Qürurun üsyanı

 

Hər bir əsl şairin daxilində özünəməxsus bir "mən" var ki, onun poeziyasının ideya-estetik təbiətini, xarakterini də, bir qayda olaraq, həmin təkrarsız "mən" müəyyən edir: Nəsimi "mən"i, Xətai "mən"i,  Füzuli "mən"i, Vaqif "mən"i, Səməd Vurğun "mən"i...

Xəlil Rza ilk şeirlərindən etibarən  yaradıcılığa güclü, enerjili (və milli, vətənpərvər!..) bir "mən"lə (öz mənliyi ilə!) başlamış, yaradıcılığının (və ömrünün)  sonuna qədər bu "mən"ini (və mənliyini!) qorumuş, zənginləşdirmiş, ona ictimai-siyasi, ideoloji məzmun- mündəricə  qazandırmış söz ustasıdır. Və heç şübhəsiz, Xəlil Rzanın poetik "mən"ini qanadlandıran, ilk növbədə, onun dərin (və təbii) genetik kökləri olan, çox hallarda inersiya, təhtəlşüur bir fövriliklə təzahür edən üsyankarlığıdır. Ruhuna, həyat (və düşüncə) tərzinə yad olan bir məclisin emosional təəssüratlarını rəsm edən "Yurdum, sənin sağlığına" şeirində şair zahirən nə qədər həyəcanlı, çılğındırsa, daxilən o qədər təmkinlidir. Və bu təmkin şeirin poetik strukturunda, bədii təhkiyənin sxematik ardıcıllığında (və dəqiqliyində) özünü olduqca aydın göstərir.

Hamının, hər kəsin, hətta hər şeyin sağlığına içildiyi bir məclisdə Şair "unudulur". Və bu cür "unudulmaq", təbii ki, əvvəl onun şəstinə, qüruruna, mənliyinə toxunur. Ancaq içindəki inam şairə təlqin edir ki,  onun şəsti, qüruru, mənliyi bu məclisdən çox-çox yüksəkdə dayanır. Və məclisdəki "cəmiyyət"in (əslində, bu məclis şairi əhatə edən ictimai mühitin özüdür!) verdiyi xoş olmayan (laqeyd!) təəssürat şair şəsti, qüruru, mənliyi qarşısında sabun köpüyü kimi dağılıb yox olur... Şair ona görə qürurludur ki, bu təsadüfi məclis (və cəmiyyət) "ilğım"ından fərqli olaraq, bütöv bir yurdun, millətin, elin-günün əbədi təcəssümüdür.   o, "həqq mənəm", "məndə Məcnundan füzun aşiqlik istedadı var", "bənzərəm bir qocaman dağa ki, dəryada durar", "Vurğun öldü deməyin, bir əbədi sənəti var"... deyən dahi sələflərinin layiqli xələfidir.

Xəlil Rzanın onlarla, hətta yüzlərlə şeirləri vardır ki, hamısının "baş qəhrəman"ı, yaxud ilham qaynağı "Qürurun üsyanı"dır. Və burada bir şəxsiyyət, yaxud millət səviyyəsində bayağı eqoizmdən, quru özündənrazılıqdan söhbət belə gedə bilməz...

...Xəlil, sənin sağlığına!.. Yurdum, sənin sağlığına!..

 

Nizami Cəfərov

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 sentyabr.- S.6.