Evelin
Hekayə
Qız pəncərənin
önündə əyləşərək
qaranlığın küçəni bürüməsinə
tamaşa edirdi. Başını pərdəyə
söykəmişdi, burnunda isə toz qoxusu ilişib
qalmışdı. O, yorğun idi.
Küçədən ötüb
keçən az idi. Döngənin
sonundakı evin sakini evinə daxil oldu: qadın onun
başmaqlarının sement səkini döyəclədiyini
eşitdi, sonra qırmızı binalar boyunca yolları
tıqqıldatdı. Bir zamanlar həmin ərazi
boşluq idi, onlar axşamlar uşaqlarla birgə
oynayırdılar. Sonralar Belfastdan bir nəfər bu ərazini
aldı və orada evlər tikdi, onlarınkı kimi
kiçik, qaranlıq daxmalar yox, kərpicdən,
qırmızı, parıldayan damları olan böyük evlər...
Bütün yerli uşaqlar əvvəllər həmin
boş ərazidə oynayırdı - Divaynlar, Uoterslər,
Dannlar, balaca əlil Kyou, o özü, qardaşları,
bacıları. Düzdür, Ernst oynamırdı: o,
artıq böyük idi. Atası həmişə
əlində tikanlı çubuq onların ardınca boş ərazi
boyu qaçırdı, amma balaca Kyou ətrafa nəzər
yetirməyə və atasını çağırmağa
imkan tapırdı. Amma o vaxtlar həyat
gözəl idi. Ata birtəhər
dözürdü, bundan başqa anası sağ idi. Bu, lap çoxdan olub; indi o da, qardaşları da,
bacıları da böyüyüb, anası ölüb.
Tizzi Dann da ölüb, Uiterslər isə
İngiltərəyə qayıdıblar. Hamı
dəyişir. Bax, beləcə tezliklə
o da başqaları kimi gedəcək, evi tərk edəcək.
Ev! O, uzun illərdir hər həftə
özünün silib-təmizlədiyi, hər dəfə də
bu qədər tozun haradan peyda olduğuna təəccübləndiyi
bütün tanış əşyaları
nəzərdən keçirərək otağı gözləri
ilə gəzdi. Bəlkə bir də heç zaman
ayrılmağı düşünmədiyi bu tanış əşyaları
görməli olmayacaq. Axı bütün bu illər
ərzində o, müqəddəs Marqarita Mariya Alakokun1 rəngli
litoqrafiyasının yanında asılan saralmış fotoda əks
olunmuş keşişin soyadını öyrənə bilməmişdi.
O, atasının məktəb yoldaşı olmuşdu.
Atası fotoşəkli qonaqlara göstərərək laqeyd
ahənglə deyirdi:
- O, indi Melburndadı.
Qadın çıxıb
getməyə, evi tərk etməyə razı olmuşdu. Bu,
ağıllı qərar idi? O, öz qərarını
hərtərəfli düşünüb-daşınmağa
cəhd etdi. Evdə, başının üzərində
dam və bir parça çörək var, bütün həyatını
bərabər yaşadığı kəslər var. Əlbəttə
ki, çox çalışmaq gərək idi, evdə də,
işdə də. Onun gənc adama
qoşulub qaçdığını bilsələr,
mağazada nə deyəcəklər? Bəlkə
də ağılsız adlandıracaq, yerinə isə elanla
kimi isə götürəcəklər. Miss
Heyven sevinəcək. Bu qadın ona həmişə sataşırdı, ələlxüsus
da yanlarında kimsə olanda.
- Miss Hill,
görmürsüz ki, bu xanımlar gözləyir?
- Lütf edib bir az
şən olun, Miss Hill.
Mağazaya görə o qədər
də kədərlənməyəcək.
Amma uzaq, yad ölkədə
yeni evdə hər şey başqa cür olacaq. O zaman o - Evelin artıq ərdə
olacaq. O zaman ona hörmət edəcəklər. Onunla anası ilə olduğu kimi rəftar edəcəklər.
Hətta indi də on doqquz yaşını
keçməsinə baxmayaraq, atasının kobudluqlarından
çəkinirdi. O, əmindi ki, ürəkdöyünmələri
də elə bu səbəbdən yaranıb. Onlar
böyüdükləri müddətdə atası Herri və
Ernst kimi onu döymürdü, çünki o qız idi; bir
müddət hədə-qorxu gəlir, onu mərhum anasına
görə döymədiyini deyirdi. İndi
isə qızı müdafiə edəcək kimsə yoxdur.
Ernst ölüb, Herri isə kilsə bəzəkləri
düzəldir və hər zaman səfərlərdədir.
Bundan başqa, pula görə bitməyən
mübahisələr şənbə günləri sadəcə
dözülməz olurdu. Qız, hər
zaman öz yeddi şillinq məvacibini onlara verir və Herri də
mümkün olduğu qədər pul yollayırdı, amma
atasından pul almaq heç də asan olmurdu. Atası deyirdi ki, o, beyinsizdi, zəhmət
hesabına əldə etdiyi pulları israf etmək fikri yoxdu,
başqa sözlər də deyirdi, çünki şənbə
günləri onunla xoş rəftar etmək qeyri-mümkün
idi. Nəhayət, o, pulları verir və
soruşurdu ki, qızın bazar günü nahar
üçün ərzaq almaq fikri varmı? Bu zaman qız qara rəngli dəridən düzəlmiş
pul qabını əlində möhkəm sıxaraq
mağazaları dolaşmalı, qələbəliyin
arasından keçməli və evə çox gec,
ağır zənbillərlə dönməli olurdu. Çətin idi - təsərrüfatla məşğul
olmaq, onun ixtiyarına qoyulan iki kiçik uşağın
vaxtında məktəbə getməyinə, vaxtında yeməyinə
nəzarət etmək çox çətin idi.
Ağır iş, ağır həyat...
amma indi - o getməyə qərar verəndə bu həyat ona
o qədər də dözülməz görünmədi.
O, Frenklə birlikdə başqa həyat
axtarışına çıxmaq qərarına gəlmişdi.
Frenk çox yaxşı, cəsarətli, əxlaqlı
idi. Qız bu
axşam mütləq onunla birgə gəmiyə minib gedəcək,
onun arvadı olacaq, onunla birgə Buenos-Ayresdə, onların gəlişini
gözləyən evdə yaşayacaq. Qız
onunla ilk görüşünü yaxşı
xatırlayırdı; o, qızın tez-tez getdiyi əsas
küçədəki evdə yaşayırdı. Sanki bu cəmi bir neçə həftə əvvəl
olmuşdu. O, darvazanın yanında dayanmışdı,
kepkası boynuna sürüşmüş,
saçlarının topası bürünc sifətinə
düşmüşdü. Sonra onlar tanış
oldular. O, hər axşam qızı mağazanın yanında
qarşılayır və evə ötürürdü. Bir dəfə "Qaraçı"ya
aparmışdı və qız öyrəşmədiyi bu
gözəl yerdə onunla yanaşı əyləşdiyi
üçün elə qürur duymuşdu ki. Qız musiqini çox sevir və özü də
az-maz oxuyurdu. Hamı bilirdi ki, o,
qızın pərəstişkarıdır və Frenk dənizçiyə
aşiq olmuş qız2 haqqında oxuduqda o, xoş bir
utancaqlıq hissi yaşayırdı. Oğlan
onu zarafatla Qərənfil çağırırdı. Əvvəllər o, sadəcə olaraq zövq
alırdı ki, heyranı peyda olub, sonra oğlan onun xoşuna
gəldi. Oğlan uzaq ölkələr
haqqında çox danışırdı. O, gəmidəki
işə şagirdlikdən başlamışdı, Kanadaya
gedən Allen xəttində3 üzən gəmidə ayı
bir funta xidmət edirdi. Qıza müxtəlif xətlərdə
xidmət etdiyi fərqli gəmilərin adlarını
sadalayırdı. O, nə vaxtsa Magellan boğazında
üzməsi və qıza buradakı qorxulu pataqoniyalardan
danışmışdı. İndi onun öz
sözlərinə əsasən Buenos-Ayresdə qərar
tutmuş və vətənə məzuniyyətə gəlmişdi.
Atası əlbəttə ki, işin məğzini
öyrənmiş və qıza onun haqqında hətta
düşünməyi də qadağa etmişdi.
- Bu dənizçiləri
yaxşı tanıyıram, - deyirdi.
Bir dəfə atası Frenklə
sözləşmiş və bundan sonra qız öz sevdiyi ilə
gizlicə görüşməli olmuşdu.
Küçədə
axşam düşürdü. Qızın dizləri
üstündə iki məktub vardı. Birini Herriyə,
digərini atasına yazmışdı. Ernst
onun sevimlisi idi, amma Herrini də çox sevirdi. Atası son zamanlar açıq-aşkar
qocalmışdı; qızı üçün çox
darıxacaqdı. Bəzən olduqca xeyirxah ola bilirdi. Bu yaxınlarda qız xəstələnmiş,
bir gününü yataqda keçirmişdi. Bu zaman atası ona xəyalatlar haqqında
nağıl oxumuş və ocaqda qrenki
qızartmışdı. Hətta bir dəfə
- anası sağ olanda onlar Haut-Hillə4 piknikə getmişdilər.
Atasının uşaqları güldürmək
üçün ananın şlyapasını başına
qoymasını xatırlayırdı.
Zaman keçirdi, qız isə
hələ də toz qoxusu ilə nəfəs alaraq
başını pərdəyə söykəmiş və pəncərənin
önündə əyləşmişdi. Küçədə
uzaqdan şarmankanın (musiqi aləti) səsləri gəlirdi.
Melodiya tanış idi. Qəribədir,
sanki şarmanka məhz bu gecə ona görə
çalırdı ki, ona anasına evi mümkün qədər
gec tərk etmək haqqında verdiyi sözü
xatırlatsın. Qız anasının
ölümündən əvvəlki son gecəni
xatırladı: o, yenə də qarşıdakı
darısqal və qaranlıq otaqda idi, küçədə isə
kədərli italyan mahnısı səslənirdi. Bu vaxt
şarmanka çalana altı pens verib getməyi
tapşırdılar. Yadına gəlir ki, atası
özündənrazı görkəmlə xəstənin
otağına girib demişdi:
- Lənətə gəlmiş
italyanlar! Burda da məskən saldılar.
Və anasının həyatı
onun varlığını kədərə
bürümüşdü - nəzərə çarpmayan
qurbanlarla dolu olan və dəliliklə sona çatan həyat. Anasının səsini
yenidən eşidib, axmaq tərsliyinin təsdiqi olaraq titrədi:
"Həzzin sonu - ağrıdır! Həzzin sonu -
ağrıdır!". O, dəhşətə
gəlmiş halda yerindən sıçradı. Qaçmaq!
Qaçmaq lazımdı! Frenk onu xilas edəcək.
O, qıza həyat, bəlkə sevgi də bəxş edəcək.
Qız yaşamaq istəyir. Niyə
axı o, bədbəxt olmalıdı? Qızın
xoşbəxtliyə haqqı var. Frenk onu qucaqlayacaq, sinəsinə
sıxacaq. Onu xilas edəcək.
Qız Nort-Uoll limanında səs-küylü
qələbəlikdə dayanmışdı. Oğlan onun əlindən
tutmuşdu, qız onun səyahət haqqında dayanmadan nəsə
danışdığını eşidirdi. Limanda əsgərlər yük çantaları ilə
vurnuxurdular. Pavilyonun enli qapısında
qız sahildə illüminatorları
işıqlandırılmış nəhəng gəmini
gördü. Qız susurdu.
Yanaqlarının solduğunu və soyuduğunu hiss edirdi və
kədərə qərq olaraq dua edirdi ki, Tanrı ona getməli
olduğu doğru yolu göstərsin. Gəmi dumana doğru
uzanan, həzin fit səsi verdi. Əgər
qız getsə, sabah onlar Frenklə birgə
açıq dənizdə Buenos-Ayresə gedən yolda
olacaqlar. Biletlər artıq alınıb. Məgər onun qız üçün etdiklərindən
sonra vaz keçmək olarmı? Kədər
onda ürəkbulanma tutması yaratdı və qız
dayanmadan dodaqlarını səssiz dua ilə tərpətdi.
Zəng sanki onun ürəyini
deşdi. O,
Frenkin onun əlini necə sıxdığını hiss etdi.
- Gedək!
Bütün dənizlərin
dalğaları onun ürəyinin ətrafında şahə
qalxmışdı. Oğlan onu bu uçuruma itələyir,
boğur, qız isə hər iki əli ilə dəmir məhəccərdən
yapışırdı.
- Gedək!
Yox! Yox! Yox!
Bu dözülməzdi. Qızın əlləri təlaşla
yapışmışdı məhəccərdən. Və
onu ağuşuna
almış uçuruma kədər dolu nalələr
yağdırırdı.
- Evelin! Evi!
Oğlan çəpərə yaxınlaşıb onu da ardınca çağırırdı. Kimsə oğlana qışqırdı, amma o hələ də qızı çağırırdı. Qız solğun sifətini, çarəsiz canlı kimi ona tərəf çevirdi. Qızın gözləri ona sevgisiz, vidasız, yad kimi baxırdı...
1 - Marqarita-Mariya Alakok (1647-1690) - rahibə, katolik kimsəsinin olduqca məşhur kultlarından birinin - Müqəddəs qəlb kultunun təsisçisi
2 - "Dənizçinin rəfiqəsi", ingilis bəstəkarı və dramaturqu Çarlz Dibdinin (1745-1814) mahnısı
3 - İngiltərəni Kanada və keçmiş SSRİ ilə birləşdirən dəniz yolu
4 - Dublin körfəzi sahilində kiçik dağ
Ceyms Coys
Tərcümə edən:
Xatirə NURGÜL
Ədəbiyyat
qəzeti.- 2017.- 30 sentyabr.- S.13.