İnsan mənzərələri
Pirayə xanıma
Ankarada
ən böyük otel
Mösyü
Düvalındı.
Bir də
sement var
əlində,
sement!
İnanılmaz pul qazanır.
Müharibə qapımızdadır.
Müdafiə
sənayesində
sementin,
diplomatiyada
otelin
rolu böyükdür…
Bayırda
Ay var,
dəniz
var,
dənizin üstündə
yelkənli
yuxudan bir gəmi,
insana
yalnız
böyük,
şəfqətli
və
gözəl
şeylər düşündürən…
Bayırda
Ay var,
dəniz
var,
bir də
dənizin
sahilində
çöllərin
və ağacların
bəxtəvərliyi…
- Bu
Mösyü Düval
Osman Nəcibin
dostudurmu?
- Dostu
yoxdur
Osman Nəcibin,
sadəcə,
pul
alır onun şirkətindən.
- Təhsinlə
Mösyü Düval
tanış-bilişdilərmi?
- Yox,
Təhsin Bəbəkdəki
villasının
sementini alıb ondan,
bir
quruş da vermədən…
Bayırda
Ayın altında,
dənizin
sahilində
yarpaqlardan
və
quşlardan
yükünü
tutmuş bir ağac…
- Bir az
məhzun
görünür
sizin
Mösyü Düval.
- Yenə
heç
cür
dünyaya
gətirə bilmədiyi
çocuğunu düşünür.
Arvadı qısırdı.
Hərif
dəhşətli
dərəcədə
katolikdir
-
boşaya
bilmir arvadını
qorxur.
Hər
halda,
kədərli
şeydir,
bu
dünyadan gedərkən
yurdunda
milyonların qala,
tək
bir çocuğun isə yox…
Bəmbəyaz
bir gecə
keçir
mavi
şüşələrin arxasından,
amma
bunun fərqində
deyil
lüks
vaqonun içindəkilər…
Bir
qəribə
tərzdə güldü
siyah
əlbisələrin əsməri,
sivri
burnu
dartıldı
yuxarıya doğru,
sordu
arkadaşından:
-
Mösyü Duvalın
masasında
neçə adam var?
-
Üç.
- Xeyr,
dörd.
Düval,
bir,
Cazibə, iki,
Osman Nəcib,
üç,
və
Şinasi bəy,
dörd.
Fəqət
siz
Şinasi bəyi
görə
bilməzsiniz,
çünki intihar etdi zavallı -
özü
öz əli
ilə
bəmbəyaz
alnına
bir güllə sıxdı.
Altmış yaşındaydı hənuz.
İxtiyar
bir insanın intiharı
ixtiyar
bir insanın
ağlamasına
bənzər,
ikisi də
rəzalət,
ikisi də
gülünc,
ikisi də
ümidsizlikdən
doğan
bir
bədbinlik…
Əski
Dövlət
Şurasının
üzvü
idi Şinasi bəy.
Onu
barıt
işinə nəzarət edən
idarə
heyətinin tərkibinə saldı
Mösyü
Düval -
səhv
elədi,
çünki
bizdə
yeni
insanlar
gəlmişdi iş başına.
Sonra
barıt
dövlətin
nəzarətinə keçdi,
Şinasi
bəyi
işdən
çıxartdı
Mösyü
Düval -
düz
elədi,
çünki
bizdə
yeni
insanlar
gəlmişdi iş başına.
Fəqət
bu
düz iş
bir
balaca
yanlış göründü
Şinasi bəyə.
Və
bir səhər
sübh
çağı -
"Bumm!" -
Şinasi
bəy
sizə
bağışladı ömrünü.
Deyirlər
ki,
otağına
qapılıb,
o
gecə səhərə qədər
"Aida"
operasını
dinləmiş
qramofonda.
Ay
işığından
qapqara
bir qatar keçir,
qapqara
bir qatar,
yalnız
ara-sıra
təkərlərindən
qığılcımlar
çıxır…
Siyah əlbisələrin
sarışını
siyah əlbisələrin
əsmərindən
soruşdu:
- Bu
tösmərək,
şişman,
qıllı
adam kimdi?
Gözləri
yağlı
zeytun dənələrinə
bənzəyir,
necə
də
həyəcanla
danışır.
-
Gördüm.
Qasım Əhmədov.
Mühacirdi.
Sovetlər Birliyindən qaçıb.
Berlindən
gəlmiş
bir
turançı da olsam,
qardaş
deyə bilmərəm
belə adama…
- Yəni,
hərif
o qədərmi
rəzildi?
- Yox,
canım,
rəzil nədi,
bicdi,
çox bicdi.
Maliyyə
və sənaye
məsələlərindən
anlayacaq
qədər ağıllıdır
və
kələkbazdı
bir az.
Bundan
iyirmi iki
il öncə -
pulemyot
səsləri ilə
dolu bir
gecədə
Batumda
kapitan
Vasilyevin
yük gəmisinə
minib,
qaçır
bolşeviklərdən.
Qara dənizin
ortasında
ikən
ölür
haçasaqqal kapitan,
zatən
çox qoca idi…
Və
gəmi
İstanbula
çatdığı
zaman
Batumun
çamadansız,
narahat və
həyəcanlı yolçusu
Əhmədov
cibində sənədi-sübutu
gəminin sahibi kimi
Qalata
limanına ayaq basır.
İstanbul
işğal
altında idi
o
zaman.
Amma
ingilislərin
komendantı
təsdiq
edir sənədi
və
iki ay sonra
italyanlara
satılır gəmi -
və
qəlyanlı
bir kişi ilə
Əhmədovun
arasında
bölüşdürülür pulu…
- Rəzalət.
- Yox,
canım,
bir
transfer məsələsi.
Sizə
bir
şey də deyim…
- Yox,
deməyin,
anladım.
Orda
neçə adam var?
Dörd.
Deyəcəksiniz
yox, beş.
Yəni,
biri də
ölmüş
kapitan.
-
Çox arifsiniz,
Amma
gözünüz
uzağı
o
qədər də
yaxşı seçmir.
Doğrudur,
orda bir
ölü də var -
Əhmədovun
viski
bakalına
sarı
əyilib,
Fəqət,
yaxşı
baxın,
haçasaqqal
qoca kapitana
bənzəyirmi?
Bənzəmir.
Gənc,
uzunboylu,
üzü
qırxılmış
bir ölüdür bu.
Ölə
bilmək üçün
gizlicə
bir
okeanı,
iki dənizi
aşması
lazım gəldi.
Amerikan
neft
şirkətlərindən
birində
mühəndis idi,
Çikaqoda
işləyirdi -
büro
işlərində.
Qanqster
olmağı belə
bəlkə
düşünmüşdü,
amma
ölməyi
düşünməmişdi
Boğaziçindəki
otelə
gələnə qədər.
Və
bir
traş maşını kimi
uzunsov
üzündə
iz qoymadan
keçib gedəcəkdi illər
Geliboluda neft
kəşf
edilməsəydi əgər.
Və
rəsmən
möhürlü
vəsiqələrlə,
şüşələrə doldurulmuş
nümunələrlə
bərabər
neft
şirkəti
bu kəşfdən
tutunca xəbər
İstanbula göndərdi onu.
Qasım
Əhmədov
kəşf
etmişdi nefti.
Avtomobillə
gizlicə
Geliboluya getdilər.
Neft - dövlət sirri sayılırdı.
Elə o
axşam
quyu
qazıldı -
yerdən
bol və
təmiz
neft
çıxdı.
Neft
işlərində
vaxt itirmək
məqbul
sayılmır -
mühəndis
teleqraf
yolladı dərhal:
"Üç yüz min dollar göndərin. Nöqtə."
Bəlkə
bir az sərxoş
idi
göndərərkən
teleqrafı,
hətta
quyu qazılarkən də…
Fəqət
o illərdə
içki
yasaq idi Amerikada,
amma
Əhmədov Coni Valkerlə
doldurmuşdu
avtomobilin arxasını
viski ilə.
Sonu bəllidi hekayəmin.
Alındı
üç
yüz min dollar
və
bölüşüldü lazım gələnlərlə,
yarıbayarı.
Mühəndis
səkkiz
yüz litr
neft
çıxardı ordan,
çünki
Əhmədov yeri
qazdırıb
min
litr neft
tökdürmüşdü ora,
yəqin
iki
yüz litri
torpağa
hopmuşdu…
- Bəs
mühəndis?
- Dedim
axı:
Boğaziçində
bir otel…
Sübh
çağı…
Əlvida,
Amerika!..
Bummmmmm….
Nə
qorxunc şeydi
sübh
çağı
rənglərlə
və
pırıltılarla oyanan
aydınlığın
dünyadan
gedəcək
insanları
ölümə sarı
belə
asan çəkməsi.
- İyrənc
adamdı
bu
Əhmədov.
- Bəli,
amma daz
başı
əvvəlki
kimi işləmir artıq.
Yanındakı
gənc qıza baxın:
İncə-mincə
şeydir,
hər
halda,
bir
mandarin
dilimi
kimi dadlıdır.
Amma
Ankaraya
nahaq
aparır onu
Əhmədov,
Ankara
qocaldı,
çox
qocaldı…
Gümrah
bir
kişi gülüşü
qopdu
masaların birindən,
siyah əlbisəlilər
gülüş
gələn səmtə baxdılar.
Hikmət Alpərsoy idi gülən.
Yaraşıqlı,
şux,
əlli
beş yaşında
bir
adamdı.
Qəhqəhəsindən
enli
çiyinləri titrədi,
yaşıl
gözləri qıyıldı.
Siyah əlbisəlilərin
sarışını
siyah əlbisəlilərin
əsmərinə
dedi:
- Nə
sağlam adamdı…
Görünür,
bir xəstəlik
də
keçirməyib.
- Yox,
canım,
xroniki
bel soyuqluğu vardır.
Amma bu
bəlkə
də
xəstəlik
sayılmır...
- Nə
pis adamsınız...
- Sizə
yaxşı
adamam dedimmi?
- Hirslənməyin.
- Niyə
hirslənməyim ki?
Arada
Hikmət Alpərsoy
bir
dəfə də güldü.
Siyah əlbisəlilərin
sarışını
siyah əlbisəlilərin
əsmərinə
dedi:
- Gülməyi
xoşuma
gəlir
bu
adamın,
ürəkdən,
özünü
qısmadan,
rahat,
hər
halda,
işıqlı
bir qəlbi var.
- Hə,
elə də
qaranlıq deyil.
Elektrik
lampası kimidir
insan
ürəyi,
cərəyan alırsa,
işıq
verir.
Cərəyansız
lampa
yaxşı
olsun
istədiyi
qədər,
nə
işıl-işıl yanar,
nə
özünü göstərə bilər.
-
Zarafatı buraxın.
-
Tutmuşam ki, buraxım?
- Bu adam
kimdi?
- Bəy
Hikmət Alpərsoy.
Dəllal.
Fabrik sahibi.
Dəhşətli dərəcədə şorgöz.
Fransızların
dediyi
kimi:
"Bon enfan bon vivör".
Səfərbərlik
illərində
hərbi
qulluqda idi,
fəqət
bacısı
alman zabitləri ilə
çox
yaxınlıq edir deyə
işindən
atıldı -
Ənvər paşa tərəfindən.
(Ənvər
paşa
sufi idi
bir az,
hələ muhadderatı -
islamiyyə
məsələsində...)
Fəqət
atəşkəs
yetişdi
imdadına
Hikmət
Alpərsoyun.
Və
ardından
Anadolu Qurtuluş
Savaşı
iki ildə
milyoner
etdi hərifi.
- Necə?
- Silah
və əsgər çəkmələri
qaçaqmalçılığı
ilə.
Malları
Anadolu hökumətinə
göndərirdi
Hikmət,
adı
da olurdu
vətənə
xidmət...
Ucuz
alıb,
baha
satırdı -
bu
imiş ticarət...
- Nə
çirkin şeylər danışırsınız.
- Taxta
adının
dəyişməsi ilə
gözəlləşməz.
- Xeyr,
birtərəfli
danışırsınız.
- Demək,
bir
çox tərəf varmış,
mən
hansındanam?
-
Şey...
Hikmət
Alpərsoydan
danışırdınız.
- Bəli.
Danışılası
bir şey
qalmadı
fəqət.
Sonra
Fransa və İtaliya ilə
iş
gördü Hikmət
və
nəhayət,
Almaniyada
qərar tutdu.
Yenə
Ankaraya
silah
satdı.
Fəqət,
artıq
nə milli qaçaqmalçılıq,
nə
vətənə xidmət,
qanun
çərçivəsində
düpbədüz
ticarət.
Hikmət
qayət
gözəl
avtomobil sürür.
Bir
çiçi apartmanı var Berlində,
Parisdə
kazinosu...
Hətta
öz
şevrolyesi ilə
Avropanı gəzdirdi
İstanbul valilərindən birini.
Hikmət
Alpərsoy
zaman-zaman
bədbinliyə qapılmasına rəğmən
eyni comərdliklə
xərclədi
sevincini və pulunu.
Fəqət,
heyif ki,
iki
ildir bir yəhudi qızı
ələ keçirdi bu çılğın arvadbazı,
yaşıl gözləri
ondan
başqa
bir
qadın görmür artıq...
Ardı var...
Nazim HİKMƏT
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.16-17.