Biz nəyə gülürük?
Əbdürrəhim bəy
Haqverdiyevin hekayələrində bədii gülüş
Bədii gülüş sevincdən çox kədər üçün, düzəldilməsi mümkünsüz qüsurlar və acısı yandıran ağrılar üçün doğulur. İdeal cəmiyyətdə, ideal münasibətlərdə bədii gülüşə yer yoxdur, o, yalnız problem situasiyalarda meydana gəlir. Yoxsa, məsələn, cəhənnəm və gülüş anlayışları necə bir araya gələ bilərdi?!
Gülüşdən bəhs edərkən nəzərdən qaçırmamalı olduğumuz bir məsələ budur: gülən olmazsa, gülməli olan da olmaz - ona kənardan baxan, fərqli dəyərləndirən bir başqa obyekt olmazsa, heç bir obyekt özlüyündə gülməli deyil. Gülən obyektin özüdürsə belə, bu gülüş baxış müstəvisində, nöqteyi-nəzərdəki fərqlilikdən meydana çıxır. Ümumiyyətlə, gülüş fərqliliklərin büruzə çıxardığı bir nəsnədir.
Ədəbiyyat özlüyündə elə bir sənət sahəsidir ki, onu "riyazi düsturlara" görə çözmək mümkünsüzdür. Reseptiv estetikada mətn bir olsa da, oxucu sayı qədər fikir olduğu düşüncəsi əsasdır. Başqa sözlə, müəllifin nə yazmasından asılı olmayaraq, mətnin mahiyyətini təhrifə aparmayan istənilən interpretasiyalı qavrayış məqbul hesab olunur.
Səbəb və mahiyyətinin dərinliyinə varmadan üst qatda görüb dəyərləndiryimiz çox şey bizə gülməli təsir bağışlaya bilər. Lakin gülüşün susduğu, ardınca gələn düşüncə məqamında "biz nəyə gülürük?" sualını verincə gülüş də, güldüyümüz nəsnə də mahiyyətini dəyişir. Bu məsələdə gülən - gülünən - gülməli olan (gerçəkdən olanmı?) hər biri ayrı-ayrılıqda əhəmiyyətlidir. Düşündürmədən gülünən çox şey sadəcə "hırıltı" effekti yaradır, keçici xarakterlidir. Ümumiyyətlə, gülərək gülünən nəyisə dəyişdirmək mümkündürmü? Belə olsaydı, bir əsrdən artıqdır güldüklərimizin bu gün hələ də halına ağlamalı olardıqmı?..
Sualı belə qoymaq istərdim: Ə.Haqverdiyev nəyə gülürdü, nəyə güldürmək üçün yazırdı? Və ümumiyyətlə, doğrudanmı onun məqsədi həmişə gülüş doğurmaq və bu yolla "islah etmək" idi? Bəlkə, biz uzun illər yazıçının əsl məqsədini anlaya bilməmişik, ya da heç anlamağa çalışmamışıq.
Ə.Haverdiyevin hekayələri haqqında tənqid və ədəbiyyatşünaslıqda kifayət qədər və geniş yazılıb, istər sovet, istərsə də müstəqillik dövrü ədəbi mətbuatında ədibin ayrı-ayrı hekayələrinə dönə-dönə müraciət olunub, müxtəlif rakurslardan təhlilə cəlb olunub. Son illər ədəbi mətbuatda bəzən belə əsəbi bəyanatlarla rastlaşırıq ki, guya ədəbiyyatşünaslığımızda Ə.Haqverdiyev yaradıcılığına, nəsrinə hər zaman birxətli münasibət olmuş, xüsusən, hekayələri yalnız satirik müstəvidə təhlilə cəlb edilmişdir. Tədqiqatlarla yaxından tanışlıq isə göstərir ki, bu, yalnız ilk baxışdan belə görünsə də, əslində, belə bir "düzxətli" mövqe olmayıb; ədibin hekayələrində gülüş növlərinə görə təsnifləndirilib, ucdantutma satira adlandırılmayıb. Belə ki, məsələn, K.Məmmədov Ə.Haqverdiyevin hekayə yaradıcılığından bəhs edərkən birbaşa "satira" və ya "yumor" istilahından istifadə etmir, "gülüş" ifadəsini işlədir və ədibin hekayələrindəki gülüşü "satira ilə aşılanmış", "öldürücü", "insanı eyib və nöqsanlardan əl çəkməyə məcbur edən gülüş" deyə, təsnif edir. (bax: Məmmədov Kamran. "Əbdürrəhim bəy Haqverdiyev" B., Gənclik, 1970) Yaxud "Əbdürrəhim bəy Haqverdiyevin poetikası" monoqrafiyasının müəllifi Təhsin Mütəllimov ədibin bədii gülüşünü xeyli geniş və ətraflı, bütün çalarları ilə təhlilə cəlb edir. Burada yalnız komizm və tragizmdən söhbət getmir, gülüş bütün rəngarəngliyi ilə diqqətə çatdırılır.
Doğrudur, müəyyən yanaşmalarda bugünkündən fərqli mənalandırmalarla qarşılaşırıq ki, bunlara "yanlış" möhürü vurmadan, sadəcə razılaşmadığımız məqamlara aydınlıq gətirməyə çalışa bilərik. Çünki zamanında mətnlərə sovet ideologiyasının basqısı altında vulqar sosioloji yanaşma anlaşılan idi: ədəbiyyat quruluşun əlində bir silaha çevrilmişdi. O dövrün elmi-tədqiqat işlərinə bu acı gerçəkləri gözardı etmədən münasibət bildirməliyik.
Əgər hekayə yaradıcılığının başlanğıcında Ə.Haqverdiyevin nəsri didaktik, lirik-dramatik meyli ilə diqqət çəkirdisə, sonrakı mərhələdə müxtəlif çalarları ilə komizm, satirik əhvali-ruhiyyə qabarıqlaşırdı. Təbii ki, bu meyillər onun hekayə yaradıcılığı boyunca artıb-azaldığı üçün bu "hüdudlandırma" qeyd-şərtsiz xarakter daşımır. Adətən, xarakterlərin, süjetin və süjetlə əlaqədar olaraq qəhrəmanların düşdüyü vəziyyətlərin, portretlərin, nitqin, adların komizmini bir-birindən fərqləndirirlər. Ə.Haqverdiyev hekayələrində bütün bu komponentlərdən istifadə edirdi. Bununla belə, ədibin gülüşü bəzən qeyd olunduğu kimi heç də hər zaman qəzəbli, öldürücü gülüş deyil, əksinə, "balaca adamlar"a yönləndirilmiş mərhəmətli, şəfqətli gülüşdür və daha çox acıma hissi ilə aşılanmışdır. Komik hekayələrinin əsas qəhrəmanı olan balaca adamın həyat tərzinə, gündəlik qayğılarına nüfuz edən ədib onları qeyri-adi situasiyalarda, istisna vəziyyətlərdə "yaxalamaq"dan daha artıq biri digərindən fərqlənməyən günlük həyatında təsvir edir. Onun gerçəkləri ifadəetmə üsulundakı komizmin işlənmə vasitəsinə uyğun olaraq, hekayələrindəki janr xüsusiyyətləri də dəyişir. Ə.Haqverdiyev nəsrində, o cümlədən, hekayəçiliyində epizodik təsvirdən həyatın çoxplanlı və müxtəlif xarakterli təsvirinə qədər yol alır.
"Laqeydlik - təbii mühitdir. Gülüşün həyəcandan böyük düşməni yoxdur. Demək istəməzdim ki, biz halına acıdığımız insana və ya mövqeyə gülə bilməzdik, amma güldüyümüz məqamda acıma hissimizi susdurmalı olardıq." - bu fikri "Gülüş" adlı ətraflı esse-tədqiqatında Anri Berqson irəli sürür. Doğrudan da, həssas cəmiyyətlərdə bu qədər gülüşə yer yoxdur. Fikrimcə, Ə.Haqverdiyevin hekayə yaradıcılığı illərcə təqdim olunduğu qədər "gülməli" deyil. Odur ki, burada gülüşün səciyyələndirilməsi baxımından razılaşdığımız hekayələr haqqında yazılanları təkrar etməkdən saqınıb, yalnız fərqli mövqedə olduğumuz hekayələr haqqında bəhs etməyə çalışacağıq.
Ə.Haqverdiyevin komik qəhrəmanlarının xarakterindəki psixoloji başlanğıc az əhəmiyyət daşımır, bunu xüsusən portret hekayələrdə daha geniş müşahidə etmək mümkündür. Belə olduğu halda, onun komik təhkiyəsi polifonik xarakter alır - komik, lirik və dramatik (bəzən hətta tragik) başlanğıcları bir-birindən fərqləndirərkən dəqiq konturları cızmaq mümkün olmur, biri digərinə keçərək bir-birini tamamlayır. Ə.Haqverdiyevin gülüşü əksərən dramatikdir, çünki o hadisələr ki, gülüş doğurur, eyni zamanda, həm də acındırır, faciəni dərk etməyə rəvac verir. "Bomba" hekayəsində bu, Kərbəlayi Zalın öz durumunun acınacaqlı olduğunu, özünü yüksək mövqelilər və mövqe sevgisi qarşısında zəif, aciz və cılızlığını dərk etdiyi zaman baş verir.
Gülüş bir haldan başqa hala keçid olduğu üçün onu doğuran hadisənin özü ilə yanaşı, motivi də əhəmiyyətlidir. Kərbəlayi Zalın motivləri başqasına pislik deyil, özünə yaxşılıq etmək, yerini, mövqeyini möhkəmləndirməkdir. Nəticə etibarilə, başqasına nə pisliyi, nə yaxşılığı keçsə də, özünü gülüş hədəfinə çevirmiş olur. "Bu adamlar, Kərbəlayi Zal da daxil olmaqla mənsəbpərəstlik, iftiraçılıq və xudpəsəndlik kimi mənfi ictimai xəstəliklərə tutulmuşlar, öz mənfəətləri ucundan bir-birini məhv etməyə hazırdırlar." Lakin biz onun, tədqiqatçı K.Məmmədovun qeyd etdiyi kimi, usta Feyzullaya pislik etməsinə yox, hətta özünə belə xeyri dəyməməsinə acıyırıq və bu acıma şəfqətli gülüşlə ifadə olunur.
Pristavın xəbərdarlığından ("Əgər belə getsə, bizim bir yerdə qulluq etməyimiz tutmayacaq.") sonra Kərbəlayi Zal fikirli gəzib-dolanır, hətta axşam yeməyi yeməyib yatmağa getsə də, nə illah edirsə, yata bilmir. Çarə axtarır ki, "pensiyəyə çıxmağına" az vaxt qalmış onu işdən uzaqlaşdırmasınlar. Fikirli halda küçədə dayanarkən absurd situasiyanın özü gəlib onu tapır: "Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar." Kərbəlayinin ağlını qarışdıran "bu bir növ girdə şeylər" olur. Onun məqsədi Usta Feyzullaya böhtan atmaq, onu nə yolla olursa-olsun, həbs etdirib yerini möhkəmlətmək deyil, sadəcə doğrudan da, gətirilənin bomba olduğuna inanır: "Daha baxtımın ulduzu parladı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola."
Burada gülüş obyekti Kərbəlayi Zalın düşdüyü komik situasiyadır, onun özü deyil. Çünki Kərbəlayi Zal, əslində, yazıq, bədbəxt adamdır. Bu situasiya digərlərindən fərqləndiyi, gözlənilən effektlə qarşılaşmadığımız üçün gülüş yaradır. Situasiya oxucunun gözləntisinə adekvat deyil, onu aldadır və biz əvvəlcə yaranan duruma, sonra isə bu durumda gülünc vəziyyətdə qalan və onun səbəbkarı olan Kərbəlayi Zala gülürük. O özü də durumun qurbanıdır. Çünki Kərbəlayi Zalın "Qanlı küçə" ilə "Zavallı" küçənin kəsişməsində durub fikrə dalması təsadüfi deyil. Bu adlar bir tərəfdə zor tətbiq edən Rusiya zülmünü, digər tərəfdə əzilən, törədilən zülmə düçar olan xalqı simvolizə edir və qorodovoyun bu ikisinin arasında qalması müəllifin bilərəkdən seçdiyi priyomdur. Hekayədəki situasiyanı müəllifin kədəri doğurur.
"Gülmək və istehza etmək eyni şey deyil" - bu sadə həqiqəti hələ öz zamanında Lessinq dilə gətirmişdi. Kinokomediya nəzəriyyəçisi R.Yurenev gülüşün ağla gələn və gəlməyən: dostca və düşməncəsinə, sevincli və kədərli, ağıllı və gülünc, xeyirxah və qəzəbli, sarkastik və sadəlövh, çoxmənalı və səbəbsiz kimi və digər onlarla növünü təsnif edirdi. Təhsin Mütəllimov da Ə.Haqverdiyevin yaradıcılığında gülüşün növlərindən bəhs edərkən təqribən belə bir təsnifat aparır.
Tədqiqatçı Vladimir Propp isə R.Yurenevin təsnifatda adını çəkməsə də, sonradan haqqında bəhs etdiyi ən əsas gülüş növü olaraq istehzanı görürdü, çünki satiranın nəhəng sahəsi məhz istehzalı gülüş üzərində qurulub.
"Marallarım" silsiləsini yazmağa ədib 1910-cu ildə başlamış, ayrı-ayrı hekayələri "Molla Nəsrəddin" jurnalında çap etdirmiş, 1927-ci ildə isə həmin silsilə kitab halında işıq üzü görmüşdür. Qeyd etdiyimiz bu istehza, tənə pafosu, satirik ifşa Ə.Haqverdiyevin məhz "Marallarım" silsiləsi üçün səciyyəvidir. Kimdir bu marallar? Müəllif bu sualı belə cavablandırır: "Şükür olsun Allaha, yer üzündə mənim marallarımın hesabı üç yüz milyona çatıb. Gedərsən İrana, Hindistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, İrəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yer mənim marallarım ilə doludur. Gözəl marallarım, göyçək marallarım. Hər biri bir can marallarım, hacı marallarım, kərbəlayı marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Keçəl marallarım, qotur, bitli marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım..."
"Marallar" nə qədər geniş ərazini "zəbt edirmiş" və məsələ yalnız bu coğrafi arealın genişliyində deyil. "Marallarım" silsiləsi - milli gerçəklərə, ictimai həqiqətlərə, tarixi gedişata bütöv bir yanaşma tərzidir. Bu və ya digər süjet, hekayə, yaxud qəhrəmanında deyil, bütünlükdə struktur məzmunu və kompozision əhatəsi ilə söz deyir, fikir söyləyir." (T. Əlişanoğlu)
Ə.Haqverdiyevin hekayələrinin cərəyan etdiyi məkan və zaman əsas etibarilə maksimal dərəcədə lokallaşdırılması ilə xarakterikdir. Milli "marallar"ın "paytaxtı" - əsas mərkəzi Dəccəlabaddır - ərazicə uydurma olsa da, ideyaca bünövrəsi, zəmini olan; fiziki mövcudiyyəti gerçək olmasa da, mahiyyətcə reallaşan bir məkandır. Burada o qədər fırıldaq və haqsızlıqlar olur ki, "Dəccal bu şəhərin qarşısında dənizin təkində dustaqdır." - Dəccalın özünü belə dustaq edə bilən, şərin "abad" etdiyi şəhər və onun "marallar"dan ibarət əhalisi toplum olaraq açıq-aydın satiraya məruz qalır. "İnsaniyyət", "mürüvvət", "həmiyyət", "ittihad", "namus", "qeyrət", "mədəniyyət"... və habelə sözlər"in ortalığa gəlməsinə qadağa qoyulan bir məmləkətdir Dəccəlabad. Fantastik məkan olsa da, onun qəhrəmanları bizlərdəndir, aramızdan çıxanlar, yaxud elə biz özümüzük. Bu məqamda Y.Borevin hər cür obyektin kəskin gülüş hədəfinə tuş gəlinməyə "layiq" olmadığı, onun müəyyən estetik xüsusiyyətlərə malik olmasının vacibliyi fikrilə razılaşmaq lazım gəlir. "Marallarım" silsiləsinin, demək olar ki, hər bir hekayəsində müəllifin daha çox istehza və ifşa meyilli satirik gülüşünə şahid oluruq.
Satiranın əsas "silah"ı gülüşdür - ifşaedici, tənqidi, bəzən ədəbiyyat nəzəriyyəçilərinin ifadə etdiyi kimi, öldürücü gülüş. Mütəxəssislərin əksəriyyəti bu fikirdədir ki, satirik gülüşün mövcud olmadığı əsəri satira hesab etmək mümkün deyil - çünki belə olan halda, əsər sadəcə olaraq, tənqid edir, satiranın tənqidi isə gülüş vasitəsilə həyata keçir. "Satiranın silahı - gülüş" əsərində D.P.Nikolayev yazır ki, bir çox satirik mətnlərin ən böyük qüsuru "gülməli" olmamasıdır. Lakin satiranı "gülüşün artilleriyası" adlandıran Y.Borev bu fikirdə idi ki, xüsusi emosional tənqid elə yüksək bir həddə gəlib çatar ki, gülüşsüz də satira meydana çıxa bilər və "müəllifin qəzəb və nifrəti gülüşünü pərdələyər." Gerçəkdən, Dəccalabad sakinlərinin, əksər "marallar"ın əməlləri də, kimliyi də güldürmür, satirik pafos yalnız ifşa və qəzəb fonunda meydana çıxır.
Satirada gerçəkliyin əkslikləri qarşı-qarşıya durur, bu üzdən gülüşsüz olsa da, kəsərsiz satira olmaz. Çünki satirikin məqsədi yalnız oxucunu güldürmək olmamalıdır. Satirik gülüş, N.Çernışevskinin dediyi kimi, oxucunu "titrətməyə" qadir olmalıdır.
"Tənqid" (1913) hekayəsindəki mühərrir Mirzə Mahmudun məzmunca bir-birini inkar edən iki fərqli rəy yazaraq, eyni tamaşanı əvvəl tənqid edib, sonra tərifləməsi; "Acından təbib"də (1913) çarəsizlikdən yalan danışan və bu yalanı hələ uzun müddət davam etdirməli olan Kərbəlayi Məhəmmədin "tədbir"i; "Həmşəri pasportu"nda (1917) bir təsadüf nəticəsində başqalarının sənədlərini cibinə qoyub Rusiyaya yollanaraq, müxtəlif şəhərlərdə dinini dəyişmək istədiyini dilə gətirib yerli camaatın avamlığından istifadə etməsi... kimi əhvalatların hər biri "marallar"ın əməlləri olaraq satirik gülüşün müxtəlif çalarlarına məruz qalır.
Mahiyyəti etibarilə satira ictimai hadisədir, estetik ideala malik gülüş növüdür. Ona görə də yalnız sənət naminə yazılan satira real əhəmiyyətə malik olmur, çünki onun məqsədində hədəfinə gülərək diqqət yönəltmək durur. Şər qovulmadan cəmiyyəti tərk etməz - ondan qurtulmağın yolu isə mübarizədədir. Tənqidin estetik formalarından biri olan gülüş də bu mübarizə üsullarındandır. O, şəri dəf edərək yerində yeni, fərqli bir dünya qurmağa xidmət edir.
Satiranın tarixi inkişaf mərhələlərinə nəzər salsaq, görərik ki, ifadə forması etibarilə nə qədər inkişaf etsə də, onun predmeti, ictimai məqsədləri və idealları ciddi dəyişikliklərə məruz qalmır. Lakin bu qüsurları formalaşdıran vəziyyət hər şeydən daha çox tənqidə tuş gəlməlidir. Əsl satirikin hədəfləri də böyük olur və üzdə görünən nöqsanları tənqid atəşinə tutarkən, necə deyərlər, dərin qazmaqdan çəkinmir. Satirik konkret qüsurlu hadisə və şəxslərə gülərkən onun arxasındakı səbəbləri görməyi bacarır və həmin səbəbləri də hədəfə ala bilir.
"Pir", "Acından təbib", "Dəccalabad", "Şəbih" və digərləri kimi hekayələrdə tənqid pafosu yalnız savadsızlıqları üzündən aldananlara deyil, bütövlükdə cəhalətə; haqqını tələb edə biləcək bilgiyə malik olmağa imkan vermədiyi, yalançı dini ayinlərlə aldatdıqları üçün ayrı-ayrı "dindarlara" yox, ümumən xürafata yönəlikdir. Beləcə, ilk baxışda əhəmiyyətsiz görünən nəsnələrin arxasında milli gerçəkliyin neqativ çalarları çözələnir, ayrı-ayrı obrazlar dövrün, cəmiyyətin qüsurlu ruhunu özündə ümumiləşdirən tiplərə çevrilir.
Ardı var...
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.14-15.