"Söz
adamları ki var, sözdən söz çəkənlərdi"
Vaqif Bəhmənlinin
Qəzənfər Paşayevlə söhbəti
- Bəs Nostradamus sizin
yaradıcılığınıza necə daxil oldu? Bir insan
ömrü üçün yalnız onu araşdırmaq yetərli
idi...
- Mən bu işə yeddi ilimi həsr eləmişəm. İraqda olduğum vaxtlarda gündəlik qəzetlərdə, aylıq jurnallarda qoroskoplar dərc olunurdu. Bunlar mənim diqqətimi çəkdi. Qız bürcündənəm. Yoxladım, gördüm çox uyğun gəlir, sonra qardaşımı, atamı, ailə üzvlərimi bürclərlə tutuşdurdum, baxdım ki, uyğunluq çoxdur. Başladım oxuyub-araşdırmağa, bu işi öyrənməyə. Və bu qoroskopu "Altı iı Dəclə-Fərat sahillərində" əsərində verdim. Azərbaycana qoroskopu ilk dəfə mən gətirdim. Həmin qoroskop bizimdi, Şərqindi. Bu nəynən bağlıdı, niyə qoroskoplar fərqlidi? Planetlər düzülüşündən asılı olaraq hər yerdə eyni deyil. Hər yerin öz coğrafi mühitinə uyğun qoroskopu var. Şərq adamıynan qərblinin xarakterində nə dərəcədə eynilik ola bilər? İndi bizim qəzetlərdə qoroskopu bütün dünyadan toplayıb, ümumiləşdirib verirlər. Bu, doğru deyil. Bir dostum vardı, Dəmir Qənbərov, ADU-nun kimya fakültəsində kafedra müdiri işləyirdi. Onun altmış yaşı tamam olurdu, mənə də zəng elədi ki, Qəzənfər müəllim, iki tədbirimiz var, biri saat 11-də universitetin akt zalında, 60 illik yubileyimdir, o birisi də axşam "Ceyrançöl" restoranındadı, sizin də aramızda olmanızı istəyirəm. Hər iki tədbirdə olmaq istəyirdim. Ancaq iş elə gətirdi ki, gedə bilmədim. Belə bir şey də oldu, təbii ki, bunun həmin məclisə gedib-getməməyimlə bir əlaqəsi yoxdu. Bir gün əvvəl "Müsavat" qəzetində dərc olunan qoroskopda öz bürcümlə bağlı bir informasiya oxudum. Qəribədi, orada yazılmışdı ki, səni bir məclisə dəvət edəcəklər, nəbadə gedəsən. Nəticəsini özünüz görəcəksiniz ("Yeni Müsavat", 25.XI.1999, s.16). Axşam eşitdim ki, "Ceyrançöl" restoranında adamlar balıqdan zəhərlənib aralarında ölənlər də var. Sonra Dəmir müəllimənən görüşəndə bunları danışdım, dedim ki, etiraz eləmirsinizsə, mən bu hadisəni qoroskopla bağlı yazmaq istəyirəm. Ona da maraqlı gəldi, dedi ki, elə hazır faktdı, özü də isti-isti... Nə isə, Nostradamusun möcüzələri üzərində düz yeddi il çalışdım. Dünyada Nostradamusla bağlı ingilis dilində elə bir kitab qalmadı ki, onu əldə eləməyim. Fars, ərəb dillərində olan nüsxələri də tapdım. Hansı ölkəyə gedirdimsə, bir çox hallarda ailəm, uşaqlarım yanımda olurdu, kitab mağazalarını gəzməmiş, bu mövzu ilə əlaqəli lazım olan kitabı almamış başqa iş görməzdim. Artıq onlar da bu xasiyyətimə alışıblar. Oturub gözləyirlər, kitabla bağlı işimi qurtarandan sonra deyirəm, indi mən sizin qulluğunuzda, ürəyiniz hara istəyir ora gedək. Nostradamusda ulu öndərimiz Heydər Əliyev və İlham Əliyevin hakimiyyəti barədə öncəgörmələr var. Deyir Roma papası bir ölkəyə gələcək, həmin yerin kralı deyəcək ki, mənim ölkəm üçün ibadət elə. Papa geri dönəndən sonra krala, oğluna, ölkəsinə ibadət eləyir. Belə bilinir ki, bu ölkədə özündən sonra hakimiyyətə oğlu gələcək və ölkəni uzun müddət əmin-amanlıqla idarə eləyəcək. Bu katren üzərində altı ay işləmişəm. Ciddi faktlarla təsbit edilib. Onda hələ bizdə Referendum keçirilməmişdi. Mən 2007-ci ildə kitabı çap elətdirəndən sonra Aqil Abbas yazdı ki, Qəzənfər müəllim ağ elədi. Bir prezident uzun müddət ölkəyə necə rəhbərlik eləyə bilər. Referendumdan sonra gəldi, gülə-gülə üzr istədi. Ulu öndər və İlham Əliyev haqqında necə var olduğu kimi yazmışam, heç nədən çəkinməmişəm. Orada Qarabağ haqda çox açıq yazılıb. Deyir, ov tüfəngi ilə çıxdılar Araz üstündə erməninin qabağına. Hamı təəccüb eləyir. Kitab əvvəlcə üç min tirajla çap edildi. Sonra da "Təhsil" nəşriyyatı bir neçə dəfə min tirajla buraxdı.
- Sizin elmi araşdırmalarınız da həyat kimi
canlıdır. Bəzən elmi mülahizələrin ciddi
yerində yazıya elə faktlar, elə əhvalatlar daxil
edirsiniz ki, oxucu heyrətlənir. Bu nədir, diqqət cəlb
etmək, yoxsa fitrətdən, ənənədən gələn
yazı üslubu?
- Ənənədən gələndi, ürəyimdən gələndi. O fikir necə yaranır, onu deməkdə çətinlik çəkirəm. Bu, həqiqətən belə olur. Ürəyimə gəlirsə, çəkinmirəm, yazıram. Hesab eləyirəm ki, ürəyim məni aldatmaz. Yazı prosesində əhvalatlar, hadisələr özü gəlir, mən bunları düşünülmüş şəkildə eləmirəm, planlaşdırmıram. Danışanda da beləyəm, ürəyimdən gələni deyirəm.
- Folklorla, klassik ədəbiyyatla bağlı alim və
yazıçı mövqeyiniz bəllidir, bu mənada
geniş oxucu dairəsi sizə laqeyd deyil. Bəs 80 illik bir
dövrə aid ədəbiyyatımız haqqında
düşüncələriniz necədir? Düzdür,
mövzu genişdir. Heç olmasa tezis şəklində
fikrinizi bilmək istərdik.
- Düzünü deyəcəm, dünya ədəbiyyatını orijinaldan oxuyandan sonra məndə müəyyən fikir dəyişikliyi yarandı. Ancaq onu deyim ki, Azərbaycan ədəbiyyatıynan bərabər böyümüşəm. Məni Bakıya Mehdi Hüseynin "Abşeron" romanı gətirib. İsmayıl Şıxlının "Ayrılan yollar"ını çox bəyənmişəm. Lakin çıxış yolunu o vaxt tapa bilmirdim. Kəndlə şəhərin arasında fərq çox böyük idi. Odur ki, yazıçıya haqq qazandırırdım. Salam Qədirzadənin "Qış gecəsi"ni oxuyandan sonra düşünmüşəm ki, bu necə ola bilər, oğul prokuror, ata cinayətkar, bu düz olmaz, əxlaq normasına sığmır. Oğul öz atasını necə həbs edə bilər?! Elə indi də o fikirdəyəm. Yəni, düşüncəm belə olub. Mir Cəlalın hekayələrini oxumuşam, ləzzət eləyib. İndi də oxuyuram. Ədəbiyyat fərqli yaşda, fərqli təsir eləyib. Onun gücü də elə bundadı. Mir Cəlalın beş cildliyi çıxdı. Milli kitabxananın direktori, professor Kərim Tahirov onu mənə bağışladı. Həmin axşam dünyanın ən güclü futbol komandasından ikisi "Real Madrid"lə "Bavariya" yarışırdı. Mən neçə illərdir "Real Madrid" komandasının azarkeşiyəm. Futbol gecə saat 11-30-da başlanacaqdı. Götürdüm əlimə kitabı ki, futbola qədər vərəqləyim. Necə aludə olmuşamsa, bir də baxdım ki, ikinin yarısıdı. Əliağa Kürçaylı yazıb ki, futbol Şekspiri üstələyibdir. Burda tərsinə oldu, Mir Cəlal futbolu üstələdi. Gənc yaşlarımda onun hekayələrini oxuyub doyunca gülmüşdüm. İndi bu yaşda təkrar oxuyuram, deyirəm ki, gülmək yox, ağlamaq lazımdır. Mir Cəlal müəllim yazıb ki, ay xalq, ay kütlə, sənin halına güləkmi, ağlayaqmı? Zəlimxan da yaxşı yazıb. Deyir millətinin halına ağlayanda, güləndə Sabirim "qeyrət" dedi. Əslində Mir Cəlal müəllim də xalqdan qeyrət umurdu. Son vaxtlar mən roman oxuya bilmirəm. Memuar ədəbiyyatı xoşlayıram və yaxşı memuarı həvəslə oxuyuram. Bu ədəbi janrda həyat var, həyat həqiqəti var. İmamverdi Əbilovun bir memuarı çıxıb, onu oxuyub heyrətlənirəm. Demək, əyalətdə də gözəl ədəbi mühit yaratmaq olarmış. Tanınan yazıçı və şairlərin əksəriyyəti bu adamın evində qonaq olub. Hamısı haqda da xatirələr yazıb. Yavuz Axundlunun "Xatirələr işığında ömür keçdi, gün keçdi" əsəri də əladır. Eləcə də İmran Əbilovun "Vətənə vurğun ömürdən səhifələr" əsəri. Hər üç əsər barədə mətbuatda fikirlərimi oxucularla bölüşmüşəm. Deyim ki, dünya ədəbiyyatı fonunda bizim ədəbiyyat zirvə deyil, ancaq mərhələli inkişafı qənaətbəxş hesab eləmək olar. Məsələn, Anar, gözəl yazıçıdır. Eləcə də Elçin. Pərvin Anar haqqında yazır ki, Anar zamanla ayaqlaşan, bəzənsə zamanı qabaqlayan yazıçıdır. Ədəbi şəxsiyyətlər, onların yaradıcılığı barədə mən də çox yazmışam. Anar barədə demişəm, yenə deyirəm, Anar bu illər ərzində Yazıçılar Birliyinə rəhbərlik eləməsəydi, indi onun yazdıqları qat-qat zəngin və miqyaslı olardı. İdarəçilik, vəzifə əlbəttə, vaxtın və enerjinin böyük hissəsini alır. 1980-ci ildə Nəriman Həsənzadənin "Sən bağışladın" adlı kitabı çıxdı. Zeynəb Xanlarova da onun sözlərinə yazılan bəstəni çox gözəl oxudu. Nəriman Həsənzadəyə mətbuatda açıq məktub ünvanladım. O kitabda mənə xoş gələn bir çox məqamlar vardı. Yazır ki, Sərdar Əsədin anası həmişə üzü Bakıya sarı yatarmış ki, oğlum ordadı. Onun Rəsul Həmzətova həsr olunan beş səhifəlik yığcam bir poeması var. Gözəldi, hələ mən şairin oxuyanda adamı haldan-hala salan şeirlərini demirəm. Bu əsərləri yazan Nəriman Həsənzadə birdən-birə bir neçə müddət yoxa çıxdı. Niyə? Çünki "Ədəbiyyat qəzeti"nə redaktor getdi. Gərgin, əsəbi, yorğun iş günündən sonra evə gələn adam necə və nə yaza bilər?
- XX əsr Azərbaycan yazarlarından kimlərlə
daha sıx təmaslarda olmusunuz, onları necə
xatırlayırsınız?
- Rəsul Rza, Qasım Qasımzadə, Hüseyn Arif, Anar, Elçin, Fikrət Qoca, Nəriman Həsənzadə, Əlfi Qasımov, İsi Məlikzadə, Fərman Kərimzadə, Vilayət Rüstəmzadə, Əlibala Hacızadə, Nahid Hacızadə, Əzizə Cəfərzadə, Firidun Ağayev, Sabir Rüstəmxanlı, Rasim Kərimli, Ayaz Vəfalı, Məmməd İsmayıl, Əmirhüseyn Məcidov. Dünyasını dəyişənlər haqqında acılı-şirinli xatirələrim "Borcumuzdur bu ehtiram" kitabımda yer alır. Bu kitabda xatirələr baş alıb gedir. Ən çox sevdiyim kitablarımdan biridir. Əslində bütün böyük ədiblərimizi yaxından tanımışam və onları sevmişəm. Mən zamanında Azərbaycan ədəbiyyatını çox mütaliə eləmişəm. Yaradıcılığını bəyəndiyim yazıçılar çoxdur. Sonra ki, dünya ədəbiyyatına meyl elədim, hamını oxumağa vaxt yetmədi. "Taras Bulba" ən çox sevdiyim əsərlərdəndir. Rus ədəbiyyatından Tolstoyu çox oxumuşam. "Anna Karenina" çox xoşuma gəlir. "Dirilmə"ni, "Hacı Murad"ı oxuduqca oxumaq istəyirsən. Yeri gəlmişkən, Hacı Muradın qəbrini Qax rayonu ərazisində ziyarət eləmişəm. Ağ mərmərdən baş daşı indi Tarix muzeyindədir. Muzeyin direktoru akademik Nailə Vəlixanlı onu mənə şəxsən göstərib.
- "Hacı Murad" Mustafa Əfəndiyevin tərcüməsində
çox gözəldir. Haçansa gənclik çevikliyi ilə
bir-iki gecənin içində oxuduğum köhnə kitablar
məni də yaman çəkir. Yaxınlarda "Hacı Murad"ı, Maksim
Qorkinin uşaqlıq xatirələrini, Yusif Vəzirin "Qan
içində" romanını yenidən oxudum. Necə
gözəl, canlı təsvirlər var onlarda, həyat
aşıb-daşır.
- Hansı kitab ki, təkrar oxunur, o köhnəlmir, hər zaman təzədir. Bir də ki, nə olmalıdı bu Tolstoydu, bu adam dahidi, dəryadı.
- Azərbaycan Yazıçılar Birliyinin həyatında
yaxından iştirak edirsiniz. Bəzən bu təşkilatı
öz dövrünü bitirmiş deyə iddia edənlər
var. Siz bu barədə nə
düşünürsünüz? Sizi AYB-yə çəkən
nədir, onsuz da işiniz çoxdur.
- İşim həqiqətən də həmişə çox olub. Elə indinin özündə də kifayət qədər görüləsi işlərim var. Yazıçılar Birliyinə isə öz doğma evimə getdiyim kimi gedirəm. Natəvan klubunda bir kürsü vardı, yəqin siz də görmüşdüz. Heyif ki, təmir vaxtı onu götürdülər. O kürsüdə bir çox yazarların imzaları var idi. Hər dəfə o imzaları gördükcə adam sanki keçmişə dönürdü. Dünyasını dəyişən, amma adı imzası ilə yaşayan o şəxsiyyətlər göz önündə canlanırdı... 2004-cü ildən AYB-də Təftiş komissiyasının sədriyəm.
- Mən də sizin işçiniz olmuşam, sonuncu
qurultaya qədər. (Gülür)
-Əslində Təftiş komissiyasında işlənəsi bir iş yoxdu ki, məşğul olasan. Ancaq Yazıçılar Birliyinin olması böyük işdi. Hüseyn Hüseynzadənin vəfatından sonra Aşıqlar Birliyi necə dağıldı? Heç aşığa dəxli olmayan bir qadın gəldi, o Birliyin axırına çıxdı. Yəni, aşıqların döyəcəyi bir qapı qalmadı. Aşıqların qurultayında sədrliyə Zəlimxan seçiləndə mən Mədəniyyət və Turizm Nazirliyinə, nazir Əbülfəs Qarayevə təşəkkürümü bildirdim ki, onlar bu işi yoluna qoydular və aşıq sənətinin inkişafına təkan verildi. Yazıçılar Birliyi dağılsa nə olacaqdı? Bəzi naşı, istedadsız yazarlar var, özlərini tanıtmaq üçün müəyyən xoşa gəlməyən vasitələrə əl atırlar ki, Yazıçılar Birliyi dağılsın. AYB-nin yaşamasında Heydər Əliyevin rolu böyük olub. Anarın xidməti çoxdur. Anar yazıçı kimi təkcə Azərbaycanda tanınmır axı. Bütün türk dünyası, türkdilli xalqlar onu tanıyır, rəğbət bəsləyir. Nüfuz sahibidi. Qələmi olan yazıçıdı, gözəl nitqə, yüksək təfəkkürə sahib olan adamdı. Zarafat deyil, Anar hansı məktəbi keçib?! Mən yazıçıların sonuncu qurultayında çıxış eləyəndə dedim ki, bu zalda əyləşənlərin əksəriyyəti AYB-yə sədrliyə layiq şəxsiyyətlərdir. Ancaq layiq olmaq hələ belə bir işi aparmaq bacarığı deyil. Bu, çətin vəzifədir. Bu işi aparmaq üçün təcrübə lazımdır. Söz adamları ki var, sözdən söz çəkənlərdi. Yusif Səmədoğluna dedilər ki, ay Yusif müəllim, sən parlamentdə Mədəniyyət komissiyasının sədrisən, "Qətl günü" kimi roman yazmısan, "Yeddi oğul istərəm" filminin ssenarisinə görə xalqın sizə böyük rəğbəti var. Bütün bunlar bir yana, xalqın sevimlisi, unudulmaz Səməd Vurğunun oğlusan, niyə namizədliyini irəli sürmürsən, prezident olasan. Qayıtdı ki, namizədliyimi verərəm, amma qorxuram ki, seçərlər, onda mən neyniyərəm? Zalda gurultulu alqış qopdu. Birinci cərgədə xaricilər oturmuşdu. Onlar əvvəl bir qədər çaş-baş qaldılar, söhbətin məğzini biləndən sonra onlar da xeyli gülüb alqışladılar. AYB-yə sədrlik hər adamın işi deyil. Təklif elədim ki, əgər Anar müəllim özü də razıdırsa, biz onu seçək. Qurultay başa çatandan sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yaxınlaşıb məni möhkəm qucaqlayıb dedi ki, lap ürəyimdən tikan çıxardınız, Qəzənfər müəllim. Əbülfəs müəllim bizim tələbəmiz olub, xətrini də çox istəyirəm.
- 1960-2017. Təqribən 50 ildən çoxdur ki, Azərbaycan mətbuatını izləyirəm. Orada ən maraqlı müəlliflərdən biri olaraq seçilirsiniz. Azərbaycan mətbuatının milli şüurun inkişafında rolu, eyni zamanda bu vacib sahənin son 50 ildəki inkişaf tendensiyaları barədə nə düşünürsünüz?
- Bizim çox böyük jurnalistlərimiz
olub. Ənənə indi də davam eləyir.
Nəsir İmanquliyev "Bakı"qəzetini
yaratdı. Mənim yadımdadı, o qəzetdə
Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə"
povesti dərc olunurdu. Detektiv əsərdi. Anarın "Gecə
yarısı hadisə" yazısı hər nömrə
gedirdi. Axşamüstü saat beşdən-altıdan
camaat köşklərin qarşısında növbəyə
düzülürdü qəzeti almaq üçün. Bu, təkcə Həsən Seyidbəylinin, Anarın
əsərinə görə deyildi ki, "Bakı",
"Baku" axşam qəzetlərinin hər nömrəsi
maraqla oxunurdu. Qəzet həqiqətən
də hər cəhətdən yüksək səviyyədə
çıxırdı, tərtibat, mövzu rəngarəngliyi
baxımından fərqlənirdi. Cabir Novruz, Famil Mehdi,
Qeybulla Rəsulov, Yusif Kərimov o qəzetdə
çalışırdılar. Eləcə də
"Azərbaycan gəncləri" qəzetində necə
istedadlı qələm sahibləri gözəl yazılar
yazırdılar, felyetonlar dərc olunurdu. Məsələ
bundadı ki, hər zamanın özünün hökmü,
diktəsi var. O illərdə mətbu orqanlara böyük
ehtiyac var idi. Bakıda televiziya təzə-təzə meydana gəlmişdi.
Səhv eləmirəmsə 1956-cı ildə.
Özü də onda belə idi. Yarım saat baxırdın, sonra fasilə olurdu ki, aparatlar
soyusun. Yəni o illərdə mətbuata
böyük ehtiyac da var idi, maraq da vardı. İnsanlar sanki bədii ədəbiyyat acı idi.
"Bakı" qəzeti də yaxşı ədəbi
yazılara geniş yer verdiyindən biz o qəzetin nömrələrini
intizarla gözləyirdik. "Kirpi"
jurnalının bir nömrəsini də ötürməzdim.
Cəmiyyətin qüsur və nöqsanları
ilə bağlı gözəl felyetonlar verirdilər. "Dostluq şarjları" olurdu. Onlar mənim çox xoşuma gəlirdi. Mən ümumiyyətlə, yumoru sevən adamam.
Mürşüd Dadaşovun felyetonları əl-əl
gəzirdi. "Mozalan" kinojurnalı
çox yüksək keyfiyyətlə hazırlanardı.
Əməlli-başlı yumoristik, həm də
dərin mənası olan qısametrajlı filmlər idi onlar.
Həqiqətən də mətbuatın milli
şüurun, vətənpərvərliyin inkişafında
rolu böyükdür. Mənim gənclik
çağımda da belə idi, indi də belədir.
Təəssüf ki, son illərdə
söz azadlığından, mətbuat azadlığından
sui-istifadə edən, özünü və sözünü
bilməyən adamların jurnalistik iddiası ilə meydan
suladığının, qeyri-peşəkarlığın
ayaq alıb yeridiyinin, zövqsüz qəzet və
jurnalların (mən hələ reket qəzetləri demirəm)
peyda olduğunun da şahidi olmuşduq. Şükürlər
olsun ki, onlar artıq keçmişdə qalıb.
- Sovet ədəbiyyatı
terminini, sosializm-realizm yaradıcılıq metodunu necə
xarakterizə edərdiniz?
- Ədəbiyyat İnstitutunda
Elçinin "Sosializm realizmi bizə nə verdi"
əsəri haqqında mən məruzə elədim. Bir məqalə yazdım, sonra ikincisini yazdım.
Və mən orda göstərdim ki, sovet
dövrünü mənasız dövr kimi dəyərləndirmək
olmaz. Üzeyir bəy, Fikrət Əmirov hardan yarandı? Qara Qarayev, Niyazi hansı
dövrün yetirməsidi? Ədəbiyyat
adamlarının əksəriyyətinin
yaradıcılığı sovet dövrünün payına
düşür. Rəssamlar da eləcə.
Tahir Salahov, Maral Rəhmanzadə, Mikayıl Abdullayev... Bunlar hamısı o dövrün üzə
çıxarıb yetirdiyi şəxsiyyətlərdir. Sovet dövrünə elə-belə baxıb
keçmək mənim nəzərimcə nadanlıq
olardı. O illərin istər ədəbiyyatında, istər
musiqisində, istər rəssamlığında yüksək
vətənpərvərlik hissi vardı. Doğrudu,
bu bəzən ifrat dərəcədə özünü
göstərirdi, bədiyyat arxa plana keçir və sxematikləşirdi.
Ancaq indi görürəm və ən pisi də
budur ki, indiki nəsldə bizdəki vətənpərvərlik
hiss olunmur. Bu hiss daha çox nə ilə
aşılanır? Bədii ədəbiyyatla, o
cümlədən də sovet ədəbiyyatı ilə.
Ona görə də o yazıçılar ki, cəmiyyətin
inkişafına öz istedad və zəhmətləri
miqyasında böyük əmək sərf eləyiblər
onun üstündən xətt çəkmək olmaz. Sosializm realizmi bir ədəbi məktəbdir,
yaradıcılıq metodudur. Keçmişə
xor baxmaq olmaz. "Cahanda hər
hökmü bir zaman verir" - deyən Səməd Vurğun
yetişdi, tarixi roman janrının əsasını qoyan
M.S.Ordubadi, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov,
Mirzə İbrahimov əsərləri ilə ədəbiyyat
tarixində öz yerlərini aldılar. Fikir
verin, "Böyük dayaq" filmi demək olar ki, ayda bir dəfə
göstərilir. Əsər bu gün üçün də
təzədir, böyük tərbiyəvi əhəmiyyəti var.
İsa Hüseynov, Bəxtiyar Vahabzadə. Bəs,
bunlar hansı dövrün yetirməsidi? Çox böyük
işlər görülüb o dövrdə. O əsərləri
ki, əvvəl oxumusan, təkrar mütaliə eləyəndə
sanki yeni əsər oxuyursan, nələrisə yenidən kəşf
eləyirsən. Məsələn, sizin şeirlərinizi on il əvvəl oxumuşam. İndi
təkrar oxuyanda tamam başqa Vaqif Bəhmənli və tamam
başqa yaradıclıq görürəm. Halbuki, şeir həmin şeirdi. Bədii ədəbiyyatın əbədiyaşarlığı
bax elə bundadı ki, hər yaş dövründə fərqli
dərinlikləri ilə təzəliyini saxlayır, heyrətləndirir.
Nizami farsca yazıb, heç azərbaycanca
yazmayıb, amma biz ondan əl çəkə bilirikmi?
- O vaxtlar deyirdilər
ki, kim Azərbaycandan xaricə
çıxıbsa, o KQB ilə əlaqədar adamdır. Xüsusən xaricə işləməyə gedənlər.
Deyin, bu həqiqətə nə dərəcədə
uyğundur?
- Maraqlı sualdı. Mənim
haqqımda da deyilib belə sözlər. Bəzən
yığıncaqlarda deyirdim ki, sovet dövlətinin qədrini
bilin. Bu hökumət uşaq anadan olmamış onun
haqqında fikirləşir, ananın səhhəti
qayğısına qalır, uşaq doğulandan sonra
analıq məzuniyyəti, nə bilim sonra körpələr
evi, uşaq bağçası və s. və ilaxır.
Uşaq məktəbə gedir, dövlət hesabına ali məktəbdə oxuyur, hələ üstəlik
ona tələbə təqaüdü verilir. Sonra
da təyinatla işlə təmin eləyirdi. Bunları belə danışanda deyirdilər ki, bu
KQB-nin adamıdı. Ancaq aradan zaman
keçdi, bizim rayondan - Tovuzdan prof. Səlim Yolçiyev var
idi. Səlim Yolçiyev Politexnik
İnstitutunda fəlsəfədən dərs deyirdi. Onun
yasında bir alim gəldi dedi ki, Qəzənfər müəllim,
sən düz deyirsənmiş, vaxtında biz sənin
haqqında heç yaxşı düşünməmişdik.
Yəni bu da olub. Ancaq
azadlıq başqa şeydi. Sualınıza
cavab olaraq deyim ki, haqqımda əgər bu fikirlər səslənibsə
də, bunlar həqiqətə uyğun deyil. Birinci növbədə xarici dövlətə
göndərilənlər çox ciddi surətdə
yoxlanılıb seçilirdi. Bu adamın
nəsli-nəcabəti necədir, satqınlıq eləyə
bilərmi? Ata-ana, qohum-əqrəba, yəni
yaxın ətraf çox köklü süzgəcdən
keçirilirdi. Hətta KQB atamın
kimliyini yoxlayanda ortaya belə məsələ
çıxmışdı; Atam müharibədə əsir
düşməmişdi, ancaq gedib İsveçrəyə
çıxmışdı. Atam dedi ki, birdən bu sənin
işinə mane olar. Mən də qayıtdım ki, ata, sən
əsir düşməmisən ha, alnın açıq,
üzün ağ, gedib müharibədə
döyüşüb borcunu yerinə yetirmisən. Belə hərtərəfli yoxlayıb süzgəcdən
keçirəndən sonra məni göndərdilər xaricə
işləməyə. Nə gizlədim, KQB-də
işləmək istəyərdim. Lakin məndən
agent kimi istifadə etmək istədilər. Qəti şəkildə etiraz etdim. Buna görə başım çox
ağrıdı. Nə isə... Türklər
demiş, keçmiş olsun.
- Məndə
sizin əvvəlki illərdə çıxan bütün
kitablarınız var, olmayanları da nə vaxtsa hamı kimi mən
də oxumuşam. Sağ olun ki, 7 cildliyinizi və sizin
yaradıcılığınızdan danışan məqalələrdən
ibarət kitabınızı göndərdiniz. Mən
bunların tərtibat üslubuna baxıram və belə qərara
gəlirəm ki, Qəzənfər müəllim çox
intizamlı, məsuliyyətli, səliqə-sahmanlı bir
şəxsdir. Deyəsən siz buna söhbətimizin
əvvəlində də işarə vurdunuz?
- Başqa tərəfdən iyirmi ilə
yaxın kafedra müdiri işləmişəm. Bu çox kömək edib, bilmirəm, buna
xöşbəxtlik deyim, bəxti gətirmişlik deyim ki, mən
xaricə getdim və tərcümə ilə bağlı sənədlər
mənim əlimdən gəlib keçdi. Sonuncu
dəfə xaricə gedəndə baş mütərcim idim.
Elmlər namizədi, kafedra müdiri idim.
Artıq xaricdə dörd il işləmişdim,
inam, etibar qazanmışdım. Elə o
vaxtlardan da məndə sənədlərə çox ciddi
yanaşma vərdişi yarandı. Bu rəsmi tərəfi.
Əslində elə bu
yaradıcılığa da təsirini göstərir. Ancaq ki, mən bunu təkcə nizam-intizamla
bağlamıram. İşə gərək məhəbbət
olsun, adam gərək gördüyü
işi sevsin, ondan zövq alsın. İşə
sevgi ilə yanaşdınsa, nizam-intizam, səliqə-sahman, məsuliyyət,
uğur, nəticə hamısı bir araya gəlir. Açığını deyim ki, hər cümlənin
üstündə əsmişəm. Yazıram,
bitirirəm, təkrar bir də qayıdıram. Etiraf eləyim ki, gecə mənim ən məhsuldar
işlədiyim vaxtdır. Ən mükəmməl
fikirlər gecələr beynimə dolur. Yatdığım
yerdə qəfil dururam, yazıram. Əgər
bir yazını gecə yazmışamsa, elə bil, ona
möhür vurulub. Elə indi də yaradıcılıq məsələləri
ilə axşamlar məşğul oluram. Bu artıq vərdiş
halını alıb. Gecə evdə
hamı yatandan sonra mənim öz dünyam var, ona
qapılıram və qalan hər şeyi unuduram. Bir fakt
- Əlibala Hacızadə, Bəkir Nəbiyev, Tofiq Bayram, Fikrət
Qoca, Hüseyn Arif, İsi Məlikzadə haqqında kitablar nəşr
etdirmişəm. Bu forma çox xoşuma gəlir.
Qəbul olunmuş formadı, görkəmli
adamların həyatından kitablar. Əlibala
Hacızadə bütün gecəni mətbəxdə oturub
yazır, şərait yox imiş. Səhər arvad gəlir,
deyir, a kişi, evdə soğan yox, kartof
yox, sən də gecəni səhərəcən yazırsan.
O da qayıdır ki, ay arvad, mən burda şahlarnan,
padşahlarnan döşləşirəm, sən də mənnən
soğan-kartof davası eləyirsən... Yaradıcılıq
budu. Həyat yoldaşım Arəstə
xanımdan çox razıyam, arada çayı elə gətirər
ki, heç ruhum da duymaz. Yazı-pozu
prosesində ki, fikirdən ayrıldın istədiyin
alınmır.
- Sizin
yaradıcılığınızı izləyəndə
istedad və həvəsin harada bitdiyi, zəhmətin harada
başladığı, başqa sözlə,
elmi-yaradıcı fəaliyyətdə uğurları təmin
edən iki vacib səbəbdən hansının birinci, əsas
olduğunu müəyyən etmək çətindir. Sizcə,
yaradıcılığınızın zəngin yekununda
hansının payı çoxdur, istedadın, yoxsa zəhmətin?
- İstedad Allah vergisidi. Mən hesab
edirəm ki, zəhmət olmasa, istedad özü belə
işlədilməyən balta kimi paslanır, istedad zəhmətlə
vüsət alır.
- Siz doğrudan
Allah vergisinə inanırsınız?
- Bəli, çox inanıram. Amma ədəbiyyatşünaslara təfəkkür
də lazımdır. Müdriklik,
mütaliə lazımdı. Deyək ki, bir qrup elm
adamı oturub bir tədqiqat üzərində
çalışır, kim ki, zəhmətə
qatlaşıb çox
məxəzlərdən bilgilər əldə eləyib, təbii ki, iş prosesində
özünü göstərəcək. Mütaliə
də zəhmətin bəhrəsidir, belə demək
mümkünsə, gərək arxanı yerə qoyub otura biləsən.
O ki qaldı Allah vergisinə, buna siz
də inanın. Aşıq Ələsgər kimi savadsız adam şedevr yaradır. Aşıq
Ələsgər qoşmalarını bədahətən
yaradırmış. Bu ilahi vergi deyil, bəs
nədir?!
- Professor, doktor Qəzənfər
Paşayevi güclü müəllim-pedaqoq saymaq olarmı?
- Onu bəlkə başqaları deyə
bilər. Ancaq mən özüm haqqında bunu
deməkdə çətinlik çəkirəm. Bir faktı deyim ki, neçə illər dərs
demişəm. Nadir hal olar ki, mənim dərsimdə
bir tələbə iştirak eləməsin. Düzdü, o vaxt nizam-intizam məsələsi də
ciddi idi. Mən özüm kafedra müdiri
olanda gedib müəllimlərin dərsini yoxlayırdım.
Onu da deyim ki, dərs dediyim tələbələrdən
nadir halda üç alanı olub. 1989-2000-ci
ilə qədər Bakı Dövlət Universitetində dərs
demişəm. Tələbələr bir
müəllim olaraq hörmətimi saxlayıb, məndən
qorxub-çəkinməyiblər. Dərsini
yaxşı oxuyan tələbə ilə işim olmayıb,
ancaq laqeydlik göstərəni də cəzasız
qoymamışam. Müəllimliyimdən
narazı deyiləm. Müəllimə xas
olan xüsusi cəhətlər olur, hesab eləyirəm ki,
onlar məndə var. Müəllim kimi kitablarım
çıxıb. Dərs vəsaiti
hazırlamışam.
- Heç tələbələrinizdən
sizi axtaranı olur?
- Çox olur. Bir tələbəm
Cəlilabadda yaşayır. Ədalət
Əsgərov. Bir qrupda dörd tələbəm
əla oxuyurdu. Onlardan biri Ədalət idi.
Əla oxuyurdu, nizam-intizam da öz yerində.
Şəkidən Nurəddinov Məlumat
vardı, əla oxuyurdu, oğlum kimi xatirini çox istəyirdim.
Axırda dekan oldu, ancaq təəssüf ki,
dünyasını tez dəyişdi. Ədalət
Əsgərovu institutda saxlatdırdım. Atası
gəldi yanıma ki, ay oğul, sənin sözündən
çıxmaz, de qayıtsın rayona, mənim başqa
oğlum yoxdu, istəyirəm yanımda olsun. Dedim,
Ədalət, atan böyüyündü, onun sözündən
çıxmaq olmaz, üzün ağ olsun
ki, yaxşı oxudun, onun başını uca elədin, get
rayona, sənin qabiliyyətin var, harda olsa özünü
doğrulda bilərsən. Sözümü yerə
salmadı. Getdi rayonda məktəb direktoru
oldu, maarif şöbəsinin müdiri işlədi. Elə bayram olmaz ki, mənə zəng eləməsin.
Belə tələbələrim çoxdu.
- Sizin
yaradıcılığınızda müsbət etik
normaların önə çəkilməsi, təbliği
ayrıca bir xətt kimi keçir. Ona görə
də mənəvi-əxlaqi düşüncələrə
dair sual verməyə ehtiyac duyuram. Sizcə dostluq nədir,
hər halda 80 yaşlı müdrik bir ziyalının
cavabı minilliklərə aid bu sualın mahiyyətini
açmağa çox yaxın ola bilər.
- Mənəvi dəyərlər elə-belə
yaranmır. Bu, ənənə kimi nəsildən-nəsilə
keçir. Atam biz uşaq olanda bir əhvalat
danışmışdı. Danışsam yerinə
düşər, həm də bir növ sualın cavabı
olar. Bir kişinin oğlu elə hey dostlarından
danışır, onları tərifləyib göylərə
qaldırır. Atası həm onun kimlərnən
oturub-durduğunu, dost hesab elədiklərinin sədaqətini,
həm də ümumiyyətlə oğlunun dost
anlayışının nə olduğunu yoxlamaq istəyir.
Çağırır yanına, deyir bəs, hal-qəziyə
budu, əlimdən bir xata çıxıb adam
öldürmüşəm. Cəsəd də kisənin
içindədi. Bilirəm, sənin çoxlu etibarlı
dostun var, bizi darda qoymazlar. Apar cəsədi, qoy izini itirsinlər,
mənim canım bu bəladan qurtarsın. Oğlan
atasının dediyinə əməl eləyir, kisəni
çiyninə atıb yaxın dost bildiyi neçə
qapını döyürsə, hamısından naümüd
qayıdır, gəlir atasının yanına. Kişi deyir
ki, neynək, onda get filan kəndə yolun qırağında
köhnə bir ev var, onun qapısını döy, de ki, atam
filankəs göndərib, sənin köməyinə
ehtiyacımız var. Oğlan gedir, kişinin evini tapır, vəziyyəti
danışır, adam deyir ki, heç fikir eləmə,
qardaşoğlu, biz hansı günün dostuyuq. Axırda bəlli
olur ki, kisədə cəsəd-filan yoxdu, adam yaxşı bir
toğlunu kəsib qoyub kisəyə. Oğlan səhvini
başa düşür və yaxşı günün saxta
dostlarından aralanır. Mənim fikrimcə yaxşı dost ən
qiymətli sərvətdir. Şükür ki, belə
dostları qazana bilmişəm. Çox adamla isti münasibət
saxlamaq olar, ancaq bu dostluq deyil. Dost xoş günündə
olduğu kimi çətinə düşəndə
yanında olandır. Sevinci, dərdi, sonuncu tikəsini səninlə bölüşə
biləndir. Ürək dostu, əqidə dostu ciddi məsələdir,
bunu adi münasibətlə qarışdırmaq olmaz. Uzaq
keçmişdə belə bir şey varmış.
Dostluğu qardaşlaşdırmaq üçün iki dost
qolunu çərtib, qanlarını bir-birinə
qarışdırarlarmış. Qan qardaşı olmaq
üçün. Yəni, dostluğun mənası çox dərindi.
Ancaq indi bizdə zaman elə sürətlidi ki, dostların sədaqətini
yoxlamağa vaxt yoxdu. Dostluğun tərifini də vermək istəyirəm:
"Həyatda ən şirin, ən möhkəm, ən
davamlı olan şey dostluqdur".
Ədəbiyyat
qəzeti.- 2017.- 30 sentyabr.- S.24-25.