Tənha qadın üçün serenada
Anam
Çimnaz xanımın əziz xatirəsinə
Romandan parça
Hacı qardaşı ilə görüşdən çıxıb başının içindəki uğultulardan qurtulmaq üçün tək qalmaq istəyirdi. Heç nə xatırlamırdı... Bircə onun baş çəkməyinə, ailəsi ilə, qoca anası ilə görüşməyinə mane olduqlarını xatırlayırdı.
Moskvadan onunla birlikdə gələn NKVD işçisi yenə onunla bərabər gecə qatarı ilə Moskvaya qayıtmışdı, yataqxanada onu ilk qarşılayan yenə erməni komendant Suren olmuşdu. Baş verənlərdən xəbərdar kimi Suren ona heç nə söyləməmiş, heç nə də soruşmamışdı, bircə:
- Sənin gələcəyin var, ara, - demişdi, - sən neynadinsa, duz eladin, ha.
Düz iki gün otaqdan bayıra çıxmamışdı Hacı. İkinci günün tamamında otağın qapısının döyülməyinə yerindən qalxmışdı. Gələnlər tələbə yoldaşları, komsomolçu fəallar, bir də institutdakı müəllimlərdən biri idi. Orada nə danışmışdılar, kim nə demişdi yadında deyildi, ancaq komsomol katibinin əlini fəxrlə onun çiyninə qoyaraq:
- Biz səninlə fəxr edirik, biz səninlə qürur duyuruq. Sən əsl komsomolçusan. Sən həqiqi komsomolçu şərəfini, sovet quruculuğuna olan etibarını əməlinlə göstərdin. Sən gələcək nəsillərə də, elə biz gənclərə də şərəfli bir nümunəsən... Bütün institutumuz sənin yolunu gözləyir, - deməyini, heç vaxt unuda bilməmişdi.
"Qonaqlar" gəldikləri kimi də çıxıb getmişdilər. Masanın üstündə isə bir qutu marmelad, bir bağlama peçenye qalmışdı. Gözləri masanın üstündəki şeylərə sataşan Hacı acdığını hiss etmiş, acgözlüklə peçenye bağlamasını açıb bir-neçə peçenye götürüb yemişdi, amma qəfildən bu peçenyelərin onun masasının üstünə nə üçün gəlib çıxdığını düşünəndə, ürəyi bulanmışdı, əlindəkiləri yerə atmış, ağzında udmaq istədiyi peçenyeləri tüpürüb, yatağına çökmüş, yuxu onu aparana qədər ağlamışdı. Sonrakı günlərdə evə nə qədər məktub yazsa da, cavab almamışdı. Dekanatlığa gedib icazə almaq istəsə də, onu burxamamışdılar və düz iki aydan, ikicə aydan sonra dekan onu dərsdən çıxarıb yanına çağırmış, məhkəmənin göndərdiyi məktubu qarşısına qoymuşdu. Hacıağa yalnız iki ay sonra gələn məktubdan Bakıda ailəsinin başına gələn müsibətlərdən xəbər tutmuşdu. Hər şeyi öyrənmişdi, amma dəli olmamışdı, nə qardaşı kimi özünü kameradan asmağa, nə də bacısının əri mühəndis Qafar kimi qoşalüləni çənəsi altdan dirəyib özünü güllələməyə cəsarəti çatmışdı. Bilmirdi nə üçün, amma məktubdan sonra başa düşmüşdü ki, bütün ailə sadəcə, onun Sibirdən, güllələnməkdən xilas olmağına çalışıb.
Dekanın otağından çıxandan sonra Hacı birbaşa yataqxanaya qayıtmışdı. Komendant Suren onu görüb qarşılamış, Hacının qolundan yapışıb onu öz balaca otağına aparmışdı. Kerosin sobası üstə qaynayan çaydandan çay süzən Suren bir müddət susduqdan sonra, səssiz bir hərəkətlə saxsı qəndqabının qapağını açıb sakitcə demişdi:
- Məni qınama, eli, ancaq sən düz eləmisən. Sən də Sibirə getsəydin nə olacaqdı?
- Sən hər şeyi bilirdin? - Hacı Surenə acıqla baxışlarla baxıb, soruşmuşdu. - Düzünü de mənə, bilirdin hər şeyi?
Suren əlindəki qəndi ağzına atıb marçıldada-marçıldada demişdi:
- O mustantiq Caparob manim kürakanimdi, eli, qızım Susannanın aridir. Ara, Mirini deyiram da. Sani Bakıya apardılar ha,
ondan dord gun avval Miri galmişdi bura, sani soruşdu, man da dedim
ki, san yaxşı oğlansan, eli. Yaxşı oğlansan da. Sanin galacayin hala
qabaxdadı ey, çayını iç.
Hacı qəfildən yerindən
sıçrayıb yapışmıdı Surenin
boğazından, dirəmişdi onu divara və
başlamışdı boğmağa. Amma Suren halını
pozmadan Hacının barmaqlarını bir-bir
ayırmışdı boğazından, Hacını
soyyunqanlıqla oturtmuşdu yerində və sakit, amma
hökmlü bir səslə demişdi:
- Musurmançılığa salma,
sakit ol. Sora mana sağ ol deyacaqsan. Demasan,
galib tupurarsan bu uzuma...
Moskva, Domodedovo
aeroportu,
1980, 31 avqust, saat
09-42
Professor qızının
toxunuşundan səksənib gözlərini geniş
açaraq, Gülçinə baxdı. Gülçin
atasının oturub restoranda gitara çalaraq ispan dilində
mahnı oxuyan oğlanlara baxdığını görüb
gülümsündü, əlini atasının əli
üstünə qoyub dedi:
- Yox, sən deyəsən gerçəkdən
oralar üçün darıxmısan.
Professor baxışlarını
qaldırıb qızına baxaraq mehribanlıqla gözlərini
süzdürdü.
- Mənim yaşıma çatan adam, ancaq keçmişini xatırlayır,
ancaq keçmişi üçün darıxır.
- Yaxşı mahnı idi. Adamın qanını qaynadır. Yəqin Venesuelada olanda çox qulaq asmısan belə
mahnılara.
Professor gülümsəyərək
ayağa qalxdı. Gülçin elə restorandaca
atasının qoluna girdi, onlar xoş ovqatla
çıxışa tərəf addamladılar.
Latın Amerikasından olan gənclərin yanından keçən
professor nə fikirləşdisə ispan dilində:
- Bağışlayın, siz təsadüfən
Venesueladan gəlməmisiz ki? - deyərək,
xəbər aldı.
Əcnəbi gənclər bir
anlıq bir-birlərinə baxıb sevinclə:
- Bəli, cənab, ikimiz də
Venesueladan gəlmişik, - cavab verdilər. Professor gənclərin Venesueladan olduqlarını
eşidəndə ürəyi uçundu. Özündən
asılı olmayaraq, Gülçinə baxıb
gülümsündü. Professorun
üzünə gənclik şöləsi qondu. Uzaq illərin arxasında qalan xatirələr əcnəbi
gənclərin restorana girdiyi ilk andan baş
qaldırmış, professoru uzaq illərin qucağına
atmışdı. Keçmiş günlərin,
gənclik illərinin unudulmaz qəriblik həyatı professoru
kövrəltmişdi. Bu anlarda həsrətini duyduğu
ən şirin məqam Venesuelada qalan gəncliyinin altı ili deyildi, orada yaşanan, unudulması
mümkün olmayan həyat idi...
- Oturmaq olarmı? - professor
mehribanlıqla soruşdu.
- Əlbəttə, buyurun, - əcnəbi
gənclər etiraz etmədilər. Professor doğma adamlarla
görüşübmüş kimi, stul çəkib əyləşdi,
Gülçinlə məsləhətləşmədən,
onun fikrini öyrənmədən venesuelalı
oğlanların yanında oturmağı qızı təəccübləndirsə
də, atasının qəfildən keçmişə
qayıtdığını və o keçmişdə
Gülçinin olmadığını anlayıb,
başını buladı, boş stullardan birini çəkib
atasının yanında oturdu. Hər şeyi
unudan professor gəncləri sual yağışına
tutmuşdu. Venesueladan ayrıldığı 28 il ərzində
elə gün olmurdu ki, professor o yerləri - oraların vəhşi,
ekzotik təbiətini, dənizi, bir-birindən gözəl
şəlalələri, yaşıl meşələri, gur
çayları, o yerlərin quşlarını,
heyvanlarını və ən çox da həyatından
ötüb keçən insanları xatırlamasın. O
günlərlə bağlı nəsə deməsin, nəsə
danışmasın.
Əcnəbi gənclərlə
şirin-şirin söhbət edən, sevincək olan, arabir gülən
professor bir anlıq söhbətdən ayrılıb
üzünü Gülçinə tutdu:
- Bunlardan biri lap mənim
yaşadığım şəhərciyin
qonşuluğundakı qəsəbədəndir, - deyib, yenidən söhbətinə davam etdi. Atasının belə məsələlərdə həssas
olduğunu yaxşı bilən Gülçin ispandilli gənclərlə
professorun şirin söhbətlərinə qulaq asmaqdan
başqa çarə tapmadı. Qalxıb
aeroportda dolaşmağı düşünsə də, bu hərəkətinin
professorun xoşuna gəlməyəciyini bilib, sakitcə
oturdu.
Söhbət əsnasında
Gülçin gənclərdən birinin - gitara
çalıb-oxuyanın adının Alexandro olduğunu
öyrəndi.
Çünki atası daha çox onunla
danışır və Alexandro deyərək, müraciət
edirdi. Deyəsən bir vaxtlar
atasının yaşayıb işlədiyi şəhərciyin
yaxınlığındakı qəsəbədən olan da
elə bu oğlan idi.
Professorla venesuelalı gənclərin
söhbəti təyyarəyə qeydiyyat başlayana qədər
davam etdi.
Qeydiyyatın başlanmağı haqqında elan səslənən
kimi, Gülçin ehtiyatla professorun qoluna toxundu:
- Bizim elandır. Qeydiyyat
başladı... - deyərək, atasını söhbətdən
ayırdı. Söhbəti yarıda
saxlayan professorun üzündən təəssüf hissi
açıq-aydın duyulurdu. Qoca bir
anlıq keçmişinə, xatirələrinə
qovuşmuşdu, indi də qəfildən yenə özünə
qayıdaraq gerçək dünyasına
dönmüşdü. Üzrxahlıq edən professor
qalxıb hər iki gəncə baxaraq, mehribanlıqla:
- Qeydiyyat başladı, üzrlü
sayın, - deyib, gülümsündü, başı ilə hər
iki əcnəbiyə minnətdarlıq edib, qızı ilə
bərabər restoranın çıxışına
doğru getdi. Restoranda
qalan venesuelalı gənclər söhbətlərini
professor onlara qoşulana qədər qaldıqları yerdən
davam etdilər.
Moskva-Bakı sərnişin təyyarəsi.
1980, 31 avqust, saat
12-15
Təyyarə havaya qalxandan on beş dəqiqə sonra Gülçin
özü ilə götürdüyü Fyodr Dostoyevskinin
"Cinayət və cəza" romanını
çantasından çıxarıb oxumağa
başladı. Hacıağa İbrahimbəylinin
xəyalı isə hələ də uzaq Venesuelada idi.
Professor üzünü
çevirib qızına nə isə demək istədi, amma
onun bütün diqqətinin kitabda olduğunu görəndə,
fikrindən daşındı. O, Gülçinin bədii
kitablara böyük maraq göstərdiyini yaxşı bilirdi.
Bir də ki, qızının əlindəki
kitab Dostoyevskini dünyaca məşhur romanı idi. Yerini rahatlayıb bir qədər mürgüləmək
istəyən professor başını oturacağın
arxalığına dayayıb, gözlərini yumdu. Professoru qızının onun hisslərinə biganə
yanaşmağı narahat edirdi. Ona elə
gəlirdi ki, qızı restoranda olan söhbəti təfsilatı
ilə ondan soruşmalı, atasının xatirələrinə
sayğı ilə yanaşmalıdır. Professor qızından bu münasibəti umurdu. Amma Gülçin öz dünyasında yaşayan
bir qız idi. İyirmi beş
yaşı olmağına baxmayaraq, özünə
qapanır, vaxtının çoxunu yaşıdları kimi rəqs
meydançalarında, əyləncələrdə deyil, evdə,
kitabların sehrində keçirirdi. Atası ilə
söhbətləri də çox vaxt romanların süjet xəttindən,
içinə düşdüyü hadisələrin
axarından olurdu. Professor qızının
fikirlərinə, mülahizələrinə həmişə
sayğı ilə yanaşırdı. Bəzən
bir roman haqqında saatlarla danışır, müzakirə
edirdilər. Bəzən söhbətləri
mübahisə həddinə qədər gedib
çıxırdı. Amma söhbət
bitən kimi münasibətlər yenidən durulur, hər
şey öz əvvəlki yerinə qayıdırdı.
Kitablarla bağlı
müzakirələrdə ən çox fikir
ayrılığı Hacıağa İbrahimbəylinin daha
çox klassik poeziya, Gülçinin isə romanlara
üstünlük verməyi üstə olurdu. Professor ixtisasca
neftçi mühəndis olsa da, klassik şeiri - xüsusilə
də Məhəmməd Füzulini çox sevirdi. Professor üçün Füzuli dünya şeirinin
zirvəsi sayılırdı. Gülçin isə,
Tolstoyun, Dostoyevskinin, Çexovun, bir də müasir dövr
yazıçılarının əsərlərini, ən
çox da Mixail Bulqakovun "Usta və Marqarita"
romanını sevirdi. Amma bəzən,
ovqatının onun üçün izahı mümkün
olmayan saatlarında atasının Füzulidən sinədəftər
dediyi qəzəlləri dinləməkdən də zövq
alırdı. Gülçinin birdən-birə qəzələ
maraq göstərməyi professoru sevindirsə də, bunun
ötəri bir hiss olduğunu bildiyi üçün,
çox vaxt başlanğıcda qəzəli
könülsüz deyir, sonra isə Gülçinin maraqla
"şair burada nə demək istəyir" sualını
izah etməyə başlayanda, hər şeyi unudur, klassik
şeirin sirli dünyasının içinə girirdi.
Təyyarənin salonunda verilən
növbəti elan professoru xəyalından ayırdı. Gözlərini
açıb sağ tərəfində oturan qızına
baxdı. Gülçin də kitabı bir
tərəfə qoyub gözlərini yummuşdu. Salonda verilən elandan sonra da Gülçin gözlərini
açmadı və professora elə gəldi ki, qızı
yatır. Amma o, yatmırdı, hələ
də oxuduğu romanın təsiri altında idi. Rodion
Roskolnikovla Sonyanın get-gedə yüksəlib həqiqi sevgiyə
çevrilən münasibətlərinin yanında...
Gülçin ürəyində
fikirləşirdi ki, indi Sonya kimi sevmək olmaz. İndi elə
sevgilərə inanmaq da olmaz. İndi sevgi
çox ucuzlaşıb. Hər kəs
sevginin arxasında daha çox gələcək təminatını
düşünür. Atası da elələrindən
idi. Hacıağa İbrahimbəylinin ən
böyük arzusu qızının gələcək həyatını
təmin edəcək bir ailə ilə qohum olmaq idi. Zaman ona keçmişdə yaşadığı
bütün ağrı-acıları unutdurmuşdu.
Atasının, anasının, qardaşlarının,
bacısının, demək olar ki, bütün ailəsinin
faciəsinə səbəb olan yeni quruluş
Hacıağanın əlindən hər şeyini
almış, əvəzində isə ona şəhərin mərkəzində
dörd otaqlı mənzil, ölkənin ən nüfuzlu ali təhsil
mərkəzlərinin birində yüksək maaşlı vəzifə,
istirahəti üçün pulsuz sanatoriyalar, xarici səfərlər,
diqqət, ad, şöhrət vermişdi. Hacıağa
uşaqlığını unutmuşdu... Hacıağa gəncliyini
unutmuşdu... Hacıağa NKVD-nin binasında
qardaşı Əli ilə olan görüşünü də
unutmuşdu. İlk baxışdan bu belə
görünürdü, amma Hacı hər gecə
yatağına girəndə, hər gecə evinin
qaranlığı, yatağının soyuqluğu ilə
baş-başa qalanda həyatının içindən
keçib gedən hər şeyə lənət
yağıdırırdı. Ən
çox da özünə yağdırırdı o lənəti.
Öz gücsüzlüyünə, mübarizə
apara bilməməyinə, zəif olduğuna, hər şeyini
əlindən alıb dilənçi payı kimi
qarşısına atılan tikə ilə sakitcə
razılaşdığına görə. Və bir də bu qarışıq həyatda, bu
etibarsız həyatda ailə qurub qurtuluşu olmayan bir məsuliyyətin
altına girdiyinə görə lənət
yağdırırdı özünə.
Hacıağa Gülçinin anası, keçmiş tələbə yoldaşı Nərgiz xanımla ailə qurdu. Onların münasibəti hələ tələbəlik illərindən yaranmışdı. Amma hər ikisi bir qədər mühafizəkar və ağır təbiətli olduqlarından, bu münasibətlər tələbəlikdən iki il sonra, xoş bir təsadüf nəticəsində yarandı. Qrup yoldaşlarından birinin "komsomol toyu"nda yenidən qarşılaşan Hacıağa ilə Nərgiz təsadüfən yanaşı oturmuş, daha sonra bir yerdə rəqs etmiş, şənlikdən sonra da Hacı Nərgizi evlərinə qədər ötürmüşdü. Elə hər şey o gecə aydınlaşmışdı. Onlar daha tez-tez görüşmüş, işdən sonra birlikdə vaxtlarını teatrda, kinoda, konsertlərdə keçirmişdilər. İkisinin də dünyagörüşü, həyata baxışı, xasiyyəti, bir az da taleləri uyğun gəldiyi üçün ailə qurmaq qərarına gəlmişdilər. Lakin bu evlilik Hacı Venesueladan qayıdandan sonra - 1953-cü ilin yayında baş tutdu. O vaxt Hacının 38, Nərgizin isə 37 yaşı vardı. 1955-ci ildə ailənin ilk sevinci Gülçin dünayaya gəldi. Qızı dünyaya gələnə qədər Hacı doğulacaq körpələrinə müxtəlif adlar fikirləşirdi. Oğlu olacaqdısa adını Mərdan, qızı olacaqdısa Bikə qoymağı düşünürdü. Hacı istəyirdi ki, çoxlu övladı olsun və övladlarının hər birinə o qanlı illərin xəyanətlərinə qurban gedən əzizlərinin adını qoysun. Amma Gülçin dünyaya gələn gün nədənsə, Hacı bütün xəyallarını, düşüncələrini bir kənara qoyub, qızına özünün uydurduğu adı qoydu. Gülçinin iki yaşı olanda Hacının bir oğlu gəldi dünyaya, Hacı bu dəfə vədinə əməl edib oğlunun adını Mərdan qoydu. O gün Hacının sevincinin həddi-hüdudu yox idi. Amma bu sevinc çox çəkmədi. Mərdan dörd aylığında xəstələnib tələf oldu. Gülçin isə böyüyürdü. Ailənin yeganə sevinci, ailənin yeganə övladı Hacıağa ilə Nərgizin doğma münasibətinin, qayğısının şirinliyi ilə sovet dövrünün milyonlarla xoşbəxt körpəsi kimi böyüyürdü. Gülçinin beş yaşı olanda Nərgiz xanım dünyaya bir qız uşağı gətirdi. Hacı bu dəfə də yeni doğulan körpəsinə anasının adını - Bikə adını verdi. Bu uşaq da bir yaşına çatmamış həkimlərin baş aça bilmədiyi bir xəstəliyə tutuldu, bir müddət qızdırma içində yanan körpə tezliklə tələf oldu. Hacı onları Mərdəkan qəbiristanlığında, balaca Mərdanı atası Mərdan bəyin, Bikəni isə anası Bikə xanımın yanında dəfn etdi. İki övladının dalbadal tələf olması ailənin sevincini gözündə qoydu. Gülçin ailənin əzizxələfi, bir sözü iki olmayan tək övladı kimi böyüməyə başladı. Gülçin təsadüfən soyuqlayıb eləyəndə, yatağa düşəndə bütün ailə yasa qərq olurdu. Valideynləri qızın yanından yel ötməyə qoymurdular. Hacıağa istehsalatdan ayrılmadan aspiranturaya qəbul olundu. Neft daşlarında işləyə-işləyə namizədlik dissertasiyası üzərində işlədi. Nərgiz isə Elmlər Akademiyasının kimya institutunda elmi işçi idi. Ailənin vəziyyəti normal, ailədəki münasibət yaxşıydı. Bircə artan qəbir yerlərinin ağrısı Hacının ruhunu tərk etmirdi.
Sonra Nərgiz xanım
dünyaya bir oğlan uşağı da gətirdi. Uşaq
doğulanda çox sağlam idi. Hacı
düşündü ki, vədinə sona qədər əməl
etməlidir. Gülçində bu vədi
pozduğu üçün hələ də özünü
qınayırdı. Ona görə də oğluna Əli
adını verdi. Əli Gülçinin də
sevincinin bir hissəsinə çevrilmişdi. Əli dünyaya gələndə Gülçin
üçüncü sinifdə oxuyurdu. Dərslərini
hazırlayandan sonra qız bütün gününü
qardaşı ilə keçirirdi. O vaxtlar anası da analıq
məzuniyyətində olduğundan birlikdə həyətə
düşər, bulvarda gəzişərdilər. Amma Əli də üç yaşında o biri
qardaş və bacısının yanına
köçdü. Hacı qəbiristanlıqdakı
balaca qəbirləri gördükcə az
qalırdı havalansın. Elə o vaxt, balaca
Əlini bir molla ilə Mərdəkandakı qəbiristanlıqda
dəfn edəndə Hacı anasının, atasının, o
biri doğmalarının qəbirlərinə baxıb
onları lənətlədi. Ürəyində üsyan
edib onlara: "Əl çəkin məndən! - dedi.- Məni bu günə siz qoyduz! - dedi. - Niyə
məni qorumaq üçün hamınız getdiz, məni bu
dünyada tək qoyduz, tək saxladız. Sizə
nə var ki? Hamınız
yığışmısız bir yerə! Hamınız
baş-başa verib Hacının yaşaya-yaşaya cəhənnəm
əzabı çəkməyinə tamaşa edirsiz!
Görüm sizi lənətə gələsiz! Görüm
sizi cəhənnəm odunda yanasız! Əl çəkin məndən!
Əgər aparırdızsa o vaxt məni də aparardız
yanınıza, indi isə əl çəkin ailəmdən!
Əl çəkin məndən!"
İşini görüb qurtaran kənd
mollası başını qaldırıb Hacıya baxanda, onun
gözlərinin yaşardığını gördü, bunu
bir atanın oğlu üçün axıtdığı
göz yaşı hesab etdi, ona görə də təskinlik
üçün əlini Hacının çiyninə
toxundurub, onu sakitləşdirmək istədi.
Əlidən sonra Nərgizin övladı olmadı. Övlad itkisinə alışqan olan ata-anasından fərqli olaraq, Gülçin qardaşının yoxluğuna çox sarsıldı. Elə hey Əlini xəbər alıb dururdu. Dərslərindən soyuyan, bütün günü evdə sakitcə oturub heç nə ilə məşğul olmayan Gülçin ailə üçün problemə çevrilmişdi. Valideynləri onu dərsə aparsalar da, bir qədər sonra Gülçin icazə belə almadan evə qayıdırdı. Bunun belə davam etməsi Nərgiz xanımının rəfiqələrindən birinin məsləhəti ilə qızın məktəbinin dəyişdirilməyi ilə nəticələndi. Yeni məktəbə keçirilən Gülçin bir həftəyə yenidən öz uşaqlığına qayıtdı və ailənin üstünə çökən qayğılar sovrulub itdi.
Ailədə hər kəs, hətta yaxın qohum-əqrəba, dost-tanış, müəllimlər belə Gülçinin ata-anasının yolu ilə gedəcəyini, kimyaçı olacağını güman edirdi. Amma onuncu sinifdə oxuyanda Gülçin birdən-birə qərarını dəyişdi, heç kəsin ağlına gəlməyən bir sahəyə - incəsənət sahəsinə meyl etdi və orta məktəbi bitirən kimi, ata-anasının etirazına əhəmiyyət vermədən, sənədlərini İncəsənət institutunun kütləvi tamaşalar rejissorluğu fakültəsinə verərək, qəbul olundu...
- Hörmətli sərnişinlər,
Moskva-Bakı reysi ilə uçan təyyarəmiz Azərbaycan
Sovet Respublikasının paytaxtı Bakı şəhərinə,
Binə aeroportuna enməyə hzırlaşır. Bakıda
havanın temperaturu +38 dərəcədir. Bakı vaxtı ilə
saat 15-20 dəqiqədir. Hörmətli sərnişinlər,
xahiş edirik ki, təhlükəsizlik kəmərlərini
bağlayasınız...
Əyyub Qiyas
Ədəbiyyat
qəzeti.- 2017.- 30 sentyabr.- S.28-29.