Uşaqlaşan yazıçılar

 

Dünyanın əksər yazıçıları hesab edir ki, uşaqlar üçün ədəbi əsər yazmaq çox çətindir. Təəccüblü səslənsə də, belədir. Məsələn, bir dəfə Erix Mariya Remarka verilən bu suala yazıçı qaşlarını çataraq deyib: "Uşaqlar üçün sadə yazmaq lazımdır, biz isə sadəlikdən çıxmışıq". Bu mövzuda Lev Tolstoyun fikirləri də maraqlıdır: "Uşaqlar üçün əsər yazmaq çox çətindir. Çünki bir qoca özünü uşaq halına salmalı, balacaların qəlbində baş verənləri bilməlidir. Təsəvvür edin, əgər qoca özünü uşaq halına salmasa, onda balacalar əsəri oxuyub ordan bir saqqallı kişinin boylandığını görüb qaçarlar. Özü də kitabı uzaqlara atıb qaçarlar ki, bir də yaxınlığına gəlməsin.

Uşaqlar üçün yazılan əsərlər, yaradılan incəsənət nümunələri - müasir yaradıcılığın alt qatıdır. Əlbəttə, soruşula bilər ki, uşaq yaradıcılığı əslində üst qatdır. Xeyr, məhz alt qatdır. Çünki uşaqları anlamaq hələ də çətindir. Uşaq ədəbiyyatının varlığı cəmiyyətin inkişafına, formalaşmasına təsir göstərən amillərdəndir. Çünki insan məhz uşaq vaxtlarında onunçün yazılan ədəbiyyatla tanış olur, xeyir və şəri ayırd edir, özünü şəxsiyyət kimi formalaşdırır. Belə formalaşmanın önündə isə nağılçılar dayanır. Folklor nümunələrini günümüzə daşıyan qocalarbir neçə əsrin yazıçıları. XVII əsrdə ilk nümunələrlə balacaların ixtiyarına verilən uşaq ədəbiyyatı XIX əsrdə daha da təşəkkül tapıb. Belə növlü ədəbiyyat onu yaradanların timsalında hələ də dəbdən düşməyib. Lev Tolstoyun təbirincə deyilərsə, heçbütün qocalar uşaqlaşmağı bacarmayıb. Amma bacaranlar da tapılıb.

 

Lyuis Keroll

 

Bu insan "Alisa möcüzələr ölkəsində" əsərinin müəllifidir. Bu əsərin uğuru o qədər böyük olub ki, sonralar analar uşaqlarının adını Alisa qoyublar. O illərdə pasport qeydiyyatı idarələri "Alisa" adının çoxluğundan şikayət edərmişlər. Yaızçının ikinci sevimli əsəri "Snarkda ov"dur. Həmin əsər Çeşir qraflığında qələmə alındığından bəzən onu "Çeşir pişiyi" də adlandırırlar. Uşaqların sevimlisi Lyuis Keroll kollecdə oxuyub, riyaziyyat üzrə professor dərəcəsinə qədər yüksəlib. Əsl adı Çarlz Docsondur. Böyük ailədə doğulub. 3 qardaşı, 7 bacısı varmış. Uşaqlıqdan rəssam olmağı arzulayıb. Otağına, bağa çəkilib müxtəlif rəsmlər çəkərmiş. Sonra fotoqrafiyaya maraq göstərib. Elə uşaq vaxtdan hekayələr düşünər, teatra getməyi xoşlayarmış. Əgər dostları ondan təkidlə xahiş etməsəydilər, Lyuis ilk hekayəsini kağıza köçürməyəcəkdi. Bununla da istər böyüklər, istərsə də kiçiklər "Alisa möcüzələr ölkəsində" əsəri ilə heç vaxt tanış olmayacaqdılar. "Böyüklər" sözünü təsadüfən işlətmədik. Çünki Alisanın möcüzələr ölkəsində başına gələn hadisələr böyüklərin də marağına səbəb olmuşdu. Kerollun əsərlərini sadə dildə yazması, oxucularını daha da artırdı.

 

Astrid Lindqren

 

Əsl soyadı Eriksondur. Ailə həyatı qurandan sonra ərinin soyadını götürüb: Lindqren. O, fermer ailəsində doğulub. Həyatı kifayət qədər maraqlı keçib. Fermada elə maraqlı oyunlar oynayar, elə qəribə hadisələrlə üzləşərmiş ki, bütün bunlar beynində dərin iz buraxıb. Oxuyub-yazmağı öyrənəndən sonra Astrid hekayə və şeirlərini yazmağa başlayıb. "Uzuncorab Peppi" əsərini öz qızına həsr edib. Bunun əhvalatı çox maraqlıdır. Günlərin birində qızı bərk xəstələnib. Astrid uşağa Peppi barədə danışıb. Daha doğrusu, uşağı sakitləşdirmək üçün bir-birinin ardınca gətirdiyi cümlələr sonradan kağıza köçürülüb və gözəl əsər yaranıb. Astrid Peppinin əhvalatının oxucularda maraq doğurduğunu görərək daha da qələmə sarılıb. Bununla da "Mio, mənim Miom", "Quldurun qızı Roni" povestləri, Kalli Blümkvist adlı xəfiyyədən bəhs edən triologiya hələ də çoxlarını kitab rəfindən bu əsərləri götürüb gözdən keçirməyə məcbur edir. Astrid Lindqrenin ən məşhur əsəri isə əlbəttə ki, Karlsonla bağlı olub. Kürəyindəki fırfıra ilə damda yaşayan balaca kişi barədə nəinki animasiya, eləcə də bədii filmlər çəkilib. Onun əsərləri dünyanın müxtəlif teatrlarında tamaşaya qoyulur, bütün yaş təbəqəsindən olan insanlar tərəfindən sevilə-sevilə oxunur.

 

Selma Laqerlef

 

İsveç yazıçısı. "Nobel" mükafatına layiq görülən ilk qadın yazıçı. Jurnalistlərin çoxsaylı suallarından yalnız birinə həvəssiz cavab verir. O da uşaqlıq illəri ilə bağlıdır. 3 yaşında iflic olub. Çarpayısından qalxa bilməyib. Balaca qızcığazı yalnız nənəsinin danışdığı nağıl və rəvayətlər ovundurub. Uzun-uzadı müalicədən sonra 9 yaşında Selma yeriməyə başlayıb. Yalnız fiziki bacarığın bərpası ona bir fikri aşılayıb: "Mən böyüyəndə yazıçı olacağam". Dərslərini yaxşı oxuyub, elmlər doktoru dərəcəsi alıb, İsveç Akademiyasının üzvü seçilib. 1906-cı ildə ilk kitabı dərc edilib. Həmin əsər Martin adlı qazın belində səyahətə çıxan Nils barəsində idi. Selma Laqerlef bununla kifayətlənməyib. "Trolliinsanlar" adlı külliyyatı işıq üzü görüb. Həmin külliyyata əfsanələr, nağıl və novellalar, böyüklər üçün romanlar daxil edilib.

 

Con Ronald Ruel Tolkiyen

 

Bu yazıçının əsərlərinin yalnız uşaqlar üçün qələmə alındığını birmənalı şəkildə demək olmaz. Araşdırmalar göstərib ki, Con Ronaldın əsərlərini bəzən uşaqlardan çox böyüklər oxuyur. "Üzüklərin hökmdarı" silsiləsindən olan əsərlər əsasında filmlər də çəkilib. Hollivud kinoindustriyası bu əsərlərin çəkilişindən yüz milyonlarla dollar qazanc götürüb. Uşaqların sevimlisi Afrikada dünyaya göz açıb. Üç yaşı olarkən anası övladlarını İngiltərəyə gətirib. Gələcəyin yazıçısı xarici dilləri tez öyrənərmiş. Hətta ölü dilləri - anqlosakson, qotsair dilləri də mənimsəyib. Könüllü şəkildə yollandığı müharibədə vəba xəstəliyinə tutulub. Xəstə yatdığı vaxtlarda özündən "elf" dili quraşdırıb. Həmin dil sonradan qəhrəmanlarının vizit kartına çevrilib. Onun əsərləri hələ neçə yüz il məşhurluğunu itirməyəcək.

 

Klayv Lyuis

 

O, həm alim olub. Klayv Lyuislə Con Tolkiyen uzun illər dostluq münasibətlərini qoruyub saxlayıblar. Hər ikisi bir-birinə əsərlərini oxuyarmışlar. Klayv İrlandiyada doğulsa da, ömrünün əksər illərini İngiltərədə keçirib. İlk əsərlərini Klayv Hamilton adı ilə dərc etdirib. 1950-55-ci illərdə nəşr edilən "Narniya xronikası" əsəri geniş populyarlıq qazanıb. Əsərdə iki qardaş iki bacının sehrli ölkədəki macəraları kitabın tez müddətdə satılması ilə nəticələnib. Yazıçı həyatı boyu dünyanın müxtəlif ölkələrinə səyahətə çıxıb, şeirlər yazıb, müxtəlif mövzularla bağlı müzakirələrə qatılıb, özünü hərtərəfli inkişaf etdirib. Bu günə qədər əsərlərini həm uşaqlar, həm böyüklər sevə-sevə oxuyurlar.

 

Coan Roulinq

 

Müasir dövrün uşaq ədəbiyyatından danışarkən təbii ki, bütün dünya uşaqlarının sevimli qəhrəmanı Harri Potteri yaradan yazıçını unutmaq olmaz. Sehrbaz oğlan ilə dostlarının macəraları böyükləri də kitab rəfinə əl uzatmağa, ekran qarşısına keçməyə məcbur edir. Coan Roulinq əsərlərini elə maraqla yazır ki, oxucu daim həyəcanlanır, yaxud sevinc hissi keçirir. Bəziləri qeyd edir ki, yazıçı oxucuları psixoloji təsir altında saxlamağı bacarır. Roulinq kasıblıq həyatından ümumdünya şöhrətinə qədər gedib çatıb. Halbuki, ilk vaxtlar heç bir redaksiya mətnlərini qəbul etməyib. Əsas sözləri də bu olub ki, sehrbaz oğlan oxucular üçün maraqsız olacaq. Yalnız kiçik nəşriyyat olan Bloomsbury Coan Roulinqi geri qaytarmır, riskli addım atıb əsərini dərc edir. Bu da onlara peşmanlıq gətirmir. İndi yazıçı həmin nəşriyyatın addımını sevinclə xatırlamaqdadır. Roulinq hazırda yazıb-yaradır, xeyriyyəçiliklə məşğul olur, ictimai işlərdə fəaldır. Yaxşı ana və həyat yoldaşıdır.

 

Azər Qismət


 

Ədəbiyyat qəzeti.- 2017.-23 sentyabr.- S.31.