Jan-Pol Sartrın "Divar"ında yazılanlar
"Zəmanəmizə
mühüm təsir göstərən ideyalarla
zəngin, azadlıq ruhu və həqiqət
axtarışları ilə
aşılanmış əsərlərinə
görə" Nobel mükafatına
layiq görülən,
eyni zamanda, könüllü olaraq bu mükafatdan imtina edən XX əsr fransız filosofu və yazıçısı Jan-Pol
Sartrın sənət
mücadiləsini başlıca
olaraq fəlsəfi təlimi bədii obrazlar vasitəsilə şərh, yansıtmaq cəhdi təşkil edir. Və ən başlıcası bu obrazların psixoloji yaşantıları… Adətən
yazıçılar obrazların
düçar olduqları
sıxıntıları, qəzavü-qədəri
onların öz yaşamı, hiss və həyəcanı fonunda təsvir edirlər. Yəni oxucu obrazın keçirdiyi halı müşayiət edir.
İzləyir. Obrazın düçar olduğu
uğursuzluğun (ya elə əksinə, əldə etdiyi uğurun sevincini) qarşılığında hansı
hissləri keçirməsini
yalnız seyr edir. Ona kənardan (əlbəttə,
çox aludəliklə,
diqqətlə) baxır,
müqayisə edir.
Belə ki, obraz onun
üçün maraqlı
bir predmetə, varlığa çevrilir.
Oxucu onu hansısa naməlum (həm də çox tanış)
bir qarşı tərəf kimi qəbul edir. Əksər əsərlərin
obrazlarına olan münasibət belədi… Sartr isə oxucusunu öz bədii obrazı içində əridir. Hansısa bir sehrin, möcüzənin
təsiri iləsə
Sartrın oxucusu onun bədii qəhrəmanının prototipinə
çevrilir, ürcah
olunan, yaşanan durumu obrazla bərabər oxucu özü də yaşayır və qəribə (özü də çox vacib) eyniləşmə anı baş verir: haradasa təsvir olunan situasiyanı obrazınmı,
ya elə oxucununmu yaşadığını
seçib-ayırmaq olmur.
Bu, ilk növbədə yazıçının
mükəmməl təsviri,
hiss və həyəcanın
hər kəsə doğma, tanış
məqamlarını incəliklə
əks etdirə bilməsi, mövzunun orijinallığı, ən
başlıcası isə
sonluğun gözlənilməz
həlli hesabına hasilə gəlir. Görkəmli yazıçının "Divar" hekayəsində
bu deyilənlər öz əksini tapıb.
Sartrın "Divar"ı ilk növbədə
elə bil sovetlər dönəminin
37-ci illərinin acı
yaşamını sərgiləyir
gözlərimiz önündə. Repressiya qurbanlarının
ümumiləşdirilmiş hər kəsə obrazı ilə elə bil yenidən
üzbəüz gəlirik.
Tanış, lap tanış
səhnələrdi; istintaq
otaqlarının ağır
havası, psixoloji gərginlik və çaşqınlıq yaradan
metodlar, çaşdırıcı
suallar, məhz istənilən cavabı almaq üçün tətbiq edilən zor, qorxu və
təhdiddən özünü
itirmiş günahsız
qurbanların altlarını
islatmaları və s.
Fərqi yoxdu ki, bu olay
sovet cəza evində, ya Fransa həbsxanasının
divarları arasında
baş verir:
"- Nədi,
günahını etiraf
etmək istəmirsən?
- Mən tamamilə günahsızam.
Başqalarının cəzasını bölüşmək fikrim
yoxdu!"
Amma inanan varmı? O yerdə
ki, fiziki hökmranlıq önə
keçir, zor, işgəncə vasitələri
ağına-bozuna baxmadan
üstünə gəlir
- nə fərqi ki, sovetlər dönəminin acısını,
ya Qərb aləminin gizlinləri girdabında boğulursan… Harda tökülürsə
qırmızıdı qan…
Sartrın ədəbi
qəhrəmanı belə
bir girdaba düçar olub; günahsızdı, ləyaqətli
və vəfalıdı…
Öz xilası naminə kimisə qurbanlıq quzuya çevirmək istəmir. Heç kəsi şərləmir.
Ancaq qarşı tərəf də öz istəyinə yetməyincə
geri çəkilmir.
Hər cür zor, işgəncə
işə salınır.
Onsuz da quduzlaşmış istintaq cəngindən xilas yolu olmadığını
yaxşı anlayan günahsız müttəhim
güllələnməmişdən öncə son dəfə
özündə güc
toplayıb qisas almaq istəyir quduz rejim tulalarından;
onları elliklə ələ salmaq, aşağılamaq və
bu aşağılanmaları,
ələsalınmaları müqabilində qarşı
tərəfə, deməli,
zora layiqli cəza vermək üçün bilərəkdən
yalan danışmaq, onları bəs deyincə dolamaq qərarına gəlir.
Özündən uydurur ki, guya jandarmın ciddi-cəhdlə axtardığı
və onun yaxın dostu olan Ramon Qris qəbiristanlıqdakı sərdabədə
gizlənib. Ölümqabağı onu hədsiz işgəncələrə məruz
qoymuş müstəntiqlərlə
özündən uydurduğu
yalanla əylənmək
istəyir müttəhim.
Bu dolamağın ölümqabağı
həzzini yaşamaq istəyir:
" - Nə oldu, ağlın yerinə gəldi?
- Hə, onun yerini bilirəm.
Qəbiristanlıqda gizlənib…
Sərdabədə!
…Haydı, Moles, leytenant Lopesdən on beş adam alın,
gedək!.. Əgər bu xəbər doğru çıxsa, səni güllələməyəcəyik…"
Qatığa zorla qara dedirtməyi
bacaran cinayətkar qrup qan-tər içində qaça-qaça
qəbiristanlığa doğru
üz tutur. Məhbus isə
öz hərəkətini
əsl hiyləgərlik
saydığından məmnundu.
Ani olaraq gözləri önünə
gətirir ki, polislər sərdabənin
qapısını necə
açırlar, az qala ən
xırda daşın altını belə necə axtarırlar və əllərinə bir şey keçmədiyindən
suyu süzülə-süzülə,
pərt halda geriyə necə dönürlər… Polislərin
başdaşları arasında
qaynaşan görkəmlərini
göz önünə
gətirdikcə məhkum
ölümqabağı xoş
bir an yaşayır.
Bilir ki, onsuz da
axtardıqlarını tapa
bilməyəcəklər, geri dönüb onu güllələyəcəklər.
Amma onların bu cür aldadılması həzzi ölüm qorxusuna güc gəlir.
Əvəzində isə heç gözləmədiyi baş
verir; axtarışdan
geri dönən müstəntiq məmnun halda onu məhbus
dostlarının yanına
göndərir və güllələnməyəcəyini bildirir.
Günahsız məhbus nə baş verdiyini anlamır. Niyə yalan danışdığına
görə ona növbəti cəza vermir, güləllənmə
hökmünü icra
etmirlər? Ona göstərilən
nəvazişin səbəbi
nədi?
Az sonra məhbus dostlarından biri ona Qrisin
bir təsadüf nəticəsində ələ
keçdiyini bildirir:
"- Qrisi
ələ keçiriblər? Atışmada öldürülüb? Nə vaxt,
harda?
- Qəbiristanlıqda…
- Qəbiristanlıqda?"
Sən demə, bir gün əvvəl Qris xalasıoğlu ilə dilləşdiyinə
görə onlardan (gizli sığınacaqdan)
çıxıb məhz
qəbiristanlıqdakı sərdabədə
gizlənibmiş. Lap təsadüfən,
ağlına belə gətirmədən müttəhim
də müstəntiqləri
ələ salmaq niyyəti ilə Qrisin qəbiristanlıqda gizləndiyini dediyindən
hər şey üst-üstə düşüb.
"- Bu çox
qəribədi? Əcəb axmaq işdi… Dünən Qris xalasıgildən acıq edib, gəlib qəbiristanlıqda
gizlənib. Polislər də
bu gün oranı mühasirəyə
alıblar. Qris onlarla
atışmada öldürülüb".
Bu, məhbusun son
naləsidi:
"-Öldürülüb?"
Bu da məhbusun öz dili ilə nəql
edilən əhvalı:
"Gözümün önündə
hər şey ilğıma döndüyü
üçün yerə
sərildim. Dəli kimi qəhqəhə çəkdiyimdən gözlərimdən
yaş sel kimi axdı…"
Sartr hekayəni belə gözlənilməz və unudulmaz bir sonluqla bitirir. Hekayə bitir… Ancaq günahsız məhkumun yaşadığı sarsıntı, peşimançılıq, çarəsizlik duyğusu uzun vaxt oxucunun yaddaşında, yaddaşından da çox bütün əzalarında, cismində, canında qalır… Bir sızıltı, çırpıntı kimi. Oxucu bir anlığa özünü o günahsız məhbusun yerində hiss etdikcə bütün yaşadığı illərin olmuşları gəlib gözləri önündə dayanır; təlaş keçirir, vahimələnir: görəsən bilməyərəkdən, ya elə qorumaq məqsədi ilə yol verdiyi hər hansı bir yanlışlığa görə günahsız dostunu ələ verməyib ki? Etmək istəmədiyi (və etmədiyi) bir günaha batmayıb ki?
Bu
sualların cavabı uzun illərin
götür-qoylarına, çək-çevirlərinə
hesablanıb. Və Sartrın da
yaratdığı obraz bütün
təlatümü, nigarançılığı ilə bir arada hər kəsdə,
hər kəsin gündəlik həyatında yaşayır, ömür edir.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.27.