ƏDƏBİYYAT ÜZRƏ
1971-Cİ İLİN
NOBEL MÜKAFATÇISI: Pablo NERUDA
Çili
Çili
şairi, diplomat və siyasi xadim, Çili
Respublikasının senatoru, Çili Kommunist Partiyası Mərkəzi
Komitəsinin üzvü.
Pablo
Nerudanın adı Qabriela Mistral, Visente Uidobro və Pablo de Roka
ilə birlikdə Çili poeziyasının böyük
dördlüyünə daxil edilib.
1904-cü
ilin 12 iyulunda Çilinin mərkəzi hissəsindəki Parral
şəhərciyində, dəmiryolçu ailəsində
dünyaya gəlib. Orta məktəb müəllimi olan
anasını erkən itirib və atası ikinci dəfə
ailə qurub. Daha sonra ailə Çilinin cənubundakı
Temuko şəhərinə köçüb. Şeir
yazmağa 10 yaşında başlayıb. İki il sonra məşhur
çilili şairə və ədəbiyyat üzrə
1945-ci ilin Nobel mükafatçısı Qabriela Mistral ilə
tanış olub və bu tanışlıq onun bir şair kimi
yetişməyinə güclü təsir göstərib.
1920-ci ildə gənc şairin şeirləri "Selva
austral" dərgisində çap olunub. Əsl adı Rikardo
Elieser Neftali Reyes Basolmo olan şair təxəllüsünü
çex yazıçısı Yan Nerudadan götürüb.
1921-ci ildə
pedaqoji institutun fransız dili şöbəsinə qəbul
olub. 1923-cü ildə ilk şeirlər kitabı işıq
üzü görüb. 1927-ci
ildə Çili hökuməti onu Birmaya konsul göndərib,
daha sonra digər ölkələrdə də diplomatik fəaliyyət
göstərib. 1936-cı ildə Çilidə başlayan vətəndaş
müharibəsi zamanı Neruda bir çox incəsənət
adamı kimi respublikaçıların tərəfinə
keçib. 1969-cu ildə Çili Kommunist partiyası onu
ölkə prezidentliyinə namizəd irəli sürüb,
daha sonra bu namizədlik sosialistlərin namizədi Salvador
Alendanın xeyrinə geri götürülüb.
Yaradıcılığı
ilə Latın Amerikası şeirinə yeni nəfəs gətirən,
lirik-romantik, eyni zamanda siyasi və vətəndaş şeirləri
yazan, dünya şöhrətli şair 1971-ci ildə ədəbiyyat
üzrə növbəti Nobel mükafatına layiq
görülüb. Mükafat çilili şairə
"şeirlərində bütöv bir qitənin taleyini
böyük sənətkarlıqla təsvir edə bildiyinə
görə" verilib.
Bəzi mənbələrə
görə qətlə yetirilən Pablo Neruda 1973-cü ildə
dünyasını dəyişib.
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.32.