Hekayə diskurs kimi: "Dəccal"
"Ədəbiyyat qəzeti"nin yeni layihəsi: 25 çağdaş Azərbaycan
hekayəsinin ədəbi-nəzəri təhlili Elnarə
Akimovanın təqdimatında
Orxan Fikrətoğlu ədəbiyyata 80-ci illərdə
gəlsə də, yaradıcı potensialı, yeni üslubi
imkanları müstəqillik illərində meydana
çıxmış qələm sahibidir. Xüsusilə,
son bir neçə ilin ən gözəl hekayələri,
kinopovestləri həm də onun qələmində sərgilənir.
Oxunmalı, layiqli mətnlərin az halda ərsəyə
gəlməsi şikayətini səsləndirməyi sevən
bizlər üçün bu mətnlər təsvir predmeti,
ideya ifadəsi və düşüncə zəmini olmaqla nəsrin
ölçülərinə uyğunluğu ilə
meydandadır. Hələ ayrıca kitab kimi çap olunan
"Vaxt" və "Kinopovestlər"dəki əksər
mətnlər Orxan Fikrətoğlu nəsrinin ədəbi-estetik
hüdudlarını çevrəyən, ifadə edən
proza nümunəsi kimi bitkindir, cəmiyyət gerçəklərinin
təsviri, fikir konkretliyi və çağın qabarıq
ideyaları üzərindədir. Bu sıradan
müəllifin tək bir hekayəsini təhlilə çəkmək
maraqlı olar düşünürəm. Orxan
Fikrətoğlu dəst-xəttinin bir hekayədə əyaniləşmə
gücünü ortaya qoyan "Dəccal" hekayəsinin, məsələn.
"Dəccal"ın fabulasında Gəncəli Molla
Qafarın ömür hekayəti durur. Allah xofu ilə
yaşayan, həyatın mənasını onu zikr, təvəkkül
etməklə keçirən Molla Qafar qəfil
keçmişi ilə üz-üzə dayanmalı olur. Nə zamansa başqa şəhərə - Armavirə
bir neçə günlük alverə gedən Molla Qafarın
münasibətdə olduğu fahişə bir qadından
doğulan oğlu Sarışın illər sonra
qayıdıb onu tapır, həyatının sonrakı
davamına daxil olur. Süjet bu olay
üstündə qurulur.
İlk baxışda hekayə süjet xətti adi və
banal təsiri bağışlaya bilər. Hər gün
televiziyadan evlərimizə hücum çəkən
verilişlərdəki psevdodramalar, gözlərimizi
yağır edən təsirli qovuşma səhnəsi canlanar
təsəvvürünüzdə. Amma bu
qata vurğunu başlıca bədii təcəssüm predmeti
eləmək bulvar ədəbiyyatının işi, Orxan Fikrətoğlu
prozasının maraq sferasına isə kənar bir hal. Hekayənin mahiyyəti, məğzi daha dərinlərə
gedib çıxır, ciddi ədəbiyyat hüdudlarında
aktuallıq kəsb edir.
Orxan Fikrətoğlu qələmi üçün
kameralılığa müraciət güclüdür, ədibin
2016-cı ildə çıxan kinopovestlərində
olduğu kimi.
"Dəccal" da bizim nəsrimiz
üçün o qədər yayğın, işlək,
tipik olmayan kamera hekayəsidir. Nəql
olunan vaqeələr ekran əsəri kimi göz önündə
canlanır. Amma burada bir fərq var. Adətən,
bu təhkiyə texnikası ilə daha asan bədii vasitəyə
əl atırlar, əlavə təfərrüatlara lüzum
qalmır, obrazlar, onların portreti, xarakteri, əhval-ruhiyyəsi
geniş bədii təcəssümün predmeti olmur. Orxan Fikrətoğlu isə bu fənddən istifadə
etmir, hekayənin təsviri bütün komponentlərində, ədəbi-bədii
funksiyasında səciyyəsini tapır. Hələ
üstəlik klassik Şərq hekayəçiliyinin izlərini
də görmək çətin olmur oxucuya: "Molla
Qafarın yaşı əllini ötsə də, hələ əlli-ayaqlıydı.
Sağ qalana dərs, ölənə yas tuta bilirdi. Qafarın Gəncə mollalarından fərqi
ondaydı ki, Allahı özü tanımışdı.
Adətən adama Allahı kim isə
tanıtdıranda o qədər də yaxşı
tanımır. Molla Qafarın atası Allahı
tanımayan taksi sürücüsüydü. Həftənin
beş gününü arağa, iki
gününü dövlət istiqrazına qurban vermişdi.
Beləcə Qafarın yeddi yaşı olana qədər kişi "taksiyə" əziyyət verə-verə
yaşadı. Sonra da, günlərin bir
günü Əzrayılın "taksisinə" oturub
Allahı tanımadan o taya sürdürdü. Qafar
atasını aparan arağa və istiqraza uşaq ikən
tövbə dedi. Sonra Qafar özü
böyüdü. Ətrafa baxıb Allahdan
savayı heç kəsi arxasında görmədi".
"Dəccal" hekayəsində klassik nəsr
problematikasının - müsəlman fanatizminin ironik planda
aktuallanması, Orta əsr dini təfəkkürünün
diriliyinə işarə var. Hekayənin düşüncə
aktı birbaşa bu olmasa da, kontekst, həm də
vurğuladığımız məqamdan keçir. Lakin uğur mətndə
motivasiyasını tapan həyat hekayətinin seçilməsində
deyil, bütünlükdə struktur məzmunu və kompozisiya
əhatəliyindədir. Müəllif bir neçə
janr elementindən istifadə edir: satirik tərzdə
başladığı hekayəni getdikcə dram, sonra isə
faciə hüdudunda yanaşı gətirir. Molla Qafarın
daxili-psixoloji halları, gərginliyi, ruhsal-mənəvi təlatümləri
müxtəlif bədii vasitələrlə açılır:
qəhrəmanın düşüncələrində irəli-geriyə
dönüm sıçrayışları, fləşbəklər
və s. Təhkiyənin tonu da dəyişkən, oynaqdır:
təmkinli tərz getdikcə gərginləşən ifadə
planı ilə əvəz olunur.
Əsərdə Dəccal adlı konkret obraz yoxdur. Bu obrazla
müəllif bizi əsərin lap sonunda
görüşdürür, amma konkret deyil, şərti obraz
olaraq. Məlum olur ki, Dəccal elə
Sarışının özü imiş, onun simasında təzahür
edibmiş. Hekayənin emosional qatı da elə
onunla bağlıdır. Kəndə gəldiyi
gündən hamının, daha çox isə Molla Qafarın
ailəsinin ürəyinə yol tapan bu oğlanla əslində
Molla Qafarın nigarançılığı dərinləşir.
Niyə? Çünki Dəccal -
Sarışın xaos mahiyyəti, iblis xisləti
daşıyır özündə. Amma kənardan
gəlmir, insanın etdiyi əməlin sonucu kimi təzahür
edir. Molla Qafarın həyatına qəfil gəlsə də
əslində tərcümeyi-halının bir
parçasında yeri var: "Onda Qafarın otuz yaşı
ancaq olardı. Qonşu kənddən olan dostu
Namazın maşınıyla taxta gətirməyə
getmişdilər. Armavirə çatanda
onlara demişdilər ki, bu şəhərdə taxta olmur.
Taxtanın vətəni Tayqadır. Namazın bu "qanmazlığını"
bir-iki gün lağa qoyandan sonra dostlar Armavirlə
vidalaşmaqdan ötrü "Astoriya" restoranına
getmişdilər. Valentina ilə də orda tanış olmuşdular. Daha
doğrusu, Valentinanın özü onların mizinə
yaxınlaşıb, Namazı rəqsə dəvət
etmişdi. O dəvət, bu dəvət, Namazla Qafar taxta
üçün gətirdikləri pulları Valentinaya xərcləmişdilər.
Valentina arıq, uzunayaqlı, Sarışın qızdı. O qədər də
gözəl deyildi. Amma işvəliydi,
nazlıydı. Bir gün Namazı, bir
gün Qafarı çarpayısına qonaq edərdi. Valentinanın gecələr onunla nələr etdiyini
xatırladıqca Qafar "əstəğfürullah" -
deyirdi. Onunla keçirdiyi son gecə
olduğu kimi gözünün qabağına gəldi. Həmin gecə Qafar otağına qayıdanda
gözlərinə inanmamışdı. Kimliyi bəlli
olmayan altı-yeddi kişi Valentina ilə əylənirdilər.
Kişilər Valentina ilə əylənirdilər
demək də düzgün olmazdı. Daha
çox Valentina kişilərlə əylənirdi".
"Dəccal" günah motivi üzərində
qurulan hekayədir. Bir ömür hekayətinin arxasında
yaradılışın sirləri, dini-ezoterik
başlanğıc kimi amillər ehtiva olunur. Müəllifin günah motivi kimi niyə məhz
fahişə məqamını seçməsi faktı
çox düşündürdü məni. Etiraf edim ki, əvvəl bunu tutalğalı səbəb
sanmadım. Bir fahişə ilə
münasibətdə olmağın özündə
böyük günah elementi gizlənə bilərmi? Bəlkə müəllif daha tutarlı, daha əsaslı
məqam üzərində dayansaydı?! Məsələn,
qəhrəman içkili vəziyyətdə məsum birini
zorlasaydı, ona təcavüz eləsəydi... Belə
daha çox motivasiya edərdi, - deyə
düşündüm. Lakin getdikcə
hekayənin düşündürücü daha dərin
qatı açıldı gözümdə. Müəllifin
məhz bu məqama köklənməsinin, fahişə
obrazını əsas səbəbə çevirməsinin
özündə daha ali bir niyyət
güdüldüyünü hiss elədim. Yəni,
bizim sıradan bilib önəmsəmədiyimiz, əhəmiyyət
vermədiyimiz məqamların özündə belə
günah motivi gizlənə bilər. Hekayədəki bəzi
kodlar vardır ki, onların etiologiyası oxucunu dünya ədəbiyyatının
bir çox tanış əsərlərinə,
o cümlədən "Qurani-Kərim" mətninə
yönəltmiş olur: "Hər kəs etdiyinin üzərinə
qayıdacaq". Yəni, nə fərqi var,
fahişə, yaxud qeyri həyat tərzini seçən digəri.
Günah günahdır, vəssəlam! Orxan Fikrətoğlunun
da belə bir seçim etməyi müxtəlif yozumlara yol
açsa, oxunulan mətni hərənin öz versiyasında
uydurmağa təhrik etsə də, nəticə etibarilə
"yetişən hesab məqamı"na
işarə olaraq simvolik çalar kəsb edir: "Molla Qafar
olanların niyə olduğunu nəhayət ki, anladı. Həqiqət ona birdən-birə aşkar oldu.
Sənubərin ölümü özünü
Sarışından üstün bilməsinin cəzası
imiş. Axı ona fahişəyə qiymət vermək
ixtiyarını kim vermişdi? Yəqin buna görə də qızı fahişə
kimi ölmüşdü. O, gərək gənc olan
zamanlarda da Valentinaya fahişə təki baxmayaydı. Onu məsum qız təki sevəydi. Bağışlayıb, qadını edəydi.
Görünür Valentina onun taleyi,
yazısı imiş. Və o, bunu anlamadan taleyinin
acığına, ziddinə gedib. Özünü
fahişədən üstün bilib. Bununla
da hansısa qanunları pozub. İndi də
bu səhvə görə Valentinanın oğlu ondan intiqam
alır. Bu idimi ilahi nizam? Axı o fahişəni necə sevmək olardı?
Bu suala Molla Qafar hələ də cavab tapa bilməmişdi".
Müəllif əbəs yerə hekayəni daş
detalından başlamır. Hər şey Molla Qafarın
çiyninə dəyən daşla başlayır əslində:
"Çiyninə dəyən daşdan çox, Səkinə
arvadın sözü Qafarı tutdu. Ölüm
qapıya bir də gəlməsin deyə, kənddə
mollanın arxasınca qara daş atırlar. Səkinə bu səhər əfin-kəfin
olunmuş Təbriz kişinin əlli illik halalı idi.
Adətə görə ev yiyəsi kimi
qara daşı mollanın arxasınca yola o atmalıydı. Bəlkə daş çiynimə təsadüfən
dəydi? Molla Qafar sualını gözündə təsbeh
kimi şaqqıldada-şaqqıldada geriyə çevrildi. Səkinəni
əl işarəsi ilə yanına çağırıb:
"Daşı mənə niyə atırsan, ay arvad?" - soruşdu".
Daş
detalı hekayə boyu refren kimi təkrarlanır: "Səkinənin
atdığı o qara daş nə bəd daş imiş. Bütün ömrünü alt-üst etdi".
Sən demə, qarşıda onu keçmişdən
atılan daşın sarsıntısı gözləyirmiş.
Daş detalı bu mənada Sarışınla
gələn bədbəxtlik müjdəsi kimi
götürülür hekayədə.
Sarışın Molla Qafarın həyatına elə
belə daxil olmur. Onu viran qoyur, iki qızını yoldan
çıxarıb ölümlərini hazırlayır.
Qardaşından hamilə qalan böyük
qızı özünü lal uçurumdan atıb intihar
edir. Sarışının tələsinə
düşüb onun məşuqəsinə çevrilən
ikinci qızı da Molla Qafarın səhvən
Sarışına qurduğu tələnin qurbanına
çevrilir, atılan qumbara qızının üstünə
düşüb onu parçalayır. Hələ
Sarışının arvadı Güləri ələ
keçirmək niyyəti də var irəlidə.
Müəyyən sürreal-psixoloji əsasları olsa da
hekayə real bədii gerçəklərdən tutmuş
romantik çalarlara, ironik modusa qədər əsr öncənin
məna və məqamlarına söykənir. Mətn realist
cizgilərlə yanaşı satirik rəng və obrazlı
deyim qarışığında təsvir olunur. Orxan Fikrətoğlu Şərq təfəkürünü
diriliyində müasir nəsrə çəkib gətirə
bilir. Şəxsən mənim üçün hekayə
bu qata vurğusu ilə daha önəmli görünür:
müəllifin məişət səhnələri, milli həyatın
təfərrüatlarını realist təfəkkürlə
təsvirə çəkməsi, ötən əsrin əvvəllərinin
məşğul olduğu məsələləri yenidən nəsrin
materialı kimi təqdim etməsi ilə:
"Sarı
Həmid məscidə girib ədəblə "salam" verdi. Ayağını
çəkə-çəkə yaxınlaşıb Molla
Qafarın yanında yerə çöməldi.
Üzünü Molla Qafara tutub: "Sənə bir sual verəcəm?"
- dedi.
- "Yenə yuxu görmüsən?"
Sarı Həmid:
- Yox. Yuxu deyil - dedi.
Molla Qafar
"Buyur, ver sualını" - pıçıldadı.
- Molla Qafar, düz deyirlər ki, Məryəm ana İsa
peyğəmbəri bakirə ikən doğub?" - deyən
sarı Həmidin gözlərində şeytancıqlar
oynaşdı.
Molla Qafar
"Uzaqdan gəlmişlik eləmə. Sözünün
mustafasını de," - dedi.
- Bu
Sarışın ancaq bir yolla sənin oğlun ola
bilər. Sən bunun anasına nəsə eləsən.
Eləmisənsə heç. Eləməmisənsə,
deməli sən Məryəm ana kimi müqəddəssən?..
Molla
Qafarı gülmək tutdu: "Eləmişəm. Sakit
ol" - dedi.
Sarı Həmid
elə bil yüngülləşdi: "Deyirəm axı... Adam lap təmiz adamdan qorxur. Yaxşı
ki, o qədər təmiz deyilsən. Bizlərdənsən,
doğmasan.Yoxsa sən hara, Məryəm ana hara?"
Molla
Qafar: - Cavanlıq səhvidi də, Həmid. Cahil
olmuşam. Bilməmişəm. And olsun Allaha, o Sarışının anasından
başqa daha heç bir günahım olmayıb. - pıçıldadı".
Klassik təhkiyə
üslubunda yazılmış bu epizod xalis Şərq hekayətini
yadımıza salır, Molla Qafar bəzi hallarda Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə,
Yusif Vəzir Çəmənzəminli hekayələrindən
tanıdığımız personajları - Məhəmmədhəsən
əmini, Novruzəlini, Usta Zeynalı, Şeyx Şaban, Mirzə
Səfəri xatırladır. Ötən əsrin əvvəllərində
yaşamış milli fərdi - Orxan Fikrətoğlu
bütün saflığı, avamlığı, sadəliyi,
əxlaqı içrə XXI əsrin əvvəllərinə
daşıyır və bəzi məqamlarda qatı yumorla
aşılanmış hekayəni realist düşüncə
sınırlarına da çıxarır: "Molla Qafar
Lomonosov kimi arıdan-zaddan satıb bir az pul düzəltdi. Və elm dalınca Bakıya üz tutdu. Bakıda üzmü qalmışdı? Bakı keçidə oxşayırdı. Nə əvvəli vardı, nə axırı.
Adamlar üzlərini əllərində tutub
Bakıdan keçib harasa gedirdilər. Bu tələskən
adamlardan "bismillah" deyib, "əstəğfürullah"
soruşmaq olardımı? Bakı Molla
Qafarı peşman etdi. Burda Allahı
tapmaq, kənddə telefon köşkü tapmaq kimi bir şey
idi. Əlinə çıraq alıb nə
qədər axtarsa da, o boyda Bakıda imanda özündən
safına rast gəlmədi. Bakıda Allah bilməyənlər daha
çox idi. Allahın görmədikləri də az deyildi. Allah bilənlərin
yarısı imam tanıyan idi. Yarısı
imam tanımayandı. Yerdə qalanlar isə
nə imam tanıyandılar, nə də Allah sayandılar.
Onlar sadəcə saqqal buraxıb din alveri edirdilər.
Yasin satırdılar. Qəbir
yeri satırdılar. Ehsan üstə
savaşırdılar. Qafar öz
savadsızlığına şükür edib kəndə
qayıtdı. Və iki gün-iki gecə
kənd adamlarını tövləyə yığıb
onlara öz Allahından gap etdi. Onun
Allahı hamının tanıdığı xalis Allah
idi".
Bu fikirlərdə oxucu artıq Cəlil Məmmədquluzadə
nəsrinin və onun müasirlərinin
uğraşdığı bədii idrak probleminin
aktuallığını, onun fikir forpostunu tanıya bilir.
Və
buna alternativ olaraq Sarışın obrazının təqdimi:
"Sarışın üzdən Qafara oxşasa da, əməllərindən
oxşamırdı. Əməllərində
biclik vardı. Kəndi özünə məqsədsiz
yerə ram etmirdi. Qafarı da ən çox
qorxudan buydu. Ona həyatın ləzzəti
kədərindən yaxın idi. Sarışın
ölümdən, Allahdan qorxmurdu. O, heç nədən
qorxmadığı üçün qorxuluydu.
Sarışın həyatı an bilirdi. Və bu anı öz xeyrinə dəyişməyi
sevirdi. Axirəti anlamırdı və qəbul
etmirdi. O, həzz adamıydı, tövbəsi yoxdu. Allaha təslim olmamışdı. Özünə qadağa qoyanlardan deyildi. O,
indi, bu gün, bu dəqiqə olanlardan ləzzət
almağı sevirdi. Onun üçün nə
keçmiş var idi, nə gələcək. O indinin
adamıydı. Məzluma qalib gəlirdi. Özündən zəifi
bağışlamırdı. Qadağaları
belə həyasızcasına ləzzətə çevirirdi.
Adam var ki günah etdiyini biləndə qorxur.
Günahı təninin ağlı ilə etsə
də, daxildə peşmançılıq çəkir.
Bu daxil onun vicdanıdır. Etdiyi günahın əziyyətini
illərlə yaşayır. Belə adamın
nizamı, daxili yazısı imandandır. Özü
dərk etməsə də, nizamı Allahdandır. Adam da var ki, etdiyi günahdan həzz alır. Günah edəndə və sonra heç bir
peşmançılıq çəkmir. Sarışın
günahından belə həzz alanlardan idi. Onun yazısında peşmançılıq yox idi.
Günah elə bil onun qanında, canında
idi".
Sarışın Molla Qafarın həyatı,
düşüncə tərzi, dünyabaxışına zidd
obraz kimi yaradılır. Günah kimi doğulan bu obraz Molla
Qafarın yalnız dəngəsini pozmur, onun sonunu gətirən
amil kimi zühur edir. Birinci məqamda
müəllif fanatik müsəlman düşüncə tərzini
nümayiş etdirirsə, ikinci məqamda bu illüziyadan kənar
götürülən Günah motivinə diqqət çəkir.
Burada günah motivinin ilkin
daşıyısıcı Molla Qafardır. Hekayə boyu heç bir fövqəltəbii
qüvvə ilə rastlaşmırıq. Müəllifin
əl atdığı ən gözəl priyom budur, zənnimcə. Bütün olaylar
gerçəklik kimi təsvir-təqdim olunur. Və
yalnız son anda müəllifin real konturlarını çəkdiyi
təsvirin iyerarxiyası pozulur, şərtilik ünsürləri
təzahür edir: "Onu bir neçə dəqiqə sonra məhkəmə
salonundan həbsxanaya aparacaqdılar. Molla Qafar
ağır-ağır ayağa qalxdı. Çevrilib
Gülər tərəfə baxdı. Baxışları
ilə olsa da qadını ilə halallaşırdı. Gülər salonun ortasında Sarışını
sinəsinə sıxıb ağlayırdı.
Sarışının əli Gülərin bu gün bir az dik görünən döşlərinin
üstündəydi. Gülər də Sarışını
bir az başqa cür
qucaqlamışdı. Əyninə geydiyi qara paltarının
ətəyi bir az yuxarı
qalxmışdı. O, əvvəllər belə paltarlar geyinməzdi.
Sarışın Molla Qafar görsün deyə,
sağ əlini yavaş-yavaş Gülərin kürəyindən
aşağı sürüşdürüb arxasında
saxladı. Və salondakı qarışıqlıqda
Gülərin yumru
arxasını sığallamağa başladı. Qəribəsi bu idi ki, Gülər də onun əlini
geri itələmirdi. Molla Qafar nə deyəcəyini,
nə edəcəyini bilmədi. Yerə
tüpürüb salondan eşiyə çıxdı. Addımını atdıqca qollarını sıxan
qandal qəribə səslər çıxarırdı.
Maşına minənə qədər Molla Qafar
heç nə düşünə bilmədi. Yenə olanları Allahın ixtiyarına buraxdı.
Ancaq gecə
təkadamlıq kamerada işıqlar söndürüləndən
sonra Molla Qafar döşəməyə çöküb
üzünü göyə tutdu və utana-utana
pıçıltıyla kimdənsə: "Sən hələ
ordasan?" - soruşdu...
Və
birdən qulaqlarına açıq-aydın Sarışının
səsi gəldi: "Əlbəttə, burdayam... harda
olacam?"
Belə...
Hara gedirsək gedək, içindən qurtula
bilməz insan. Hekayədən əxz olunan başlıca
ideya budur! "İnsan və dairə" zaman içində
hərəkəti müəyyənləşdirən
başlıca nəsnədir: nə zamansa törədilən
günahlar sonradan insan kimi yaşamağın
qarşısında ən böyük maneəyə
çevrilir, başlanılan yola, əməllərə
qaytarır sahibini.
Orxan Fikrətoğlu ümumiyyətlə, təsəvvüf
kosmoqoniyasının ruhunda düşünən, katarsis
proseslərini, yetkinləşən insan səviyyəsini
yaradıcılığının başlıca prioritetinə
çevirən yazıçıdı. Bir qədər
əvvəl onun "Oğulnamə"sini oxuduğum zaman
buna daha çox əmin oldum. Orxan Fikrətoğlu
məhz bu problematika - yetkin şüur, özünü dərk
edən fərd məsələləri barədə
düşünür. Bir də irfan
düşüncəsi, insanın katarsis prosesi. Onu ideal və real təzahürlərində mətnə
gətirməyə, dərinlərinə varmağa
çalışır, ruhla cismin bağlılığı
ideyasını təcəssüm etdirir.
"Allah"
tematikasına müraciət Orxan Fikrətoğlu mətnlərinin əsas
ruhu, bədii-fəlsəfi əhval-ruhiyyəsidir. Tanrı burada yalnız müraciət obyekti deyil, həm
də yazıçının metafizik ruhundan doğan sakral
obrazdır. Maraqlıdır ki, Orxan Fikrətoğlu
mətnlərindəki kinayə, etiraz dalğası bu mətnləri
başlanğıc məqama - sakrallığa
bağlılıqdan məhrum etmir.
Tanrı mövzusunun önə keçdiyi zaman və məkan
reallığında demonizm motivinin olması da
labüddür. Çünki insanlıq tarixi həm də
aldanışlar tarixidir. Ona görə
yazıçı insanın süqutu süjetini onun əxlaqi-psixoloji
məzmununda izləyir, aldanışlarına işıq
salır. "Dəccal" bu mənada
insanı və dünyanı vəhdətdə dərk etməyə
yönəlmiş idrak hadisəsidir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.6-7.