İztirablı Kafka

 

1924-cü il iyunun 3-də alman yazıçısı, Avstriya məmuru, yəhudi əsilli və Çexiya vətəndaşı Frans Kafka həyatı boyu məqsədli şəkildə addımladığı ölümünə çatdı. O, vəfat etdi. Ölümündən əvvəl pıçıldadığı son sözü hamını kədərləndirdi: "Həkim, mənə ölüm verin, əks halda siz qatilsiz".

Frans Kafkanın hadisələrlə dolu həyatı və müəmmalarla yüklənən yaradıcılığı indiki ədəbiyyatşünasların doymadığı mövzulardandır. O, az yaşasa da, qəribə və sirli həyatı bu günonu sevənlərin maraq dairəsindədir. Kafkanın əsərləri ədəbi nəslə ötürüldü. Çox sevildi. Halbuki, sağlığında şöhrətin dadını çıxara bilməyib. Çünki yaşadığı dövrdə onun dahiliyini görməyiblər. Yalnız ölümündən sonra Frans Kafka yaradıcılığı araşdırılanda necə iz qoyub getdiyi milyonları təəccübləndirdi.

Kafka bizim həyata bürokratik idarəetmə dövründə daxil olub. Beyinlərə çatmayıb,  başa düşülməyib. Bəzən təəccübləndirdi, bəzən aydın olan əslində yozulmadı. Yozumsuz qalan yaradıcılığı ilə hələ də dəbdədir, yorucu deyil, tükənən yazıçıların siyahısında baş yerdə qərarlaşmır.  Praqada doğuldu, alman dilində yazdı, çox tez öldü. Onun həyatı barədəki detallar çox maraqlıdır.

Kafka vegetarian olub. Ət yeməklərini xoşlamazmış. Halbuki, babası Praqanın məşhur qəssablarından sayılıb. Deyilənə görə uşaq vaxtı babasının yanına gedəndə heyvanın necə kəsilməsi, ətin necə hissələrə bölünməsini gördükcə pis olarmış. Gözünün qarşısında bir canlını yerə necə yıxıb kəsirlər, ətini necə qarmağa keçirirlər. Bütün bunlar onda iyrənclik yaradıb.

Uşaq vaxtı onu dəli, yaxud gicbəsər adlandırıblar. Çünki digər uşaqlarla çox oynamaz, özünü qəribə və qapalı apararmış. Yox, qaraqabaq olmayıb, sadəcə hamıya matdım-matdım baxarmış. İllər sonra xatirələrində yazıb ki, "mən uşaq oyunlarını sevmirdim, qonaq aparanda əsəbiləşər və darıxardım. Valideynlərimin əzabı və sevinci məndə heç bir təsir oyatmazdı, onların hərəkətləri tükümü də tərpətməzdi".

Frans Kafka Praqanın əsas maskotu hesab edilir. Gənc Frans nəinki ətrafdakı adamlar, eləcə doğma valideynləri tərəfindən anlaşılmayıb. Xüsusilə atasının despotluğundan əziyyət çəkib. Ondan dəhşətli dərəcədə qorxarmış. Evdə öz otağına çəkiləndə hər an gözləyərmiş ki, indi atası qışqıracaq, yaxud ailədə dava salacaq. Atasına məktubunda yazıb: "Sənə görə mən özümə inamımı itirdim, həyatım boyu özümdə günahkarlıq hissi yaşadım". Valideynlərinin təlim-tərbiyə üsulu Kafkanın şəxsiyyətinin formalaşmasına təsir göstərib. Atası German Kafka xırda ticarətlə məşğul olub. Paltar satan atası oğlunu qorxu altında saxlayıb. Anası Yuliya Kafka yüksək səviyyəli ailənin qızı olub. Lakin bu Fransın psixoloji durumunun sabitləşməsində heç bir rol oynamayıb.

Yazıçı sığorta idarəsində adi məmur işləyib. El misalında deyildiyi kimi "dərd gələndə batmanla gəlir". Həyatı sevincsiz keçən yazıçının işi onun qəmini artırıb. O, faciəvi hadisələrin sığortası ilə məşğul olarmış. Yaralanma, ölüm, evin yanması, adamların şikəst qalması, başının üstündə tavanlarının olmaması. Belə taleli adamların yanına gəlməsi, dərdləri ilə Kafkanı yükləməsi yazıçıda pessimist əhval yaradarmış. Evə gələndə otağına çəkilər, qəmli halda uzanarmış.

Kafkanı daim iki fikir çuğlayıb: məsuliyyət borc. Bir tərəfdən özünü valideynlərinə borclu sayıb. Bu borc onların sözündən çıxmamaq anlamında başa düşülüb. Əgər valideyn nəyisə məsləhət görürsə, deməli belə olmalıdır. İkinci hiss yazıçılıqla bağlı imiş. Hiss edib ki, ürəyində çox sözü var. Hiss edib ki, dünya onun əsərlərindən qidalana bilər.

Ona əzab verən təkcə valideynlərinin hərəkətləri olmayıb. Kafkanın həyatda qəmliliyi, məsumluğu, sözünü açıq şəkildə ifadə etməməsi birbaşa valideynlərinin günahı sayılmalıdır. Təkcə bu deyil. Ata-anası ona çoxlu sayda xroniki xəstəliklər qoyub gediblər. Yazıçının xəstəliyi genlə bağlı imiş. Vərəm, miqren, yuxusuzluq, qəbizlik sair. Araşdırmalar göstərir ki, bütün bunlar onun nəslində əvvəldən olubmuş. Kafka bədbəxt doğulub. Sevinc adlı nəsnəni yaşamaması birbaşa xəstəliklərlə bağlıdır. Ancaq bütün bunlara baxmayaraq, əlini əlinin üstünə qoymaqla pessimizmə qapılmayıb, mübarizə aparıb. Balanslı pəhrizlə qidalanıb, idmanla məşğul olub, buğlu süd içib. Bütün bunlar ömrünü uzatmayıb. Ancaq tədqiqatçılar hesab edir ki, Kafka belə xəstəliklərlə maksimum şəkildə 32 il yaşaya bilərdi. Sağlam həyat tərzi ömrünü 8 il uzadıb. Xəstəliklər orqanizmini üzsə , onlardan biri çox sarsıdıcı olub. 1917-ci ilin avqustunda həkimlər bildirib ki, vərəm xəstəliyi onu tamamilə əldən salıb. 1923-cü ildə Frans Vətənini tərk edərək Almaniyanın Berlin şəhərinə yollanıb. Amansız xəstəlik onu rahat buraxmayıb. Vərəm nəfəs borularını elə sıxırmış ki, Kafka təmiz hava da uda bilməyib, hətta qida qəbul etmək imkanından mərhum olub. 1924-cü ilin yayında dünya şöhrətli yazıçı hospitalda gözlərini həmişəlik yumub. Onun nəşini Berlindən Praqaya gətiriblər. Yazıçı yeni yəhudi qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasiminə çox az sayda insan qatılıb. Qeyd etdiyimiz kimi, yazıçı sağlığında qiymətləndirilməyib, əsərləri xəstə təxəyyülün məhsulu sayılıb.

Yazıçnın yaradıcılığının əsas üslubu digərlərindən kəskin şəkildə fərqlənib. Sürrealistlər bu xətti əsas götürərək onun təsiri altına düşüblər. Absurdluq, dərinlik faciəvilik. Sonrakı nəsil belə əsərlərdən çox yazıblar.

Tədqiqatçılar söyləyirlər ki, Kafkada böyük aktyorluq istedadı olub. 1889-cu ildən 1893-cü ilə qədər Frans orta məktəbdə, sonra gimnaziyaya daxil olub. O, universitetdə tamaşalar təşkil edərmiş. Özü isə müxtəlif  rollarda aktyorluq qabiliyyətini sınayarmış. Tələbə yoldaşlarının xatirələrinə əsasən rola ürəklə yanaşması onları da təəccübləndirib: "İnanmazdıq ki, belə quru adam surətin varlığını yaşadarmış".

Xəstəliklərdən əziyyət çəkdiyi bir vaxtda Kafka dostu Maks Broddan xahiş edib ki, onun bütün əlyazmalarını yandırsın. Təkcə romanlarından savayı. Həmin romanlar oxucuların ixtiyarına verilməyib. Kafkasevərlər onun tam yaradıcılığı ilə ölümündən sonra tanış olublar. Dostu isə Kafkanın sözünə baxmayıb. Bütün əlyazmalarını saxlayıb. Sədaqətli dost ölümündən sonra Frans Kafkanın əsərlərini dərc etdirib. Onun sayəsində Kafka bütün dünyada məşhurlaşıb, geniş şöhrət qazanıb.

Dünya şöhrəti qazanmasına baxmayaraq, Kafkanın bəzi hekayələri tənqidçilər tərəfindən bəyənilməyib. Frans onları sağlığında dərc etdirib. O, həmişə ətrafındakı adamlara söyləyib ki, 40 yaşına çatmayacaq. Bəlkə elə 40 yaşda dünyasını dəyişəcək. Sağlamlığın yaxşı vəziyyətdə olmaması əsərlərini sirayətləndirib. Qəhrəmanların acı həyatının gerçək təsviri həm şəxsi faciəsi ilə bağlı olub.

Kafkanın 3 romanı tam bitməmiş hesab edilir: "Amerika", "Proses" "Qəsr".

Yazıçının həyatında 3 rəqəmi böyük rol oynayıb. Ayın 3-də doğulub, 3-də vəfat edib.

Frans Kafka melanxolik xarakterə malik olsa da, özünəməxsus yumor hissi ilə ətrafdakıları təəccübləndirib. Onu "məclisin qəlbi" adlandırıblar. Hətta Çexiya qəzetlərindən biri Kafkanı Çarli Çaplinə oxşadıb: "Mən şənlənməyə meyilliyəm. Sadəcə, baxır kiminlə. Qeyri-səmimi adamlarla alınmır".

Onun həyatı qeyri-səmimi insanlarla keçib. Bəlkə də ətrafındakı şəxslər belə bir insana qayğı göstərsəydilər, xəstəliyinin qarşısının vaxtında alınması üçün çalışsaydılar, dahi yazıçı çox yaşayardı.

 

Azər Qismət

 

Ədəbiyyat qəzeti.- 2017.-23 sentyabr.- S.30.