Bir etnosun taleyi
Altay nəzəriyyəsinə görə, türk, monqol və tunqus-mancur xalqları bir mənşədən törəmişlər. Və bu nəzəriyyəyə
qarşı çıxanlar
son dövrlərdə nə
qədər çoxalsalar
da,
hələ ki,
onun tərəfdarlarının
mövqeyi daha əsaslı görünür…
Lakin bir həqiqət də var ki, monqollar
XIII əsrin ilk illərindən Temuçinin
(Çingiz xanın) başçılığı ilə tarix səhnəsinə çıxıb
dünyaya hökm eləməyə başlayanda
onların təsəvvüründə
etnik baxımdan qohum etnoslarla yad etnoslar arasındakı
fərq itir. Və əslində, bu cür "yaddaşsızlıq" VI əsrdən
VIII əsrin ortalarına
qədər "dünyaya
hökm etmiş" Göy türklərdə
də olmuşdur. Tunqus-mancurların tarixi isə nə belə bir "yaddaşsızlığı" xatırlayır, nə də dünyaya hökm etmək barədəki hər hansı iddianı…
Monqolların tarixi taleyi barədə məlumat verən ən mötəbər mənbə, heç şübhəsiz, "Monqolların
gizli tarixi"dir. Lakin məsələnin paradoksallığı burasındadır
ki, bu "Tarix"dəki "gizlilik"
yalnız monqolların
özlərinə aid olub
digər heç bir maraqlı tərəf üçün
elə bir əhəmiyyət kəsb
etmir. İlk növbədə ona görə ki, monqolların XIII əsrdə
dünya tarixində gördükləri
"iş"lərin miqyası
hər cür "gizliliy"in fövqündədir…
Bununla belə, "Monqolların gizli tarixi" bizə onların
bu müvəffəqiyyətə
necə nail olduqları
barədə müəyyən
"sir"ləri açmaqda
xəsislik eləmir. Və əsas "sirr" də ondan ibarətdir ki, monqolların o qədər də az sürməyən
bir dövrdəki hakimiyyətinin özülündə
monqol etnosunun deyil, Temuçinin - Çingiz xanın iradəsi dayanır… Bütün ətrafdakı
insanları, ailələri,
tayfaları, xalqları öz
iradəsinə tabe edən bu möhtəşəm
lider öz idarəçilik texnologiyaları
etibarilə yenə də bir ailə
başçısı olaraq
qalır.
"Monqolların gizli tarixi"ndə deyilir:
"Çingiz xan hakimiyyəti altındakı
xalqları öz anası, oğulları və qardaşları arasında bölüşdürəcəyini
bildirdi…"
Əlbəttə, dünya (cəmiyyət) nə qədər müxtəlif xalqlara bölünsə də, prinsip etibarilə, ailələrdən ibarətdir. Və Çingiz xanın bu "ailə idarəçiliy"i texnologiyası
XIII əsrin "çöl
hakimiyyəti" təcrübəsində kifayət
qədər sınanılmış
bir metod idi. Çünki ən böyük münaqişələr də,
həmin münaqişələri
aradan qaldırmaq üçün ən əsaslı səbəblər
də ailə münasibətləri zəminində
ola bilərdi.
Və Çingiz
xan dediyi (əslində, deyilməsi
vacib olan!) kimi də edir. Lakin səbirlə, təmkinlə,
tədbirlə…
"…Böyük oğluna
dönərək: "Çüçi,
sən oğullarımın
ən böyüyüsən,
nə deyirsən?" - deyə soruşdu. Çüçi daha sözə başlamadan Çağatay ortaya atılaraq "Çüçiya
söz verməklə
yoxsa onu özünə xələf
edəcəyinimi söyləmək
istəyirsən?.."
dedi… Belə olunca Çüçi yerindən fırlayaraq Çağatayın yaxasına
yapışdı…" Çingiz
xan qovğanı
sona qədər müşahidə edəndən
sonra deyir:
Hər işi bir yerdə
görmək nə gözəl,
Yer üzü
çox geniş, çox intəhasız.
Dərəsi, suları, otlaqları
var...
Hər cür idarəni verirəm sizə;
Elə iş tutun ki,
zəbt olan xalqlar
Qıraqdan baxaraq gülməsin bizə.
…Və məsləhət belə olur ki, Çingiz xanın yerini qardaşlarından ən təmkinlisi Ögedey tutsun. Ögedey özündən böyük
iki qardaşından -
Çüçi ilə
Çağadaydan fərqli
olaraq qələbələrlə
dolu bu günü
yox, gələcəyi fikirləşərək
deyir:
Xandan gələn əmrə etiraz olmaz,
Mənim nə haqqım var söz söyləməyə.
Əmrə müntəzirəm, yetdikcə gücüm
Əməl edəcəyəm xaqan deyənə.
Ancaq qorxuram ki, sonrakı
nəsil
Bir az əfəl
ola, bir az da səfil...
Çingiz xan, nəhayət, oğullarından ən kiçiyinin - Tolyun rəyini də öyrəndikdən sonra ümumi razılıqla rəsmi xələflik Ögedeyə verilir. Dahi ailə (və dövlət) başçısının
son sözü bu olur ki:
- Ögedeyin nəsli olarsa əfəl,
Ot içində inəyə,
Yağ içində köpəyə
Olmazsa bir faydası,
Başqa
övladlarımdan
Doğulmazmı başqası?..
"Monqolların gizli
tarixi" məlumat verir ki, Çingiz
xan 1227- ci ildə "Tanrıya (səmaya) yüksəldi". Və elə həmin il böyük oğlu Çüçi
də bu dünyanı tərk
elədi.
"Siçan ilində (1228) Çagaday ilə Batu (Çüçinin oğlu
- N.C.) başlarında olduğu halda sağ cinahın şahzadələri,
Otçigin noyan, Yegü və Yesünge başlarında olduğu halda sol cinahın şahzadələri - şahzadələr,
kürəkənlər, tümən
komandanları və minbaşılar hamısı
bir araya gələrək
Kelürən (çayındakı)
Kodegü adasında qurultay üçün toplandılar
və Çingiz kağanın əmrinə uyğun olaraq Ögedey kağanı "xan" seçdilər. Çağaday kiçik qardaşı
Ögedey kağanı
özü taxtda oturtdu".
Cənub-Qərbdə Bağdadı, Şimal-Qərbdə Kievi
zəbt edən monqol sərkərdələri
arasında münaqişələr
başladı… Əslində, bu cür münaqişələr
Çingiz xanın sağlığında
da mövcud idi, lakin həm
hakimiyyət
coğrafiyasının məhdudluğu, həm də "böyük xan"ın iradəsi imkan verirdi ki,
hər cür daxili münaqişə ən yaxın adamın belə "cəzalandırılması" ilə dərhal yatırılsın. İndi
isə rabitə sisteminin kifayət qədər operativ işləməsinə baxmayaraq,
"imperiya"nın hüdudları
hər hansı strateji problemi yerindəcə həll etmək
üçün çox
geniş idi… Məsələn, Batu Ögedey kağana belə bir məktub
yollayır:
"Tanrıdan aldığımız
qüvvət və kağanımızın həşəməti
ilə Meget şəhərini dağıtdıq,
orus (rus) xalqını əsir və kölə etdik. Biz on bir dövləti
və bu qədər də xalqı özümüzə
tabe qıldıq və altın yüyənləri əlimizə
keçirdik. Bunə görə
evə dönmək münasibətilə bir vida ziyafəti tərtib etmiş və böyük bir çadır qurduraraq bir araya toplanmışdıq.
Digər
komandanlardan daha yaşlı olmam dolayısıyla hər kəsdən əvvəl bir-iki qədəh içmişdim. Bu vəziyyət qarşılığında
Büri ilə Güyük məclisi tərk edərək atlara minib uzaqlaşdılar.
Onlar gedərkən Büri "Batu bizimlə eyni dərəcədən olduğu
halda necə olur da bizdən
öncə içir?..
Saqqalı qadınlara bənzəyir,
onu ayaqla tərpətməli, dabanla
tapdamalı!" - deyirdi. Güyük "silah daşıyan
bu qadınların köksünə odun parçası atmalı!"
- deyirdi…
Yabançı və düşmən
xalqlar arasına göndərilmiş ikən
və durumumuz da mübhəm olduğu halda Büri ilə Güyük belə sözlər
söyləyərək bizi
tərk etdilər. İndi vəziyyəti xanın tədqiqinə ərz edirəm".
Nəzərə alsaq ki, Batu - Çüçinin,
Büri - Çağatayın,
Güyük isə Batunun məktub göndərdiyi Ögedey kağanın oğludur (yəni hər üçü əmiuşağıdır),
onda təsəvvür
etmək çətin
deyil ki, ali hakimiyyət və ya komandanlıqda nələr baş verir. Və onu da təsəvvür
etmək lazım gəlir ki, bu cür əsassız
münaqişələr monqolların
dünyaya hökm etmək iddiasına
tezliklə son qoymalı
idi.
VI əsrin ortalarında
tarix səhnəsinə
çıxan Göy türklərin tədricən
böyük siyasi qüvvəyə (hunlardan
gələn ənənə
ilə!) çevrilməsində
monqollarla tunqus-mancurların
"köməy"i olduğu
kimi, monqolların fütuhatında da türklərin tunqus- mancurların rolu danılmazdır. Və ona görə də "Monqolların gizli tarixi"ni almancaya çevirən Erix Haniş, bu sahə üzrə
mütəxəssis Əhməd
Temirin fikrincə, monqol tayfalarının siyahısını verərkən
fərqinə varmadan türklərlə tunqus-mancurları
da buraya daxil edir… Ən
əsası isə odur ki, monqollar
XIII əsrin sonlarına
doğru öz tarixi funksiyalarını (və "tatar" başda olmaqla bir sıra tarixi
adlarını) türklərə,
xüsusilə qıpçaq
türklərinə verməklə
missiyalarını bitirmiş
oldular… Və həmin missiyanı Əmir Teymurun başçılığı ilə türklər yenidən davam etdirməyə başladılar…
Fakt isə faktlığında
qalır ki, monqollar qısa bir dövr ərzində
dünyaya meydan oxudular… Və arxalarına baxmadan çıxıb getdilər…
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.5.