Emil Zolya və naturalizm
Yazıçı aid olduğu əsri, cəmiyyəti əsərlərində
güzgü kimi əks etdirən insandır. Emil Zolya
da yaşadığı
cəmiyyətdə baş
verən prosesləri,
həyatı əsərlərində
ən dolğun təsvir edən yazıçılardandır. Sözsüz ki, Zolyanının yaradıcılığından XIX əsrin elmi kəşfləri, dövrün
fəlsəfi cərəyanları
təsirsiz ötüşməmişdir.
Ogüst
Kontun yaratdığı
"Pozitivizm" fəlsəfi
cərəyanı dövrünün
ziyalıları arasında
geniş yayılmışdı.
Təsadüfü deyil ki, Darvinin "Təkamül"
nəzəriyyəsinin yaranması
da həmin illərə aiddir. Fransanın ikinci imperiya dövrünü təsvir
etdiyi romanları ilə ədəbiyyatda uğur qazanmış yazıçının yaradıcılığı
ilə ilk tanışlığım
"Yaradıcılıq" romanı ilə olmuşdu. "Yaradıcılıq" romanı
ən çox sevdiyim əsərlər sırasında ilk yerdədir.
Bir neçə il əvvəl Emil Zolyanın "Yaradıcılıq"
romanı ilə bağlı geniş yazım çap olunmuşdu. Romanı nə qədər
çox bəyənsəm
də, prototip kimi ən yaxın
dostu Pol Sezannı götürən
Zolyanın əsərin
sonunda qəhrəmanı
öldürməsini düzgün
hesab etməmiş, yazıçını qınamışdım.
Axı öz naturalizm nəzəriyyəsində qeyd
etdiyinə görə
yazıçı qəhrəmanların
taleyini idarə edən deyil, sadəcə, müşahidəçi
olmalıdır.
Emil Zolyanın
incəsənətlə bağlı
məqalələri də
romanları qədər
maraqlıdır. XIX əsr dünya ədəbiyyatında ona qədər formalaşmış
ədəbi fikirləri
dəyişdirən fransız
yazıçısı Emil Zolya naturalizm ədəbi cərəyanının
nəzəriyyəsinin yaradıcısı
hesab edilir. Flober, Mopassan kimi fransız
yazıçıları əsərlərində
naturalizm cərəyanına
müraciət etsələr
də, nəzəriyyəni
yaradan Emil Zolya olmuşdu. O, naturalizmlə
bağlı nəzəriyyəsini tibbin
inkişafında
misilsiz xidmətlər
göstərən, endokrinologiyanın atası hesab edilən Klod Bernarın tədqiqatlarını ədəbiyyata
tətbiq edərək
yaratmışdı. Klod Bernar
öz araşdırmaları
ilə kimya, fiziologiya, tibb elmində çox əhəmiyyətli işlər
görmüşdü. Zolya isə onun eksperimental
təbabətlə bağlı
elmi metodikasından istifadə edərək özünün "Eksperimental
roman" məqaləsində naturalizm ədəbi cərəyanının nəzəriyyəsinin
əsaslarını oxucuya
çatdırmışdı. Əslində o zaman Zolya kimi tanınmış
yazıçının bu
mövzuya toxunması onun
üçün riskli
bir addım idi. Rəssamlıqda yeni cərəyanları qəbul etməyən cəmiyyət ədəbiyyatdakı
bu yeniliyə də qarşı çıxırdı. Zolya "Eksperimental
roman" toplusuna daxil
etdiyi "Eksperimental
roman", "Teatrda naturalizm"
və "Roman haqqında"
məqalələrində yazıçılar
üçün naturalizm
nəzəriyyəsinin əsas
prinsiplərini formalaşdırır.
Yazıçı məqalələri
ilə buna qədər yalnız müşahidəyə əsaslanan
ədəbiyyat üçün təcrübənin
əhəmiyyətini üzə
çıxarır.
Zolya "Eksperimental roman" məqaləsində
roman üçün formalaşdırdığı
prinsiplərin doğruluğunu
isbat etmək üçün Klod Bernarın "Eksperimental
tibb tədqiqatına giriş" kitabında istifadə etdiyi tibbi metodlara əsaslanaraq onun yolu ilə gedir. Bundan əvvəlki
məqalələrində də
yazıçı roman, dram əsərlərinə elmdəki
eksperimental metodun tətbiq edilməsinin lazım olduğunu qeyd edir. Onun sözlərinə görə təbiətə
qayıdış, naturalizmin
inkişafı tədricən
əqli fəaliyyətin
bütün sahələri
ilə məşğul
olan insanı eyni elmi yola
yönləndirir. O, Klod
Bernarın tədqiqatlarına
əsaslanaraq sadəcə
"həkim" adını
"romançı" ilə
əvəz edərək
nəzəriyyəsinin müddəalarını
müzakirəyə çıxarır.
Klod Bernarın eksperimental metodlarına əsaslanaraq
yeni elmi yola çıxır.
O, müşahidəyə əsaslanan
elm ilə eksperimental elmi müqayisə edərək aradakı fərqi araşdırır.
Klod Bernara görə orqanizmlərin sərbəst
mövcudluğu onlara
təcrübənin tətbiq
edilməsinə mane olmur. Çünki mahiyyətcə təcrübə
şüurlu şəkildə
aparılan müşahidədir.
Emil Zolya nəzəriyyəsində
naturalist romanda müşahidəçi
ilə təcrübəçinin
rolunu araşdırır.
Müşahidəçi fotoqraf
kimi gözü
önündə baş
verənləri əks
edir, təbiətin diktəsi ilə yazır. Təcrübəçi isə hipotezinin
doğruluğunu yoxlamaq
üçün təcrübə
qurur, sonra isə müdaxilə etmədən müşahidəçi
kimi təcrübəsinin
nəticəsini izləyir.
Sonda nəticəni müqayisə edərək bunun
hipotezi təsdiq və ya inkar
etdiyini müəyyən
edir. Klod Bernarın elmi
fikirlərini romana tətbiq edərkən aydın olur ki, romançı müşahidəçi kimi
faktları gördüyü
kimi təsvir edir, başlanğıc nöqtəni müəyyən
edir, personajının
hərəkət edəcəyi
möhkəm zəmini
tapır və hadisələr irəliləyir.
Sonra təcrübəçi olaraq
əsər daxilində
qəhramanı hərəkətə
gətirərək, məntiqə
uyğun olaraq hadisələrin ardıcıllığını
göstərir. Romançı həqiqətin axtarışına
çıxır. Emil
Zolya nəzəriyyəsinin
prinsiplərini açmaq
üçün Balzakın
yaradıcılığından nümunələr gətirir.
Balzak öz müşahidələrindən ona məlum olan faktlar əsasında
süjet seçir, sonra qəhrəmanını
fərqli vəziyyətlərə
salaraq, onun necə reaksiya verəcəyini göstərmək
üçün təcrübə
aparır. Balzakın məqsədi faktları
göstərən fotoqraf
olmaq deyil, romanında insanın ehtiraslarının həyat
şərtlərinə görə
necə inkişaf edəcəyini göstərməkdir.
Müəllifin fikirincə naturalist roman - romançının
öz müşahidələrinin
köməyi ilə insan üzərində apardığı həqiqi
sınaqdır. Klod Bernarın "Praktik olaraq adamlar həyatda bir-birilərinin
üzərində təcrübə
aparmaqla məşğul
olurlar" ifadəsi Zolyaya görə ədəbiyyata
da tam uyğun gəlir. Biz nə fikirləşdiyimizi, nə
hiss etdiyimizi şüurlu
şəkildə başa
düşürük, məsələ
başqası olanda isə qarşımızdakının
hər hansı hadisəyə necə münasibət göstərəcəyini
onun sözlərini, hərəkətlərini izləyərək
eksperimental yolla müəyyən etmək
olar. Cəmiyyət naturalistləri fotoqraf
kimi qəbul etsə də, naturalistlər faktları özül olaraq götürərək öz
yaradıcı fantaziyalarına
sərbəstlik verirlər.
Naturalizmin metodlarının romana tətbiqində yazıçı təbiilik
çərçivəsindən çıxmayaraq naturanı
dəyişdirməlidir. Klod Bernarın canlı
varlıqlarda hər hansı hadisəni öyrənmək üçün
orqanizmin daxili mühitin öyrənilməsinin
vacibliyini qeyd etdiyi kimi, romanda
da hər hansı ailə, canlı varlıqlar qrupunu araşdırarkən
ictimai mühit böyük rol oynayır. Yazıçının vəzifəsi cəmiyyətin
fərdə, fərdin
cəmiyyətə göstərdiyi
qarşılıqlı təsiri
öyrənməkdir. Digər tərəfdən
Klod Bernarın eksperimental tibbə aid araşdırmalarında gəldiyi
nəticəyə görə
insan ilkin səbəbi heç vaxt bilmədən, hadisənin
necə baş verdiyini öyrənə bilər. Təcrübə "niyə" sualının deyil "necə" sualının
cavabını tapır.
Fiziologiyanın, eksperimental tibbin
məqsədi həyatı
yönəltmək üçün
həyatın ağası
olmaqdır. Romançının həkimlərlə oxşar
cəhəti ondadır
ki, yazıçı
da şəxsiyyəti
yönəltmək üçün
onun intellektini, digər insanı keyfiyyətlərini öyrənir.
"Eksperimental roman" məqaləsində Emil Zolya
naturalist yazıçıları fatalizmlə günahlandıran
tənqidçilərə fizioloqun sözləri ilə cavab verərək özlərinin
determinist olduqlarını bildirir.
Təbiət qanunlarına
görə ideya
bir toxumdur, metod isə onun cücərməsi, inkişafı, çiçəkləyib
yaxşı bar verməsi
üçün zəmindir.
Və ancaq eksperimental metodla romanı yalan, səhv anlaşılmaqdan qorumaq olar.
Emil Zolyanın məqsədi naturalizm
ədəbi məktəbini
yaratmaq deyil, ədəbiyyatda təbiəti, insanı təsvir etmək üçün eksperimental
metodun vacibliyini bildirməkdir. Bernarın fikrincə rəssam
öz şəxsi təsəvvürünü, hisslərini
yaratdığı əsərdə
ortaya qoyan insandır. Zolya isə fizioloqla
razılaşmayaraq qeyd
edir ki, Bernarın fikrinə inansaq mən başı aşağı,
ayaqları yuxarı hərəkət edən insan təsvir etsəm, bu mənim hisslərimi, təsəvürümü əks
etdiyinə görə
sənət əsəri
sayılmalıdır. Bu isə dəlilik
olardı. Rəssamın
şəxsi hissələri
həqiqətin nəzarətinə
tabe olaraq qalır.
Yazıçının "Teatrda naturalizm" adlı ikinci məqaləsini əslində "Eksperimental roman" məqaləsinin davamı hesab etmək olar. Birinci məqalədə tibbdəki eksperimental metodlarının prinsiplərini ədəbiyyata tətbiq etməyin doğruluğunu isbat edən Zolya "Teartda naturalizm" məqaləsində tibb, fiziologiyadan istifadə etmədən tamlıqla naturalizmin keçdiyi tarixi yolu araşdırır. Aristotelin də zamanında eyni fikirləri qeyd etdiyini nümunə göstərir. Homeri naturalist hesab etsə də, onunla XIX əsr naturalistləri arasında böyük uçurum olduğunu qeyd edir. O, Balzak, Stendal, Flober, Edmon və Jül de Qonkur qardaşlarının yaradıcılıqlarını təhlil edərək, romantizmin prinsiplərini də araşdırır. Onun fikrincə Balzakla Stendal romantizmin ritorikasından azad olan buntçulardır. Flober, Edmon və Jül de Qonkur qardaşları isə naturalizmi öz stilləri ilə zənginləşdirən müəlliflərdir. Zolya oğul Aleksandr Dümanın pyeslərinə müraciət edərək onu naturalist yazıçı hesab edir. Məqaləsində dövrünün bir çox yazıçı, dramaturqlarının əsərlərindən nümunələr gətirən Zolyanın yekun fikrinə görə gerçək həyat romana gəldiyi kimi teatra da gəlməlidir.
"Roman
haqqında" məqaləsində isə Zolya
təxəyyülün artıq ikinci plana keçdiyini bildirir. Onun fikrincə əvvələr
yazıçıya zəngin təxəyyülü olduğunu söyləmək tərif sayılırdısa,
romanın tələbləri dəyişdikcə bu artıq yazıçı üçün
tənqid, töhmətdir. Bir
yazıçının mütləq şəkildə zəngin
təxəyyülü olmalıdır. Başqa
cür ola da bilməz. O, zahirən özlərini
istedadlı göstərmək istəyən və fasiləsiz
yazmaq, çap olunmaqla bunu bacaran üslubsuz
yazıçıları tənqid edir.
Yazıçıda reallığı hiss
etmək, həqiqəti görmək istedadının mühümlüyünü
qeyd edir. Yalnız
özünəxas yazıçı üslubu,
yazı fəndləri ilə seçilən
yazıçı daimi oxucu
kütləsinə malik olur.
Günel İmran
Ədəbiyyat
qəzeti.- 2017.- 30 sentyabr.- S.24.