dayanan elm xadimlərindəndir. "Nehrə kimi çalxalanan" ictimai-siyasi proseslərin sınaqları göstərdi ki, görkəmli alimin əksər elmi əsərləri bütün dövrlər və zamanlar üçün aktuallığını saxlaya biləcək örnəklərdir. Məmməd Cəfər müəllimin XX əsrin müxtəlif dövrlərində yazılmış əsərləri dünən olduğu qədər indi də əhəmiyyətli  elmi mənbədir. Böyük elm xadiminin "Nizaminin humanizmi", "Füzuli sevir" silsiləsi, "Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri", "Hüseyn Cavid", "Azərbaycan ədəbiyyatında romantizm", "Cəlil Məmmədquluzadə", "Klassik romantizm ənənələrinə münasibətimiz", "Mütəfəkkirin şəxsiyyəti", "Ünvansız məktub" və sair kimi əsərləri sanki hazırkı dövr və hətta sabah üçün yazılmış əsərlərdir. Ədəbiyyat nəzəriyyəsi istiqamətində Məmməd Cəfər Cəfərov konsepsiyası milli ədəbi-tarixi proseslərin daxili məntiqindən çıxarılıb ümumiləşdirilmiş elmi təlimdir. Ayrı-ayrı vaxtlarda ədəbiyyat nəzəriyyəsinə dair yazdığı elmi əsərləri toplayıb indi xüsusi bir cilddə kitab halında çap etdirsək (fikrimcə, buna ehtiyac vardır), akademik Məmməd Cəfər Cəfərovun sanki müstəqillik dövrünün ədəbiyyat nəzəriyyəsini yaratdığını görə bilərik. Keçən əsrin altmışıncı illərində meydana çıxmış "Tənqid və ədəbiyyatşünaslığımızın yeni vəzifələri" aradan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu günün ədəbi-tənqidi prosesləri haqqında yazılmış qiymətli elmi əsər təəssüratı yaradır. Eyni sözləri ədəbiyyatşünaslıq elminin digər sahələrinə həsr edilmiş əsərləri haqqında da demək mümkündür. Adama elə gəlir ki, bizim ədəbiyyatşünaslıq elmi "Mütəfəkkirin şəxsiyyəti"nə doğru yol gəlir. Və yaxud "Ünvansız məktub" - bütün ruhu ilə yazıldığı dövrə deyil, gələcəyə ünvanlanmış elmi-epistolyar nümunədir. Məmməd Cəfər Cəfərovun "XIX əsr rus ədəbiyyatı" 3 cildliyini heç bir redaktə işi aparmadan indi də, sabah da nəşr etmək olar.

Müşahidələr göstərir ki, akademik Məmməd Cəfər Cəfərov çoxcəhətli fəaliyyətinin bütün dövrlərində bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıçılıq Məmməd Cəfər müəllimin təbiətində, xarakterində, həyata baxışlarında, bir sözlə, istedadının cövhərində olmuşdur. Görkəmli alimin simasında tənqidçi-ədəbiyyatşünas təfəkkürü ilə yazıçılıq bədii istedadı birləşir. O, böyük təvazökarlıqla özünü "bədii söz ustadı" hesab etməsə də, ədəbiyyatşünaslıq istiqamətində olduğu kimi, ədəbi yaradıcılıq sahəsində də ədəbiyyat tarixində qala biləcək əsərlər yazmağa müvəffəq olmuşdur.

Məmməd Cəfər Cəfərovun yazıçılıq qabiliyyətinin üzə çıxmasında və inkişaf eməsində "Ədəbiyyat qəzeti"nin mühüm rolu olmuşdur. 1945-1949-cu illərdə baş redaktoru, sonra əməkdaşı, bütün ömrü boyu oxucusu və əsas müəlliflərindən biri olduğu "Ədəbiyyat qəzeti"nin ilk növbədə bədii yaradıcılıq proseslərini əhatə etməli olması Məmməd Cəfərin də bu sahədə qələm işlətməyini davam etməyə həvəsləndirmişdir. Daxili-mənəvi tələbatından doğan bədii yaradıcılığı "Ədəbiyyat qəzeti" vasitəsilə oxucu mühitinə çıxmış, ictimaiyyətə çatdırılmışdır. Elmi fəaliyyəti kimi, bədii yaradıcılığı üçün də "Ədəbiyyat qəzeti" ciddi bir məktəb funksiyasını yerinə yetirmişdir. "Gənclik" nəşriyyatında 1981-ci ildə çap etdirdiyi "Əntiqə adamlar" adlı hekayələr kitabına yazdığı "Müəllifin bir neçə sözü" Məmməd Cəfərin bədii yaradıcılığa olan daxili-mənəvi tələbatını və bu işdə "Ədəbiyyat qəzeti"nin rolunu bütün aydınlığı ilə əks etdirir: "Böyük Vətən müharibəsinin ilk günündən əməkdaşlıq etdiyim "Ədəbiyyat qəzeti"nə arası kəsilmədən faşizm taununu ifşa edən yazılar gəlirdi. Ayrıca satira jurnalımız olmadığından ...Məmməd Səid Ordubadinin məsləhəti ilə bu qəzetdə "Satira süngüsü" guşəsi yaradıldı. ...Müharibə qələbə ilə başa çatdıqdan sonra redaksiya heyəti belə bir fikrə gəldi ki, ...guşə "Molla Nəsrəddin" guşəsi adı ilə davam etdirilsin. ...Bəzən elə olurdu ki, "guşə" üçün materiallar azlıq edirdi. Ara vermək, oxucunu intizarda saxlamaq olmazdı. Bu səbəbə görə mən də 1946-1948-ci illərdə "guşədə" müxtəlif imzalarla iştirak etməli oldum. Sonralar da bu həvəs azalmadı. Arabir gülmək istəyir, hekayələr yazırdım. ...

Bu yazıların müəllifi özünü "bədii söz ustası" hesab etmir. O, yalnız belə bir həqiqətə əsaslanır ki, fikrin, düşüncənin müxtəlif janrlarda ifadəsi mədəniyyətin söz sənəti üçün yaratdığı gözəl imkanlardan biridirfikir sahibi olan adamın müəyyən məqsədə görə bu janrlardan hər hansı birinə müraciət etməsi də təzə bir hadisə deyildir."

Məmməd Cəfər Cəfərovun bədii əsərləri böyük Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi və nəzəri məqalələri, professor Mikayıl Rəfilinin şeirləri, akademik Şəfaət Mehdiyevin dramları və şeirləri, Həmid Araslının hekayə və povestləri, Kamal Abdullanın, Teymur Bünyadovun bədii əsərləri kimi onun yaradıcılığının ayrılmaz üzvi tərkib hissəsi olaraq meydana çıxan mənalı, düşündürücü bədii nümunələrdir. Əvvəllər oxuculara çatdırılmış satirik hekayələri və son illərdə üzə çıxarıb çap etdirdiyimiz bədii əsərləri: böyük demokrat yazıçı Cəlil Məmmədquluzadəyə həsr edilmiş "İnsanlar və talelər" kinodramı, "Xatirələr" memarı və nəhayət, "Get dolangilən, xainsən hələ" tragikomediyası Məmməd Cəfərovun həm də mükəmməl yazıçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirir.

Əlbəttə, Məmməd Cəfər Cəfərov ilk növbədə görkəmli elm xadimidir. Ancaq onun bədii əsərləri də və ideya-sənətkarlıq cəhətdən orijinal və əhəmiyyətli örnəklərdir. Cəlil Məmmədquluzadəyə, onun mühiti və müasirlərinə həsr olunmuş "İnsanlar və talelər" kinodramında ədəbiyyat tarixindən adları və xidmətləri haqqında kifayət qədər məlumat aldığımız tanınmış şəxsiyyətlərin fərdi xarakterləri canlandırılır. Əsərdə "dalğa kimi keçən" Zamanın da gərgin, əsəbi və işıqlı obrazı yaradılmışdır. Məmməd Cəfər Cəfərovun "Xatirələr" memuarı sənədli bədii nəsr, tarixi roman təəssüratı yaradır. Görkəmli alim bu memuarlarında yaşadığı dövrün və keşməkeşli taleyin təsirli realist romanını təsvir etmişdir. Bu, kündəgirlikdən müəllimliyə, mətbuat işçisinə və nəhayət, tanınmış elm adamı səviyyəsinə qədər yüksələn mütəfəkkir şəxsiyyətin yaddaqalan koloritli hadisələrin və fərqli talelərə malik olan insanların fonunda canlandırılan ümumiləşdirilmiş manifestidir. "Əntiqə adamlar" kitabında toplanan hekayələr Azərbaycan satirik nəsrinin yaddaqalan bədii nümunələridir. Kiçik satirik hekayələrdə obrazın xarakter cizgilərinin təsvir edilməsi, hekayələrin sadə və cazibəli süjet əsasında qurulması, düşündürücü finala malik olması Məmməd Cəfərin hekayə yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Hekayələrində dialoqdan yaradıcı istifadə onun bədii nəsrinə dramatik əlamətlər əlavə etmişdir. Xüsusən, "Molla Nəsrəddin guşəsi"nə daxil olan kiçik hekayələrdə Nəsrəddin və Bəhlul Danəndə arasındakı dialoq canlı danışıq dilinə yaxınlığı və təbiiliyi, ibrətamiz olması ilə seçilir. Bədii əsərlərində mətn daxilində təqdim etdiyi satiriklirik şeirlər onun bu ədəbi növdə də bacarıqlı olduğunu deməyə əsas verir.

Məmməd Cəfər Cəfərovun "Get dolangilən, xainsən hələ" tragikomediyası Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı dram əsərlərindən biridir. Əsərdə bir elmi-tədqiqat institutunda baş vermiş hadisələrin vasitəsilə geniş mənada keçmiş sovet cəmiyyətinin daxili ziddiyyətləri, buradakı idarə olunan mənasız qarşıdurmalar, şəxsi mənafelərin həyatın əsas prinsipinə çevrilərək ümumi maraqları arxa plana keçirməsi kimi məsələlərdən bəhs olunur. Müəllif süjet xəttini elmi-tədqiqat institutunun rəhbərliyindəki köhnəpərəst, mühafizəkar və yenilikçi qüvvələrin mübarizəsi və münasibətləri əsasında qurmaqla həm ayrı-ayrı obrazların fərdi xarakterini açmış, həm də onları əhatə edən mühitin ümumiləşmiş mənzərəsini canlandırmışdır. "Get dolangilən, xainsən hələ" əsəri özündə sovet cəmiyyətlərinin bütün xüsusiyyətini cəmləşdirən elmi-ictimai mühitin faciəsi, elmi-tədqiqat institutu işçilərinin komediyasıdır. Alim-dramaturqun meydana qoyduğu süni şəkildə uydurulmuş institut əməkdaşlarının ixtisarı məsələsi bir tərəfdən qarşıduran qüvvələrinin real simasının açılışına, ümumiyyətlə isə mövcud cəmiyyətin daxilində gedən proseslərin aydın surətdə təsəvvür olunmasına şərait yaradır. Məmməd Cəfərin ayrılıqda götürülmüş bir elmi-tədqiqat institutunun əsasında həyatın bu cür davam etməyərək yeniləşməyə və dəyişməyə doğru getməsi zərurətini qəti şəkildə irəli sürməsi cəsarətlə ifadə olunmuş uzaqgörən qənaətdir.

Təqdim olunan əsərin yazılma tarixini göstərən konkret bir rəqəm göstərilməsə də, mətndəki "qırx beş il ərzində əldə olunmuş nailiyyətlərin yerə vurulması" sözlərindən 1965-ci ildə yazıldığını dəqiqləşdirməyə əsas verir. Sovet cəmiyyətindəki "Xruşşov istiləşməsin"dən  cəsarət tapıb belə ciddi ictimai-siyasi mahiyyət kəsb edən kəskin ruhlu bir əsər yazıb meydana qoyması onun müəllifinin uzaqgörən bir ədib olduğunu nəzərə çarpdırır. Bu, mövcud cəmiyyətdə bütün çətinliklərə baxmayaraq, həyatın axarını dəyişib yeniləşdirən xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev epoxasına olan zəruri ehtiyacı meydana qoyan əhəmiyyətli bir əsərdir. Müəllifin diktə etdiyi cəmiyyətdə yeniləşmə, mühitə yeni qüvvələrin gəlməsi ideyası son nəticə etibarilə ölkənin dəyişməsi, müstəqil dövlətçilik ideyasının gerçəkləşməsi mənasını diktə edir. Əsərdəki ixtisar məsələsinin müəllif tərəfindən ümumiləşdirilərək bütövlükdə cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə etməsinə dair qənaətlər səviyyəsində ifadəsi, böyük cəsarətlə şüurlardakı xudpəsəndlikdən, eqoizmdən, paxıllıq və xəbislikdən, yalançılıq və ikiüzlülükdən tutmuş cəmiyyətdəki saxtakarlığın, demaqoqluğun, məfkurəsizlik və prinsipsizliyin, rüşvətxorluq və tamahkarlığın, şöhrətpərəstliyin ixtisara möhtac olması haqqında sarkazm səviyyəsində səsləndirilən sərt ittihamlar kimi ictimaiyyətə çatdırılması artıq mövcud qaydada yaşamağın mümkün olmadığını, dəyişikliyin zəruri bir qaçılmaz prosesə çevrildiyini nəzərə çarpdırmasına haqq qazandırır.

"Get dolangilən, xainsən hələ" tragikomediyası süjeti və kompoziyası, xarakterləri, dili, üslubu, sənətkarlıq vasitələri etibarilə də yeniorijinal əsərdir. Bu əsər Azərbaycan dramaturgiyasının tarixində özünəlayiq mühüm yer tuta biləcək əhəmiyyətli sənət hadisəsidir. "Get dolanginən, xainsən hələ" dərin alim qavrayışı əsasında keçmiş sovet cəmiyyətini çökməyə aparan və dəyişəcəyini çox əvvəlcədən proqnozlaşdıran hadisələri və prosesləri yazıçılıq istedadı ilə yüksək bədii səviyyədə təsvir edən mükəmməl bir tragikomediyadır. İnanırıq ki, dramaturgiya mütəxəssisləri tərəfindən daha ətraflı tədqiq edilib dəyərləndiriləcək bu əsər Azərbaycan teatrlarının səhnəsində də layiq olduğu yeri tuta biləcəkdir.

Bir məsələni də qeyd etməyi lazım bilirəm. Əsərin mətnində hadisələrin Fəlsəfə İnstitutunda cərəyan etdiyi bildirilsə də, müxtəlif məqamlarda pyesdə Ədəbiyyat İnstitutunda baş verən hadisələrdən söz açıldığını başa düşmək olur. Müəllif bilərəkdən hadisələri özünün də əməkdaşı olduğu Ədəbiyyat İnstitutundan başqa bir elmi-tədqiqat müəssisəsinə keçirmişdir. Böyük ehtimal ki, əsərdəki obrazların Akademiya mühitində və ya konkret elmi-tədqiqat institutunda prototipləri də olmuşdur. Fikrimizcə, pyesin müəllifin sağlığında çap edilməməsinin, səhnəyə çıxarılmamasının səbəblərindən biriprototip məsələsi ilə əlaqədardır.

Akademik Məmməd Cəfər Cəfərovun "Get dolangilən, xainsən hələ" pyesi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbiyyatşünaslıq, plyus" yaradıcılıq birliyi xətti ilə kitab halında çapa hazırlanır. Ədəbi ictimaiyyətimiz və oxucular üçün maraqlı olacağını nəzərə alıb, əsərdən seçilmiş bir parçanı "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm. Təqdim edilən parçadakı hadisələr Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Şeyx Nəsrullah obrazına aid "Get, sən də fikirləş" motivinin fərqli ictimai şəraitdəki təzahürünün orijinal bədii ifadəsidir.

 

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti,

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,

Akademik

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.22.