Ovçu

 

Romandan parça

 

Aprel döyüşləri başladı. Cəbrayıl və Tərtərdən eyni vaxtda düşmən səngərlərinə aramsız artilleriya-raket atəşləri yağırdı. Erməni səngərlərindəki əsgərlər nə baş verdiyini anlaya bilmir, pərən-pərən düşürdülər. Mərmilər və raketlər dəqiqliklə həm səngərləri vurur, həm də arxada yerləşən zirehli texnikanı sıradan çıxarırdı. Zabitindən tutmuş əsgərinə qədər hamısının üzündə təəccüb dolu sual vardı: "Müharibəmi başladı?"

Azərbaycan ordusu düşməni hazırlıqsız yaxalamışdı. Raketlər onların təchizat, rabitə sistemini sıradan  çıxarırdı.  Hətta  o yerə çatmışdı ki, səngərlərdən qərargahlarına zəng edib işin nə yerdə olduğunu aydınlaşdıra bilmirdilər. Səngərlərdən, qərargahlardan qaçhaqaç düşmüşdü. İndi onları bir şey maraqlandırırdı. Səngərdən və qərargahdan nə qədər uzaq olsan, bir o qədər salamat qalacaqsan. Erməni əsgəri Azərbaycan ordusunun raketlərindən, artilleriya mərmilərindən başlarını gizlətməyə yer axtarırdı. Yer-göy atəş səslərindən guruldayır, bu səslərdən qulaq tutulurdu.

Hələ quru qoşunlar hücuma qoşulmamışdı, amma hər yerdə təşviş, həyəcan vardı. Tezliklə ölənlərin, yaralananların sayı yüzləri ötdü. Hamı bir-birinə qışqırırdı:

- Qaç, qaç canını qurtar, türklər gəlir, birimizi də salamat qoymayacaqlar.

Səngərlərin bombalanması bir qədər ara verəndə, ermənilər rabitə əlaqəsi yaratmağa, itkiləri haqqında məlumat verməyə çalışdılar. Heyhat, əlaqə yox idi. Rabitə sistemi tamam sıradan çıxmışdı. Başlarına necə çarə qılacaqlarını belə düşünə bilmirdilər.

İkinci bombalamada isə səngərlərdə daha heç kim qalmamışdı. Silahlarını, hətta elələri var idi ki, uzunboğaz çəkmələrini atıb qaçmışdılar. Yaralılara heç fikir verən də yox idi. Erməni xisləti burda da özünü göstərirdi. Hər kəs öz hayına qalmışdı. Səngərdə raketlərin zərbəsindən gizlənənlər də vardı. Düşünürdülər ki, atəş kəsilən kimi durub qaçsınlar. Elə də olurdu, amma yolda da onları raket, mərmi qəlpələri haqlayıb dəlmə-deşik edirdi.

Azərbaycan döyüşçülərinə ikinci əmr verildi:

- İrəli! İrəli aslan əsgərlərimiz! İndi hər şey sizdən asılıdır. Lələtəpə və Talış yüksəkliklərini almayana qədər dayanmaq yoxdur. İrəli!

Zirehli texnikaların mühərrikləri işə düşdü. Mühərriklərin uğultusu, hətta ermənilərin arxa cəbhəsindən eşidilirdi.

Çox keçmədi ki, əsgərlərimiz hər iki yüksəkliyi ələ keçirdilər. İtki minimal idi. Düşmənin çoxlu silah-sursatı, yaralısı, ölüsü ələ keçirilmişdi.

Hücum o qədər ildırımsürətli idi ki, erməni əsgərlərinin başılovlu qaçması onların əvvəlcə kəndlərdə yaşayan əhalisini, sonra isə Xankəndində, daha sonra da İrəvandakıları həyəcana, çaşqınlığa, təşvişə saldı. Kəndlərin əhalisi bir-birilərinə xəbər verirdilər ki, qaçın, türklər gəlir. Əhali olub qalanını, kimin maşını vardı maşınına, arabası olan arabaya, olmayanı isə kürəyinə yükləyib Xankəndinə istiqamət götürürdü.

Hərbi rəhbərlik gözəl anlayırdı ki, bu yüksəklikləri almaq birinci vəzifə olsa da, əsas deyil. Əsas odur ki, tutduğun yüksəkliyi qoruyub saxlayasan, orada möhkəmlənəsən, digər əks-hücumlar üçün burada şərait yaradasan. Bu isə çox vacib idi.

Erməni komandanlığı isə başa düşürdü ki, əldən verilən yüksəklikləri dərhal geri almaq lazımdır. Bunun da səbəbləri vardı. Hesablanmışdı ki, əgər bu yüksəkliklər geri alınmasa, birincisi Azərbaycan Ordusunda ruh yüksəkliyi qalxacaq, ordu digər yerləri də azad etmək həvəsində olacaq. İkincisi, Azərbaycan iqtidarı xalqın tam dəstəyini alacağı halda, Ermənistanda hakimiyyət tam gözdən düşəcək, orduda rüşvətxorluğun, korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə olduğu aşkarlanacaq. Üçüncüsü, Azərbaycan tərəfi çox güclü beynəlxalq dəstək alacaq. Məsələni, guya sülh yolu ilə həll etmək istəyən dövlətlərə ismarıc göndərəcək ki, mən torpaqlarımı müharibə yolu ilə də azad edə bilərəm. Bir sözlə, əgər mövqelər geri qaytarılmasa, Azərbaycan tərəfi öz şərtlərini diktə edəcək.

Hər iki tərəf bunu gözəl anlayırdı. Bir tərəf bu hücumun qarşısını alıb, əks-hücumla itirdiyini geri almaq, vəziyyəti əvvəlki halında saxlamaq, digər tərəf isə bu uğurları davam etdirmək fikrində idi.

Ordumuz belə də etdi. Alınan yüksəklikləri qorumaqla yanaşı, indi düşmənin arxa cəbhəsində təşviş, çaşqınlıq, həyəcan yaratmaq, onu hücum haqqında deyil, qaçan əhalini sakitləşdirmək və hara yerləşdirmək haqqında düşünməyə məcbur etmək lazım idi...

Murad yüz nəfərlik xüsusi təyinatlını da ayaqda hazır vəziyyətdə saxlamışdı. Geyindikləri paltarlar təbiətin rəngindən seçilmirdi. Əsasən, yüngül silahlarla silahlanmışdılar. Kiçikhəcmli avtomatları, daha çox patron tutan tapançaları, qumbaraları, minaları, bir neçə pulemyotları və tankvuranları vardı. Uşaqlar heç nədən çəkinmirdilər. Birinci dəfə deyildi ki, əməliyyata gedirdilər. Əhval-ruhiyyələri çox yüksək idi, sanki qələbə çalıb geri dönəcəklərinə əmin idilər. Qələbə çalacaqdılar, sonra isə başqa tədbirə gedəcəkdilər. Heç birinin üzündə həyəcan əlaməti yox idi, çünki nəyin uğrunda döyüşə getdiklərini gözəl bilirdilər.

"Ovçu"nun qulağındakı ratsiya xırıldadı, sonra aydın səs eşidildi:

- Murad, hazırsınız?

"Ovçu" cavab verdi:

- Bəli komandir, hazırıq!

- Çox yaxşı! - General onun səsindən başa düşdü ki, bu vəziyyətdə ona ürək-dirək vermək heç də münasib deyil. Ən yaxşısı verilən tapşırığı bir də təkrar etməkdir. - Murad, indi hər şey sənin bölüyündən asılıdır. Talış yüksəkliyini əlimizdə saxlamaq üçün əlindən gələni və hətta gəlməyəni etməlisən.

"Ovçu"nun aydın və sakit səsi eşidildi:

- Arxayın olun, komandir! On dəqiqədən sonra  kənd ətrafında əməliyyata başlayacağıq. O zaman bütün cihazlar söndürüləcək. İnşallah, bir neçə saatdan sonra özüm sizə məruzə edəcəm.

General "Allah yolunuzu açıq eləsin!" dedi...

...Yüksəkliyin əsas qərargahı bu kənddə yerləşdiyindən dörd tərəfə nəzarətçi postları qoyulmuşdu. Kəndə çatanda əvvəlcədən razılaşdıqları kimi hər yerdən nəzarətçiləri aradan götürmək, klubda yerləşən qərargahı ələ keçirmək, - dinc əhali üçün dəhliz açıb, onları Xankəndi tərəfə yola salmaq lazım idi. ...Nəzarətçi postlarını almaq elə də çətin olmadı. Gecənin qaranlığından istifadə edən xüsusi təyinatlılar, sanki kənddə ruh kimi gəzirdilər. Qarşılarına çıxan erməni əsgərlərini zərərsizləşdirir və kluba doğru irəliləyirdilər. Hələ ki, bir dənə də olsun güllə atılmamışdı. Murad əmr verdi ki, ratsiyalar işə düşsün...

...Qərargah kimi istifadə edilən klubda dörd erməni zabiti əyləşmişdi. Qarşılarındakı masada xiyar turşusu və bir neçə konserv bankası vardı. Zabitlər durmadan tut arağından vurur, Azərbaycan ordusunun hücumundan danışır, nə isə müzakirə edir, arada mübahisəyə keçirdilər. Qapının ağzında iki erməni əsgəri keşik çəkirdi. Xüsusi təyinatlılar onları da çətinlik çəkmədən aradan götürdülər. Murad dörd gizirlə barmaqlarının uclarında içəri girib dəhlizdə dayandı və ermənilərin söhbətinə qulaq asmağa başladı.

Erməni mayoru qızğın-qızğın əlini masanın üstünə vurub qışqırırdı:

- Ara, sizə deyirəm ki, türklər bizim yüksəkliyə gəlib çıxa bilməzlər. Bilirsən niyə?

Ondan rütbəcə aşağı olan kapitan sual verdi:

- Niyə gələ bilmirlər? Onlar indi bizdən çox güclüdülər. İstəsələr Yerevana da gedib çıxarlar. Hələ mən onu demirəm ki, Naxçıvandan hücum olsa, bunu lap asanlıqla edə bilərlər. - O da əlini masanın üstünə çırpdı. - Heyif, vaxtında Naxçıvanı bu türklərdən təmizləyə bilmədik, çox heyif!

Mayor onun dediklərinə fikir vermirmiş kimi stəkana araq süzüb birnəfəsə içdi, turşu xiyarını gəvələyib udandan sonra dilləndi:

- Dedim ki, gələ bilməzlər, çünki ruslar qoymazlar. Onlar bizim arxamızda dağ kimi durublar.

Leytenant əllərini yellədi:

- Ara, ruslara çox da arxayın olma! Bizə köhnə silahlar verirlər, türklərə isə ən müasirlərini.

Mayor istehza ilə gülümsədi:

- Bəs nə bilmişdin? Ruslar bizə silahın üstündə pul da verir. Ara, maaşlarımızı, elə bilirsən Yerevandan alırıq? - Baş barmağını etiraz şəklində yellədi. - Xeyr, bir də xeyr! Moskva Yerevana pul verir, Yerevan da bizə, amma Bakıdan çoxlu pul alırlar. Bir də , ara... - o boş stəkana, sonra leytenanta baxdı. Leytenant onun nə demək istədiyini başa düşdü. Araq şüşəsini götürüb boş stəkanlara araq süzdü. Mayor arağı birnəfəsə içib sözünə davam etdi. - Bir də, ara, bu türklər dovşan kimi çoxalırlar. Nə edirlər, bilmirəm. Biz azaldıqca, onlar çoxalırlar. - Nə yadına düşdüsə yenə əlini masanın üstünə çırpdı. - Bir də deyirəm, türklər bura gələ bilməzlər. Bura gəlməkçün gərək o yüksəkliyi alasan. Anası q... - mayor yağlı bir söyüş söydü.

Murad söyüşə dözəmmədi, həm də vaxtını bu erməninin çərənləməsinə sərf edə bilməzdi. O, qarşısına qoyulan birinci mərhələni bitirməliydi. Qapını açıb dörd gizirlə içəri girdi və təmiz erməni dilində dilləndi:

- Niyə gələ bilmirlər, məgər bura bizim öz torpağımız deyil? Vaxt gələcək İrəvana da gəlib çıxacağıq. Buna heç şübhəniz olmasın.

Gizirlər bir-bir dörd erməninin başı üstündə dayandı. Erməni zabitləri elə bil yuxu görürdülər. Mayor gözünü ovuşdurdu, üzünü sillələdi ki, gördüklərini yuxu kimi yozsun. Pəncəli mayorun başına qapaz vurub qışqırdı:

- Ayə, erməni dığası, oyan! Yatmamısan, yuxu da görmürsən. Gəlmişik canınızı alaq.

Zabitlər nə baş verdiyini indi-indi anlamağa başladılar. Kapitan əlini qoburuna atıb bağırdı:

- Ara, heli! Bunlar türklərdir. Türklər gəldi.

Başlarının üstündə dayanan gizirlərdən üçü bıçaqlarını onların boğazına çəkdi. Üç erməni zabiti eyni zamanda böyrü üstə taxta döşəmənin üstünə yıxıldı. Yalnız, erməni praporşikə əl vurulmadı. O, donuq gözləri ilə baş verənləri izləyirdi.

Murad ratsiya ilə generalı çağırdı. Mərkəzdən cavab gəldi.

"Ovçu" arxayınlıqla məruzə etdi:

- Cənab general, kənd bizdədir. Verdiyiniz əmrin birinci mərhələsi başa çatdı. İtkimiz sıfırdır.

Generalın sevincli səsi eşidildi:

- Afərin, uşaqlar! İkinci mərhələni də beləcə sürətlə başa vurmalısınız. Amma, yadınızdan çıxarmayın! Dörd tərəfiniz düşmənlə və zirehli texnika ilə doludur. Sizin qələbəniz sürətinizdədir. Haydı, aslanlarım!

- Oldu komandir!

"Ovçu" bu sözləri deyib erməni praporşiki yanına çağırdı. Erməni qorxa-qorxa ona yaxınlaşdı.

- Yaşamaq istəyirsən? - Birbaşa sual verdi.

Erməni başını razılıqla tərpətdi.

- Elə isə qaç kəndə xəbər ver. De ki, türklər gəlib, qaçın. Sizə dəhliz açacağıq, cəmi bir saat da vaxtınız var.

Erməni çölə çıxdı. Murad tapşırıq verdi. Bölük tutduğu mövqelərdə yerləşib havaya güllə atmağa başladı.

Erməni praporşiki kənd küçəsi ilə qaça-qaça qışqırırdı:

- Camaat, qaçın! Türk əsgərləri kəndə giriblər. Qaçın, canınızı qurtarın!

Çox keçmədi ki, Xankəndinə tərəf dəhliz açıldı. Kənddə bir haray-qışqırıq düşmüşdü ki, səsdən az qalırdı qulaq tutulsun. Hamı qaçıb canını qurtarmaq istəyirdi.

Bu yerlərin əhalisi Azərbaycan televiziyalarını normal izləyirdi, nəinki Ermənistan televiziyasını. Özü də, əksəriyyəti Azərbaycan dilini yaxşı bilirdi. Hər ilin fevral ayında Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə onlar da baxırdılar, hətta elələri vardı ki, bu soyqırımla fəxr edirdi.

İndi kənddə atışma imitasiyası yaradılanda sakinlər elə bildilər ki, türklər Xocalı soyqırımının qisasını alacaqlar. Odur ki, təşviş, həyəcan, çaşqınlıq o həddə çatmışdı ki, ər arvadı, ana balanı atıb qaçır, xəstəni, qocanı veclərinə almırdılar.

Amma onların gözlədikləri kimi olmadı. Heç kimə əl vurulmadı, heç bir ev qarət edilmədi. Hətta, bölüyün bir çox əsgəri, heç gözə də görünmədi. Onların işi yalnız havaya güllə atmaq, əhalini açılan dəhlizlə kənddən tez çıxmağa tələsdirmək idi.

Sonuncu adam kəndin ucqarında görünməz olduqdan sonra Murad yenə ratsiya ilə generalı çağırdı.

- Cənab general, "Ovçu"yam.

Ratsiyadan cavab gəldi:

- Eşidirəm.

- Cənab general, məruzə edirəm. Kənd boşaldıldı, dəhliz açıldı. Sakinlər Xankəndinə tərəf yola salındılar. Heç kimə əl vurulmadı. Bizim tərəfdən itki sıfırdır. Bununla ikinci mərhələ başa çatdı.

- Afərin, uşaqlar, afərin, aslanlarım mənim!

 

Yunus Oğuz

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.11.