ŞEİR YAZMAQ
Buğdadan öyrəndim
şeir yazmağı,
canım-gözüm qara buğdadan.
Dadı-daddı,
yaxşılığı-yaxşılıq -
min
illərdi,
heç nə
tuta bilməz
süfrədəki yerini...
Axar sulardan öyrəndim
şeir yazmağı,
bir də
səhrada tək-tənha
qalmış
kimsəsiz çeşmələrdən,
bir də
hər damlasında
dağ ruhu çağlayan
bulaqlardan,
bir də
yalnızlıq
ətri - dənizlərdən;
yazlar keçir,
qışlar keçir,
tükənmir,
heç tükənmir
ki, anlatdıqları...
Çöl çiçəklərindən
öyrəndim
şeir yazmağı,
gözləri
gün işığında
qamaşa-qamaşa
gözləyərlər
çocuqları,
arıları,
kəpənəkləri...
Baxmazlar,
bu varlıdı, bu kasıb,
verərlər
rənglərini,
ətirlərini,
təbəssümlərini -
bənizləri solana qədər...
Kənd qəhvəxanalarında
ömür-gün söhbəti
edən,
torpağı,
yağışı,
bir də qadınları sevən
kişilərdən öyrəndim
şeir yazmağı
-
nə qıtlıqlar
qırar ümidlərini,
nə arzuları
bitib-tükənər...
Saymaqla
qurtarmaz ustadlarım -
cürbəcür ağaclar,
cürbəcür quşlar,
cürbəcür böcəklər...
Dənizdə - balıqçıların,
yollarda sürücülərin
danışdıqları
məzəli lətifələrdən
öyrəndim şeir
yazmağı...
Necə
rəng-rəng açırsa
çöl çiçəkləri,
necə
qayanın dibindən
çağlayırsa
bulaq,
mən də
bəzən sevincin,
bəzən kədərin,
bəzən qaranlığın,
bəzən işığın
bağrından dərirəm
şeirlərimi -
ürəyim qanaya-qanaya…
GÜNƏŞ
DƏLİSİ
Pırıl-pırıl günəşi,
işım-işım işıldayan qarı,
türkü-türkü
axan irmaqları
sevirəm.
Günəşli gündə
bir yaşıl
yarpaq,
bir telli böcək,
bir cücərən
toxum görsəm,
sevinclə dolar içim.
Heç nəyə,
heç nəyə
dəyişmərəm
o
günəşli günü
-
bəlkə
buna görə
sevmədim müharibələri,
bəlkə
buna görə
sevmədim zülmü,
bəlkə
buna görə
sevmədim yalanı...
Bilirəm,
yaşamaz pırıl-pırıl
günəşlə yan-yana,
bilirəm,
yaşamaz işım-işım
işıldayan
qarla yan-yana,
bilirəm,
yaşamaz türkü-türkü
axan
irmaqlarla yan-yana
nə müharibə,
nə zülm,
nə yalan...
YALNIZLIQ
Yalnızlıq öldürdü
məni,
yalnızlıq -
əvvəlcə
gözlərimin nurunu aldı,
sonra
dizlərimin taqətini,
sonra
ürəyimin fərəhini…
Üz-üzə dayandığım
bütün pəncərələrdə
yalnız
qaranlıq dəydi
gözlərimə,
yalnız
yalnızlıq dəydi gözlərimə…
İllərdir,
yalnızlıqla çıxdım küçələrə,
illərdir,
yalnızlıqla döndüm evə…
Hər qış
gecəsi
saat yeddidə
yalnızlıqdı əsən
evimin önündə,
hər qış
gecəsi
saat yeddidə
yalnızlıqdı
qəhvəxanada oturub
məni gözləyən…
Gülmək istəmirəmsə,
danışmaq istəmirəmsə,
sevmək istəmirəmsə,
yalnızlıqdı buna bais…
Yalnızlıq…
Əlimin dalı ilə
ha itələsəm də,
gedər -
yenə gələr,
gedər -
yenə gələr,
gedər -
yenə gələr…
Bir gün
girsəniz otağıma,
cansız halda
uzanmış görsəniz məni,
baxın başımın
üstünə,
baxın dörd
divara -
ordadır yalnızlıq,
sizinlə nəfəs-nəfəsə,
sizinlə burun-buruna,
məndən
əvvəl keçər
yazı masamın arxasına,
məndən
əvvəl girər yatağıma…
Baxmayın
deyib-gülməyimə,
nə sevgidən
doydum,
nə yardan...
nə dostdan doydum,
nə ilqardan,
alın məni
yalnızlığın
əlindən,
alın məni
yalnızlığın
əlindən...
ŞƏRQİ
Ölsəm,
istəmərəm ağlamağını,
məni
ən çox
sevdiyin
halımla xatırla.
Həyatda olduğuma
inan,
hardasa -
uzaq bir
yerdə
işlədiyimi düşün,
vallah,
bir gün
gələr,
öz-özünə
keçib gedər
bütün üzüntün...
Hər gələn
günü
yeni bir ümidlə
gözlə,
bir də
heç darılma
havalara,
axşam
yağan yağışla
yatarsan,
sabah
bir də
baxarsan ki,
otağına gün düşüb...
Hər gələn
gəmini,
hər gələn
qatarı
yeni bir ümidlə gözlə,
hər birində
nə qədər insan…
Mən əsmər
idim, gözəlim,
sən
bu dəfə
sarışınını
sevərsən -
eşq yaşayanlar
üçündür…
YAYIN İŞIQ
SELİ
Bir
təpənin üstündən
dənizə baxdıq,
yayın
işıq seli
suların üzündə
üfürdək kimi
partladı birdən-birə.
Bir
söyüdün dibində
qarpız kəsdik -
yayın
işıq seli
parladı bıçağımızın
tiyəsində…
Uzandıq,
altımızda
quru otların salı
və əlimdə
sənin əlin
yayın
işıq selindən
keçdik…
SON
Sona
yaxınlaşırıq, dostum, sona,
azalır
masamızın ətrafındakı
stullar bir-bir…
Sona
yaxınlaşırıq, dostum, sona,
başımı verib,
əvəzində
aldığım
toxumun
cücərdiyini
hiss edirəm içimdə…
Bu yaşdan sonra
hər şey –
isti-soyuq,
şirin-acı
bir gəlir mənə -
deməli,
daha çox
sevməyə başladım torpağı…
SABAHLARI
SEVƏRƏM
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim
-
evlərin üzü
ağardı,
ağaclar
yaşıllığa çıxdı.
Mən sabahları
sevərəm,
bir də çocuqları,
bir də bütün başlanğıcları.
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim
-
gecədən
yola çıxmış
kəndlilərin
göyərti arabaları
şəhərə yaxınlaşır,
təndirxanaların ağzı
açıqdı,
təzə çörəyin
ətri
qarışır səhərin işıqlarına…
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim
-
fəhlə qəhvəxanalarında
çaylar dəmli,
evlərin
önündə gecələyən
yük maşınları
bir-bir yola çıxır…
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim
-
elə yorğun,
elə üzgünəm ki…
Amma
dünən dünəndə qaldı,
tutdum
yeni günün
əlindən.
AYDINLIQ
Ağ dənizin
göylərindən,
limon çiçəklərindən
gözlərimdə qalan
gözəl aydınlıq,
mən,
Nəsrini vur-tut
bircə yol öpdüm…
Bəyaz rəngli
otağımda,
anamın üzündə,
süfrəmizdə,
gənclik xülyalarımda
əks olunan
gözəl aydınlıq,
ümidsiz qaldıqca,
səni düşündüm…
Kasıb idik,
amma yaxşı
insanlardıq;
bolluq illərində
də,
qıtlıq illərində
də
səni yanımızda
gördüm -
Ağ dənizin
göyləri kimi,
limon çiçəkləri
kimi…
YAY KEÇDİ
Bütün yayı
çeşmənin başında
yedik
axşam yeməklərini.
Cevizlər iç
tutdu,
Badamların qabıqları
qurudu,
heyvalara hopdu gün işığı.
Yay keçdi,
içəriyə yığdıq
stolu, stulları.
Qarışqalar ortalıqdan
çəkildi,
çiçəklər yox,
arılar yox,
bal kəsildi,
pətəklər bomboş,
məhzun qaldı...
Yay keçdi... yay keçdi...
MÜHARİBƏ
GÖRMÜŞ ADAMIN DEDİKLƏRİ
Müharibədə
nə ölüm
qorxusu
gəlir adamın ağlına,
nə ev-eşik.
Arpacıqla
hədəfin bəyəndiyin
yerini seçirsən
və tətiyi
əlin titrəmədən
çəkirsən,
amma ağlıma
da gəlmir ki:
bəlkə o da
eynən sənin
kimi
məmləkətində
kiçik bir dükan işlədir,
bəlkə o da
eynən sənin
kimi
arvadını sevir,
bəlkə onun da
eynən sənin
kimi
bir oğlu
və bir
qızı var...
Amma...
Amma ağlına gəlmir bunlar,
çünki
sənin yaşamağın
üçün
onun ölməsi lazımdı...
QIZILÇULLU YOLU
Məni hər kəs sevərdi
çocuqluğumda...
Xıdırəlləz günü
Qızılçullu yolu,
arabaçı yanında
oturdar,
mənə verərdi
qırmacı.
Mən - Fıtnat
xanımın oğlu,
çəlimsiz bir qız sevərdim,
gözlərinin içi
gülərdi.
Xıdırəlləz günəşi,
bərabər dırmaşmadıqmı
ağaclara?
Siz qanatmadınızmı
əllərimi,
alma çiçəkləri?
* * *
Saçaq-saçaq yağan
yağış,
Sənin üzündən
göy üzündə
neçə-neçə
buludun yeri
boş qaldı...
Sevib-sevildikdən sonra
insan beləmi
tək-tənha,
beləmi yalnız
olurmuş?
Mən qartal deyiləm,
yüksəklərdə uçam
təkbaşıma,
Mən sərçə
də deyiləm,
ürəyim yananda
nar ağacının
budağından
enəm çeşmə başına...
AY
İŞIĞI
Gecə yarısı
üzümə,
gözümə
düşən
Ay işığı,
insan beləmi
olur
sevdaya tutulduğu
zaman?
Bütün kitabları
açdım, oxudum,
neçə-neçə dəliqanlıdan,
qənirsiz gözəldən
sordum:
xoşbəxtlik bumu?
Aman,
bu gözləri
göy mavisi,
bu saçları
saman sarısı
o birilərinə
heç bənzəmir...
Ah, indi anladım
onun kiçik
əlləri,
gülən gözlərilə
məni bu qədər sevdiyini.
Ah, indi anladım
nar dənəsindən
təzə,
qu tükündən
zərif gecədə
qəlbimin
bir gəmi
kimi
Ay işığında üzdüyünü...
BİR GÜL
AÇIRSA
Şəhidlərin xatirəsinə
Bir gül açırsa
indi Türkiyədə,
Eşqlə, ümidlə açır.
Bir bağda
gecə səhərə
qədər
bir budaq tumurcuqlayırsa,
bahara inanmaq,
sevinc içində
yaşamaq üçün
tumurcuqlayır.
Qanın,
göz yaşının
axdığı yerdə,
Qəhrin,
hüznün olduğu yerdə
indi güllər
açır,
işıq-işıq...
Güllər,
bütün güllər bu sabah
bir ağızdan
türkü
söylər kimi
açır hər bağçada, -
gecələr gündüzə
dönür, budur,
qaranlıq işığa
dönür, budur,
kədər sevincə
dönür, budur,
Axan qan,
tökülən yaş
gülə, çiçəyə
dönür, budur.
Artıq
bütün Türkiyədə yaşamaq
bir ağızdan oxunan
türküyə dönür, budur.
Necati Cumali
Hazırladı:
Dilsuz
Ədəbiyyat
qəzeti.- 2017.- 30 sentyabr.- S.12-13.