Tanrını sorğulamaq cəsarəti

 

Esse

 

"Eh, yenə də Ay işığı, yenə... yenə də o Aylı - ulduzlu gecə yadıma gəlir "- deyə ürəyindən keçirdi. Görəsən, Ay Nərminə nə təhər bir təsir göstərib ki, o, yenidən göy üzünü tamaşaya  qoyuldu. Bu səfər yerdən minlərlə arşın uzaqlıqda olan Ay Nərminin dənizi gözlərində çimirdi sanki.  Nərminin  gözlərindən  beyninə, ruhuna, qəlbinə  axan Ay işığı oradan da onun keçmişini -  ötən günlərini  təzələyirdi. Gecə onun varlığında ötən günlərlə indiki an  arasında, gözləriylə Ay arasındakı ayrılıq kimi, özgəlik kimi bəlkə də o minlərlə arşın kimi uçurum yaradırdı. Yəqin ona görə də Nərmin Aya baxanda gah sevinir, gah da kədərlənirdi... Ay öz işığını Nərminin üstünə ələyirdi. O, elə dərin yuxuya getmişdi ki,  adama elə gəlirdi  bir daha oyanmayacaq. Şəhriyarın sonuncu əməli Nərminin ümdilərini öldürmüşdü. Mən onun çarpayısına yaxınlaşdım. Uzun, gur saçları yataqla biriydi. Əlimi saçlarına apardım, ancaq tezgeri çəkdim. Adam belə bir gözəlliyə əl vurmaz. Onu bu mühitdən, " mayadır e, maya" deyən məhlədəki kişilərin şorgöz baxışlarından, Şəhriyar kimi oğuldan, hər şeydən və hər kəsdən xilas etmək istəyirdim. Ancaq əlimdən təkcə Nərminin həyat hekayəsini yazmaq gəlir. Bir də gecələri gizlincə gəlib onun yuxudakı halını seyr etmək".

On doqquz yaşımda yazdığım romandan bir hissədir.  İki fərqli zaman paralel şəkildə əks olunurdu. Doxsanıncı illərin gənci narkotik istifadəçisi Nəsibin   2009-da yaşayan Nərmin adlı orta yaşlı dul bir qadının faciəsi. Romanın adı "Günah Ay işğındadır". Əsərin ilk oxucusu tənqidçi Akif Hüseynli oldu. Forma oyunlarını bəyənməsə , yazı tərzimin ümidverici olduğunu dedi. Akif müəllimdən bu sözləri eşitmək məni yaman sevindirmişdi. Mətni özüm bəyənməmişdim. Çünki romanın beş fərqli əlyazması varıydı. Hər dəfə yazdıqca daha yaxşısını istəyirdim. Həddən artıq vasvasılıq məni bədii mətnlər yazmaqdan uzaqlaşdırdı. Kim bilir, bəlkə vaxtsa...

İlk son roman təcrübəm hardan düşdü yadıma? Həsən Əli Toptaşın "Hədər" romanını oxuyanda. Romanın qəhrəmanı Ziya hərbi xidməti Urfada sərhəd bölgəsində keçir. Hərbi həyatın çətinlikləri romanda şeiriyyətli, duyğulu bir dillə təsvir edilir. Hərbi xidmət romantik bir üslub? Toptaşın bütün əsərlərini oxuyan biri kimi deyə bilərəm ki, ən faciəvi, ən dramatik səhnələr belə romantik bir ovqatla yaradılır. O, türk ədəbiyyatının Kafkası, həyatı romantizə edən modernist bir postmodernist adlandırlır.

Ziya çətin keçən hərbi xidmətdən sonra ağır mənəvi-psixoloji sınaqlara çəkilir. Hamilə arvadı gözləri qarşısında terroristlər tərəfindən öldürülür. Yaşadığı sarsıntıdan sonra bir müddət özünə gəlmir. Tənhalıq onu təngə gətirir. Əlini hər şeydən üzən Ziya kənddə yaşayan dostu Kənanın yanına gedir. Dostuna sığınır. Kənan təsadüfi bir davada bıçaqlanaraq öldürülür. Ziya bu ölümə şahid olur. Kənanın evində hədər gedən ömrü davam etdirir. Bir ümid var içində: "Bəlkə həyat mənim üzümə güldü." Həyatdan çox şey istəmir. Dinclik sakitlik. Toptaş faciələrə öyrənməyin, alışmağın harmoniya disharmoniyasını canlandırır. İnsanın hər vəziyyətə itkiyə zamanla alışmasının temperamenti baş gicəlləndirir. Axı necə olur ki, bu qədər faciədən sonra yaşaya bilir.

Kənd sakinləri Ziyanın üstünə şər atır. Onu əxlaqsızlıqda ittiham edirlər. Bir neçə dəfə Ziyanı öldürmək istəyirlər. Alınmır. Nəhayətdə bir qrup kənd əhli onun yaşadığı evə hücum edirlər. Bu dəfə öldürməkdə qətidirlər. Ziya meşəyə qaçır. Əlacsız bir vəziyyətdədir. Onu öldürmək istəyənlərə yaxalanacağı məqamda Həsən Əli Toptaş öz qəhrəmanına kömək əli uzadır. Onu ölümdən xilas edir:

"Taxta qapı cırıldadı. Çöldən içəri girər-girməz səndələdi məni qucaqladı. Birlikdə qapını bağlayıb ağır addımlarla içəriyə sarı yeridik. Çöldən hələ sağa-sola qaçışan adamların səsi gəlirdi. Məni axtarırlar dedi, cansız bis səslə. Sakit bir tonda bilirəm dedim ona. Başını qaldırıb gözlərimin içinə baxdı qəfildən. Yanımda olduğuna, mənə arxalandığına söhbət etdiyinə inanmırdı sanki. Gəl, pəncərədən baxaq, dedim. Bayırdan görərlər bizi deyə mızıldadı. Görməzlər, dedim. Bu pəncərələrdən çölü görmək olur, ancaq içəri görsənmir.

- Deşilmiş yuxu kimi yəqin ki.

- Heç demədim".

Qəhrəmanına kömək edən müəllif romanı başa vurur. Çünki boş yerə yaşanmış, hədər olmuş bir ömrü xilas etmək deyil bu. Sentimental, romantik reaksiya heç deyil. Oxucunu reallıqdan, həqiqətdən ayırmaq çabasıdır. Baş verən hadisələrin bir sənət əsəri olduğu xatırladılır. Bertolt Brextin teatra tətbiq etdiyi yenilik kimi. Brext tamaşadakı hadisələri, səhnənin dizayn tərtibatını ən real, həyat dolu dekorasiyalarla işləyirdi. Tamaşaçını kino sənətindən, hətta həyatın özündən gerçək bir atmosferə salırdı. Reallığı ən qatı hisslərlə yaşayan tamaşaçıya qəflətən kulisdə baş verən hadisələr göstərilirdi. Toptaş Brextin romantikasını roman sənətinə tətbiq edir. Brext saxta  mozaika dekorların parçalanmasını, miflərin dağıdılmasını, sənətin yalan dünyasındakı reallığın gücünü əbədiləşdirdi. İmitasiya süni bəzəklərlə sənət arasındakı sərhədin sonsuzluğu ortaya çıxdı. Roman sənəti daima həyat barədə yeni söz deməyə səy göstərir. Həm  həyatın özündən daha real təsirli bir üslub formatda. Axı "sənət təbiətin bir təqlidi deyil, əksinə onun gözəl bir əlavəsidir, onun sərhədlərini  aşmaq üçün metafizik hadisədir".

Həsən Əli Toptaş "Hədər" romanı ilə həqiqətin adiləşməsini kəşf edir. Həqiqət tündləşdikcə gerçəklik gücünü itirir. Hər şey adiləşir. Ən faciəvi hadisələr belə. Hədər olmuş, boş yerə yaşanmış bir ömür .

"Hədər" romanı on doqquz yaşıma apardı məni. On doqquz  gəncliyin heç bir yaş dövrünə bənzəmir. Həddən artıq duyğusal həssas olur adam. Hələ şiddətli dərəcədə mütaliə xəstəsidirsə... Qəhrəmanım Nərminə yardım əli uzatmaq hissi varlığımı bürümüşdü. Orxan Pamukun  "Məsumiyyət muzeyi", Milan Kunderanın "Ölümsüzlük" romanlarında əsərin süjetinə daxil olması kimi. Mən Nərminin saçını sığallamaqla ekzistensial təcrübə yaşamışdım. "Hədər" romanı da, "Günah Ay işığındadır" təcrübəsi Tanrının yazdığı qismətlə insanların törətdiyi əməlləri sorğulayır. Hədər gedən, boş yerə yaşanılan ömürlərə kim baisdir? Qismətmi? İnsanlarmı? Hərçənd ki, daha çox insan əməlləri dünyanın nizam harmoniyasını pozur. Ədəbiyyat Tanrını belə sorğulamaq cəsarəti göstərir. Ömürlərin hədər olmasına etiraz edir. Axı belə bir taleyi Ziya özü seçməmişdi. Sənətin təqdimatı din, fəlsəfə elmdən effektli təsir bağışlayır. Ekzistensial suallar çoxdu. həmişə Tanrıya həyata veriləcək. Sənət isə daima harmoniya estetikanı yaşamaq yaşatmağa davam edir.Yoxsa necə yaşayardıq. Nədən təsəlli alardıq. Tanrıyla necə dil tapardıq? Tanrıyla, həyatla hər şeylə ünsiyyət vasitəsi olan sənətin yalan gerçəkliyi ilə.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.15.