İntellektual fırıldaq haqqında
Azərbaycan
Orta əsrlərinin sovetlərdə millətsevərlərimiz
üçün önəmi
Bir vaxtlar Ortaçağa "qaranlıq
çağ" (dark age)
deyirdilər. Beləcə, Orta əsrlər maarifçilərin əli
ilə durğunluğun,
mövhumatın simvoluna
çevrilmişdi. Sonrakı araşdırmaların
nəticəsində öncə
Avropada, sonra isə Şərqdə tarixin bu dönəminə
baxışlar dəyişdi.
Bir az
da keçdi, Ortaçağ mədəniyyəti
hətta intellektual dəbə çevrildi. Özümüzlə bağlı 60-70-ci illəri yada sala bilərik. Azərbaycanlılar millətlər basırığında,
xristian dominantlığı
qarşısında milli
ləyaqəti, ədanı,
hərdən də ədabazlığı bərpa
etməyə başlayanda
milli Ortaçağın
simvollarını piştaxtalara
çıxardı.
Bütün bu sifətlərin ortaya çıxması, görünməsi
üçünsə meydan
gərəkdir: milli ləyaqət üçün
futbol bir meydan verir, coğrafi
mənzərə başqa
meydan. Ən önəmli meydanlardan
birini də Ortaçağ mədəniyyəti
verir. Bütün dünyada XIX əsrdən
başlayaraq Ortaçağ
dəbə çevirilib. Zaman Ortaçağ mədəniyyətinə
işləyir və
biz belə bir meydanı əldən buraxa bilməzdik.
Orta əsrlərin
birdən-birə dəbə
düşməsinin səbəbləri
Bir nədən odur ki, sonrakı
yüz illərin bir çox ciddi məsələlərinin
ortaya məhz Ortaçağda qoyulması
bəlli oldu. Məsələn, Xristianlıq və
İslam çox zənginliyini məhz bu dönəmdə alıb. Mürəkkəb mətn tipləri
məhz bu çağlarda yaranıb.
Tekstə kommentari vermək, teksti şərh etmək, açıqlamaq
Ortaçağda yüksək
texnika qazanıb. Bir sözlə, antik dövrdən sonra Ortaçağda insanlara indi də qalmaqda
davam edən düşüncə müstəviləri,
yönümləri verilib.
Milli Ortaçağ mədəniyyətinə münasibətdə
biz özümüzü-özümüzə,
bir az
zahiri göstəricilər
əsasında da olsa, maraqlı etmişik. Tutalım, Tusinin astronomiyası ilə fəxr etmişik, Bəhmənyarın İbn
Sina sayağı fəlsəfə yapması
ilə qürrələnmişik,
bir az da
türk qılıncına
"urrey" - deyib
"alxış" söyləmişik.
Azərbaycan ruhu üçün çox ciddi bir problem var; özümüzü-özümüzə necə maraqlı etməli? Ya da başqa cür
deyim: Azərbaycanda öz mədəniyyətimizi
özümüzə maraqlı
etmək üçün
nələr edilməlidir,
nələr olmalıdır?
Məncə, bu məsələdə
vəziyyətimiz qaydasında
deyil. Səbəblərdən
biri budur ki, kitablardan, araşdırmalardan açılan
milli Ortaçağ mədəniyyəti yüksək düşüncə
və mənəviyyat
gərəkləri qarşısında
duruş gətirə
bilmir. Yozumlarda ortaya çıxardığımız
Azərbaycan Orta əsrləri "çox
maraqlı mədəniyyət"
tələblərinə cavab
vermir. Hər ehtimala qarşı vurğulayıram: suç
bizim Ortaçağ mədəniyyətində deyil.
Suç
bizim həmin mədəniyyəti maraqlı
olmayan təsfirlərdən
görünər etməyimizdədir.
Biz intellektual
fırıldaqçılığın zənginliyinə çıxmalıyıq. Bu nə deməkdir - ona cavab verim.
Sözsüz, azərbaycanlı qulağı üçün
"fırıldaq" kəlməsi
çox pis səslənir. Onun üçün də fırıldaq anlamını
verən, termin kimi mifolojilərdə fırıldaqçı "qarğa",
"tülkü" surətlərini
bildirən "trikestr"dən
istifadə edib "intellektual trikestrçilik"
də deyə bilərəm. Ancaq məncə, intellektuallıqla
bağlı "fırıldaqçı"
kəlməsinə biz öyrəşməliyik.
İntellektual fırıldaqçılığa
gərəklər nədən
yaranır?
Dünyadakı nəsnələr özləri
haqqında ya danışmırlar, ya da alışdığımız
şeyləri danışırlar. Məsələn,
ilk dəfə şamdanı
düzəltmiş adam sanki şamdana "mən şamları tutmaq üçün əşyayam"
cümləsini qoyub. Kim şamdana baxırsa,
şamdan ona həmin cümləni deyir. Bizə isə gərəkdir
ki, nəsnələri
özləri haqqında
daha çox şeyləri danışmağa
zorunlayaq. İntellektual fırıldaq nəsnələrə
fırıldaq gəlib
onları və deməli, dünyanı yeni səslərdə, informasiyalarda danışdırmaqdır.
Orta əsr mədəniyyətində
Azərbaycan Azərbaycan
kimi özünü necə aparıb?
İndiki Azərbaycanın bir çox özəllikləri
əslində Ortaçağ
Azərbaycan çoğrafiyasında
yaşamış türklərin
dünyasında formalaşıb. Bu dünyanın adı
"Azərbaycan" deyildi,
"azərbaycanlıların dünyası" deyildi,
"türklərin dünyası"
idi. Hərçənd Azərbaycan adının
içinə yüklənmişlərin
xeylisini türk dünyası vermişdir.
Ancaq bu məsələni işıqlandırmaq istəyəndə
"heç kimdə
rastlaşmadığımız" prinsipində olan orijinallıq, milli özəllik haqqında
"havadan asılıb
duran" düşüncə
koordinatlarının əsiri
olmamalıyıq. Bu əsirlikdən
qurtulmaq üçün
konkret bir fərd modelini götürək. Fərdin gözü
ya atasına, ya da, - burada
"hm" eləyək,
- qonşu kişinin gözünə oxşaya
bilər. Bu onun görünən tərəfidir. Əgər
iç tərəfini
götürsək, deyə
bilərik ki, onun psixolojisi üzbəüz durub dirəşən istəklərin,
yaxşı ilə yamanın gərginliyində
formalaşır. Eyni zamanda
həmin fərd psixolojisi məhlədə,
şəhərdə, millətdə
olanların çalın-çarpaz
kəsişmələrindən şəkillənir. Beləcə, biz nəyi görürük?
Fərddə olanları dənə-dənə
götürəndə bəlli
olur ki, özünün heç nəyi yoxdur. Hərəsi kimdəsə
var. Ancaq eyni zamanda özünün
heç nəyi olmayan bir adam
dəhşətli dərəcədə
orijial, özgün bir şəxsiyyət ola bilər.
Orijinallıq dənələrdə, atomlarda,
kərpiclərdə deyil,
kombinasiyalardadır, kərpiclərin
hansı prinsipdə hörgülənməsindədir. Bəs Azərbaycan
türkünün Ortaçağ
kombinasiyalarında nələri
olub? Biz deyə bilərikmi ki, türkün ortaya qoyduqlarını başqa heç kim qoya bilməyib?
Bax, cavabı çətin məsələ budur.
İntellektual zəifliyimiz isə
ondadır ki, həmin sual üstündə baş sındırmırıq. Bir neçə
örnək deyim.
İndiyənəcən milli adımız
məsələsində ellikcə
razılığa gəlməməyimiz
kimlərəsə bəhanə
verə bilər ki, bizi ələ
salsın. Adımız təkcə bizim deyil, çox yerdə azərbaycanlı
olmayan türklərin
adıdır. Ancaq bəlkə
bu faktda utanmamızdan xeyli yuxarı qalxan potensial var?! Bəlkə bir gün gələcək hansısa bir azəri intellektual adsızlığımızda möhtəşəm
bir türk kombinasiyası, hörgüsü
tapacaq?!. Və adsız Azərbaycan türkü bəlkə adlı gürcüdən
daha yaraşıqlı,
daha azman görünəcək? (Bəyəm, saxur qədər də olmayıb özünə
özəl ad verməmiş
Azərbaycan elində
qəribə bir türk universalizmi gizlənmirmi və belə düşünəndən
sonra universallıq iddiası üstündə,
bilirsinizmi, nə qədər şeylər qurmaq olar?!)
İndiki zamanda məni intellektual fırıldaqçılıq,
intellektual triksterçilik
daha çox maraqlandırır. İntellektual fırıldaq Aristotelin
doğru, gerçək
ideyasını yerlə-yeksan
edir (Aristotelə görə, Doğru olan başda olan ideyanın haqqında olduğu nəsnəni, olayı düz göstərməsidir).
İntellektual fırıldaq ona
söykənir ki, hər hansı millətdə, mədəniyyətdə
o qədər hər şey var ki,
nəyi düzüb-qoşsan,
düz çıxacaq,
təki düzüb-qoşduqların
ya elmi düşüncənin
"oyun qaydalarında"
gedə bilsin, ya da irrasional
oynartının, sayrışmanın
estetikasına cavab verə bilsin. Bizə fəlsəfədə və
mədənyyətdə belə
intellektual fırıldaqçılıq
çox gərəkdir.
Biz isə fırıldağın
hələ primitiv formalarının ovsunundayıq.
Azərbaycanı görməyin
bir yolu
Biz nə qədər ki, Azərbaycanı substansionallıq
kateqoriyasında düşünməyə
çalışacağıq, bir o qədər də Azərbaycanı görə bilməyəcəyik.
Substansionallıq nəyinsə
öz bədənində,
gövdəsində, cismində görünməsidir.
Yəni nəsə
gövdəsi ilə bir yerdə lokallaşıb bilinmir, ancaq hər yerə onun varlığı bilinmələr,
çoxbiçimli sonuclanmalar
yaradır. Məsələn,
Allah-taala kimi... Biz Azərbaycanı,
adsız Azərbaycan türklərini görmək
üçün düşüncələrimizi
substansionallıqdan azad
etməliyik. Bir düşünün.
Bütün tarix sanki ona görə qurulub ki, azərbaycançılıq,
Azərbaycan dünyası
olmasın. Azərbaycanın Azərbaycan olmağa gücü, heyi çatmasın. Tarixin bu
istəyi qarşısında
Azərbaycan substionsızlığında
o qədər kövrək,
zəif görünür
ki, fikirləşirsən,
Azərbaycan dünyasından
heç nəyin qalmaması üçün
bir həmlə bəs etməliydi. Götürək SSRİ-də
Azərbaycan Respublikasının
olmasını! Bu qədər
urusu, ermənisi olan paytaxtı ilə, bu qədər bolşevizmə
yadlığı ilə,
axı Azərbaycanı
Rusiyanın içində
muxtar vilayət etmək bir problem olmamalıydı?! Ancaq fakt
budur ki, edə bilmədilər.
Fars dilinin
avazına bu qədər düşkünlüyü
ilə Azərbaycan türkcəsi sısqa bir şey olmalıydı. Ancaq olmadı. Azərbaycan
möcüzəsi odur ki,
güclü, substansional
görünmədən hər dəfə bütün
dolanbaclardan sağ-salamat
çıxır. Azərbaycan sanki
həmişə nazik kağız kimidir, ayağının altında isə
qıl körpüsü durub.
İndiyənəcən bu körpü ilə getməkdədir. Onu cəhənnəmə itələmək
istəyənlər də çoxdur. Ancaq işə bax, nə
qədər istəyirlər yenə də Azərbaycan nə
cəhənnəmə, nə də yoxluğa
yıxılır.
Niyazi Mehdi
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.25.