Sənsizliyin yadından
Getmək
istəyir insan uzaqlara,
Daha gecənin üzü ağarmamış,
Günəşin saçları tökülməmiş
dağların döşünə.
Oyanmamış küçə itləri,
Gecədən qalma yorğunluğunu
almamış
Şəhər fahişələri
Getmək
istəyir adam.
Toplayıb qəribliyini, təkliyini
Oyuncaqlaşmış arzularını
qızlıq paltosunun
cibinə
Qaranquşlar qayıtmamış,
məzarlarda ölülər
soyumamış getmək...
İçimizdəki uzaqların adamıyıq.
Bu şəhərdən xəbərsiz
Küçələrin yaddaşından silib izlərini.
Qapayıb pəncərəsinin gözlərini yoxluqlara,
Çəkib qapıları ardından
Çıxıb heç olmamış
kimi sənsizliyin yadından...
getmək istəyir
insan.
Bir qadın təkliyində
Bir qadın təkliyində neçə kişi
üşüyür,
Neçə kişi uduzur
Sevgisini,
Özünü.
Baxışında son bahar gəzdirən
hər qadının
Saçlarında kim bilir
Neçə tənha gecənin
Sığalsız, cod əli var.
Azğın küçə ititək
təkliyinə alışmış
Tənha
qadın bəxtinin
Danışmayan,
Dinməyən,
Hayqıran baxışları,buz
kəsilmiş dili
var.
Bir qadın təkliyində neçə körpə üşüyür
Divarlar üşüyür,
açılmayan qapılar
Pəncərələr üşüyür.
Günəşini dəfn edib gecənin yatağına
Saatı cəllad olub ömrünü qılınclayır.
Bir qadının təkliyi
Baxışından,
Saçından
Üsyankar gülüşündən
Və bətnindən
başlayır.
Bakım
Bakım,
Çılğın gəncliyimin mütəvazı şəhəri!
Mənim şeirlərimin sevgilisisən.
Dəli
küləklərin üçün
darıxıb saçlarım,
Öpsəm Xəzərin göz
yaşlarından
Sahilində intihar etsəm özləyişlərimi,
Gözləyişlərimi.
Oğurlasam qağayılarının azadlığını.
Bakısızlamışam,
Heç
bilmirəm
Nə vaxt,
Haçan biz bu qədər doğmalaşdıq.
Nə vaxt sevdim səni?
Nə vaxt danışdıq?
Hansı təkliyin tanışlarıyıq?
Yosun qoxulu sevgilərin,
Dalğa
çırpınışlı ayrılıqların,
yalın ayaqlı,
Çılpaq təkliklərin əl
dəyməmiş məsumluğu...
Hürriyyətim,
Hədsizliyimin dəli şəhəri
Hərlənir başımda buludu
darıxmaqlarım...
ipə yatmaz
və sərsəri.
Bir gəlsəm,
Nəfəsimə çəksəm qoxunu.
Yuxuya getməyən
gecələrinin sərxoşu
olsam.
Öpsə sinəmi Xəzrinin
nəmli dodaqları
Sevişsəm küçələrinin erotik
sükutsuzluğuyla.
Bakım
mənim,
İçimdəki fırtınaların,
Təkliklərin,
Özündən yoxa çıxmışlıqların
sevgili yatağısan.
Bax, bu qədər darıxmışam,
Bax, bu qədər sənsizəm
Sən özünə
sığmayan bir qadının sirr ortağısan.
Nə deyim əllərini isitsin
Bəzən doğru kəlməni
tapmaq üçün,
Yüzlərlə sözü yazıb-silirəm
mesaj qutumdan.
Ne deyim əllərini isitsin
Nə deyim gözlərindən öpsün deyə
oynayıram sevgi lüğətləriylə.
Etinasız keçə bilmirəm
sənə aid olanların
solundan,
Xəritənin bir ucunda sən
Ölkənin bir qütbündə
mən
Və bu məsafələrə
rəğmən
Mən hələ də sənə yaxın olmaq istərkən,
Nə yazım?
Eyni yerdən ağrıyır
ruhumuz
Eyni şəhərdən keçir
səadətimizin yalın
ayağı,
Sən bir otağı bezdirirsən təkliyinlə
Mən bir şəhərin sənsizliyin
söyürəm.
Ayrılıq nədir soruşsan,
dəyərlim,
Ağlından keçənin küçəndən
keçməməsidir,
Susmasıdır gülüşlərin
Öpüşünə həsrət dodaqların yaşlanmasıdır
Və bir qadının makyajla
özünü hamıdan
gizləməsidir.
Malefiz
Mən inandığım nağıllar
nağıllarımda qaldı
Gözlərimiz böyümədi,
Gözlərimizdəkiləri böyütdük.
Əllərimiz böyümədi
Bir ələ sığınacaq
qədər anlamsızlaşdı,
Pişik yuxularımdan oğurlandı
xumarlı xəyallarım.
Oxuduğum kitablara bənzəmir
həyat,
Bildiyim məsumiyyətlər
şeirlərdə qalıb.
Ruhuma gömdüyüm
xəyalqırıqlarımdan öfkə cücərir.
Mən,
qanadını sevdiyi oğurlamış "Malefiz",
Haqsızlıq dişi əcinnə
Səsi
daha ürküdücü,
Daha tiz...
Məni
hər tikədə
"böyüməklə" aldadan qadın,
Sənə bənzəmir
Indi bildiyim qadınlar.
Atama oxşamadı
inandığım insanlar.
Nağılım oğurlanıb, anam,
Böyüyürəm,
Böyüdükcə qorxuram.
Sarıl
mənə,
Sarıl
ana,
Mən hələ
də uşağam...
içimdəki qorxularımla.
Gülsadə
İBRAHİMLİ
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.29.