Madriqal
Bura qədər imiş...
Burda bitəcəkmiş hər
şey...
Burda batacaqmış bütün
günəşlər...
Burda diz çökəcəkmiş
gecələr...
Allahın
qarşısında...
Ay burda soyunacaqmış qaranlığını...
Burda çalınacaqmış bütün
bəstələr...
bütün ağılar...
Burda yalvaracaqmış tanrıya
bütün ağrılar...
Səni
sevə bilirəmsə,
deməli hələ sağam...
Gülə bilirəmsə deməli
hələ insanam...
Ağlaya
bilirəmsə deməli
hələ uşağam
Ağrıya bilirəmsə deməli
hələ də
davam edir bu ilahi komediya...
Süpürgəçi qadınların
da gücü çatmadı
dizlərimi
küçənizdən süpürüb
atmağa...
Sonuncu nəfəsinin də gücü çatmadı
gözlərimi üfürüb
oyatmağa...
Ver
"əlvida"nı
mənə...ver
Kəsib
atacam əllərimi onunla...
İki əbləhdən də qurtulacam sonunda...
Bu lənətə gəlmiş
yarpaqlar
niyə saralıb tökülmür?..
Bu yağışlar niyə
gecikir belə?..
Alçaqlar... bütün sirrimi
açacaqlar...
Nə yaxşı ki, sən yoxsan yanımda...
Güclü adam roluna girməkdən
bezmişdim zatən...
Süzün badələrə, dostlar
Bu gün qayıdış günüdü...
And olsun o yağmayan
yağışa...
And olsun o saralmayan
yarpaqlara...
And olsun Ana Günəşə
ki...
Sən milyon da qayıdıb
gəlsən...
Mən səni milyon da bağışlayacam...
Çün... ölmək üçün
başqa bir yolum yox...
Ayrıc
Allaha nə deyim, nə deyim, allah
əlini də ağdan qaraya vurmur..
Gəzdirir əlini kül
bədənimdə...
yaram oradadı...oraya vurmur...
Əsəbi ulduzdum... Göy
kürəsindən
...yanıb-tökülmüşəm
Yer kürəsinə...
Torpağın bağrından çıxır
buxarım
yaşayarcasına...ölərcəsinə...
Vaxtında səmaya çox
üz vermişəm
indi bir yağışlıq sözümə
baxmır...
Torpaq da nə yaman
sevirmiş məni
bir yol qucaq açıb...tutub...buraxmır.
Ay torpaq, mən qədər çirki neynirsən?..
burax, çıxım
gedim öz xarabama...
Demirəm ki, hər gün gəlib-gedəcəm
arada gözucu baxacam amma...
Məni
tanımırsan, bilmirsən,
məndə...
...yarasa qulağı, it nəfisi var
Yolsuz bir adamın ayaq izləri...
Ümidsiz bir qəlbin közərtisi var...
Xəyalından ötə bir addım atmaq...
...söylə görüm,
kimin başına gəlib?
Biryolluq
tərk edib bədin evini
...ömürlük qonaqtək
xoşuna gəlib?
Kövrəldə bilmirəm çılğın
buludu
bir az sakitləşə...bir az ağlaya...
Bir az da taleyin gözündən tutub
araz sakitləşə...araz ağlaya...
Bəlkə bir sözün
var, denən, utanma
bir də gördün, evə dönürəm sabah
Bu torpaq bezəndə...bu göy alanda
Allaha nə deyim... nə deyim, Allah?
Bir damla zaman...
Gecə
qaranlığına çəkilib
ağlayır..
Qaranlıq zülmətinə çəkilib...
qulaqlarını bağlayıb
sonsuzluğa...
Sənin
göz yaşlarını
görməsin deyə...
İndicə bir ac pişik
ərzaq mağazasının
yanında
pəncələrinə sığınıb...
quyruğu kəsilən
it
sahibinin dalıyla qaçmır indi...
sənin göz yaşlarını görməsin
deyə...
hardasa...hansısa göldə...
balıqlar daha sürətlə üzür...
hardasa...hansısa meşəlikdə....
dovşanlar daha sürətlə qaçır...
sənin göz yaşlarını görməsinlər
deyə...
neçə gündü
bütün evlərdə...
saatlar tələsir zamansızlığa...
neçə gündü
bütün minarələrdə...
azanlar gecikir məkansızlığa...
sənin göz yaşlarını görməsinlər
deyə...
əsrlərdi boz dağlara ...
nə qar yağır nə yağış...
alma budağındakı sərçə
balalarının üstünə
düşmür bir dənə yağış...
sənin göz yaşlarını görməsin
deyə...
oğrular soymurlar
yaşlı qadınları...
minillərdi sındırılmır
aynalar...
analar atmırlar övladlarını...
...yalqız yetimxana
künclərinə...
Sənin
göz yaşlarını
görməsinlər deyə...
Həbsxanalar boşalıb...
Polislər azalıb neon şəhərlərdə...
Arada vəhşilər də...
Anonim küçələrin yetim
tinlərində
toplanıb kövrəlir
hərdən
Sənin
göz yaşlarını
görməsinlər deyə...
Soyuqluqdan
bezdiyinə...
Məsumluğu əzdiyinə...
Yanlış yollarda gəzdiyinə
görə...
Yıxıldı sonsuz peşmanlığa...
Düşdü əbədi ümidsizliyə...
...və tanrı cəhənnəmi yaratdı...
Sənin göz yaşlarını görməsin deyə...
Ülvi BAHADIR
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.7.