Zamanın sərhədlərini aşan
Voznesenski
Az qala əfsanəyə çevrilmiş adlarıyla bizim yol yoldaşımıza çevrilmiş şəxsiyyətləri yada salanda unutmamalıyıq ki, onlar boş yerdən yaranmayıblar. Bütün dahilərin qələmi mürəkkəbə batırması üçün münbit şərait, zəmin lazım gəlir.
Ötən əsrin 60-cı illərinin adlı-sanlı şairlərini də bu şərtlər olmasaydı, indi xatırlamaq bir qədər çətin olardı. Elə Andrey Voznesenskini də...
Onun mənsub olduğu ədəbi nəsil məhz "Xruşşov mülayimləşməsi" dövründə düşüncənin, fikrin mütləqi-hakiminə çevrildilər. İndi bəlkə də buna inanmaq olmur, amma o vaxtlar şairlər böyük zalları, nəhəng stadionları öz vurğunlarıyla doldurmaq gücündəydilər. Əlbəttə, hamısı yox.
Yevtuşenko, Axmadulina, Rojdestvenski və hamıdan daha çox Voznesenski üçün bu, bir içimlik su qədər asan idi. Onun saysız oxucuları vardı ki, Voznesenski adı eşidiləndə dərhal ora üz tuturdular.
Bəlkə də buna heç təəccüblənmək lazım deyil. Çünki hər bir əsrin dirçəlişini tənzimləyən "partlayış"lar olur. Həmin dövrün ədəbi partlayışı da az qala hamını ədəbiyyat əsirinə ona görə çevirə bilmişdi ki, total kütlə düşüncəsi əvəzinə cəmiyyətə fərqli baxışla, münasibətlə ətrafa baxmaq təklif olunurdu.
Cəmiyyətdə gedən bu dəyişkən ictimai, sosial-siyasi fikrin başlanğıc nöqtəsi 1956-cı ilə təsadüf edir. Həmin il XX qurultay artıq keçirilmişdi, stalinizm, şəxsiyyətə pərəstiş aradan qalxmışdı. Elə həmin ildən başlayaraq "Molodoya qvardiya", "Moskva", "Don" kimi ədəbi-bədii jurnallar nəşr olunmağa başlamışdı. Gənclər ilk dəfəydi ki, lənətlənən, söyülən Axmatovanı, Svetayevanı, Bulqakovu, Platonovu, eləcə də xarici ölkə yazarlarının qadağan edilmiş əsərlərini qorxmadan, açıq-aşkar oxuya bilirdilər.
Artıq "Literaturnaya qazeta" da "qıpqırmızı rəng"də çıxmırdı, həyatı bütün rəngləriylə göstərə bilirdi. Əlbəttə, əsl istedadlar bundan yetərincə bəhrələnirdilər. Voznesenski bu sırada birincilərdən idi.
Amma həmin dövrdə Voznesenski çox zərbələr aldı. "Mülayimləşmə" bütövlükdə hakimiyyətin mahiyyətini dəyişməmişdi. Hakimiyyətdəkilər Voznesenskinin dediklərini heç cür həzm edə bilmirdilər. Voznesenski isə qələmini sərt yumruğa çevirib hara gəldi çırpırdı. Onu hansı yollasa cəzalandırmaq lazım gəlirdi. Onun şeirləri çap olunan kimi ideologiya güdükçülərinin sərt əmrləri bir-birini əvəz edirdi, hansısa jurnal redaktoru işdən azad edilirdi, kiməsə şiddətli töhmət verilirdi.
Voznesenskinin ədəbi karyerasının başlanğıcı onun Boris Pasternakla tanışlığı dövrünə təsadüf edir. 14 yaşlı Andrey Pasternaka öz şeirlərini yollayır və az vaxtdan sonra ondan məktub alır. Pasternak ona yazırdı:
"Sizin ədəbiyyata ilk gəlişiniz haçansa çox sürətli, fırtınalı günü xatırladacaq. Şadam ki, o günün başlanğıcının ilk şahidi mən oldum."
Voznesenksinin özü də sonralar etiraf edirdi ki, Pasternakın ona həyatda həm bir şair, həm də bir insan kimi çox təsiri olub.
Voznesenski öz yaradıcılığı ilə "sovet poeziyası" bütünü dağıdan, onu bütün qadağalardan, buxovlardan azad edən bir şair idi. O, sakit səslə sovet ideoloqlarının canına vəlvələ salmağı bacarırdı.
Bu
yazıda onun
yaradıcılığı haqda heç nə yazmayacağam.
Bir tarixi sənəd haqda danışacam. Bu sənəd 7
mart 1963-cü ildə Kremldə
Sovet İttifaqı Kommunist Partiyasının rəhbər
işçiləriylə bir
qrup yaradıcı şəxslərdən ibarət
sənət adamlarının
görüşünün 5 dəqiqəlik stenoqramıdır.
Görüş başlar-başlamaz
N. Xruşşov Voznesenskiyə
birbaşa hücuma keçir:
"Siz,
Voznesenski, hansı səbəbə
və nəyə görə partiya üzvü olmadığınızı
ağız dolusu hər yerdə bəyan edirsiniz? Bunun meydan oxumasına
bir bax! Biz Kommunist Partiyasının əksinə çıxan
hər kəsi məhv edəcəyik, bunu unutmayın! Lazım olarsa, hamını və hər kəsi silib-süpürəcəyik! İndi deyəcəksiniz
ki, sizi sıxışdırıram. Mən birinci katibəm, həm də sədrəm. Ancaq bunlardan əvvəl mən Sovet İttifaqının vətəndaşıyam!
Mən döyüşçüyəm və hər növ pisliyə qarşı vuruşacağam!"
Sonra Xruşşov bildirir ki, "siz elə bilməyin Stalin ölüb.
Heç
bir mülayimləşmədən
söhbət gedə bilməz. Ya tam olaraq isti
yay, ya da
şaxtalı qış!"
Xruşşov Voznesenskiyə ləngimədən
SSRİ-ni tərk etməyi tapşırır. Voznesenski isə
deyir:
-"Mən
rus şairiyəm. Burdan niyə
getməliyəm axı?"
Sonralar Andrey
Voznesenski müsahibələrindən birində deyirdi:
"Məni, 29 yaşlı bir gənci daha çox ona görə ittiham edirdilər ki, xarici ölkələrə
verdiyim müsahibələrdə Puşkini
və Mayakovskini öz müasirim hesab edirəm. Burada pis nə vardı,
bilmirəm və heç cürə anlaya bilmirdim ki, onlar məndən
nə istəyirlər."
Xruşşov və onun ətrafında olanların əlindən Voznesenskini bilirsinizmi kim xilas
edib? Bəlkə də inanmayacaqsınız.
Amma bu, faktdır.
Amerikanın həmin vaxt prezidenti olan Con Kennedi N.Xruşşova zəng vurur və gənc şairi - Voznesenskini rahat buraxmağı xahiş edir. Əks halda,
onu həbs təhlükəsi gözləyirdi.
N.Xruşşov SSRİ-də "azad sözün" at oynatdığını
dünyaya nümayiş
etdirmək üçün
bu sözdən sonra yumşalır və hətta Voznesenskiyə Amerikaya yaradıcılıq səfərinə
çıxmağa icazə
verir.
Məhz bu səfərdə Voznesenskiyə dünya şöhrəti qazanmaq nəsib olur. Az sonra onu Qərbdə "rus möcüzəsi" adlandırırdılar.
Vosnesenski bu səfərində
Haydeggerlə, Sartrla, Pikassoyla həmsöhbət
olur, Artur Millerlə əbədi dostluq münasibəti yaranır.
Amma Sovet İttifaqında xüsusi icazə olmadan onun adının
çəkilməsi qadağan
edilir. İlk dəfə bu
qadağanı Vladimir Vısotski
pozur. O, konsertlərdən
birində gitarayla səhnəyə çıxır
və Voznesenskinin şeirini oxuyur.
İndi Sovet İttifaqı yoxdur. Xruşşov da yaddaşlarda
bir-iki təhqiramiz lətifəylə qalıb.
Amma Voznesenski zamanın sərhədlərini
aşmağı bacardı.
Kənan Hacı
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.24.