ÜÇ DİLƏK DUA

 

Dərd damarı tıxanan tənhalığın

düşüncələr dumanlığına dalmış

tövbəkar dərviş diliylə taqətsizcə dilənən

təskinlik tamarzısı duamıza

darılma, Tanrım!

Dərd duyan dostlar

tənhalıqdan darılıb

duaya durmasın kaş...

dualarımızı dinləməkdən,

bəlalarımızı önləməkdən

yorulma, Tanrım!

Tənhalıq təklik deyil

könlün kimsəsiz deyilsə,

təklik tənhalıqdı-

Tanrıyla bağın qırılsa,

torpaqla tağın qırılsa...

sevgisiz buraxma bəndəni,

qulundan qırılma, Tanrım!

 

DÖRD TÜRLÜ DÖRDLÜK

 

Bu dünya sıxır adamı,

Adamsız,fağır adamı...

Torpaq da üstdə saxlamır

Özündən ağır adamı.

 

Bu dünya yaman yorulub,

Su üstdə saman yorulub.

Dərdləri daşıyan qalıb,

Günləri sayan yorulub...

 

Zəhləmizi tökər dünya,

Bizmi bezdirib boşarıq...

bizdən əl çəkər dünya,

biz qopub düşərik...

 

Bu dünya dirilik deyil,

Dirilər duruluq gəzər.

Ölülər törəlik deyil,

Həşrəcən "aralıq" gəzər...

 

ƏLƏKBƏR SALAHZADƏ SAYAĞI

 

Şeiri şüara çevirənlər

Şüarı şirə çevirməkdə,

Şiri şara çevirənlər

Şarı şüura çevirməkdə,

Pulu kefə sovuranlar

Yağı şora çevirməkdə...

Şoru şərə çevirənlər

Şəri tora çevirməkdə...

Köz altında manqal ağlar,

Köz üstdəki çevrilməkdə...

Ara qatan qanqalaqlar

Çöpü tirə çevirməkdə,

Bəzi nadan danqalaqlar

Kiri pirə çevirməkdə...

 

Cabir Alpoğlu Albantürk

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 sentyabr.- S.20.