Şeytan sonatası
"Maskalar" silsiləsindən
(Absurd)
Konsert zalının səhnəsində yalnız açıq royaldır. Tamaşaçılar görünmür, onların ancaq hənirtisi eşidilir və hiss olunur ki, böyük zalda anşlaqdır.
RADİO İLƏ ELAN. Xanımlar və cənablar! Xahiş edirik telefonları söndürəsiniz.
Pauza.
Ağappaq smokinq geymiş və qıpqırmızı "kəpənək" taxmış Aparıcı (kişi) səhnəyə çıxır.
APARICI (təntənli surətdə) . Xanımlar və cənablar! Əziz dostlar! Bu gün bu gözəl konsert zalında biz hamımız tarixi bir hadisənin iştirakçılarıyıq. XXİ əsrin dahi pianoçusu, (Əlini səhnənin girişinə tərəf uzadaraq.) maestro…
Gurultulu alqışlar qopur və Aparıcı gözləməyə məcbur olur. Yavaş-yavaş alqış sakitləşir və Aparıcı sözünü davam etmək istəyir.
maestro…
Yenə gurultulu alqışlar qopur və Aparıcı yenə gözləməyə məcbur olur. Alqış sakitləşdikdə Aparıcı davam etmək istəyir.
maestro…
Təzədən gurultulu alqışlar qopur, ancaq Aparıcı bu dəfə sözünə ara verib gözləmir və maestronun adını deyir, ancaq alqış sədaları içində, elə bil, onun ağzı boş yerə açılıb-yumulur, nə dediyi eşidilmir. Nəhayət alqış sakitləşir və Aparıcının sözləri aydın eşidilir.)…
Azərbaycana qastrola gəlmişdir! (Alqışlar.) Mən sizin hamınızı bugünkü bu böyük musiqi bayramı münasibətilə təbrik edirəm! (Alqışlar.)
Zal sakitləşdikdən sonra Aparıcı çalınacaq əsəri elan edir.
Skryabin. Fortepiano üçün 9
nömrəli sonata.
Aparıcı gedir.
İntizar dolu bir pauza.
Nəhayət, Pianoçu səhnəyə
daxil olur. Tamaşaçılar onu uzun sürən gurultulu
alqışlarla qarşılayır.
Pianoçu səhnənin
ortasında dayanaraq, təəccüblə zala baxır, elə
bil, bu hərarətli alqışların səbəbini
başa düşmür və bir müddət beləcə təəccüblə
zala baxdıqdan sonra, sürətlə royalın arxasına
keçib oturur.
Zalı sükut
bürüyür.
Pianoçu yerini
rahatlayır, gözlərini yumaraq, əllərini ovuşdurur
və yerində donur, sonra, elə bil, birdən ayılaraq, ilk
akordları vurur.
Skryabin sonatasının sədaları
altında Pianoçunun səhnəarxasından səsi
eşidilir.
PİANOÇUNUN SƏSİ
(yavaş, az qala pıçıltı ilə
və hiss olunan bir həyəcanla özü-özüylə
danışır). Bu aparıcı qadın nə dedi? Skryabinin sonatası? Hım…(Yavaşdan
gülür.) Bəşəriyyətin ən
böyük kəşfi nisbilik nəzəriyyəsidir?
Xeyir! Bəşəriyyətin ən böyük kəşfi
iki teatr maskasıdır: biri gülür, o biri ağlayır.
Çünki…
Pianoçunun sözü də,
Skryabinin sonatası da yarımçıq kəsilir və o,
birdən-birə royalın arxasından ayağa qalxıb, bir
neçə dəfə zala təzim edir.
Alqış sədaları
qopur.
- Bravo!..
- Bis!..
- Bravo!..
- Bravissimo!..
Pianoçu yenə yerində
oturur və bir müddət özünü hazırladıqdan
sonra Skryabinin sonatasının ardını çalmağa
başlayır. Musiqinin və ifanın təsiri ilə
sükuta dalmış tamaşaçı zalında yalnız
yüngül bir hənirti var - kimsə tərpənir, kimsə
yavaşdan öskürür və s.
PİANOÇUNUN SƏSİ
(sözünə davam edir). … çünki
bəşəriyyət milyardlarla maskanı bu iki maskanın
içinə pərçim edib. (Gülür.)
Yəni ki, insanların cəmi iki maskası var: bir
gülür, bir də ağlayır. Vəssalam!..
Hə? Vəssalam?
Pauza. Yalnız onun
ifa etdiyi sonata eşidilir.
Ancaq mən bu dünyada azadam, azad nəfəs
alıram, yalnız özüməm, heç bir maska
taxmamışam, heç nə barədə fikirləşmirəm,
heç kim haqqında
düşünmürəm, yalnız quşların səsinə,
dənizin səsinə, yağışın səsinə
qulaq asıram, narın yaz mehini bütün
varlığımla hiss edirəm. Ola biləcək bir
şeydir?.. Hə? İnandız? (Gülür və
sevincək tez-tez təkrar edir.) Aldatdım!..
Aldatdım!.. Aldatdım!..
Pauza. Zalı
bürümüş sükut içində yalnız onun
ifası - Skryabinin sonatası eşidilir.
Şəxsən mənim on yeddi
maskam var. Bir, iki, üç… axırda da on yeddi! Yox, iyirmi
üç!.. Yox, yox, on doqquz! Mən o
maskaları sevirəm! Mən o maskalarsız yaşaya bilmərəm!
Siz elə bilirsiz ki, mən Yer kürəsində
yaşayıram? Xeyir! Mən Yer kürəsinə nifrət
edirəm! Mən nağıllar, əfsanələr,
əsatirlər, allahlar dünyasının sakiniyəm. Siz elə bilirsiz ki, o nağılları, əfsanələri,
əsatirləri, allahları yaradıbsız, vəssalam?
Xeyir! O nağılları da, əfsanələri, əsatirləri,
allahları da maskalar yaradıb! Oradakı vəfa da, ilqar da,
azadlıq da, sərbəstlik də, xəyanət də -
hamısını, hamısını maskalar yaradıb! Evdə
maska, çöldə maska… Hər yer… Hər yer
başdan-başa maska içində… Düzdü?!
Bax, belə!.. (Birdən
gülür və tez-tez təkrar edir.) Aldatdım!.. Aldatdım!.. Aldatdım!..
Və Pianoçu Skryabinin sonatasının son
akkordunu vurur. Bir neçə anlıq
sükutdan sonra, tamaşaçıların alqışı
salonu bürüyür.
- Bravo!..
- Əhsən!..
- Biss!..
- Bravo!..
PİANOÇUNUN
SƏSİ. Guya bu adamlar indicə mənim royalda dediklərimi
başa düşdü?
Pianoçu royal tellərinin çərçivəsindən
yekə ağ dəsmal
çıxarıb, tərini silir, sonra dəsmal əlində
yerindən qalxıb, tamaşaçılara təzim edir, yenə
əyləşir. Alqış eləcə davam
edir.
Onlar elə bilir ki, mən Skryabini
çaldım… Bədbəxtlər! Mənim Skryabindən zəhləm
gedir! Mən Skryabinin notları ilə öz məktubumu
yazırdım!
Pianoçu yenə dəsmal
əlində yerindən qalxıb, bir neçə dəfə
təzim edir.
Alqış davam
edir.
Kimə yazırdım? Sizə! (Yenə
gülərək, tez-tez təkrar edir.) Aldatdım!.. Aldatdım!.. Aldatdım!..
Ağappaq smokinq geyib,
qıpqırmızı "kəpənək"
taxmış Aparıcı (qadın) gəldikdən sonra
alqış nəhayət ki, kəsilir.
APARICI. Vaqner.
Fantaziya Fis-moll!
Alqış sədaları
zalı bürüyür.
Pianoçu ağ
dəsmalı səliqə ilə bükərək royal tellərinin
çərçivəsinə qoyur və yerini rahatlayır.
Pauza.
Pianoçu Vaqnerin
Fantaziyaının ilk akordlarını vurur və artıq
zalı bürümüş səssizlik içində
yalnız Vaqner musiqisinin sədaları eşidilir.
PİANOÇUNUN SƏSİ (ironiya
ilə). Hım… Bu aparıcı kişi nə
dedi? Vaqnerin Fantaziyası? (Yavaşdan
gülür.) Ancaq məsələ onda deyil ki, mən bu
məktubları kimə yazıram?.. Başlacası odur ki, (Xüsusi vurğu ilə.) nə
ü-çün yazıram? Nə
ü-çün? (Yavaşdan
gülür.) Məktubları mən yox, bu yazır! (Sol əli ilə ifasını davam edərək,
sağ əlini qaldırıb barmağı ilə royalı
göstərir.) Bu!.. Çünki
maskaların hamısı qəlpdir!..
Orijinalı çoxdan itib!..
Pauza. Yalnız
Vaqner musiqisi səslənir.
Mən maskaya nifrət edirəm!.. Karnavallarda maska geyib, karnavaldan
sonra o kardon maskaları çıxarıb tullayırlar.
Maskalarını tulladılar, qurtardı! Vəssalam! Hə? Düzdü? Bax, belə!
(Yavaşdan gülür.) İnandız?
Dünya o boş karnaval maskaları ilə
doludur, nə olsun? O boş kardon maskaların
hamısını yığıb yandırsan, nə olacaq? Dünya düzələcək? Bəlkə
dağılacaq? (Əsəbi.)
Yaxşı, mane olmayın! Mane olmayın!
Pauza. Pianoçu daha artıq bir
ehtirasla çalır və "Fantaziya"nın
son akkordlarını vurur. Elə bil, hipnoz
olmuş tamaşaçıların bir neçə anlıq
ölü sükutundan sonra, gurultulu alqış qopur.
- Bravissimo!..
- Biss!..
- Əhsən!..
- Bravo!..
Pianoçu royal tellərinin çərçivəsindən
ağ dəsmalı götürüb, tərini
silir və yerindən qalxıb zala tərəf təzim edir.
Bu dəli alqış səsləri az
qalır zalı dağıtsın. Pianoçu
bir daha təzim edir, ancaq alqış kəsilmir və bu
qızğın alqışın beləcə davam etməsi,
elə bil, Pianoçunu əsəbiləşdirir - o, səhnə
arxasına tərəf baxır.
Ağappaq smokinq geyib,
qıpqırmızı "kəpənək"
taxmış Aparıcı iti addımlarla səhnəyə
daxil olur və onun üzündə maska var, qadın, ya
kişi olduğu məlum deyil . O, yəqin
ki, növbəti ifanı elan edir, ancaq alqış sədaları
içində nə dediyi eşidilmir.
Pianoçu əlində tutduğu ağ dəsmalla üzünü, boynunu silə-silə
əsəbi halda səhnədə var-gəl edir və
yalnız bundan sonra alqış yavaş-yavaş kəsilir.
APARICI (naməlum və qəribə,
ancaq məhrəm bir səslə). Tartini. Şeytan sonatası.
Yenə alqış qopur. Pianoçu təəccüblə
Aparıcıya baxır.
PİANOÇU (həyəcanlı
bir pıçıltıyla Aparıcıya). Bunu niyə
elan etdiniz?
APARICI (əlini
qaldırıb zalı sakitləşdirmək istəyir.) Bir dəqiqə!.. Bir dəqiqə!..
İmkan verin!..
Alqış davam edir.
PİANOÇU (eyni həyəcanlı
pıçıltı ilə Aparıcıya). Mən bəyəm sizə
demişdim ki, "Şeytan sonatası"nı
çalacağam?
APARICI (yavaşdan). Əlbəttə,
maestro. Bu ki, sizin şah ifanızdı!..
Görmürsüz, azarkeşləriniz nə
edir?!
Pianoçu əsəbi halda
səhnədən çıxır və tamaşaçılar
nəhayət ki, sakitləşir.
Xanımlar və cənablar! Əziz
dostlar! Maestronu səhnəyə dəvət etməzdən əvvəl
mən istəyirəm ki, bu əsərin yaranma tarixi ilə
sizi tanış edim.
PİANOÇUNUN
SƏSİ. Mən bəyəm demişdim ki, bunu
çalacağam?
APARICI (davam edir). Cüzeppe
Tartini XYİİ əsr böyük İtaliya bəstəkarı
və skripkaçısıdır. "Şeytan
sonatası" isə onun ən məşhur əsəridir.
Bu sonatanın başdan-başa möcüzə
olan ecazkar musiqisini sanki, həqiqətən insan yaratmayıb.
Tarantini bu dahiyanə sonatanın
yaranmasının tarixçəsini xatırlayaraq, deyirdi ki,
1713-cü ildə günlərin bir günü, gecə yuxuda
görür ki, öz ruhunu Şeytana satıb. Artıq Şeytan onun hər hansı bir istəyini
yerinə yetirməyə hazır olan bir qul idi. Tartini
öz skripkasını ona verir ki, görsün o, nəyə
qadirdir… Tartini Şeytanın…
Aparıcının maskadan
görünən dodaqları səssiz
açılıb-yumulur və onun dediklərini Pianoçunun
səsi davam edir.
PİANOÇUNUN
SƏSİ.
… Şeytanın dəhşətli bir
ustalıqla çaldığı inanılmaz dərəcədə
gözəl, təsəvvürə belə
sığışmayan o musiqini eşidəndə, mən, elə
bil, bir cadu içindəydim. Mən nəfəs ala
bilmirdim, mənim bütün varlığım o musiqinin içində idi və
mən birdən yuxudan oyandım. Özümü
çarpayıdan atıb, skripkamı qapıb, çənəmin
altına saldım və yuxuda eşitdiyim səmalara layiq o
musiqini tələsik çalmağa başladım…
Ağzını lalcasına
açıb-yuman Aparıcının səsi yenidən
eşidilməyə başlayır.
APARICI (ardını davam edərək). Tartini bu
sol-minor sonatanı "Şeytan zənguləsi"
adlandırır və üç yüz ildən
artıqdır ki, daha çox "Şeytan sonatası"
kimi məşhur olan bu dahiyanə musiqi incisi dinləyiciləri
valeh edir. Və üç yüz ildən
artıqdır ki, Tartininin özündən tutmuş Paqaniniyəcən,
Anri Vyetandan tutmuş Vivaldiyəcən, Leklerəcən,
Oystraxacan böyük skripkaçılar bu əsəri
çalırlar. Ancaq maestro "Şeytan
sonatası"nı fortepiano
üçün işlədi və düz bir ildir ki, bu sonata
maestronun özünün repertuarında dünyanı gəzir.
Dünyanı fəth edir! Dünyanı təlatümə gətirir!
Maestro bu sonataya yeni bir həyat verib, onun
sirrini-sehrini daha da artırıb. Bu dəqiqələrdə
biz yubiley sevinci yaşaırıq - bu gün maestronun fortepiano
üçün işlədiyi və yüz illərlə
yaşayacaq yeni "Şeytan sonatası"nın
bir yaşı tamam olur!
Alqış qopur və bu
alqış sədaları içində Aparıcı səhnənin
girişinə tərəf çönərək, bərkdən
qışqırmağa məcbur olur.
Buyurun, Maestro!..
Pianoçu gurultulu alqışlar
altında əlində tutduğu ağ dəsmalla
səhnəyə daxil olur və bir anlıq
Aparıcının yanında ayaq saxlayır.
PİANOÇU (yavaş,
ancaq əsəbi). Mən bəyəm bunu sizə
demişdim?
APARICI (yavaşdan). Əlbəttə, Maestro!.. Bu gün bizim xoşbəxt yubiley
günümüzdür!.. (Mikrafona.)
Təbrik edirik, Maestro!.. Təbrik edirik!..
Aparıcı səhnədən
çıxır. Pianoçu əsəbi halda tələsik
royalın arxasına keçib əyləşir. Sükut çökür. Pianoçu ağ dəsmalı yerə atıb, əllərini
ovuşdurur və gözlərini yumub, bir müddət yerində
donur, sonra qəflətən yerindən qalxıb, zala təzim
edir. Yenə alqış qopur. Pianoçu təzədən əyləşir.
PİANOÇUNUN
SƏSİ. Mən bəyəm bunu ona demişdim?
Pauza.
O, hardan gəlib? Kimdi?
Bəlkə, "kimdi" yox, "nədi"?
Pianoçu nəhayət
"Şeytan sonatası"nın ilk
akkordlarını səsləndirir.
O, hardan gəlib? Mən
bəyəm bunu ona demişdim? Yox! Mən bunu ona deməmişdim!
Deməmişdim! Mən heç onu tanımıram! Deməmişdim? (Əsəbi
halda tez-tez təkrar edir.) Deməmişdim! Deməmişdim!
Deməmişdim!
Və birdən royalın
çanağından tüstü qalxmağa başlayır. Zalda
uğultu.
Səslər:
- Bu nədir belə?!.
- Tüstüdü?
- Tüstü!..
- Royaldan tüstü
çıxır!..
Pianoçu heç nəyin
fərqində deyil və ifasını davam edir. Artıq royalın dillərindən
də tüstü qalxır, ancaq Pianoçu yenə də
bunun fərqində deyil, ifasını davam edir və o,
"Şeytan sonatası"nı daha
artıq bir cidd-cəhdlə çaldıqca, royalın
içindən alov qalxmağa başlayır.
Tamaşaçıların
qışqırığı bir-birinə qarışır:
- Royal yanır!..
- Yanğın!..
- Maestro qalxın!..
- Maestro!..
- Maestro, özünüzü xilas
edin!..
- Maestro, qaçın!..
Çalmayın!..
Pianoçu elə bil,
heç nə eşitmir, heç nə görmür və
gözlərini yumub, Tartininin sonatasını çalır və
birdən səhnəyə rəngbərəng kardon maskalar
tökülməyə başlayır, elə bil, tavandan maska
yağışı yağır və get-gedə şiddətlənir.
Tamaşaçılar
açıq-aşkar panika içindədir və
Pianoçunun eləcə cidd-cəhdlə ifa etdiyi
sonatanın sədaları içində onların
qışqırığı eşidilir:
- Bu nədi belə?..
- Bu nə oyundu?..
- Maestronu xilas edin!..
- Maestro, qalxın!..
Qalxın!..
- Uzaqlaşın ordan, maestro!..
- Çalmayın!..
- Maestro!..
- Bəsdir!..
Səhnəyə yağan
maskalar royalın da üstünə tökülür və
alovu daha da qızışdırır. Pianoçu
ifasına davam edir və alov onun üstünə tökülən
maskalara keçir.
Zal isə təlatüm
içindədir.
- Bu Şeytan əməlidir!..
- Şeytan əməli!..
- Şeytan!..
- Şeytan!..
- Şeytan!..
Addım səslərindən,
basabas çığır-bağırtısından hiss
olunur ki, tamaşaçılar panika içində zaldan
qaçırlar.
Royalla birlikdə Pianoçu
da alovlanır və onlar səhnədə nəhəng bir məşələ
çevrilir.
Tartininin sonatası isə
davam edir.
2017
"Maskalar" silsiləsindən
Elçin
Ədəbiyyat
qəzeti.- 2017.- 30 sentyabr.- S.14-15.