Ləkə

 

Düz yolda

Əyri atılan addım.

Nöqsanlı adam,

İçini paxır yeyən,

həmişə böhtan deyən.

Qan ləkəsi olur,

vicdan ləkəsi .

Labüddür təhlükəsi !

Uçuruma aparan yol,

əzabı bol, kədəri bol.

Paxılın qardaşı,

hədiyyəsi göz yaşı.

İnsanın bəlalı başı...

 

Səsin kökdən düşməsi

 

Səsim kökdən düşəndə,

itirirəm özümü,

itirirəm

dağa dırmaşdıran sözümü.

Duman bürüyüb üzümü,

Səsin kökdən düşməsi,

torpaq sürüşməsidi,

dilin kəkələməsidi.

insanın kədərlə yüklənməsidi,

danışıq havasının

ləkələnməsidi.

Səsin kökdən düşməsi

itirməkdi yönü.

Səs kökdən düşəndə,

deşilmir bəzisinin

qalın gönü.

Səs kökdən düşəndə,

nizamlana bilmir söhbət,

zirvəsini tapa bilmir,

sevgi, məhəbbət.

Səs kökdən düşəndə,

cəsarətin boynu bükülür,

düşmən gülür.

Bağlar viran olur,

meydanda görünür əsarət,

zirvəyə qalxa bilmir,

qayaları lərzəyə salan

od nəfəsli cəsarət!

Səsin kökdən düşməsi

insanın kökdən düşməsidi,

torpaq sürüşməsidi.          

 

 

Düşünə bilsəydik

 

İkimiz gileyliyik -

Sən məndən,

mən səndən.

Səbəb nədən?

Gileyin heç birimizə

bu basabasda çatmır əli.

Sözünü deyir giley,

özünü deyir giley.

Məgər ikimizdə haqlıyıq?

Düzünü deyirik?

Biz ancaq

giley sözünü deyirik

hər ikimiz haqlıyıqsa,

bəs günahkar kimdir?

Heç kimdən almadan

güvə vurmuş narazılığı

gileylənirik bir-birimizdən,

razıyıq özümüzdən.

qazana bilərik

bu gileydən?

Sən narazı,

mən gileyli.

Haqlı kimdi bəs?

fikirləşməyə dəyməz?!

 

Kitab tutdu əlimdən

 

Qaranlığa düşmüşdüm,

kitab tutdu əlimdən.

Kəkələnib dururdum,

titrəyirdi dodağım -

kitab tutdu əlimdən.

 

Kəsəkliydi yollarım,

qanadlarım yox idi.

Gücsüz idi qollarım,

Küləklər itələyir,

 

Günəş ütüləyir,

itirmişdim özümü.

itirmişdim sözümü -

Kitab tutdu əlimdən.

 

Kitab tutdu əlimdən,

Günəş doğdu baxtıma

Kitabla yaşa doldum,

kitabla yaşıd oldum

həyatın şərbətini

kitab mənə içirtdi.

uçurum dərələrdən,

qorxulu zirvələrdən

kitab məni keçirtdi.

 

Mənə doğmadır kitab,

atam, anamdır kitab.

Qaranlıqlar önündə

ürək onsuz etməz tab.

Kitabdır həyatımız,

kitabdır kompasımız.

Böyük həyat yolları

kiçik kitabdan keçir.

Kitabdan qanad taxıb,

İnsanlar belə uçur.

Arxayın ol, çətində

kitab tutar əlindən...

 

Mənim dualarım

 

Allaha dualarım

xilas kəmərimdir.

Dələduz fikirlərimin,

ləçər nəfsimin,

dumanlı xəyallarımın,

qiybətə sürüşən dilimin,

halallığı poza biləcək

iştahlı əlimin,

qollarını bağlamışam,

biclik yollarını laxlatmışam.

Sıxmışam, axırına çıxmışam

fikrimin əyri baxan gözünü,

Dilimin dinc durmayan

böhtan dolu sözünü

susdurmuşam bu kəmərlə.

Dualarımla əl-ələ verib

çarpışıram

düzlük yolunda kədərlə.

Bu kəmərdir günahlarıma qarşı

silahım.

Vuruşuram qərəzlə,

məni yoldan çıxara biləcək

sağalmayan mərəzlə.

Bu kəmərin işığıdır

yollarıma boylanan  sabahım.

Dua kəmərimlə

məhv edəcəyəm.

 

İltifat Saleh

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 sentyabr.- S.29.