İşığın anlamı
Poeziya haqqında
Mənim poeziyam ən ciddi tənqidin diqqətini çəkir və ən rəzil təzyiqlərə
belə məruz qalıram. Bu, oyunun
qaydasıdır. Bu yerdə, söz demək haqqım olsa da, susmağa
üstünlük verirəm.
Ciddi tənqid üçün
mənim yerimə - kitablarım, yazdığım
şeirlər cavab verir. Hətta yazılarıma düşmən
kəsilənlərə belə,
deməyə sözüm
var: bu, yenə mənim poeziyam, tükənməz
yaradıcılıq eşqimdir.
Haqlı olaraq dediklərimdə qeyri-ciddilik, təkəbbür
duya bilərsiniz, amma nəzərə alın ki, bu,
öz işinə bağlı olan bir sənətkarın, zəhmət adamının
qeyri-ciddiliyidir.
Mən şeir
yazmağa başlayanda,
bizdə iki cür şair vardı. Birincilər - kübar şairlər
idi, yaxşı qazanc əldə etmək üçün yazırdılar və bu, onları layiq olduqları, ya da olmadıqları
şöhrət mərtəbəsinə
ucaldırdı. Digərləri isə döyüşkən
avaralardan, şərabxor
qəhrəmanlardan, eşq
sərxoşlarından və
divanə somnambullardan
ibarət idi. Məmur masasına "sürgün"
edilmişləri də
unutmaq olmaz. Onların arzuları rəsmi kağızlarda boğulur,
rəhbərlik qarşısında
məsuliyyət hissi və gülünc vəziyyətə düşmək
xofu ilə qandallanırdı.
Mən həyata
Adəmdən də çılpaq atılmışam,
amma öz poeziyamın bütövlüyünə
güvənərək addımlamışam. İnadım
ayaqda durmağıma kömək edib və diş qıcayan boşboğazların
ağzını yuma bilmişəm. Zaman keçdikcə onların
içində vicdanı
və ürəyi olanlar, özlərində
şeirlərimin əsas
qayəsinə dəyər
verməyə cürət
tapa bildilər. Amma qəlbi qara olanlar hər yerdə məni kənar tutmağa çalışdılar.
Beləcə, böyük hərfli Poeziya öz dəyərini almağa başladı. Özü də təkcə
poeziya yox, elə şairlər də. Belə şairlər və
bu cür şeirlər.
Bu, mənim vətəndaş
borcumdur və onu heç kəs mənə yasaqlaya bilməz. Mənsə bu
borcu yaxamda orden kimi gəzdirməkdən
şərəf duyuram.
Elə şeylər var ki, onlarla bağlı
bəs qədər mübahisə etmək olar, lakin mənim
haqqında danışdığım
mövzu - tarixdir.
Şairin islahedilməz düşmənləri
hər şeyə, hətta mənasız dəlillərə belə
əl atırlar. Cavanlığımda
məni hər zaman ac olmağımla qınayırdılar, indi
də nağıllardakı
qədər var-dövlət
sahibi olmağım barədə şayiələr
gəzdirirlər və
böhtançılarımın fikrinə görə belə bir sərvət
sahibi ola
bilməyim xəyanətdir.
Şeirlərimdən sitatlar gətirərək,
onları qəsdən
uzatmağımı qüsur
tutanlar da tapılır. Bütün bunlar başdan-ayağa
qədər cəfəngiyyatdır.
Kim hansı haqla şairə yazdığı
şeirin uzun ya qısa, nazik,
ya gen, qırmızı,
ya sarı olduğunu irad tuta bilər? Bunu yalnız şair - onu yaradan müəyyən
edir. Onu öz nəfəsi, ağılı, istedadı
ilə müəyyən
edir və bu
səbəbdən də
poeziyanın bərəkəti
ona hopur.
Realist ola bilməyən
şair nə ölü, nə də diridir. Lakin yalnız realist olan şair də ondan heç nə ilə fərqlənmir.
İrrasional şair özünə və aşiq olduğuna aiddir və bu, kədərli
məqamdır. Rasional şairi isə
uzunqulaq da anlaya bilər ki, bunu da
təqdir etmək düz deyil. Bu müqayisələr üçün hazırcavab
yoxdur və nə Tanrı, nə İblis şairə şeir yazmaq üçün resept verə bilməz. Onların ikisi də poeziyanın içində
daimi mübarizədədir
və gah bu, gah digəri
qalib gəlir, lakin poeziya özü
heç vaxt məğlub olmur.
Açığını desəm, şair əməyindən sui-istifadə
edirlər. Son zamanlar
çoxlu şair və şairələr yetişib və onlar tezliklə tanınacaqlar, oxucu isə onlarla hesablaşmaq məcburiyyətində
qalacaq. Bu halda oxucunu gerçək
poeziya axtarışı
ilə dəvə belində səhraya, ya da ulduzlara
ekspedisiyaya göndərmək
ehtiyacı yaranacaq.
İnsanda poeziyaya dərin meyil var və
bu, ayinlərin, müqəddəs kitabların
surələrinin, bəlkə
də dinin özünün doğuluşu
kimi bir şeydir. Qədim zamanlarda şair
təbiət qüvvələrinə
təsir etməyə
səy göstərib
və öz poetik həvəsini müdafiə etmək yönündə onun bu halı kahinlik
kimi dəyərləndirilib.
Bu gün öz
poeziyasından geri qalan şair küçənin və xalqın verdiyi şöhrətə doğru
gedir. Çağdaş dövrün vətəndaş
şairi - keçmişdəki
din xadiminin sələfidir.
Lakin hər şeydən əvvəl şair qaranlıqla iltifata girəndir və indi onun qarşısında
işığı dərk
etmək vəzifəsi
dayanır.
***
Sən
- alatoran səmamda bir buludsan,
eşqim sevdiyim rənglərə boyanıb.
Mənimsən - bal dodaqlı qız.
Varlığın sonsuz yuxularımın
mənası,
ruhum ayaqlarına döşənər çəhrayı
çalarda,
və içdiyim turş şərab belə
sənin dodaqlarında
şəkərə dönür.
Ey mənim əbədi nəğməmi dinləyən
gözəl,
Ey tənha
yuxularımın qadını.
Mənim
qadınım!
Ruhumun yetim səsini gecə küləyi ilə
sənə yollayaram.
Sənin surətin dolar gözlərimə.
Alıb
götürərəm səni
xəyallarımın qoynundan.
Bu axşam baxışların
su kimi safdır.
Surətin gözümün içində,
Sən mənim şirin nəğmələrimin,
sonsuz səma kimi
tükənməz eşqimin
qadınısan.
Ruhum kədərli gözlərindən
boylanar dünyaya,
Kədərli baxışlarından asılar
ən şirin
röyam.
Pablo NERUDA
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.32.