Su üstündə yerimək
1-ci yazı -
Eşq və mən
"Sevmək, aşiq olmaq - qəflətən, birdən-birə, gözləmədiyin halda öz ruhuna rast gəlmək və həyatının əsl dadını hiss etmək məqamıdır.
Bu, çox təhlükəli məqamdır, biləsən!
Sən birdən-birə hamının tanıdığı həmişəki adamdan bir başqasına çevrilirsən, hamının gözləri qarşısındaca dəyişir səni sevgi!
Sənin yerişin, baxışın, təbəssümün belə dəyişir.
Bir başqa ritmlə döyünməyə başlayır ürəyin və bir başqa ahənglə yaşamağa başladığını hiss edirsən.
Bu məqam - neştər üzərində ayaqları yalın halda yeriməyə bənzəyir, müvazinətini azacıq da olsa itirsən, ruhun parça-parça olacaq, təsəvvür edirsənmi?"
* * *
Yuxarıdakı sətirləri beş il əvvəl yazdığım və çap etdirmədiyim, yalnız yaxın dostların oxuduğu bir hekayədən götürdüm.
Səbəbi - ədəbiyyat barəsində yazmaq istəməyim və ədəbiyyat barəsində yazmaq istədiyim zaman ağlımdan-ürəyimdən keçən fikirlərin fonunda mütləq sevgi görməyimdir.
Hekayəni bu qədər vaxt ərzində çap etdirməməyimin səbəbi isə içindəki qəhrəmanların bir qədər erotik çalarları olan söhbətləridir.
Düzdür, yazdıqlarımla indiyə qədər az-çox tanış olan oxucular məzəmmətlə deyə bilərlər ki, "əvvəllər yazıb çap etdirdiklərindən dahamı açıqdır bu mətn?"
Xeyr, daha açıq deyil. Sadəcə, mən əvvəlki qədər rahat və oxucu altşüurunun otuz doqquzuncu otağının qıfılını qırıb onu psixoloji tərksilah edərək ilham mələyimə həzz verəcək dərəcədə əylənməyə iddialı deyiləm. Üstəlik, yaş və təcrübə öyrədib ki, bəzi mətnlər yalnız və yalnız kitab içində gəlməlidir oxucu qarşısına.
Kitablarımı çap etdirməyə başlayanda o hekayəni də təqdim edəcəyəm.
Nə isə, erotika və hekayə haqqında bu qədər yazmaq bəs edər, sanıram.
Biz eşqdən danışacaqdıq axı. Yazı eşqindən.
Bu yaxınlarda
çox ağır bir depressiya yaşadım. Hətta angedoniya mərhələsinə
adlamışdım.
Səbəbi inamı itirmək olmuşdu.
Sizi bilmirəm, mən dəqiq əminəm ki, ümid sonuncu
yox, elə birinci ölür. Sonuncu ölən
bir nəsnə varsa da, yoxsa
da, adı "inam"dır.
Mən öz ilham mələyimə
baxırdım və
ilk uşaqlıq illərindən
bəri insanlardan qaçıb özümə
qapandığım ən
çətin məqamlarımda
hər dəfə məni bağrına basıb təbəssüm
və sevgi ilə ovudan bu gözəl varlığı ilk dəfə
idi ki, kədərli,
gücsüz, ağlamsınmış
görürdüm. O, otağın
bir küncünə qısılıb büzüşərək
başını əlləri
arasına almışdı
və sakitcə hıçqırıb burnunu
çəkirdi. Hərdən nəsə zümzümə
etdiyini eşidirdim.
Çox
kədərli mahnı
idi. Və mən üzümü ona tutub fasiləsiz
pıçıldayırdım: "Görürsənmi, heç
nə alınmır. Mən sənin ümidlərini doğrulda bilmədim.
Pıçıldadıqlarını yazmadım, ruhuma
ötürdüklərini ruhlarına
ötürmədim insanların.
Kitablar çap etdirməyi bacarmadım, maddiyyat mənəviyyatı çökdürür,
məişət istedadı
öldürür, anlamırsanmı?
Sən səhv ünvana gəlmişdin, bu həqiqəti qəbul et və...
get!"
O, daha ürəkdən ağlamağa
başladı.
Məncə, onun ümidi öldü.
Və mən onun ağlamasından
hirslənib dərhal yazı masamın üstündəki hər
şeyi yığışdırıb
şkaflara daşıdım. Adı "dizimin
üstündəki ofis"
olan noutbukumu da qapayıb çantada gizlətdim.
Və... və
tikiş maşınımı
otaqların birinin küncündən tapıb
gətirdim, çamadanından
çıxarıb masanın
üzərinə - noutbukumun
yerinə qoydum. Sonra şkaflardan tikiş və modaya aid bütün jurnalları, iynə-sap, qayçı, ölçü
vasitələrini də
masadan götürdüyüm
qəzet və kitabların, dəftər-qələmin
yerinə düzdüm.
Evdə yığılıb unudulmuş
parçaları çıxartdım.
Gözucu ilham mələyimə sarı
baxdım: "Bax belə. Çoxdan ağıllanmalıydım."
O, heyrət dolu baxışlarını
üstümə dikmişdi.
Mən maşının
pedalını ayağımla
basıb hirslə əlavə etdim: "Elə sən də!"
Beləcə, iki həftə boyunca tikiş maşınının səsi
ilə ilham mələyimin hıçqırıqlarını
və kədərli zümzümələrini qapadım. Sosial şəbəkədəki
hesabımı da qapadım. Köşkdəki əmiyə də
xəbər yolladım
ki, daha mənə hər şənbə "Ədəbiyyat
qəzeti" saxlamasın.
Vəssalam. Bir də
heç vaxt heç bir kəlmə belə yazmayacaqdım. Bu, qətiyyətlə verdiyim
qərar idi.
Mən artıq öz uşaqlıq arzularımdan
birini gerçəkləşdirməyə
başlamışdım. Kredit götürmək,
VÖEN almaq, atelye açmaq istəyirdim.
Tam da işə
qapıldığım məqamda
noutbuk mənə lazım oldu. İnternetdən məhz atelye
açmaq barədə
dəqiq məlumatları
axtarmağa başladım.
Və bir səhər, mən yuxuluykən kursorun nə zaman "Ədəbiyyat qəzeti"nin saytını tıklayıb açdığının
fərqində olmadım.
Məncə, kursor özü-özünə hərəkət
etdi və saytı açdı, yoxsa mən min il qala,
bir də ədəbiyyat aləmi tərəfə gözucu
da baxmazdım, dedim axı, qərarım qəti idi. Oda toxunmuş kimi
diksinib dərhal saytdan çıxmağa tələsdim. Lakin əlimin
üstündəki xəfif
ağırlıq imkan
vermədi. Baxdım, ilham
mələyimin əli
idi. Digər əlini çiynimə qoymuşdu və nəfəsi boynumu yandırırdı:" Bax,
bax, nə yazır... Nobel mükafatını
ədəbiyyatımıza gənclər gətirəcək."
Baxdım. Azər Turanın
müsahibəsi idi.
Sürətlə oxuyub, sonra noutbuku söndürüb hirslə
pıçıldadım: "Sənə Nobel lazımdı?"
Kədərlə köksünü
ötürdü: "Mənə
sən lazımsan..."
Və çəkilib yenə də otağın küncünə çökdü,
dizlərini qucaqlayıb
başını qollarının
üstünə qoydu. Lakin daha
nə hıçqırdı,
nə də kədərli mahnı zümzümə etdi.
Eləcə susdu.
Birdən özümü
qəribə hiss etdim.
Sanki bütün varlığımla sevdiyim
bir insandan məni zorla ayırıb başqa bir adama ərə
verirdilər. Bu hissi yalnız o məqamı yaşayan qadınlar anlaya bilərlər. Bir də
ədəbiyyatdan vaxtsız
gedib ilham mələyini öldürənlər.
Ona yaxınlaşdım. Nəfəssiz, hərəkətsiz idi. Amma köksündə hələ də xəfif bir çırpıntı vardı.
Belə hallarda olan insanlara
süni nəfəs vermək lazım olur, bilirəm. İlham mələklərinə isə...
onlara ruhunu verməlisən artıq.
Gerçək ruhunu. Yoxsa...
Və mən dodaqlarımı onun dodaqlarına yaxınlaşdırdım:
"Mən səninəm..."
Cavi Dan
Ədəbiyyat qəzeti.- 2017.-30 sentyabr.- S.11.