Get
dolangilən, xainsən hələ...
Pyesdən
parça
Üçüncü
pərdə beşinci səhnə
Yenə həmin direktorun
kabineti. Direktorun yerində imtahan komissiyasının sədri
kimi Veysəlli oturmuşdur. Ətraf kürsülərdə
Ağa Əmi, Mənsurə, Fikrət, Misgərli və
Əsgərli. Komissiyanın əməli katibi Əlidir. O,
eyni zamanda, adları çıxan gəncləri
çağırır və yola salır. Pərdə
açılanda qonşu otaqda bir az səs-küy eşidilir.
Əlində qələm nə isə yazan Əli yerindən
qalxıb qapını azca aralayıb səs salanlara müraciət
edir.
Əli: - Bir az səbr
eyləyin.
Komissiya tənəffüs edir!
Əbilov: - Salam! Nə
hallısınız, imtahan necə gedir?
Veysəlli: - Yaxşı gedir.
Əbilov: - Neçə nəfər
buraxmısınız?
Veysəlli: - On nəfər.
Əli: - İki nəfər qalır. Çağırım?
Əbilov: - Hələ dayan.
Veysəlli: - Qoy bir istəkan çay
içək. Bir şey qalmayıb, canını
boğazına yığmışıq.
Qiymət məsələsində
ehtiyatlı olun ha! Elə edin ki, sonradan
söz-sov olmasın.
Avtoreferatlara daha ciddi fikir vermək
lazımdır... Qiymət belədir ki, (Heydərliyə
baxır) düz oldu-olmadı qalır öz aramızda (Heydərli
başı ilə təsdiq edir). Amma (Misgərliyə
baxır) referat dokumentdir də... (Misgərli
başı ilə təsdiq edir).
Əli: - (gözlənilmədən) Xəbəriniz
var? Deyirlər guya ali məktəblərin
birində bu keçən qəbul imtahanlarında müəllimlərdən
rüşvət alan olub! (Veysəlli tez darağını
çıxarıb başını darayır)
Əbilov: - Kimdən?
Əli: - Müəllim tələbədən.
Əbilov: - Bay-bay-bay...
Görürsünüz də... Müəllim..., rüşvət...
Bay-bay-bay...
Heydərli: - Bilirsiniz məsələ nə
yerdədir? Doğrudur, xüsusən qəbul
imtahanlarında biz müəllimlərin guya tələbələrdən
rüşvət alması haqqında orda-burda
danışırlar. Ancaq Məmiş doğru deyir ki, əsası
yoxdur, söz-söhbətdir... Müəllimdir də... Hərənin
bir-iki tanış-bilişi olur, imtahanda güzəştə
gedir, birtəhər ötürür... Bunun da
adını qoyurlar rüşvət.
Əli: - Sözünü də kəsirəm,
Cəbi yoldaş, bağışla. "Bir-iki
tanış-biliş" dedin, yadıma
düşdü. Danışırlar ki, keçən il elmi-tədqiqat institutlarının birində
aspiranturaya səkkiz nəfər qəbul ediləcəkmiş.
İyirmi nəfər ərizə vermiş
imiş. Komissiyada da yeddi üzv
varmış, sədrlə səkkiz. Hərəsinin
də bir tanışı-bilişi. Hərə
öz adamını birtəhər ötürür, qalan on
iki nəfərin on ikisini də, biləni də, bilməyəni
də kəsib tökürlər.
Mənsurə: - Ali məktəblərdə
də elə olur da. Məsələn bir
fakültəyə deyəlim əlli nəfər qəbul ediləcək,
komissiyanın da azı 40 nəfər üzvü olur.
Bunun bir otuz beş nəfəri öz
tanış-bilişini buraxır, üç-dörd nəfəri
siz deyən kimi rüşvət alır, qalanını da ordan-burdan
tapşırırlar. İkisini dekan, ikisini rektor... Buyur, bu da
sənin üçün əlli nəfər!
Veysəlli: - Söz-söhbətdir... Mən elə bir müəllim tanımıram ki,
imtahanda tələbədən rüşvət alsın.
Fikrət: - (Əsəbi halda ayağa
qalxır) Bura bax, Məmiş yoldaş! Bunun nəyi
söz-söhbətdir? Bütün xalqa məlum
olan bir cinayəti niyə ört-basdır edirsiniz? Elmin, mədəniyyətin, tərəqqinin
düşmənlərini; xalq, vətən, partiya, dövlət
düşmənlərini niyə camaatın nəzərindən
yayındırmaq istəyirsiniz? Tələbədən
rüşvət alan müəllim yoxdur? Neçəsini məhkəməyə veriblər?
Neçəsini iti qovan kimi ali məktəblərdən
qovublar.
Müəllim tələbədən
rüşvət alır... heç bilirsinizmi bu nə deməkdir? Bu, xalqın elm, maarif, mədəniyyət
sahəsində bu qırx beş ildə əldə
etdiyi bütün nailiyyətləri kökündən baltalamaq
deməkdir. Niyə bu müdhiş cinayətə
göz yumursunuz? Müəllim tələbədən
rüşvət alır... Bu, istedadları, ləyaqətliləri
məhv etmək, ümüdləri, arzuları, xəyalları
puça çıxarmaq, həvəsləri öldürmək,
söndürmək, aferistliyə, fırıldağa yol
açmaq, imkan yaratmaq deməkdir. Niyə
bu canlı həyat faktını görmək istəmirsiniz?
Niyə demirsiniz ki, (üzünü zala tutur) ay camaat, bu
aferistləri tanıyın! Və hamınız birlikdə
deyin (özü də bilmədən üzünü döndərir):
Tüfu, sizin üzünüzə! Müəllim
də rüşvət alar?
Əbilov: - Fikrət, sən də məsələni
bir az böyüdürsən... Müəllimlər
içərisində rüşvətxor olsa,
beş-üç nəfər olar, artıq olmaz...
Fikrət: - Kim deyir ki, min nəfərdir? Mən də elə beş-üç nəfəri
deyirəm də.
Məmiş: - (Fikrətə qara yaxmaq istəyir)
Xeyr, bağışlayasan, sən beş-üç nəfər
demirsən, sənin sözündən - acığın gəlməsin
- belə çıxır ki, bizim cəmiyyətimizdə
rüşvətxorların sayı dünyanı
götürüb. Özün də partiya təşkilatının
katibi...
Fikrət: - (Əsəbi) Sözünü
yarımçıq qoyma! Demək istəyirsən
ki, mən Sovet cəmiyyətinə böhtan atıram? Səndən hər şey gözləmək olar.
Elə bizim cəmiyyətimizdə belə-belə
cinayətlərə imkan yaradan sənin kimi adamlar dəyilmi?
Veysəlli: - Nə deyirsən-de, yerində
danışarıq...
Ağa Əmi: - Gecikmisən Məmiş,
indi insanların taleyini "yerində danışmaq" həll
etmir, xalq, camaat, kütlə həll edir.
Əbilov: - (Qorxuya düşür)
Mübahisəni kəsin, canım. Cəmiyyəti-zadı gətirib
bura dürtməyin, qoyun başımızı birtəhər
girəliyirik, girəliyək...
Misgərli: - Əslinə baxsanız,
taqsır heç rüşvət alan
müəllimdə dəyil...
Taqsır rüşvət alan
müəllimdə dəyil, rüşvət verən tələbədədir.
Axı tələbə - tələbə olsa,
müəllimə niyə rüşvət verir?
Heydərli: - Valideynlərdə, xüsusən
vasitəçilərdə də taqsır çoxdur. Mən də bir-iki dəfə qəbul
imtahanlarında olmuşam. Bilirəm, bu müəllimlər
nə çəkir!.. A kişi!
İmtahan günləri bu valideynlərin, vastəçilərin
əlindən nə evdə otura bilirsən, nə idarədə
otura bilirsən. Bağa qaçırsan, dalınca
bağa gəlirlər, dağa qaçırsan, dağa...
Ağa Əmi: - Onlara deyə bilmirsən
ki, ay nadanlar tanış-biliş vastəsilə övladı
adam etmək olmaz, bu yol ilə sağlam nəsil
tərbiyə etmək olmaz!
Əbilov: - Elə demə, Ağa Əmi,
mənim də başıma gəlib. Bəzən
görürsən ki, elə adam zəng
edib, xahiş edir ki, sözündən keçə bilmirsən.
...Əli: - Təklif var mübahisə
dayandırılsın. Bayırda gözləyirlər.
Fikrət: - Çağır gəlsinlər.
Əli: - Hörmüz Həsən
oğlu, Əlmurad Pəpişov! (Hörmüz
və Əlmurad gəlib dayanırlar.)
Veysəlli: - (Onlara) Bilet
götürün!
(Hörmüz dərhal əlini uzadıb
bir bilet götürür, gedib oturur, diqqətlə biletdəki
sualları nəzərdən keçirib, məmnun və
arxayın halda, bileti masanın üzərinə buraxır... Bu müddətdə Əlmurad hələ bilet
götürməmişdir, vahimə ilə biletlərə
baxıb, gözünü döyür Veysəllinin gözlərinə.
Veysəlli göz-gözə verib biletlərdən
birinə işarə edərək Əlmurada).
Veysəlli: - Nə durmusan? Bilet
götür da!
(Əli bu işarəni duyur. Əlmurad əli titrəyə-titrəyə
nəhayət, bir bilet götürüb gedib oturur. Biletdəki sualları oxuyub, yenə vahimə
içərisində gah komissiya üzvlərinə baxır,
gah Veysəlliyə).
Veysəlli: - (Hörmüzə) Danışmaq
istəyirsən?
Hörmüz: - Bəli!
Hörmüz arxayın, sərbəst
qalxıb gəlir komissiyanın hüzuruna əyləşir. Bu arada Şərqiyyənin
müşayiəti ilə professor Səlimzadə gəlir.
Onu görcək hamı ayağa qalxır.
Professor Şərqiyyənin gətirdiyi kürsüdə
oturur...
Veysəlli: - (Hörmüzə) Birinci
sualın nədir?
Hörmüz: - "Onlar bir neçə nəfər
idi" romanında əsas surətlərin səciyyəsi.
Veysəlli: - Danış!
Hörmüz: - Romanda əsas surətlərdən
biri Dərgahquludur. Müəllif bu surətlə
belə bir gözəl ideyanı təbliğ edir ki, "Sosializm
cəmiyyətində hər kəs öz
bacarığına, öz ləyaqətinə görə yer
tutmalıdır. Və bu cəmiyyətdə
mühüm vəzifələr, kütlənin taleyi təmiz,
namuslu adamlara tapşırılmalıdır. Obraz mənfidir. Ədibin estetik idealı isə
gözəldir... Belə ki, Dərgahqulu bir
neçə rayonda müxtəlif vəzifələrdə
olur, lakin heç birini yarıtmır. Sovet
adamına yaraşmayan işlər görür, intriqa ilə
məşğul olur, rüşvət alır. Partiya və Dövləti aldadıb yalan məlumatlar
verir. Xalq malını talayır, əxlaq-məişət
məsələlərində də özünü çox
pis aparır, ədibin sözü ilə "ana-bacı
tanımır", əyyaşlıq edir. İldə
bir arvad dəyişir və sairə... Bir
müddət sonra Dərgahqulu ifşa olunur. Onu işdən kənar edirlər.
Misgərli: - Yaxşı, davam edin!
Hörmüz: - Sonra ədib Dərgahqulunun
şəhərə gəldiyini, orta təhsili olduğu halda
haradansa özünə ali məktəb
diplomu düzəltdiyini, hətta namizədlik dissertasiyası
belə müdafiə edib, elmi müəssisələrin birində
mühüm vəzifə tutduğunu təsvir edir. (Veysəlli darağını çıxarıb
başını darayır, Hörmüz davam edir). Dərgahqulu
bu yeni vəzifədə də özünü yaxşı
aparmır...
Veysəlli: - (Darıxmış halda onun
sözünü kəsir) Keç ikinci surətə!
Hörmüz: - (Bir az
fikrini toplayaraq başlayır.) Romanda ibrətamiz
surətlərdən biri də Əsmər Əsmərovdur
ki, ayaması da "arvaddan qorxan"dır.
Əsmərov surətində ədib belə
bir fikri təbliğ edir ki, hər hansı işdə
olursa-olsun, cəsarət, təşəbbüskarlıq,
ümumxalq işinə can yandırmaq insanın ən
yaxşı sifətlərindəndir. Sovet adamının gərək
ictimai siması olsun, o gərək hər işdə,
ümumxalq mənafeyini, partiya, dövlət mənafeyini nəzərə
alsın, ümumin mənafeyini şəxsi mənafeyindən
üstün tutsun. Bu sifətlərdən məhrum olan adam bizim cəmiyyətimizə xeyir verə bilməz.
Əsmərov da mənfi surətdir, lakin bu surət
ətrafında olan bədii düşüncə çox
gözəldir.
Əsmərov Dərgahqulu qədər
qorxulu adam dəyildir. Dələduz,
çapoğulçu, qirbəllə dəyildir. Lakin həddindən ziyadə qorxaq, cəsarətsizdir.
Əsmərovda müstəqil düşünmək,
müstəqil fikir, mühakimə yürütmək qabiliyyəti
yoxdur. Qorxaqlığı üzündən
Əsmərov çox zaman bilə-bilə, görə-görə
həqiqəti tapdalayır, haqsız tərəfi müdafiə
edir. Kim bir hərbə-zorba, demoqoq isə,
o, Əsmərovun ağzını istədiyi tərəfə
döndərə bilir. Odur ki, Əsmərovun
müdir olduğu idarədə həmişə hərc-mərclikdir.
Çünki o, ağıllı, mədəni,
sadə, xüsusən sakit danışan xeyirxah işçiləri
nə sevir, nə hörmət edir, nə də mühüm məsələlərdə
onlarla hesablaşır. Əksinə,
demoqoqlardan qorxduğu üçün hörməti də
onlara edir, onların qarşısında yaltaqlanır da.
Bir sözlə, Əsmərov həmişə
demoqoqların dediyi ilə oturub-durur. Müəllifin
fikrincə, Əsmərovun bu dərəcədə zəif,
iradəsiz, qorxaq olmağının səbəbi onun masabaz
olmasındadır!
Misgərli: - Masabaz? Masabaz nə
deməkdir?
Hörmüz: - Tiplərin dilində
işlənən sözdür. "Masabaz"
- yəni vəzifəpərəst.
Heydərli: - Davam edin!
Hörmüz: - Əsmərov hər
işdə birinci növbədə özünü, öz
rahatlığını düşünür. Ancaq
onun bir insan kibi rahatlığı da yoxdur. Həmişə
səbirsiz, təntik, gördüyü işdə bir iki dəyil,
nədənsə həmişə qorxu, vahimə içərisindədir...
Əsmərov hətta öz evində də
daima qorxu, vahimədədir. O, hətta öz
arvadından da - bağışlayın ədibin sözləri
ilə - itdən qorxan kimi qorxur... Romanda ər
ilə arvadın qəribə münasibətini göstərən
fəsil çox ibrətlidir. Əbilov Əsmərovun
arvadının atasını...
Əbilov: - (Artıq davam gətirə bilməyərək
Hörmüzə) Keçin o biri surətlərə!
Hörmüz: - (Fikrini toplayıb
başlayır) Əsərdə Hətəmov və Həkəmov
surətləri də ibrətlidir. Eyni ixtisas
sahibi olan bu iki ziyalı, elmi işçi otuz ildir ki, biri-birilə
ecəşir, prinsipsiz mübarizə aparırlar. Səbəbi
də budur ki, otuz il əvvəl onların
arvadları hamamda tas üstə deyişmiş, bir-birinin ərlərini
söymüşlər... O zamandan etibarən Hətəmovla Həkəmov
olmuşlar qanlı-pıçaq. Bunlar bir o qədər
də istedadsız adamlar dəyillər. Gənclik
yaşlarında bir xeyli işlər də görmüş,
elmə həvəs göstərmişlər. Ancaq arvadlar
hamamda tas üstündə savaşandan
sonra bütün məharətlərini sərf etmişlər
biri-birini yıxmağa...
Misgərli: - (Veysəlliyə) Mən deyirəm
keçsin o biri surətlərə.
(Səlimzadə əli ilə işarə
edir ki, mane olmasınlar, Hörmüz danışsın. Hörmüz bunu başa
düşüb davam edir).
Hörmüz: - İndi onlar, yəni Həkəmovla
Hətəmov artıq məsləksiz, idealsız, prinsipsiz
adamcığazlara çevrilmişlər. İşləri-gücləri
məişətin xırdalıqları ilə məşğul
olmaqdır. Xalq, vətən, insan taleyi
onların yuxusuna belə girmir. Hətəmovun yeganə
həyat idealı Həkəmovu kəlləsi üstə yerə
gətirmək, Həkəmovun yeganə həyat idealı Hətəmovu
kəlləsi üstə yerə gətirməkdir...
Müəllif bir yerdə yazır ki,
"onların, yəni Hətəmovla Həkəmovun
münasibəti iki düşmən dövlət, iki
düşmən ölkə arasında olan münasibətə
bənzəyirdi. Hər iki tərəfin özünün müharibəyə
ciddi hazırlıq planları, raket bazaları,
qırıcı və bombardmançı təyyarələri,
zəhərləyici qazları, kəşfiyyat orqanları, hətta
hərbi paraşütistləri vardı. Biri-birinin
əlehyinə uydurduqları yalanlar, dedi-qodular, onların zəhərləyici
qazları, əl altından biri-birinin əleyhinə düzəltdikləri
materiallar bombardmançı və qırıcı təyyarələri
idi. Haq-nahaq biri-birinin üstünə düşdükləri
iclaslar onların raket bazaları, xəbərçiləri -
onların kəşviyyat orqanları; qəfildən iclaslarda
müzakirələrdə biri-birinin əleyhinə
qaldırdıqları tərəfdarları onların
paraşütistləri idi…
Bir də görürdün Həkəmov
güclü bir material bombası ixtira edib aparıb saldı Hətəmovun
komasına, evdə, ailədə, idarədə başladı
zəlzələ, vəlvələ. Yaxud Hətəmov bir zəhərli yalan
düzəldib buraxdı Həkəmovun burnuna, Həkəmov
zəhərlənib üç-dörd ay arxasını verdi yerə…"
Heydərli: - (Hörmüzü
dayandırmaq üçün Veysəlliyə) Məsləhətsə,
keçsin o biri surətlərə.
Ağa Əmi: - (Yerindən qalxıb
Hörmüzə) Bağışla, oğlum! Romanda bir Zakir
surəti də var…
...Hörmüz: - Bəli. Zakirin
sözləri eynilə xatirimdədir. (Ayağa
qalxıb xüsusi vəcd, ruh yüksəkliyi ilə təmkinlə
davam edir. Sözləri, cümlələri
aydın, sərrast ifadə etməyə fikir verir.)
Ey mənim, iş
yoldaşlarım, qardaşlarım, ey mənim vətəndaşlarım!
Bir deyin görüm siz nə vaxta qədər, biri-birinizin
ayağından çəkəcəksiniz? Nə
vaxta qədər bir-birinizin ətini yeyib, qanını
içəcəksiniz? Axı belə
olmaz. Belə vətəndaşlıq olmaz, belə
yoldaşlıq olmaz… Belə ziyalılıq olmaz, belə
insanlıq olmaz!...
Siz eyni bir vətəndə
yaşamırsınız? Eyni bir havanı tənəffüs
etmirsiniz? Bəs niyə bir-biriniz
üçün bu gözəl havanı zəhərləyirsiniz?
Bu geniş Vətən niyə sizə darlıq
edir? Siz eyni bir məslək adamları,
eyni bir yolun yolçusu dəyilsiniz? - Bəlkə mən
səhv edirəm?! - Bəs bu ümumel yolunda niyə
biri-birinizin ayağı altında quyu
qazıyırsınız? Niyə biriniz yüksələndə,
irəli gedəndə, o birinin başına daş
düşür? Məgər siz bir
ananın evladları dəyilsiniz? Niyə
bu ananın halal südünü bir-birinizə haram edirsiniz?
Siz mənə elə bir ağıllı,
namuslu vətəndaş göstərin ki, desinlər bu, cəmiyyət
üçün artıqdır. Siz mənə elə
bir iki istedadlı adam göstərin ki...
Səlimzadə: - Onların biri o birini…
Hörmüz: - Əvəz edə bilsin!
Hansı axmaq deyər ki, iki nəfər yaxşı
dilçidən biri artıqdır… Hansı axmaq
düşünə bilər ki, beş nəfər
yaxşı bəstəkardan biri artıqdır? Hansı axmaq
deyər ki, beş nəfər
yaxşı mühəndisdən biri artıqdır? Əzizim
Həkəmov və Hətəmov! Siz ikiniz də bir idarədə
işləyirsiniz, ancaq…
(Əli tez xatırladır və üzünü
Misgərli ilə Heydərliyə tərəf tutur)
Əli: - Əl altından bir-birinizi pisləyirsiniz.
Hörmüz: - (davam edir) Əzizim Həkəmov
və Hətəmov. Təsəvvür edin elə bir Vətən
ki, orada yaxşı rəssamı - rəssamın gözü
götürməyə, yaxşı mühəndisi - mühəndisin
gözü götürməyə, yaxşı
hüquqşünası - hüquqşünasın
gözü götürməyə, yaxşı həkimi - həkimin
gözü götürməyə, yaxşı tarixçini
- tarixçinin gözü götürməyə,
yaxşı bəstəkarı - bəstəkarın
gözü götürməyə, yaxşı rejissoru -
rejissorun gözü götürməyə, yaxşı
müəllimi - müəllimin gözü götürməyə,
yaxşı ministri - ministrin gözü götürməyə...
Onda nə olar? Hətəmov Həkəmovun
qanını içməyə hazırdır, Həkəmov
Hətəmovun… Belə də həmkarlıq
olar?! Axı siz, bir ovuc paxıllar öz
murdar hərəkətinizlə böyük bir xalqın
adını batırırsınız. Niyə
bir-birinizi gözünüz götürmür?
(Hörmüz bir az dayanır).
Ağa Əmi: - Sağ ol, oğlum!
Keç, o biri suallara!
Fikrət: - Məncə, kifayətdir.
Əbilov: - (sual verir) Hansı dilləri
bilirsiniz?
Hörmüz: - Orta-ali məktəblərdə
nəki keçmişik rusca, fransızca, farsca.
Veysəlli: - (birdən düşünmədən)
Azərbaycanca necə?
(Hörmüz təəccüblənir,
cavab vermir.)
Ağa Əmi: - (Veysəlliyə) Bəs səhərdən
nə dildə danışırdı?
Veysəlli: - (Özünü itirib tez Səlimzadəyə
müraciət edir) Professor, sualınız varsa, buyurun!
Səlimzadə: - Xeyr, sualım yoxdur. Mən Hörmüzü çoxdan tanıyıram.
Darülfünunda o, mənim ən sevimli tələbələrimdən
biri idi. O vaxt çox çalışdım ki,
aspiranturada qalsın, özü razılıq vermədi. Qoy
bir-iki il də işləyim, biliyimi
artırım, anam da xəstədir… sonra gələrəm. Çox yaxşı ki, indi gəlib
çıxmışdır. Həm də gözəl həyat
təcrübəsi keçəndən sonra… Hörmüz
mətbuatda hərbənbir çıxış edir, yəqin
ki, oxumusunuz. Çox orijinal üslubu,
yazı tərzi vardır. Aspiranturaya da elə belə…
hazırlıqlı gəncləri cəlb etmək
lazımdır… (yaxınlaşıb əlini
Hörmüzün dalına vurur) Cavabların çox
xoşuma gəldi… Bağışlayın
(saatına baxır). Mən getməliyəm.
Veysəlli: - Hə… Demək olar ki,
qurtardı… İndi yoldaşlar, qiymətlərinizi deyin!
(Siyahı oxunur)
Birinci: - Ağa nəzər! (Əbilov təşvişə
düşür) Məndə dörddür.
(Əbilov gülür).
Heydərli: - Üç ilə dörd
arasındadır.
Ağa Əmi: - İki! (Əbilov pərt
olur); Fikrət - İki!; Mənsurə -
İki!
Misgərli: - Məndə iki ilə
üç arasındadır.
Veysəlli: - Deməli, orta qiymət
neçə?
Ağa Əmi: - Orta qiymət, filan yoxdur. İkidir.
Veysəlli: - (Əbilova) Siz, yoldaş
Əbilov?
Əbilov: - O, cavab verəndə mən
burda olmamışam. Məncə, gərək
o, yaxşı cavab verə idi, deyirlər çox
hazırlıqlı… e… referatı necədir?
Fikrət: - Kitabdan köçürüb,
yoxlamışam.
Əbilov: - Yaxşı, qiymətinizi
verin, sonra bir də baxarıq…
...Veysəlli: - Hörmüz. Doğrudur,
professor onu çox təriflədi… ancaq o qədər də tərifləyici
cavab vermədi…
Misgərli: - Elədir, bəli, arzu edilən
cavabları vermədi.
Ağa Əmi - (hirsli) Bizim arzu etdiyimiz
cavabları verdi, sizi bilmirəm. Əla!
Gözəl gələcəyi olan bir cavandır.
Fikrət: - Əla!
Mənsurə: -
Sözsüz əladır!
Heydərli: - Məndə dörddür…
Əbilov: - Daha professor da bəyəndi, əla
verin getsin.
Ağa Əmi: - (qalxır ayağa, öz
qeydlərinə baxır, Əliyə) Əli, yaz. Beləliklə,
beş nəfər qəbul olunur.
Hörmüz, Vaqif, Aydın, Fəxrəddin, Gülnarə.
(Əliyə) Protokolu ver, hamı burada qol
çəksin. (Hamı durur ayağa gəlib
bir-bir qol çəkirlər, adamları keçməyənlər
dilxor, qalanları şaddır).
1965
Məmməd
Cəfər Cəfərov
Ədəbiyyat qəzeti.-
2017.- 23 sentyabr.- S.23-24.