Yaşanmış və bitmiş iki tale...

 

XIX əsr, Fransa. Dini və əxlaqi qayğıların arasında yüksələn bir şeir sənəti, maariflənərək yüksələn fransız intelligensiyası. Bir yandan qayğıların və dini dünya görüşlərin sürətlə dəyişməsi, o biri yandan da bu sənətin qarşısıalınmaz sürətlə yüksəlməsi... Xüsusilə şeir sənətındə, Şarl Bodler, Gerard de Nerval, Alfonse de Lamartine kimi şairlər Fransada bir şeir inqilabına başlamışdılar və bu inqilabın bəlkə də kulminasiya nöqtəsində Artur Rembo və Pol Verlen dayanmışdı. XIX əsrin ikinci yarısında yaşamış iki şair, yalnız şeirə verdikləri o əvəzsiz  töhfə ilə deyil, şəxsi münasibətləri ilə də yadda qalmışlar.

30 mart 1844-cü ildə Pol Verlen, bundan 10  il sonra - 20 oktyabr 1854-cü ildə isə Artur Rembo dünyaya gəlir. Gənc və zərif hissiyyatlı Verlen boş vaxtlarını poeziyaya həsr edirdi. Onun ilk ədəbi fəaliyyəti "Müasir Monparnas" jurnalında dərc olunan "Saturn şeirləri" adlı şeirlər silsiləsindən başlayır. Üç ildən sonra Verlenin ruhi vəziyyətini, daxili sıxıntılarını büruzə verən başqa əsərləri çap olunur. Yeddi yaşında olarkən  ailəsi Parisə köçən Verlen hüquq fakültəsində aldığı təhsili tamamlaya bilmir.Fərqli cinsi orientasiyaya məxsus olan Pol Verlen hələ necə deyərlər, su üzünə çıxmadığı üçün evli qohumu Elisa Moncobla bəslədiyi güclü bir sevgiylə doluydu. Bu ümidsiz sevgi ona spirtli içkini yoldaş edir və o, bu düşkünlüyündən heç vaxt əl çəkə bilmir. Özündən yaşca böyük olan Elisaya duyduğu sevgi, ilk kitabının da mövzusu olur.

Sonra keçirdiyi ruhi sarsıntılara,depressiyaya çarə kimi görünən yeni bir sevgiylə yaşayır. Matild Mote adlı xoşxasiyyət və zərif bir qızla evlənən şair cəmi bir neçə ay xoşbəxt ailə həyatı sürə bilir. Mote ilə evlilik ərəfəsində daxili sarsıntılarının aradan qalxdığını zənn edən Pol Verlen bu yeni sevgini dilə gətirən 26 şeirini "La Bonne Chanson" (Yaxşı mahnı) kitabında toplayır. 1870-ci ildə Parisin almanlar tərəfindən mühasirəyə alınması, ictimai xaos, xüsusən də şair Artur Rembo ilə yaxınlığı Verlenin ailə həyatına son qoyur.

 

Rembonun peşmanlığı

 

Pol Verlenlə Artur Rembo... Bu iki şairin taleyi, Verlenin intizamlı və ciddiyyət içərisində keçən uşaqlığından sonra sıxıcı həyatının  yarısında, Rembonun isə ən dəlisov dönəmində kəsişir. Bu sırada Pol Verlen evliydi, amma Rembonun qarşısıalınmaz zəkası və istedadı, onu o qədər məftun etmişdi ki, Rembodan uzaqlaşması artıq mümkün deyildi...

Və beləliklə, Verlen həyat yoldaşından ayrılaraq Rembo ilə birlikdə yaşamağa başlayır. Rembo ilə o, iki il avara, səfil həyat keçirir. Rembo ilə İngiltərə və Belçikaya səfərlər edən Verlen həmin vaxtlar "Sözsüz romanslar" adlı ən yaxşı şeirlər kitabını yazır.

İkilinin qeyri-ənənəvi münasibəti həm olduqca atəşli, həm də kövrək idi. Rembonun  zarafatcıl olması, yüngülməcazlığı və qayğıdan uzaq durması Verleni əsəbiləşdirsə də ondan vaz keçmək mümkün deyildi. Amma Rembo bir gün Verleni elə hirsləndirir ki, o, yır-yığış edib Londona gedir. Rembo isə Verlen getdikdən sonra ona bu məktubu göndərir:

"Qayıt, qayıt artıq, sevgili dostum, qayıt. Artıq yaxşı və kübar olacağıma söz verirəm. Sənə qarşı soyuq davranışım inadla etdiyim bir zarafatdı. İndi çox peşmanam buna. Geri dönsən, bu da yaddan çıxıb gedər. Bu zarafata inanmağına çox üzülürəm! İki gündür dayanmadan ağlayıram. Geri dön. Ürəkli olduğunu göstər bir az, mənim sevgili dostum. Hələ itirdiyimiz nəsə yoxdu; edəcəyin şey sadəcə geri dönmək üçün yola çıxmaqdır. Burada yenə ürəkli olar və səbirlə yaşayarıq.

Yalvarıram sənə. Həm də daha çox sənin xeyrinə olacaqdır bu. Geri dön, bütün əşyalarının yerbəyer olduğunu görəcəksən. İnanıram ki, bu söz-söhbətə ciddi bir səbəb olmadığını sən də anlamısan artıq. Nə qorxunc bir an idi o! Gəmini tərk etməni işarə etdiyim zaman sən nədən gəlmədin? Bu həddə gəlib çatmaq üçünmü iki il birlikdə yaşadıq? Yaxşı, bəs nə edəcəksən indi? Sən buraya gəlmək istəmirsən, mən sənin olduğun yerə gəlimmi? Bilirəm, haqsız olan mənəm. Məni unutmayacaqsan, elə deyilmi?

Yox, unuda bilməzsən sən məni. Mən səni həmişə ürəyimdə daşıyıram. Dostunu cavabsız qoyma: birlikdə yaşamayacağıqmı artıq? Bir az ürəkli ol. Tez mənə yaz. Uzun müddət qalmayacam burada. Qəlbinin səsindən başqa şey dinləmə. Yanına gəlimmi? Tez xəbər et mənə. Bütün həyatım boyunca sənə bağlı olacam. Tez cavab yaz mənə. Burada uzağı bazar ertəsi axşamına qədər qalacam. Üzərimdə hələ bir peni belə yox; əlimdəki bütün pulları poçta verə bilmərəm. Kitablarını və layihələrini  Vermersçə verdim. Səni bir daha görə bilməsəm, ya dənizçi olacağam, ya da əsgər."

 

Buzlar əriməyəndə...

 

Amma bu məktub buzları əridə bilmir. Aralarındakı söz-söhbət daha da alovlanır və Pol Verlen çox sevdiyi Artur Rembonu silahla yaralayır. Verlenin arvadına qayıtmaq istəməsinə qarşı çıxan Rembo onun ağlını başından çıxarmağa çalışarkən Verlen əsəbinə və bir baxışla nifrətə dönən sevgisinə əngəl ola bilmir. Bu yaralanmadan sonra Verlen iki il həbs cəzasına məhkum edilir. Daha sonra isə ikilinin yolları tamamən ayrılır. Artur Rembo Afrikaya gedərək orada tacirlik etməyə başlayır.

Həbsxanadan çıxdıqdan sonra Verlen "Ağıllılıq" adlı yeni şeirlər kitabı hazırlayır. Dəmir barmaqlıqlardan xilas olunan Verlen yenidən İngiltərə və Parisə qayıdır. Bu dəfə gücsüz və bir qəpiksiz... Yenə içki düşkünlüyü, nizamsız həyat və ümidsizcə dində nicat aramaq... Öz istedadına da biganə qalmaq, kirayə otaqlarından xəstəxanalara gedib-gələn xəstə bir bədən içində dəyəri bir qəpiksiz edilən istedad... Beləcə dinə bağlılığı önə çıxır, bu mövzuda şeirləri çoxalır: "Amour" (Sevgi) 1888, "Femmes "(Qadınlar) 1890, "Bonheur" (Xoşbəxtlik) 1891 və s. Pol Verlenin bütün əsərləri sonralar iki cilddə toplanır...

Bundan sonra da bir neçə dəyərli şeirlər silsiləsi yazmasına baxmayaraq, şairin yaradıcılığı həyatı boyu qiymətləndirilməmiş və 1896-cı ildə Paris şəhərində ömrünü rəzalət içərisində başa vurmuşdur.

 

"Unutmaram heç vaxt"

 

Normal hal kimi qəbul edilməyən bu əlaqənin yaratdığı çaşqınlıq bütün qaynaqlarda nəzərə çarpır. Cinsi sapmaların fırtınası iki şairi səfil, sərgərdan edəcək, onların rahatlığını, xoşbəxtliyini əlindən alacaqdı... Hər növ çirkinliyin, içki və narkotika alışqanlığının yoldaşlıq edəcəyi bu əlaqənin iç üzünü hər halda bu cür yaşayanlar bilər. Oxucuları maraqlandıranlar isə yalnız şeirlərinə yansıyanlardır.

1891-ci ilin 10 noyabrı. Böyük şair Rembo 37 yaşındaydı. Narkotika aludəçisinə çevrilən şair ombasından xərçəngə yaxalanmışdı...

 

Dönməli, geri gəlməli,

O sevdalar çağı.

Dayandım necə də

Unutmaram heç vaxt,

O qorxular, qayğılardı

Uçub getdi göylərə.

Bir bəlalı susuzluq

Qabardır damarlarımı.

 

Artur Rembo

 

Rembo öncə bir ayağını, sonra isə həyatını itirir. Və beləcə böyük şair Artur Rembo 1891-ci il noyabrın 10-da ulduz kimi sönür...

Dekadans dövrünün digər şairi Pol Verlen də həyatının son dönəmini içkinin və narkotikanın pəncəsində keçirirdi. Buna baxmayaraq o, ədəbiyyata dəyərli əsərlər bəxş etməyə də davam edirdi. Verlenin həyatda qalması çox çəkmir. 1896-cı il yanvarın 8-də o, gözlərini əbədi yumur. İki şair yer üzündən silinsə də onlardan qalan  şeirlər əsla silinməyəcəkdi:

 

Göy elə mavi, elə durğun,

Damlar üzərində!

Yaşıl bir budaq sallansın

Damlar üzərinə!

Ürküdüb göy üzünü birdən,

Bir zəng zınq-zınq edər.

Bir quşdur bu ağacda ötən;

Nəğməsini söylər.

Budur həyat! Aç gözünü, gör;

Bax nə qədər sadə.

Hər günkü sakit gurultudur

şəhərdən gəlməkdə…

Ey, sən ki durmadan ağlayarsan,

Döyərsən dizini…

Gəl, söylə görək, neylədin,

Nə etdin gəncliyini?

 

Pol Verlen

 

Pol Verlenin və Artur Rembonun bir-birinə münasibəti  sağlam deyildi və cəmiyyət tərəfindən birmənalı, normal qarşılanmırdı. Bayaq qeyd etdiyimiz kimi, fərqli cinsi orientasiyaya mənsub şairlər haqda yazılanlar  bəzi insanlarda ikrah hissi yarada bilər. Bu, onların taleyidir. Yaşanmış və bitmiş tale... Hər şeyə rəğmən bu həqiqəti dərk etməyimizdə fayda var: Bu iki şair, dünya şeir tarixinin iki önəmli simaları idi. Və bir-birlərinə olan münasibətləri sağlam olmasa belə, bunu daha da dərinləşdirən bir faktor vardı: poeziya...

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2017.-30 sentyabr.- S.12.