Oğru
Hekayə
Hava təzəcə qaralırdı. Səkkiz-on yaşlarında olan bir qız uşağı marketin vitrinləri arasında dolaşaraq, oradakı şirniyyatlara nəzər yetirir, nə oğurlayacağını götur-qoy edirdi. Yoxsul ailənin uşagı olduğu bəlli idi. Qız söhbət əsnasında sinif yoldaşlarından eşitmişdi ki, kasıb balaları tamahını saxlaya bilməyəndə mağazalardan oğurluq edirlər. Ilk cəhdi uğurlu olmuşdu. Bir həftə bundan əvvəl qoynuna basıb çölə cıxardığı "Mars" şokoladının ləzzəti hələ də damağından getməmişdi. İndi oğurluq etmək üçün növbəti məqamı gözləyirdi. Bu dəfə hədəfdə "Snikers" şokoladı idi. Onu elə götürməliydi ki, heç kim görməsin. Arxası ilə vitrinə tuşlanan müşahidə kamerasının qarşısını kəsməli, ön tərəfdə isə heç kim olmamalı idi.
İçəridəki nəzarətçi gənc olsa da, təcrübəsinə söz ola bilməzdi. O, beşinci il idi ki, bu marketdə çalışırdı. Kimin oğru oldugunu gözündən oxuyur, yerişindən sezirdi. Nimdaş geyimli bu qız uşağı onun diqqətini çoxdan cəlb etmişdi. Özü bilərəkdən yaxınlaşıb onu sorgu-sual eləmirdi. Məqsədi qızı oğurluq üstündə yaxalayıb, müdiriyyətdən mükafat almaq idi.
Çox gözləmək lazım gəlmədi. Qız əliboş şəkildə kassanın yanından sivişib çölə çıxmaq istəyəndə sol biləyindən güclu bir əl yapışdı. Oğlan özünü gözə soxmaq, bacarığını nümayiş etdirmək üçün səsini başına atıb hündürdən deyinməyə başladı:
- Abrınız-həyanız olsun!
Əl çəkin bu alçaq
hərəkətlərinizdən! Sizin əlinizdən hara gedək, bilmirik! İndi polisi çağırıb
səni tutduraram, aglın
başına gələr!
Qız qışqırıb-bağırır, özünü yerə çırpır, nəzarətçinin
əlindən qurtarıb
qaçmaq istəyirdi:
- Yalvarıram, buraxın məni! Bir də etmərəm! Anam bilsə, məni qaranlıq zirzəmiyə salacaq! Xahiş edirəm, nə olar?!
Mağazadakı alıcılar bir anın içində nəzarətçi ilə
uşağı dövrəyə
aldılar. Qıza yazığı gələn
adamlar onu qurtarmaq üçün hərəkətə keçdilər:
- Əşi, uşaqdı, qanmayıb də!
- Yazıqdı, buraxın getsin! Bir də eləməz.
- Ayıb deyil?! Bir şokolada görə
uşağın bağrını çatlatdınız ki !
- Paho! Dünya dağılıb də.
Qorxursuz qazancınız azala? Götürüb,
götürüb də!
Marketin müdiri
də gəlib
çıxdı. Kənardan deyilən sözlərə məhəl qoymayıb qıza
yaxınlaşdı. Onu dilə tutub yaşadığı
ünvanı,
telefon nömrələrini öyrənmək istədi.
Bu vaxt əli əsalı yaşlı bir kişi
müdirə yaxınlaşıb dedi:
- Cavan oğlan, heç boy-buxunundan utanırsan?! Bu boyda
imkanınız ola-ola bir konfetdən yana az qalırsız yazıq qızı dara
çəkəsiniz!
Müdir
təmkinini pozmadan dedi:
- Ağsaqqal, məni nahaq yerə təhqir edirsiz. Qızı
incitmək fikrim yoxdur. Valideynlərinə
təhvil verim ki, bir də oğurluq etməsin. Qız uşağıdır, əli pis öyrənsə,
böyüyəndə tərgidə bilməyəcək.
Qaldı ki, bu qızcığaza,
görünür, kasıb ailədəndir. Valideynlərinin
imkanı çatmır ki, ona şokolad
alsınlar. Əgər siz istəyirsinizsə, mən ona
yüz manat da verib evlərinə yola sala bilərəm.
- Verin! Verin! İstəyirik!-
deyə ətrafdakılar bir
ağızdan səsləndilər.
- Ancaq bir şərtim
var! - müdir dedi.
- Buyurun, görək! - deyə əli əsalı kişi istehza ilə
dilləndi.
- Şərtim budur ki, yüz manat mən verəcəyəm, adama
beş manat da siz verəcəksiniz!
Heç kimdən səs çıxmadı. Elə bil qurbağa
gölünə daş atdılar. Uşağa
qahmar çıxan adamlar bir anın içində hara çəkilib
getdilərsə, bilən olmadı.
Uşaq səsini kəsmişdi. Daha ağlamırdı.
Market sahibinin mehriban davranışını görüb,
valideynlərinin kim olduğunu, hansı
binada yaşadıqlarını ondan gizlətmədi.
Müdir göy rəngli sellofan torba götürüb
içini şirniyyatla
doldurdu.
Aləm KƏNGƏRLİ
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.29.