C.Alfred Prufrokun məhəbbət nəğməsi

 

Tomas Sternz Eliot

 

"Bilsəydim ki, burada dinləyəcək səsimi,

Yenə nurlu aləmə qayıdacaq bir adam,

Titrətməzdi alovum nurunu, şöləsini.

Ancaq bunu bilirəm, buna qətidir inam,

O işıqlı dünyaya burdan olmaz bir dönən,

Mən eybdən qorxmayıb, cavab qaytarmalıyam."

 

                  Dante. "Cəhənnəm"XXVII, 61-66

 

                   (Əliağa Kürçaylının tərcüməsində)

 

Gəl gedək, sən mən

Huşsuz xəstə həkimin stoluna yayıldığı kimi

Gecə göy üzünə yayılan vaxt;

Gedək, yarıboş, adamsız küçələrlə,

Birgecəlik otellərdəki narahat gecələrin

Balaca restoranlardakı ilbiz qabıqlarının

Tənhalığına.

Hiyləgər niyyətli küçələr yorğun arqumentlərlə

Sizi o suala gətirib çıxartsın...

Soruşmayın ki: "O nədir?"

Qonaq gedək.

 

Otaqda qadınlar gəlir gedir,

Mikelancelodan söhbət edir.

 

Kürəyini pəncərə şüşəsinə sürtən sarı duman,

Üzünü pəncərə şüşəsinə sürtən sarı tüstü,

Gecənin künc-bucağını diliylə yalayıb,

Lağımlardakı gölməçələrin üstündə dayanıb,

Fikir vermir bacalardan dudanın kürəyinə düşməyinə,

Birdən-birə ayağı sürüşdü, gözlənilmədən sıçrayış etdi

görəndə ki, yumşaq oktyabr gecəsidir,

Evin ətrafına dolanıb yatdı.

 

Doğrudan da elə vaxt gələcək

Küçələrdə sürünən sarı tüstü üçün

Kürəyini pəncərə şüşələrinə silə-silə;

Vaxt gələcək, vaxt gələcək

Küçədə rastlaşdığın üzlərə

Həyəcansız baxa biləcəksən;

Öldürməyə yaratmağa  vaxt olacaq,

bütün işlərin vaxtı gələcək, o əl

Sualı götürüb nimçənizə atacaq;

Sizin vaxtınız mənim vaxtım,

vaxt gələcək

Gözəgörünmələr, düşüncələr üçün,

Bir dilim çörəklə çay götürməmişdən qabaq.

 

Otaqda qadınlar gəlir gedir,

Mikelancelodan söhbət edir.

 

Doğrudan da, hələ vaxt olacaq

Sual verməyə ki: "Görəsən bacaracağam?"

                                   ya "Cəsarətim çatacaq?"

Qayıdıb pilləkəndən düşmək vaxtıdır,

Saçları seyrəlmiş kəlləmlə bir yerdə -

(Onlar deyəcək: "Onun saçları necə tökülüb!")

Mənim səhər pencəyim, buxağımda düyünlənən yaxalıq,

Qalstukum sadə, həm zəngin, amma adi sancaqla bağlı -

(Onlar deyəcək: "Qolları ayaqları necə nazikdir!")

Cəsarətim çatacaqmı

Dünyanı yerindən tərpətməyə?

Bir dəqiqə sonra vaxt var

Qərar verib dəyişiklik etmək üçün,

Bir dəqiqəlik vaxt.

 

Çünki mən artıq hamısını bilirdim, onlar hamısı bilirdi:

Gecələri bilirdim, səhərləri, axşamüstüləri,

Həyatımı çay qaşıqlarıyla ölçmüşəm;

Bilirəm, səslər ölür qonşu otaqdan gələn

Musiqi səsinin ölüşkün əks-sədasında.

İndi mən necə fikirləşməliyəm?

 

Gözləri tanıyıram, tanıyıram hamısını,

Sizi qəlibə salıb formalaşdıran gözləri,

Qəlibə salınıb formalaşdırılsam divara mıxlansam

İynələrin ucunda qıvrılmağa başlasam,

Onda necə başlaya bilərəm

Günlərimin yollarımın qırıntılarını tüpürməyə?

Mən ehtimal etməliyəm?

 

Əlləri tanıyıram, tanıyıram hamısını -

Qolbaqlı, çılpaq əlləri

(Amma lampa işığında açıq qəhvəyi

                                   tüklərlə örtüldüyü görünür!)

Paltardan gələn ətir

Görəsən fikrimi yayındıran bu ətirdir?

Stolun üstündə uzanan ya şalı oynadan əllər.

mən ehtimal etməliyəm?

mən necə başlamalıyam?

 

Görəsən deməliyəmmi,

                        alaqaranlıqda dar küçələrdən getdiyimi

Pəncərələrdən boylanan tənha kişilərin

Qəlyanlarından çıxan tüstüyə baxdığımı?..

 

Mən gərək xərçəng olaydım

Dənizin durğun sularına baş vuraydım.

 

Günortadan sonra, axşam rahat yatır!

Uzun barmaqlarla hamarlanmış,

Yuxulu... yorğun... ya da elə təsəvvür yaradan,

Yerdə, səninlə mənim yanımda.

Çaydan, tortdan dondurmadan sonra,

Anı ram etməyə gücüm çatacaqmı?

Ağladım, dua etdim, tövbə etdim, ağladım,

Azca keçəlləşən kəlləmin sinidə gətirildiyini gördüm,

Mən peyğəmbər deyiləm, möcüzə olmayacaq,

Gördüm böyüklüyümün itib getdiyini,

gördüm, paltomu uzadan

                        əbədi lakeyin pıqqıldayıb güldüyünü,

Qısası, mən qorxdum.

 

mənası varmı, heç nəyə baxmayaraq,

Fincanlardan, çaydan, marmeladdan sonra,

Çay dəstgahı bizim haqda gedən söhbətlərin arasında,

Mənası varmı,

Məsələni təbəssümlə kəsməyin,

Dünyanı şar kimi sıxışdırmağın,

Onu ağır sualların içinə atmağın,

"Mən Lazaram1, o dünyadan qayıtmışam,

Hər şeyi danışmaq üçün, qayıdın,

                        hər şeyi danışacağam," - deməyin.

Onda bir nəfər, başının altındakı balışı rahatlayıb

Deyəcək: "Bu o deyil, bu mənim dediyim deyil,

Qətiyyən o deyil."

 

mənası varmı, dəyərmi,

Heç nəyə baxmayaraq,

Gün batımından,

            saraylardan səpələnmiş küçələrdən sonra,

Romanlardan, çaylardan,

                        döşəmədə sürünən ətəklərdən sonra,

Bu daha artığı.

Nəzərdə tutduğumu demək mümkün deyil!

Amma sehrli fənər əsəbləri ekrana vurur:

Mənası varmı, dəyərmi,

Əgər kimsə balışı rahatlayıb ya da şala bürünüb,

Pəncərəyə baxaraq deyəcək:

"Bu o deyil, mənim dediyim deyil,

Qətiyyən o deyil."

 

Yox! Mən şahzadə Hamlet deyiləm, ola bilmərəm ,

Mən onun yanında gəzirəm, işim,

Bir məsələni şişirtmək, bir-iki səhnə uydurmaq,

şahzadəyə danışmaqdır.

Hörmətliyəm, işə yarayıram,

Hiyləgərəm, ehtiyatlıyam,

Bir az da yekəbaşam,

Hərdən gülməli oluram,

Hərdən lap axmaq.

 

Qocalıram... Qocalıram...

Gərək şalvarı çırmalayıb geyinim.

 

Saçlarımı daramağa cəsarətim çatacaqmı?

                                   Şaftalı yeyə biləcəyəmmi?

şalvar geyinib sahildə gəzəcəyəm.

Su pərilərinin bir-birinə mahnı oxuduğunu eşitmişəm.

 

Amma mənə mahnı oxuyacaqlarına inanmıram.

 

Onların sularda necə üzdüyünü gördüm

saçlarını dalğalarla darayaraq

Ağ-qara küləklər əsəndə.

Biz dənizin altında ilişib qalmışıq

Yosun duvaqlar salan su pərilərinin yanında

İnsan səsləri bizi oyadana qədər,

biz batmışıq.

 

1 - Vifaniyalı Lazar (Lazarın ivrit dilindən hərfi tərcüməsi - Tanrı (məni) xilas etdi). Marfa Mariyanın qardaşı. İsa peyğəmbər onu öləndən dörd gün sonra dirildib.

 

Tərcümə etdi: Həmid Piriyev

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.8.