Murad Köhnəqala: Əksər yazarlarımızın fəlsəfi hədəfi olmalıdır”

 

- Murad müəllim, xoş gördük.

 

- Xoş günün olsun, komsomol!

- Yazmaqdan, yaradıcılıqdan başlayaq. Bilmək olarmı hazırda nə yazırsız?

- Məlumdu ki, yazar düşündüklərini kompyüterin yaddaşına köçürtmək üçün ona sərbəstlik və vaxt lazımdı. Saytdakı fəaliyətimlə sərbəst yaradıcılıq tutuşmur. Belə götürəndə çap olunmağını gözləyən beş kitabım var. Barmağını qatla, bir-bir deyim. Şeirlər kitabım, hekayələr kitabım, uşaqlar üçün povest və hekayələr kitabım, "Şəklini mənə göndər" adlı avanqard stilli feysbuk romanım, "Beş ay İsveç düşərgəsində" adlı avtobioqrafik romanım, dünyanın qeyri-adi insanları haqda "Dəli dahilər" adlı kitabım, "Azərbaycan almanları" adlı araşdırmalar toplusu kitabım... neçə oldu, yeddi? Hələ publisistikamı buraya qatmıram. Sadaladığım bu kitabların hamısı elektron vəziyyətdə hazırdı. Xeyir ola, mən həm yazmalıyam, həm də qovluğumu (fləşimi) qoltuğuma vurub nəşriyyatlar gəzməliyəm? Artıq şəxsi vəsaitim hesabına kitab çap etdirmək kimi sadəlövh fikirlərdən uzağam. Hamı bilir ki, azsaylı Azərbaycan oxucusuna ümidli olub, satışdan gəlir əldə etmək naminə kitab çap etdirmək kimi xəyallar gənclik romantikasına aiddi.

- Problem təkcə oxucu sayındadı, yəni?

- Oxucu sayı deyəndə, söhbət təkcə kitab oxuyanların azlığından getmir. Söhbət xalqın, millətin azlığından gedir. Yəni, Rusiya, Türkiyə kimi ölkələrlə müqayisədə biz azıq. Rusiyada kitab tirajı ilə Azərbaycandakını necə müqayisə eləmək olar? Təkcə, beş-on milyon əhalisi olan xalqın dilində yazmaqla milyonlarla oxucu qazanmaq imkanı absurddu. Ancaq bu problemdən çıxış yolu var.

- Necə?

- Səksən milyonluq Türkiyə, qırx milyonluq Güney Azərbaycanı bazarına çıxmaqla. Lakin burda da bir problem var. Xalqın neçə faizi mütaliəyə meyillidi? Məsələn, Şimali Azərbaycanda sovetlər dönəmində məcburi maarifləndirmə prosesi getdiyindən ciddi oxucu kontingenti formalaşmışdı. İndi isə bu yoxdu. Kitaba, mütaliəyə maraq körpəlikdən, orta məktəblərdən başlanmalıdı. Uşaq kitab oxumaq əvəzinə serial qəhrəmanlarını izləyirsə, o, nə gəncliyində,  də yaşlı vaxtında mütaliə ilə maraqlanmayacaq. Kitabın belini qıran həm də mövcud elektron vasitələrdi. Bunun üçüncü problemi də əsəri rus dilinə çevirmək, Türkiyə türkcəsinə uyğunlaşdırmaq, yaxud Cənubdakılar üçün əlifba dəyişikliyi etmək üçün də xeyli maddi vəsait tələb olunur. Bu saat ədəbiyyatın da kommersiyaya çönmə dövrüdü, əlində mayan olmasa yazdıqlarını lazım olan oxucuya çatdıra bilməzsən.

- Bütün bu problemlərlə bərabər soruşmaq istərdim, irihəcmli əsər yazmaq barədə düşünürsünüzmü?

- Adımın şair kimi çıxmasına baxmayaraq, mən şeirdən daha çox nəsr və publisistik mətnlər yazmışam. Nəsrin imkanları hər mənada genişdi. Düşünürəm ki, şeir ədəbiyyatın uşaqlıq, nəsr yetkinlik, fəlsəfə isə qocalıq dövrüdü. Qaldı, yeni əsər yazmağıma, çoxdandı, beynimdə bir roman və bir povest süjeti dolaşır. Həvəsləndirici bir stimul olsa, beynimdən kompyüterə köçürə bilərəm. Ancaq belə götürəndə hesab edirəm ki, mənim ədəbiyyat qarşısında borcum yoxdu, əksinə, ədəbiyyatın mənə borcu var.

- Bəs fəlsəfə ədəbiyyatda necə ifadə olunmalıdı?

- Məncə, boynubükük bir bənövşəni vəsf etmək üçün fəlsəfə o qədər də vacib deyil. Lakin irihəcmli nəsr əsərinin özülündə, şübhəsiz, fəlsəfə dayanmalıdı. Yazıçı əsərdə nəyi, hansı yaşam növünü təlqin etmək istədiyini əvvəlcədən bilməlidi. Yəni, yazılacaq əsərin fəlsəfi skeleti bəri başdan hazır olmalıdı. Qalan işlər, skeleti bədənlə dolğunlaşdırmaq, formalaşdırmaq yazı prosesində baş verəcək.  Hər bir ciddi yazarın fəlsəfi hədəfi olmalıdı. Bizdəki yazarların istedadı olsa da, əksəriyyətinin fəlsəfi hədəfi yoxdu. Bizimkilər elə bilir sentimental Hindistan qaraçıları kimi qəmli şeylər yazaraq insanları kövrəldib ağlatmaq lazımdı. Fikir vermisinizmi, dərd-bəladan yazıb adamları kövrəldənlərə  əla şair deyirlər. Mərsiyəçilik hər yeri başına götürüb: musiqimizdə ağlaşma, poeziyamızda ağlaşma, nəsrimizdə ağlaşma, xəbərlərimizdə ağlaşma. Təkcə Volter bədii və fəlsəfi yaradıcılığı ilə bütün Fransada dövlət quruluşuna müsbət təsir göstərmiş, alman, İsveçrə, ingilis cəmiyyətlərini silkələmişdi. Ümumiyyətlə, cənnət adlandırdığımız indiki Avropa ölkələri, əsasən, onların filosof və yazıçılarının tərbiyələndirdiyi insanların qurduğu dövlətlərdi.

- Modernistlər "sənət sənət üçündür" deyirdilər...

- Düşünürəm ki, yaranmış bütün sənətlər: yazılanlar, çəkilənlər, yonulanlar, səslənənlər, bunların hamısı insan zövqünü formalaşdırmağa xidmət etməlidi. Sənət yüksək zövq və insanlıq aşılamalı, yəni sənətin məqsədi yüksək zövqlü insanların cəmiyyətini yaratmaqdı. Ona görə sənət heyvanlar, həşəratlar üçün yox, yalnız şüurlu insanlar üçün nəzərdə tutulur. Sənət yaradan yaratdığını bir şəxsə yox, bütövlükdə cəmiyyətə ünvanlamalıdı. Ona görə də yaradılan sənət həm də sənət üçündü.

- Sizcə, çağdaş Azərbaycan ədəbiyyatının buna bənzər hansısa bir manifesti olmalıdırmı?

- Əslində, ədəbiyyatın ümumilikdə manifesti olmur. Ədəbi "təriqətlər"in, yəni yaranan kənar ədəbi cərəyanların manifesti olur. Onlar bununla öz yaradıcılıq istiqamətlərini cəmiyyətə elan edirlər. Bir vaxtlar  AYO-nu yaradarkən, onu ədəbi cərəyan kimi nəzərdə tutmuşdum. Lakin müəyyən səbəblərdən cərəyana çevirə bilmədik.

- Murad müəllim, sizin söhbətlərinizdən və ayrı-ayrı müsahibələrinizdən də hiss etmişəm ki, yapon ədəbiyyatını sevirsiniz.

- Doğrudu. Yapon ədəbiyyatına ilk dəfə haykuları oxuyanda ilişmişdim. Bu incə poeziya növü haqda sonralar təhsil aldığım Ədəbiyyat İnstitutunda seminarlar dinləyəsi oldum. Onda bildim ki, haykudan (hokku) əvvəl beş misralı tankalar var və bu şeir növlərində hecaların sayı şərtdi. Məsələn, haykuların babası sayılan beş misralı tankalarda birinci və sonuncu misralar beş, qalan üç misra isə yeddi hecadan ibarət olur. Haykularda isə tankaların qısaldılmış forması kimi, birinci və sonuncu misraları beş, orta misra isə yeddi hecalı olur. Haykular anın şeirləridi, burda, bildiyiniz kimi, çəkilən  mənzərələr real, duyğular çox zərif olur. Yapon ədəbiyyatından mühazirə oxuyan müəllimimiz həmin şeirlərin gözəlliyini dəqiqliyi ilə çatdırmaq üçün həm də yaponca səsləndirirdi. Ümumilikdə bizdə, Antik dövr ədəbiyyatından tutmuş intibah dövrləri, klassik və müasir dünya ədəbiyyatına qədər, xarici ədəbiyyat yüksək səviyyədə tədris olunurdu.  Ədəbiyyatla yanaşı təsvir sənəti, teatr və kino haqda da geniş bilgilər verilir, bizi  muzeylərə, rəsm sərgilərinə, filmlərə aparırdılar. Biz, tutaq ki, həm Sayqyo, Basyö, İssa, Buson, Akutaqava, Kendzaburo Oe, Yukio Misimanın yaradıcılığı haqda mühazirələr dinləyib imtahan verir, həm də institutun hesabına kinoteatrlarda Kurosavanın filmlərinə baxırdıq. Eləcə də, məsələn, Tarkovskinin, Fellininin filmlərinə baxıb seminarlarda fikirlərimizi söyləyirdik. Bizi orada ən müasir dünya rəssamlarınının sərgisindən tutmuş mumiya sərgilərinə qədər aparırdılar. İnstitutumuzun zəngin kitabxanası vardı, dünya ədəbiyyatı sistemli tədris olunurdu.

- Maraqlıdı. Sizcə, Azərbaycan ədəbiyyatının intibahı hansı dövrləri əhatələyir?

- Öncə, qısa bir şərh verim. Avropada intibah XIV əsrdə, sənətdə - teosentrizmin (allahmərkəzçilik) ilkin böhranı, antroposentrizmin (insanmərkəzçilik) meydana çıxması ilə başladı. Avropalı mütəfəkkirlər insan azadlığını zəncirləyən kilsəyə qarşı çıxdılar və bu dalğa sənətin bütün sahələrində qabardı. O cümlədən ədəbiyyat da bu dalğanın ön sıralarında idi.  Avropa yazıçıları Bibliya mövzularından əl çəkərək, real, dünyəvi problemləri əks etdirən əsərlər yaratmağa başladılar. Şərqdə isə proses başqa cür getdi. Şərqin intibahı erkən başlayıb, erkən bitdi. İslam dininin yayılması ilə Şərqin intibahı yarımçıq qaldı. İslamın yayılmağa başladığı Şərq ölkələrində elm və sənət sahələrinin yenicə cücərməyə başlayan inkişafının qabağı alındı. İslam şəriətinə görə rəssamlıq, heykəltəraşlıq, musiqi, rəqs, teatr haram buyruldu. Tibb və Astronomiya kimi elmlərin tədrisi qadağan olundu, dünyəvi məktəblər bağlandı, onları mədrəsələr əvəz etdi.

Qərbdə intibah gec başlasa da, qələbə çaldı, Şərqdə isə erkən başladı və məğlub oldu. Bu tarixi ona görə xatırladım ki, Azərbaycan da Şərq ölkəsi sayılır. İslamın gəlişi ilə bu durğunluq bizim də ölkəmizə sirayət elədi. Sovet tarixçiləri Azərbaycanın İntibah dövrü kimi (ədəbi intibah da ümuminin içində gedir) XII əsri götürürlər. Hörmətli professorumuz Nizami Cəfərov başda olmaqla bir qrup alim isə hesab edir ki, Azərbaycan ədəbiyyatında intibah XVII-XVIII əsrlərdə ana dilimizdə milli eposların və aşıq şeirinin inkişafı ilə baş verdi. Bir çox məqamlarda Nizami müəllimlə razılaşsam da, bu intibah məsələsi ilə bağlı mənim düşüncəm bir az fərqlidi. Mən XIX əsrin sonu, XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının İntibah dövrü hesab edirəm. Bu dövr Azərbaycanda erkən kapitalist münasibətlərinin yaranması, maarifçilik,  ədəbi və texniki tərəqqi dövrüdü. Firidun bəy Köçərli, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Tağı Şahbazi Simurq, Sabir, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi yaradıcı şəxsiyyətlər,   "Əkinçi", "Molla Nəsrəddin" "Babayi-Əmir",  kimi dərgilər meydana çıxdı. Ədəbiyyatda, musiqidə, Şərqdə ilk dəfə işlənən ədəbi janrlar və növlər yarandı. Fikrimcə, Sovetlər vaxtı yaranmış sosrealizm ədəbi dönəmini isə üçüncü intibah qığılcımı saymaq olar.

- Bəs, müstəqillik illərində yaranmış intibah qığılcımı duydunuzmu?

- Bax, sənə bir söz deyim, təkcə Mirzə Cəlil, Cəfər Cabbarlı ilə Üzeyir Hacıbəylinin yaradıcılığına görə XX əsri Azərbaycan ədəbiyyatı və mədəniyyətinin  İntibah dövrü saymaq olar. Qoy müstəqillik dövrünün intibah qığılcımı haqda bizdən sonra gələnlər danışsın. Mən yaxın məsafədən yaxşı görə bilmirəm.

 

Söhbətləşdi:

Sərdar Amin

 

Ədəbiyyat qəzeti.- 2017.-30 sentyabr.- S.19.