Xalıq Koroğlu: Sağlığında

nekroloqunu oxumuş görkəmli alim

 

Keçən əsrin 60-cı illərinin ortalarında Moskvada tanış olduğum görkəmli Azərbaycan alimlərindən biri də Xalıq Hüseyn oğlu Koroğlu idi. Xalıq müəllim 24 yanvar 1919-cu ildə Aşqabadda Güney Azərbaycandan köçmüş bir ailədə anadan olmuş, fars  dilində təhsil verən "Nizamiyyə" mədrəsəsində oxumuşdur. Təhsilini davam etdirmək məqsədilə  Moskvaya getmiş, Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirərək  həkim diplomu almışdır. Ancaq doktor Xalıq Koroğlu demək olar ki, heç həkimlik etməmişdir, çünkü mükəmməl farsca, ərəbcə, rusca, türkməncə və azəricə bilən bu gəncin arzusu  şərqşünas-alim olmaq idi. Hələ Tibb İnstitutunda oxuyarkən, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi vəzifəsində işləmişdir. 1947-ci ildə Xalıq Koroğlu Moskva Dovlət Universitetinin filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə 33 yaşında oranı bitirmişdir. 1955-ci ildə isə  o, görkəmli şərqşünas Yevgeniy Bertelsin elmi rəhbərliyi altında  "Xalq dastanı "Şahsənəm və Qərib" mövzusunda  namizədlik dissertasiyasını müdafiə etmişdir.1969-cu ildə isə  Şərqşünaslıq  İnstitutunda "Oğuz qəhrəmanlıq eposu ("Oğuznamə"nin qəhrəmanlıq dastanları)" mövzusunda  dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Hələ oxuduğu  illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsində işləmişdir. Xalıq müəllim Böyük Sovet Ensiklopediyasında Şərq Ədəbiyyatları sektoruna rəhbərlik etmişdir (1958-1971). 1971-1986-ci illərdə SSRİ EA Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsində aparıcı elmi işçi, 1986-cı ildən isə Moskva Dövlət Universitetinin  Filologiya fakultəsinin professoru vəzifələrində çalışmışdır. Xalıq Koroğlu 2001-ci ilin oktyabr ayında 82 yaşında Moskvada vəfat etmişdir.    

Mən Moskvada aspiranturada oxuduğum illərdə, Xalıq müəllim bizim şöbənin doktorantı idi. O tez-tez instituta gələr, şöbənin iclaslarında iştirak edərdi. Geniş dünyagörüşünə, ensiklopedik biliyə sahib olan Xalıq bəy, olduqca təmkinli, mədəni, xeyirxah bir elm adamı təəssüratı yaradırdı.  Hələ aspirant olduğum dövrdə o,  Böyük Sovet Ensiklopediyası və Ədəbiyyat Ensiklopediyası üçün   türk ədəbiyyatı və yazıçıları haqqında məqalələr yazmağımı istəmiş və onları çap etdirmişdir.

Xalıq Koroğlu ilk növbədə dünyada tanınmış folklorşünas-alim idi. Həyatını bütünlüklə türk xalqlarının folklorunu öyrənməyə, araşdırmağa həsr etmişdi. Böyük həvəslə durmadan üzərində çalışdığı dastan isə "Dədə Qorqud Kitabı"idi. Onun doktorluq dissertasiyası da bu dastana həsr olunmuşdu. Xalıq müəllim "Oğuz qəhrəmanlıq eposu"(1976) kitabıyla qorqudşünaslığın fundamental əsərlərindən birini yaratmışdır. O, türk eposlarından başqa irandilli xalqların dastanlarının da ciddi araşdırmaçısıydı. "Orta Asiya, İran və Azərbaycan eposlarının qarşılıqlı əlaqələri"(1983) əsərini ancaq bu regionda yaşayan xalqların folklorunu və dillərini bütün incəlikləriylə bilən Xalıq Koroğlu yaza bilərdi.

1954-cü ildən başlayaraq Xalıq müəllim bir müddət Orta Asiya respublikalarının universitetlərində mühazirələr oxumuşdur. Daha sonra oxuduğu leksiyalar əsasında "Türkmən ədəbiyyatı"(1972), "Özbək ədəbiyyatı"(1976) kimi ciddi əsərlər  meydana gətirmişdir. Fundamental əsərlərlə yanaşı, 150-dən çox məqalənin müəllifi olan Xalıq Koroğlu folklorşünaslığın bir çox qaranlıq problemləri üzərində araşdırmalar aparmışdır.

O, sadə, hər kəsə yardım etməyə hazır olan böyük şəxsiyyət idi.Tanınmış sair və tərcüməçı Alla Axundova "Dədə Qorqud Kitabı"nın rusca ədəbi tərcüməsini hazırlayarkən ona ən çox yardım edən, məsləhət verən, kitaba ön söz yazan Xalıq müəllim olmuşdur. "Dədə Qorqud Kitabı"na həsr olunmuş Birinci Sovet-Türk kollokviumunun uğurla keçməsində onun əməyi az olmamışdır. Elə o dövrdən, 80-ci illərdən başlayaraq bizim Xalıq müəllimlə əlaqələrimiz daha da genişlənmişdi.

Onunla  birlikdə bir çox Avropa ölkələrində, Türkiyədə  keçirilən  beynəlxalq konfranslarda iştirak etmişdik. 1990-cı ildə Xalıq müəllimlə Almaniyada keçirilən konfransa qatarla gedərkən üç gün yol yoldaşı olmuş və bu uzun yolçuluq sayəsində onu daha da yaxından tanımaq, öz dilindən həyat hekayələrini dinləmək, düşüncələrini öyrənmək imkanı əldə etmişdim. O zaman etdiyim qeydlərə dayanaraq onun bəzi fikirlərini paylaşmaq istəyirəm.

Məni bir məsələ çox maraqlandırırdı; farsca, ərəbcə, türkcə, ruscanı mükəmməl bilən, bir neçə Avropa dilində, türk dillərində   ləhcələrində sərbəst danışan, geniş filoloji təfəkkürə sahib olan Xalıq Koroğlu, folklora ögey münasibətin hökm sürdüyü, bir çox respublikalarda feodal, "geriçi" ideologiyanı təbliğ etdiyi və xalqlar arasında dostluğu pozduğu bəhanələriylə dastanların, əfsanələrin öyrənilməsi və çapına yasaq qoyulan illərdə nə üçün elmi fəaliyyətində folklora üstünlük vermişdir? 40-cı illərin ortalarında "Dədə Qorqud Kitabı" haqqında bir neçə məqalə yazan Həmid Araslının təqiblərə uğraması, hətta həbs olunma təhlükəsiylə üz-üzə qalmasını çoxları yaxşı bilir. Türkmənistanda isə xalq dastanlarının incələnməsiylə məşğul olduğuna görə tanınmış alim Bəyməhəmməd Karrıyevə 25 il həbs cəzası verilmişdi. Orada "Dədə Qorqud Kitabı" da rəsmən yasaqlanmışdı.

Xalıq müəllimin dediyinə görə, o hələ uşaqlıq vaxtlarından dastanlara, əfsanələrə, nağıllara böyük maraq göstərirmiş. Zamanla da folklorun türk xalqlarının daxili dünyaları,  dünyagörüşləri, həyat tərzləri, inanclarının öyrənilməsi baxımından zəngin qaynaq olduğuna inanmış və elmin bu qoluyla ciddi məşğul olmağa qərar vermişdir. Aspiranturaya daxil olduğunda elmi rəhbəri Yevgeniy Bertels, onun folklorla məşğul olmasını dəstəkləmiş və qarşılaşa biləcəyi hücumlardan qorumaq üçün dissertasiyanın mövzusunun "Şahsənəm və Qərib" xalq dastanı kimi" olmasını təklif etmişdir. Y.Bertels, eyni zamanda  Koroğludan  əsərin xalq dastanı kimi formalaşdığının isbat edilməsini istəmişdir.

Türkologiyanın, bu arada folklorşünaslığın sovet respublikalarında, xüsusilə də Orta Asiya və Azərbaycanda istənilən səviyyədə inkişaf etməməsinin səbəblərini soruşduğumda, Xalıq müəllim maraqlı və sistemli şəkildə cavab vermişdi:

-Əvvəla, türkologiyanın kompleksli bir elm olduğunu və problemlərə bütün türk kontekstində yanaşılması gərəkdiyini unutmamalıyıq. Bizdə türkologiya da, onun bir qolu olan folklorşünüslıq da dar, məhəlli  çərçivədən kənara çıxa bilmədiyi, elmi məsələlərin kökünə, dərinliyinə getməkdə çətinlik çəkdiyi üçün istənilən səviyyəyə çıxa bilmir. Bunu edə bilmək üçün isə  türk xalqlarının qədimdən günümüzə qədərki tarixini, dillərini, mədəniyyətlərini, folklorunu, etnogenezisini, coğrafiyasını bilmək şərtdir. Bu siyahıya ərəb və fars dilini,  islam və başqa dinləri, rus və Avropa dillərini də əlavə etməliyəm. Ancaq o zaman türkoloji və folklorşünaslıq  problemlərini geniş kontekstdə və hərtərəfli araşdırmaq olar. Bir məqaləmdə Azərbaycan folklorunda tez-tez rastlanan bir mifin türkmənlərdə, uyğurlarda, hətta uzaq Altay türklərində də mövcud olduğunu yazdığımda,  bizim bəzi folklorçularımız səs-küy qaldırdılar ki, yox, bu motiv, bu mif ancaq Azərbaycan folkloruna aiddir. Belə yanaşmanı necə qiymətləndirmək olar? Məgər bizım kökümüz bir deyilmi? Məgər tarixən biz bir millət - türk milləti olmamışıqmı? Məgər elmdə yerlipərəstlikmi olar?

1988-ci ildə Bakıda keçirilən kollokviumun iştirakçılarından  olan bir alim çıxışında "türkdilli xalqlar" termini işlətdiyi zaman toplantının moderatoru kimi mən bu terminin yanlış olduğunu, onun türklərin soykökünün türk olmadığını, sadəcə, türk dilini qəbul etdikləri anlamına gəldiyini və bunun da düşünülmüş siyasət olduğunu  demişdim. Xalıq müəllim, şahidi olduğu bu söhbəti xatırladaraq məlum quvvələrin türk xalqlarının yaxınlaşmalarını istəmədiklərini, hətta bu yaxınlaşmadan  qorxduqları üçün müxtəlif siyasi və "türk dilli xalqları" kimi filoloji oyunlara əl atdıqlarını və bizim də bilərəkdən, ya da bilməyərəkdən bu oyuna qoşulduğumuzu dedi.

Bununla əlaqədar olaraq mən də başqa bir olayı xatırladım. 1989-cu ildə Bişkekdə keçirilən Sovet türkoloqlarının sonuncu ümumittifaq qurultayının açılışında çıxış edən görkəmlı qırğız yazıçısı Çingiz Aytmatovun "türkdilli xalqlardan biri olan qırğızlarda bədii ədəbiyyatın 1917-ci ildən sonra formalaşmağa başladı" sözlərinə Sovet Türkoloqlar Komitəsinin sədri, SSRİ EA müxbir üzvü Əthəm Tenişevin reaksiyası çox sərt olmuşdu:

-Dünya folklorunun incilərindən biri olan "Manas" eposunu yaradan xalqın söz sənəti altıncı yüzildə yaradılmış ortaq türk ədəbiyyatına dayanmaqdadır. Odur ki, qırğız ədəbiyyatının formalaşmasını Oktyabr inqilabina bağlamaq doğru deyil. Həmçinin, "türkdilli xalqlar" ifadəsi də yalnışdır. Bu ifadəyə qurultay öz münasibətini bildirməlidir.

Həqiqətən, ciddi dartışmalardan sonra qurultayın qəbul etdiyi sənəddə "türkdilli xalqlar" yerinə "türk xalqları" ifadəsinin işlədilməsi tövsiyə olunurdu. Çox qəribədir, sovet dövründə qəbul edilən bu tövsiyə, bugün müstəqil olan türk dövlətlərində unudulmuş və "türkdilli xalqlar", "türkdilli dövlətlər" və bunun kimi bir çox  ifadələr yenidən işlədilməyə başlanılmışdır. Xalıq müəllimlə birlikdə qatıldığımız qurultaydakı bu hadisəni xatırladığımızda o, "bəla burasındadır ki, yaxınlaşmaq yerinə,  biz türklər bir-birimizdən həm siyasi, həm mədəni baxımdan daha da uzaqlaşırıq", - demişdi.

80-ci illərin axırında Xalıq müəllim işlədiyi  Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsindən ayrılmış və Moskva Dövlət Universitetinin Filologiya fakultəsinə keçərək, orada  "Sovet ədəbiyyatı" fənnindən dərs deməyə başlamışdı. Onun institutdan getməyinin səbəbi dostlarına məlum idi.  Xalıq müəllim böyük çətinliklə "Koroğlu" dastanının Azərbaycan və tacik variantlarını institutun planına saldırmışdı. Dastanının tacikcəsini problemsiz tərcümə etdirmiş, ön sözünü və açıqlamalarını hazırlamış və çap etdirmişdi. Folklor şöbəsinə rəhbərlik edən A.Petrosyan familyalı qadın "Koroğlu"nun Azərbaycan variantının bakılılar tərəfindən edilən tərcüməsinin istənilən səviyyədə olmadığını bəhanə edərək onun nəşrini ləngidirdi. Xalıq müəllimın köməyi ilə yazıçı L.Lebedeva dastanı yenidən  çox yaxşı tərcümə edir. Buna baxmayaraq Petrosyan tərcümənin başqa birisi  tərəfindən  redaktə olunmasını və tərcüməçi kimi ikisinin də adının kitaba salınmasını tələb edir. Petrosyanın bu davranışına Xalıq müəllim kəskin şəkildə etiraz edir və bu hadisə institutda böyük səs-küyə səbəb olur.  Bu qalmaqaldan sonra "Koroğlu" dastanının rusca tərcüməsinin çapı dayandırılır və bu olaydan narazı qalan Xalıq müəllim institutdakı işindən ayrılaraq universitetə keçir.

Petrosyan öldükdən sonra Ədəbiyyat İnstitutunun müdiri Feliks Kuznetsovun xahişi ilə Dilçilik İnstitutundakı vəzifəsindən ayrılmadan  Əthəm Tenişev, eyni zamanda, Folklor şöbəsinə rəhbər təyin edilir. Şöbənin işi ilə tanış olduqdan sonra o, bir çox problemlərlə, o cümlədən, Azərbaycan "Koroğlu"su üzərindəki işin yarıda qalmasıyla üzləşir.  1994-cü ildə Türkiyədən Moskvaya döndüyümdə Tenişev məni  dastanı çapa hazırlamaq məqsədiylə Dünya Ədəbiyyat İnstitutuna işə dəvət etdi. Mən,  Xalıq müəllim və dastanın  azəricə  mətnini hazırlayan Ədəbiyyat İnstitutunun müdiri Yaşar Qarayevlə məsləhətləşdikdən sonra qərarımı bildirəcəyimi söylədim...

 

Tofiq MƏLİKLİ

 

Ardı var

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.20.