Yaradıcı ömrün
böyük bəhrəsi
Professor Teymur Əhmədov
"Nəriman Nərimanov
(həyatı, mühiti
və ədəbi-bədii
yaradıcılığı") adlı fundamental əsərini
ədəbi-elmi ictimaiyyətə
təqdim etmişdir. Azərbaycan
xalqının tarixi taleyində müstəsna
xidmətləri olan böyük-ictimai siyasi xadim, görkəmli ədib Nəriman
Nərimanov fenomeninə
XX əsrin hər tarixi mərhələsində
münasibət fərqli
olmuşdur. Bunun başlıca səbəbi
siyasi konyunktura ilə yanaşı, N.Nərimanov fenomenini müəyyən edən tarixi-siyasi gedişatın
mahiyyətini və Nərimanovun bu fonda böyük
ədəbi-siyasi şəxsiyyət
kimi təkamül prosesini əks etdirən fakt və sənədlərin
bütövlükdə ortada
olmaması, ona verilən təhlillərin
elmi vüsət və vətəndaşlıq
kəsərinin zəifliyində
idi.
Professor Teymur Əhmədov
XX əsr Şərqinin
böyük ədəbi-ictimai
siması olan N.Nərimanova böyük
abidə qoymuşdur. Bu abidənin möhtəşəmliyi
ona sərf edilən yarım əsrlik vətəndaş
- alim ömrünün
məzmununu ifadə edir. Teymur Əhmədov humanitar
elmin müxtəlif sahələrini özündə
ehtiva edən "Nərimanovşünaslığın" banisidir. Çoxsaylı kitabları, tərtibləri,
məqalələri ilə
bunu elmi reallığa çevirmişdir.
Onun əsərlərində N.Nərimanov
fenomeni bütün tərəfləri ilə
XIX əsrin sonu - XX əsrin əvvəlləri
Azərbaycan, Qafqaz, Rusiya hüdudlarında baş verən siyasi, ictimai və ədəbi-mədəni
tarixi gedişat zəminində öyrənilir.
Moskva, Tiflis, Sankt-Peterburq,
Bakı, Astarxan kimi arxivlərdə çalışdığı uzun zaman müddətində
N.Nərimanovla bağlı
çoxsaylı sənədləri
üzə çıxaran
Teymur Əhmədov eyni zamanda ədəbi-tarixi
prosesin də mahiyyəti, məzmunu haqqında dolğun təsəvvür yaradır.
Başqa
sözlə, bu dövrün ədəbiyyat
tarixi, mətbuatın
milli-ictimai məzmunu haqqında kitabda sistemli elmi kontekst
yaradılır.
Professor Teymur Əhmədovun
bu əsərini "N.Nərimanov ensiklopediyası"
da adlandırmaq mümkündür. Bu başlıqda
nəşrin ortaya çıxacağına şübhə
etmədən cəsarətlə
demək olar ki, bu səpkidə
yaranacaq əsərin də bütün parametrlərini burada tapırıq. Nəriman Nərimanovun
dövrü, mühiti,
ictimai-siyasi görüşləri,
ədəbi-mədəni sahədəki
böyük fəaliyyəti,
onun tədqiq tarixi, dünyagörüşünün
formalaşması və
təkamülü kimi
amillər ilk dəfədir
ki, eyni müəllif, tarixilik prinsiplərinə əsaslanan
konsepsiya və yüksək vətəndaşlıq
mövqeyindən təqdim
olunur.
Nəriman Nərimanovun yaradıcılıq
yolu XIX əsrin sonu - XX əsrin ilk onillikləri kimi çoxşaxəli gerçəkliyin
fonunda keçmişdir. Yalnız vətəndaş
tədqiqatçı inadkarlığı
ilə bu dövrün mətbuat tarixi, onun görkəmli
təmsilçilərindən olan N.Nərimanovun tarixi xidmətlərinin vüsətini, xalqın tərəqqisində rolunu
üzə çıxarmaq
mümkündür. Müəllif bu missiyanı
bu gün də davam etdirir.
Teymur müəllimin bu əsərində ədəbiyyatşünas,
tarixçi, teatrşünas
və mübaliğəsiz
demək olar ki, ictimai-siyasi gedişatı, dövlətçilik,
milli müəyyənlik
məsələlərini obyektiv
dəyərləndirən fəlsəfi
düşüncə, fəlsəfi
mühakimə və ümumiləşdirmə qüdrətinə
malik tədqiqatçı
"məni" özünü
büruzə verir.
Əsərdə mətnlə yazıçının
dünyagörüşü, bədii sənətkarlığı
üzərindəki paralellər
əsasında təhlil
üsulu N.Nərimanovun
şəxsiyyəti və
ədəbi irsinin kəsişən məqamlarının
dəqiq müəyyən
etməyə imkan verir. Özünün obyektiv izahından
göründüyü kimi,
"N.Nərimanovun bədii
yaradıcılığını tədqiq edən ədəbiyyatşünaslardan heç biri "Bahadır və Sona" faciəsinin ilk nüsxəsi üzərində
dramaturqun apardığı
düzəlişlərdən qətiyyən söhbət
açmamışlar". İstər
"Bahadır və Sona", istərsə də "Nadir şah"
əsərlərinin mətni
üzərində yazıçının
apardığı yaradıcılıq
işi onun bədii və ictimai görüşlərinin
təkamül göstəriciləri
kimi öyrənilir.
Bu məqamda Teymur
müəllimin mətnşünaslıq
səriştəsi öz
təsdiqini tapır.
Mətn və müəllif problemi N.Nərimanovun bu əsərləri kontekstində öz
professional şərhini tapmışdır.
"Bahadır və Sona" faciəsinin ilk və son avtoqrafının müqayisəli
təhlili zamanı müəllif aparılan düzəliş, əlavə
və təshihləri
əsərin ideya-bədii
təkamülünün göstəriciləri
kimi şərh edir. "Bahadır
və Sona" faciəsinin ilk və son nüsxəsinin müqayisəsi
görkəmli dramaturqun
öz yaradıcılığına
qarşı təvazökarlığını,
həm də faciəni imkan daxilində daha məzmunlu etmək cəhdini göstərir.
Əsərin ədəbi-elmi ictimaiyyət
üçün mühüm
dəyərlərindən biri
N.Nərimanovun ədəbi-siyasi,
ictimai portretini yaratmaqda əsas təhlil üsulu kimi bədii yaradıcılığının estetik tutumu ilə ictimai görüşlərinin paralel,
müqayisəli təhlil
olunmasıdır. Müəllifin bu barədə
vaxtı ilə Y.Qarayevin aşağıdakı
mülahizələrinə tərəfdar olması Teymur müəllimin bir tədqiqatçı kimi yüksək elmi əxlaqının təsdiqidir. "Tarixi Nadirin ideya və islahatları
əsərdə yeni bir məna və
vüsət almış,
dövlət və cəmiyyət haqqında N.Nərimanovun öz manifestini elan edən vasitəyə çevrilmişdir" (Y.Qarayev).
Kitabın böyük bir fəsli N.Nərimanovun teatr mədəniyyətinin
inkişafında xidmətlərinin
tədqiqinə həsr
edilmişdir. Vaxtı ilə akademik M.İbrahimov yazırdı:
"... Nərimanov birinci dəfə
olaraq keçən əsrin axırlarında böyük rus yazıçısı Qoqolun
"Müfəttiş" komediyasını azərbaycancaya
tərcümə etmiş
və Qorodniçi rolunu özü oynamışdır". Kitabda N.Nərimanovun
elm aləminə məlum
olmayan, müxtəlif
qəzetlərdə dərc
olunmuş məqalələri,
həmçinin müxtəlif
nəşrlərdə əksini
tapmış informasiyalar
əsasında N.Nərimanovu
bir teatr xadimi kimi tanıda
bilir və tədqiqatçının özünün
də teatr tarixi haqqında zəngin məlumat sahibi olduğunu sübut edir. Kitabın
"Nəriman Nərimanov
və teatr mədəniyyəti" fəsli
teatr tarixinin tədqiqi məqamında bir neçə baxımdan əhəmiyyətlidir.
Əvvəla teatr mədəniyyətinin
müəyyən zaman
kəsiyində təkamül
prosesi dramaturgiya, mətbuat və teatr hadisələrinin kontekstində tədqiq olunur. Müəllif bu zaman teatr mədəniyyətini
irəli aparan yaradıcılıq prinsiplərini,
həyat və teatr sənəti arasındakı "ünsiyyətin"
tarixi mahiyyətini obyektiv müəyyənləşdirir.
Bu bölmədə müəllifin öz sələfləri olan həmkarının fəaliyyətinə
yüksək dəyər
verir və sübut edir ki, ədəbiyyat, mətbuat tarixi ilə yanaşı teatrşünaslığın da nüfuzlu nümayəndələrinin yaradıcılığına
dərindən bələddir
və bu sahədə yeni söz demək iqtidarındadır.
Kitabda N.Nərimanovun
maarifçilik görüşlərindən
inqilabi-demokratizmə doğru
keçdiyi yol onun dövriyyəyə gətirilmiş zəngin elmi-publisistik əsərləri
əsasında təhlil
olunur. Monoqrafiyada ədəbi-bədii janr, onun bir yazıçının
timsalında təkamülünün
tədqiqi xüsusi söhbətin mövzusudur
və demək olar ki, ədəbi
fikrimizin müəyyən
dövrünün, daha
konkret desək tarixi ədəbi prosesin özəlliyi haqqında yeni söz deməyə metodoloji fon
yaradır. Məsələn, felyeton janrının
tarixinə nəzər
salan tədqiqatçı
bu janrı təkcə N.Nərimanov yaradıcılığında deyil, ədəbi-ictimai fikir tariximizdəki yerini müəyyən etməyə müvəffəq
olur.
T.Əhmədovun tədqiqatçılıq təcrübəsi
bu gün sanballı örnəkdir. Onun N.Nərimanovun
yaradıcılığı ilə bağlı Azərbaycanda bolşeviklərin
hakimiyyətə gəlməsinə
qədər və sonrakı dövrdə elmi təhlilə cəlb edilən faktların əksəriyyəti
məhz Teymur Əhmədova məxsusdur
və XX əsr ədəbiyyat tarixin öyrənilməsində müstəsna
əhəmiyyətə malikdir.
Təkcə onu demək kifayətdir ki, 1929-1935-ci illərdə,
Sovet dövrünün
plüralizmə imkan verdiyi bir müddətdə
nəşr edilmiş
"Literaturnaya ensiklopediya"
kimi tarixi əhəmiyyətini itirməmiş
bir nəsrdə N.Nərimanov haqqında yazılar ümumən Azərbaycan ədəbi-mədəni
sərvətləri haqqında
mülahizələr təsəvvürü
yaradır.
Dövrünün nüfuzlu alimləri tərəfindən bu möhtəşəm elmi nəşrdə N.Nərimanov irsi fonunda ədəbi-ictimai fikir tariximizə ötən əsrin 20-ci illərinin münasibəti dəyərləndirilir. H.Zeynallıdan sonra bu nəşrə bir mənbə kimi ciddi elmi münasibəti T.Əhmədovun göstərilən tədqiqatında görürük.
N.Nərimanovun ədəbi-nəzəri görüşləri bu kitabda ilk sistemli təhlilini tapır və ədəbi-fikir tariximizin yaradılması baxımından müəyyən boşluğu doldurur. Müəllif haqlı olaraq göstərir ki, "N.Nərimanovun tənqidi görüşləri ictimai fəaliyyəti ilə üzvi bağlı olmuşdur". N.Nərimanovun ədəbiyyat və sənət haqqında mülahizələrini ədibin bədii və siyasi dünyagörüşü ilə vəhdətdə təhlil edir. Onun estetik görüşlərinin mərkəzində maarifçilik, həm də, milli mənəvi müəyyənliyin daşıyıcısı kimi dəyərləndirilir. Müəllif haqlı olaraq belə nəticəyə gəlir ki, N.Nərimanov sənətin ali missiyasını milli-mənəvi tərəqqiyə xidmətdə görürdü. N.Nərimanovun rus və dünya ədəbiyyatının görkəmli əsərlərinə bələdliyi, bu əsərlərdə təlqin olunan böyük humanist ideyaların onun ədəbi görüşlərinə təsiri də monoqrafiyada kifayət qədər dolğun elmi şərhini tapır.
Azərbaycan Respublikasında obyektiv elmi mühitin, demokratik elmi meyarların bərqərar olduğu bir zamanda görkəmli ədəbi, ictimai-siyasi şəxsiyyətlər haqqında tarixilik prinsipinə əsaslanmayan subyektiv mülahizələrə ən yaxşı cavab belə fundamental əsərlərin yaranmasıdır. Bu baxımdan monoqrafiya haqqında akademik K.Talıbzadənin aşağıdakı fikirləri müasir ədəbiyyatşünaslıq elmimiz üçün də dəyərli tövsiyədir: " T.Əhmədovun N.Nərimanov haqqındakı bu qiymətli əsəri elmi fikrimiz üçün belə bir həqiqəti aşkara çıxarır ki, Azərbaycan ədəbiyyatşünaslığının hələ ayrı-ayrı klassiklərə həsr olunmuş monoqrafik tədqiqatlara ciddi ehtiyac var. Qoy xalq həyatından, milli mədəniyyətimizn ruhundan, arxivimizdən, təzkirələrimizdən, mətbuat tariximizdən xəbərsiz ədəbiyyatçılar bilsinlər ki, hər hansı sənətkarın bioqrafiyasından, arxivlərdə unudulmaqda olan faktlardan kənarda bir çox nəzəri problemləri lazımi səviyyədə, dürüstlüklə həll etmək çox çətindir. T.Əhmədovun yeni tədqiqatı bu cəhətdən də diqqəti cəlb edir."
Professor Teymur Əhmədov göstərilən
əsəri N.Nərimanovun şəxsiyyəti və
yaradıcılığı, görkəmli dövlət xadimi kimi fəaliyyəti
ilə yanaşı böyük tarixi bir dövrün
gedişatı haqqında mükəmməl elmi
təsəvvür yaradır və son illərin
ən sanballı tədqiqatlarından biridir.
Bu əsərin Respublika
Dövlət Mükafatına təqdim olunmasını məqsədəuyğun
hesab edirik.
Şirindil Alışanov
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.21.