Kədərli Giyom

 

17 mart 1916-cı ildə Birinci Dünya müharibəsi zamanı Giyom Apolliner "Le Mercure de France"də Uolt Uitmanın Edqar Allan Po haqqında bir yazısını oxuyur. Amerikalı şair yazırdı:

"Vaxtilə yuxuda bir dəniz, dənizdə gəmi gördüm. Gecəydi, fırtına vardı. Dəlicəsinə əsən külək, yağan yağış və qapqara dalğalar arasında yelkənlər paramparça olmuşdu. Dirəklər qırılmışdı. Göyərtədəki uzun, incə, zərif bir siluet güclə seçilirdi. Bütün bu dəhşətdən, qaranlıqdan və düz ortasında dayandığı üçün onu da qabağına qatıb qovan bu həngamədən ləzzət aldığı açıq-aydın görünürdü. Bu dəhşətli röyadakı siluet Edqar Allan Po ola bilərdi. Onun ruhu, taleyi və şeirləri - hansı ki, onlar da dəhşətli bir röya idi."

Göy üzündən bir düşmən gülləsi fişəng kimi düz sipərin üstünə düşür. Uolt Uitmenin qaranlıq yuxusu şiddətli bir partlayış səsiylə silinir.

Qan, sümük və beyin parçaları ətrafa yayılır. Giyom Apolliner bir alman qəlpəsiylə başından yaralanmışdı. Apolliner yaralarından axan qana şəhadət barmağını batıraraq dodaqlarına sürtərək qışqırır: "Nə qəribə... Nə qəribə dadı var... ruhun?!"

Sonra huşunu itirir. Parisə geri göndərilən Apolliner başından əməliyyat edilir.

 

Napoleonun nəvəsi, yoxsa...

 

Polyak Anjelika de Kostrovitskinin evlilikdən kənar uşağı olaraq doğulan Giyom Apolliner, atasının kim olduğunu ömrünün sonuna qədər gizli saxlayır. Bəzi araşdırmaçıların dediyinə görə, atası bir italyan hərbiçisi, digərlərinə görə, Aiqlon adında bir fransızdı. Başqa bir iddiaya görə Apolliner, Napoleonun böyük nəvəsi idi. Yaxın dostu Pikasso zaman-zaman Apollinerin atasının yüksək rütbəli bir kilsə xadimi olduğunu deyirdi. Apolliner isə bu iddiaları nə təsdiq, nə də təkzib edir. Anjelika de Kostrovitskinin yazdırdığı doğum şəhadətnaməsində onun adı "Wilhelm Apollinaris de Kostrotvitsky"dir.

Monako liseyində təhsil alan Giyom Parisə gedir, "Revue Blanche" və "Plume" adlı dərgilərdə ilk şeirlərini yayımlayır. Liseydə oxuduğu vaxt "Qiyom Makabr (Kədərli Giyom) təxəllüsü ilə şeirlər yazan Apollinerin Luiza Lalann adı ilə yazdığı şeir və məqalələlər o zaman bütün Parisə səs salır.

Pol Verlenin ölümündən sonra bir qrup yazar və sənətçi fransız şeirinin istiqamətini müəyyən etməyə çalışır. Həmin il onlara Apolliner də qatılır. Haralı olduğunu, haradan gəldiyini heç kimə deməyən bu yeni şairin qəribə bir anası olduğu və onunla birlikdə yaşamasından başqa heç nə məlum deyildi. Sonradan Marcel Ade-ma adında bir fransız ədəbiyyatçı uzun araşdırmalardan sonra Apollinerin anasının italyan əsilli bir polyak olduğunu və müharibə zamanı ailəsinin Sibir sürgünlüyündən qurtulmaq üçün Vatikanın yardımıyla İtaliyadan sığınacaq aldığını müəyyən edir. Apollinerin anası Anjelika Aleksandrine Kostrovitski təqaüdə çıxmış bir hərbiçi ilə yoxa çıxır. Romaya döndüyü zaman birinci oğlu Apolliner, iki il sonra ikinci oğlu Alberto doğulur. İki oğlunun da doğum haqqında şəhadətnaməsində yalnız öz adını yazdıran Anjelika, italyan hərbiçidən ayrıldıqdan sonra Avropanın müxtəlif şəhərlərində müxtəlif ad və soyadlar altında yüngül həyat tərzinə davam edir. Falçılara, sehrbazlara, keşişlərə olan marağı hara getsə özü ilə apardığı Apollinerin yaddaşından silinməyəcək və sonradan şeirlərində üzə çıxacaq izlər buraxır. Bu təsirlənmə onun Orta əsrlər üslubunda yazdığı ilk romanında və "Çürüyən sehrbaz"da da görünür. 

 

"Sevilməyənin nəğməsi"

 

Modernizm, kubizm, dadaizm cərəyanlarının və simvolizmin yaradıcısı olan Giyom Apollinerin şəxsi həyatı həmişə maraq doğurub. Parisdə anasıyla birgə yaşarkən Almaniyada ədəbiyyat çevrələrinə baş vurmanın sıxıntıları ilə üz-üzə qalan Apolliner, zəngin bir alman iş adamının dul qızından onlarla Almaniyaya gəlməsi və gənc nəvəsinə dərs verməsi üçün təklif alır. Şimalda bu ailəylə keçirdiyi bir il Almaniyaya şair olma həvəsiylə gələn gənc bir dəliqanlını, şair Giyom Apollinerə döndərə bilir. Bir ildən sonra yanında çalışdığı ailədən izn alaraq Praqa və Vyanaya gedir. Bu səyahət haqda təəssüratlarını "Le Passant de Prague" (Praqa gəzintisi) adlı essesində bölüşür. Yenə həmin il Apolliner ilk böyük sevgisini yaşayır. Onu Almaniyaya gətirən Mme de Milhaunun qızı Qabrielin dayəsi və ingilis dili müəllimi Annie Playdenə aşiq olur. Amma ifrat həssaslığı və qısqanclığı Playdeni ürküdür və qaçırdır. Bu eşq hekayəsini Apolliner "Sevilməyənin nəğməsi" adlı məşhur şeirində anladır.

Apollinerin şeirlərinə ən çox təsir edən Maks Jakob və Pablo Pikassodur. Bu üçlük arasında qurulan yaxın dostluq əlaqələri Apollinerin qarşısında yeni üfüqlər açır. Pikassonu izləmək, onun təcrübələrini müşahidə etmək və anlamaq Apollineri sənət tənqidçiliyinə yönəldir...

Pikassonun "Avinyonlu qızlar" adlı erotik rəsmi çəkməsiylə rəssamlıqda kubizm cərəyanı başlayır. Apolliner "Kubist rəssamlar" adlı məqaləsində kubizmin şeirə transfer prinsiplərini açıqlayır:

"...Şeirin musiqiylə əlaqəsini də ehtiva edən yepyeni bir incəsənət sahəsində irəliləyirik. Yeni şeir rəsm kimi olacaq, necə ki musiqi də şeir kimidir..."

 

Rəssama aşiq olan şair

 

Apolliner bu dəfə Marie Laurencin adlı bir rəssama aşiq olur. Bu münasibətin eniş-çıxışları və Marie Laurencinin Apollineri tərk etməsi "Qətlə yetirilmiş şair"in ilham mənbəyi idi.

Apolliner Annieni son dəfə gördüyü o may günündən xeyli vaxt keçdikdən sonra "Bir eşq davasının şərqisi" adlı uzun şeirini yazır. Beləcə, Apolliner oxucularını yeni bir eşqin başlanmasından xəbərdar edir. Şairin yeni sevgilisi rəssam Marie Laurencin əsmər bənizli idi. Uzunsov sifəti, şabalıdı rəngli buruq saçları vardı. Biri ala olmaqla badama bənzəyən gözləri olan Marienin ətli, dolğun dodaqları şəhvətli idi.

Rəssam kimi hələ məşhur olmasa da, Pikassonun rəsmlərini bəyənirdi. Apolliner ilk dəfə onunla rəsm əsərləri satılan mağazada tanış olur. İkisi də incəsənət adamı olduqları üçün burada tez-tez qarşılaşırlar. Şair "Mirabo körpüsü"ndə Sena çayının axan yaşıl sularına baxıb düşünür:

 

Bu axan su kimi gedir sevdam,

Sevdam gedir

Nə qədər yavaş gedir həyat

Ümid nə qədər güclü...

 

Apollinerin boş qəlbini artıq Marie Laurencin doldurur.

 

Şairin Marieyə olan eşqi sarışın ingilis qızı Annie Playdenə eşqi kimi platonik deyildi. İsti münasibətləri olsa da, onlar evlənmirlər. Bu haqda Marie belə deyir: "1907-ci ildən bəri bir-birimizi tanıyırıq. Başlangıçda evliliyi düşündük, amma anası məni yetərincə zəngin hesab etmədi. 1911-ci ildən sonra isə mənim anam Apollineri istəmədi."

Apolliner özü nə deyirdi bu haqda? 1915-ci ildə, o zaman nişanlı olduğu Madeleineyə cəbhədən yazdığı məktubda xatirələrini bölüşür: "1907-ci ildə rəssam bir qız girdi həyatıma. Bu münasibətimizdə sənətin və estetik zövqün də payı var. Məni sevirdi, ya da sevdiyini sanırdı, ola bilsin ki, mən də onu sevdiyimi sandım, bəlkə də sevməyə çalışdım. O tarixlərdə, nə o, nə mən, hələ tanış olmamışdıq, sənət haqda düşüncələrimi və estetikayla bağlı yazılarımı hələ yenicə yazmağa başlamışdım. Bu yazılar Avropada, hətta Avropanın xaricində belə öz təsirini göstərdi. O, evlənməyimizi istəyirdi, mənsə bu evliliyi heç vaxt istəmədim. Münasibətimiz 1913-cü ilədək beləcə davam elədi və artıq o da məni sevmədi. Bitmişdi, amma uzun vaxt idi ki, birlikdəydik. Neçə ortaq xatirələrimiz vardı. Bütün bunlar keçib gedirdi, amma bir daxili sıxıntı başlamışdı məndə. Hesab edirəm ki, bu, sevgi ağrıları idi və müharibəyə qədər davam elədi."

Apolliner Marie Laurencin üçün xeyli şeir yazır. "Qətlə yetirilmiş şair" adlı kitabında da Marieyə sevgisindən danışır…

 

Çılpaq həqiqətlər…

 

Maddi durumu ağırlaşdığı üçün bir dönəm erotik, pornoqrafik əsərlər yazmağa başlayan yazar, bu mövzuda yaxşı hesab edilən romanlar qələmə alır. "On bir min qamçı" yazarın ən məşhur əsəri olmaqla bərabər Markiz De Sadın əsərləri kimi şöhrət qazanır.

Giyom Apollinerin ədəbi şəxsiyyətindəki irəliləyişin maraq doğurduğu söylənilir. Bir dönəm pul qazanmaq məqsədiylə erotik kitablar yazsa da 1913-cü ildən sonra nəzəri yazılarıyla ön plana çıxır. "Sürprizlərin estetikası" dediyi kübizmi lirik çalışmalarının çıxış nöqtəsi olaraq görürdü. Bu kitabın yayınlandığı tarixdə kubizm yeni bir sənət növü olma ərəfəsindəydi.

 

"Mona Liza" kim oğurlamışdı

 

22 avqust 1911-ci ilin sabahı… Luvr muzeyinə gələn Luis Beroud gözlərinə inanmır: "Mona Liza"nın yerində yellər əsirdi. Leonardonun şah əsərini çəkməkdə olan rəssam, öncə tablonu fotoqrafların götürdüyünü zənn edir. Bir əsr idi ki, iqtisadi qayğılar dünyanı ağuşuna almışdı. O dəqiqə mühafizəçilərə xəbər verilir. Bir həftə bağlı qalan binanın hər künc-bucağı gözdən keçirilir. "Luvr yandırılmalıdır" deyən şair Giyom Apolliner, mərkəzə gətirilib həbs edilir. Sadəcə o deyil, şairin yaxın dostu Pablo Pikasso da tutulur. Araya sözükeçən adamları cəlb edən rəssam sərbəst buraxılsa da, şair qısa müddətli olsa da, dəmir barmaqlıqlardan baxmalı olur. Oğurluğun əsl səbəbi iki il sonra məlum olur. Muzeydə çalışan bir italyan tamamən milliyyətçi duyğularla tablonu oğurlamışdı. Da Vinçinin əsərinin öz ölkəsinə aid olduğunu düşünən Vincenzo Peruqa 21 avqust 1911-ci ildə əl-qolunu sallaya-sallaya paltosunun altında gizlətdiyi "Mona Liza" ilə Luvrdan çıxır. Evində iki il şedevri gizləyən adam səbrsizlik etməsəydi, bəlkə də bu hadisə ilə sənət tarixinin ən böyük oğrusu kimi yadda qalacaqdı...

Əntiq mal alverçisi Alfredo Geriyə məktub yazan Peruqa, əlindəki tablonu satmağa hazırlaşırdı. Alfredo Geri gözlərinə inanmırdı, Mona Liza həqiqətən ona məktub yazanın əlində ola bilərdimi?

Zarafat kimi görünsə də, o, bunu dünyaca məşhur Uffizi muzeyinin müdiri olan dostuna danışmışdı. İkisi bərabər Peruqanın qapısını döyüncə, düyün açılır. Oğrunun da istədiyi kimi, Florensiya, Roma və Milanda sərgilənən Mona Liza yeni il hədiyyəsi olaraq 1913-cü ilin sonunda Luvra dönərkən, Peruqa cəzalandırılır- altı ay həbsdə yatır. Həbsxanada keçirdiyi müddət altı günü keçməsə də, Apolliner Marie tərəfindən tərk ediliməsinin, həbsxana həyatının hiss etdirdiyi yadlaşmanı "Qətlə yetirilmiş şair" romanında yansıtdı.

Başından əməliyyat edilən, yaralandığı üçün zəifləyən şair 9 noyabr 1918-ci ildə ispan qripindən vəfat edir. Atəşkəsin imzalandığı gün məzarına əmanət edilir - qısa müddətdən sonra Pikasso tərəfindən hazırlanan hüznlü bir abidənin altında qalan məzarına… Məzar daşında, şüşə parçalarıyla işlənmiş ürək şəkilli bir kaliqramda bu sözlər yazılır: "Ürəyim tərsinə çevrilmiş bir alov…

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2017.-23 sentyabr.- S.31.