Küldən təpəcik olmaz
1
Bir möhkəm, ilk baxışdan sarsılmaz prinsipə güvənib yazan adamlar zaman keçdikcə elə bil ki, dünyanın zahirindən, ətrafın götür-qoy və min dürlü faydalarından yayınıb özlərinə çəkilir və özlərini yazırlar. "Bitdi, qurtardı" dediyin anda o dibsiz dərinliyi yenidən hiss edir, ora yollanır, orda qalıb gecələyir, bəzən də əliboş geri qayıdırlar. Və əliboş qayıdanda susa bilirlər.
Bu şəkildə yazmaq ən ziyansız işdi.
Əks halda ən qorxunc bir şey. "Baxın mən yazıram, sizin üçün yazıram!"
2
Elə əsərlər, bədii mətnlər var ki, bizim zaman-zaman əldə etdiyimiz, qavrayıb ruhi təcrübə kimi yığdığımız nəsnələr haqqında sirr kimi görünənlərə işarə edir, yaddaşımızda biliklə biliksizliyi ayıran, yaxud qovuşduran şırımları oyadır. Vaxtilə oxuduğum "Sözün kimyası" kitabında bunu görmüşdüm. Yaxud Heyzinqanın "Orta əsrlərin payızı" tədqiqatında. Bəli, həm də elə tədqiqatlar da var ki, bizim duyub saxladığımız, dillə ifadə etmədiyimiz, yaxud heç bir vəchlə edə bilmədiklərimizi danışır, əlimizdən tutur. Ancaq nə olur-olsun, bu əl bir gün boşalır və boşalmalıdır da.
Ancaq indi söhbət elmi-tədqiqatdan yox, bədii mətndən gedir.
Vaqif Sultanlının "Kül qəfəs" hekayəsi narrativ, süjet quruculuğu və janr-üslub məsələləri haqqında ayrıca söz açmağa əsas verir.
Hekayə məkan görüntüsü ilə başlayır və getdikcə burdan bizə göstərilən mənzərə dəyişir - sıxılır, genişlənir, dar bir cığıra yerləşir, yaxud üfüqlə bir olur, dünyanı aşır. "Nə iləsə məşğul kimi görünən cır-cındıra bürünmüş adamlar qovrulub yanmış torpağın köksündə - küllükdə eşələnirdilər. Əyin-başları kimi sir-sifətləri də kül rəngində idi. Hərdənbir başlarını qaldırıb soyuq, biganə nəzərlərlə ətrafa boylanır, sonra yenə küllənməyə davam edirdilər. Bir qədər uzaqda üfüqlərə qədər sıralanan alçaq kül təpəciklər gözə dəyirdi..."
Burda, bu məkanda (zamanın ondan qopduğu yerdə!) əsas olan nədir: heç kəs heç kəsi görmür, duymur, eşitmir, işinə qarışmır. Üstündə bu qədər adam qaynaşsa da, məkan boşdu, çünki haçansa, zamanın canlı vaxtında hər şey yanıb külə dönmüş, dağılmış, gözün aldığı nə varsa, həm gözünün qarşısındadı, həm də səndən min verstlikdə uzaqlarda. Məkan o qədər geniş, nəhayətsizdir ki, ümid sözü yadına düşmür, yollar bitmir, heç başlamır da. "Burda hamı yad görünürdü. Vücudunu üşüdən soyuq baxışların arasında gözləri doğma bir çöhrə axtarır, ancaq ətrafdakı adamların içərisində tanıyıb-bildiyi kimsə olmadığından narahat halda sağa-sola boylanırdı.
Göydən kül yağırdı..."
Çünki burda hamının ocağı sönmüşdü. "Azca irəlidə çöməlib oturmuş bir nəfər ocağı söndürüb külü ilə oynayırdı..."
3
Hadisələrin bətnində bir refleksiya yatır, süjet yaradan söz, cümlə sırası məhz bununla "qidalanır", müxtəlif istiqamətlərə hərəkət edir və sair. Məqsəd, nə qədər qəribə görünsə də, "itirilən dilin" axtarışı ilə bağlıdır. Çünki ən azından ona görə ki, yazmaq istədiyin, xəyalında yuva qurmuş süjet-mətləb dilsizdir, danışdırılmağa möhtacdır. Bunu bir az da izah edək. Hər hansı əhvalat, yaxud hadisənin hekayə kimi qələmə alınması həm zaman, həm də məkan - onun içindəki əşyaların transformasiyası deməkdir. İndiki zamanda düşündüklərin keçmişin döngələrində parçalanır, hər parçası bir yerə düşür. İçindəki refleksiyanın oyandığı əşya başqalaşır. Yəni, bu dünyada görmək, hiss etmək adına nə varsa nəsr mətnində daxildən burulur, dəyişir, canında ən müxtəlif münasibətlərin izini gəzdirir. Köz basılan yer kimi.
Sənin ruhunun, xəyalının indiki zamanında dillənən əhvalat, demək istədiyin mətləb müxtəlif zaman kəsiklərinə dönür, əşyalar hərəkətlənir, dünyanın içindəki əşyalar onun öz diliylə yenidən yaradılır və əsas məsələ də bunların, bu iki ölçünün üst-üstə düşməməsidir. Əşyaların bu şəkildə yenidən yaradılması dili də dəyişdirir, "çaşdırır", nəticədə nəsr mətninin dilini, təhkiyə strategiyasını danışdığın dildən fərqli bir şey kimi oxuyursan.
Nəsr mətnində bəzən (yox, elə həmişə!) keçmiş və gələcəyin özü də süjet hadisəsi kimi iştirak edir. S.Q.Boçarov Puşkinin "Yevgeni Onegin" romanından bəhs edərkən dövriyyəyə buraxdığı "mümkün süjet" terminini yada salın: romanda qəhrəmanlar arasında onların bir-birini itirdikləri dramatik süjet aralarındakı münasibətlərində baş tutmayan mümkün süjeti bir dairə ətrafına yığır. Bir dairə ətrafına yığılma isə ondan qopmanı da şərtləndirir, yəni təhkiyənin inkişafı, dinamikası bir mərkəz ətrafına yığılma və ayrılmanı şərtləndirir (konsentrik süjet). Xatirələrdən qopub gələn, yada düşən, demək, həm də dirilən süjet parçalarının (belə demək olarsa...) inkişafını yelpik və yelpiyin açılması hadisəsi ilə izah etmək olar. Baş verən hər bir hadisə bu yelpiyin bir qanadının açılmasıdır. Bunun nəticəsində mətndə təsvir edilən, yaradılan gerçəkliyin sınırları genişlənir. Bu halda mümkün süjet getdikcə genişlənən həmin gerçəkliklə gözləntilər arasında yaranmış ziddiyyətlərin içindən keçir, qol-qanad açır ("yelpiklənir", yəni-!). "Kül qəfəs" hekayəsində də bunu müşahidə edirik. Hara düşdüyünü bilməyən, yuxuda olduğunu zənn edən qəhrəmanın yaddaşı təpəcikdən-təpəciyə getdikcə, üfüq xətti açıldıqca "dirilir", dirilmə isə ölümün dərk edilməsinə, şüuraltı qavranılmasına gətirib çıxarır. İtirilmiş, əldən buraxılmış imkanlar, gələcək üçün xəyal edilən niyyətlər baş tutmamış, insanın həyatı dağılmışdır. Mümkün süjetə əsaslanan təhkiyə strategiyası həmişə zaman müstəvisində gerçəkləşir, bu və ya digər kritik situasiyaya düşən qəhrəman bir anda dərk edir ki, gələcək yoxdur, hər şey aydınlaşsa da artıq hər şey bitmişdir, bu halda nələrisə danışmaq, izhar etmək olar. Ona görə hekayədə qəhrəman əldən çıxmış gələcəyi də elə keçmiş kimi qavrayır, onun gözündə keçmiş xarabalıqdır. Kül metaforası itirilmiş imkanları bildirir. Qəhrəman anasını həyatda bircə dəfə də görməyib, onu şəkildən tanıyıb, hər gecə yatanda onun xəyalıyla yerinə uzanıb. Birdən, hansısa səbəb olmadan onu atıb getmiş sevgilisiylə bağlı süjet də mümkün süjet variantıdır. Bu münasibətlər keçmişdə qırılıb, indisə yalnız düşünüb susmaq olar. Baş tutmayan gələcəyin bu şəkildə təsviri və verilməsi qəribə mənzərə yaradır.
O.Freydenberqin fikrincə, narrativ o zaman əyaniləşir ki, dil bildirən əşyalardan yayınmağın vasitələrini formalaşdırsın (sən haqqında yazdığın, təsvir etdiyin əşyalardan var gücünlə qopmaq, aralanmaq istəyirsən və onun səni özünə çəkən cazibəsi bu istəklə toqquşmalı olur...), belə olduğuna görə hadisəni göstərmək, nişan verməklə bərabər onun haqqında danışmaq da mümkün olur.
Filoloq daha sonra deyir: "İndi və burada əyaniləşən reprezentasiya-göstərmədən fərqli olaraq narrativ daha geniş məkan-zamana (keçmiş-indiki-gələcək zaman) və modallığa, eləcə də subyektin yaradılan obrazdan ayrılmasına, yəni müəllif, qəhrəman və digər obyektlərin definisiyasına ehtiyac duyur". O.Freydenberq "Obraz və anlayış" əsərində bu prosesi araşdırıb belə bir nəticəyə gəlir ki, narrativ nitqə qədərki subyekt-obyekt vəhdəti yerindən laxlayır. Mən-hekayə, mən-nitq hekayə-hərəkətə (şücaətlər, döyüşlər, dürlü-dürlü oyunlar...) və hekayə-məruz qalmağa çevrilir...
Mümkün süjet hadisəsində sürətlə daxilə, dərinliklərə nüfuz edib orda cücərmək təşnəliyi var. İnsanın itirdikləri gerçəkləşməsə də, onun şüurunda yaşayır, kül şəklində olsa belə. Hekayədə bu külün gözə, başa səpilməsi, səpilən küldən təpəciklərin düzəldilməsi məhz hiss edilən gerçəklik üstüdür, yoxdur, amma hiss ediləndir.
Məkan işarəti olan detal müxtəlif istiqamətlərdən görünür, süjet quruculuğu üçün fikrimizcə, bu, zəruri bir şeydir. "...Bir qədər uzaqda üfüqlərə qədər sıralanan alçaq kül təpəciklər gözə dəyirdi..."
... Hekayədə müəyyən intervallarda yaddaş, keçmişlə bağlı nələrsə oyansa da, bu, qayıtmağa, yuxu kimi gördüklərindən ayrılmağa bəs eləmir, əksinə, hər təsadüfdə gəldiyin dünya gördüyün dünyanın külünə qarışır, keçmişin yada düşməsi ona görə gücsüzdü ki, o, indiki və gələcək zamansızdı, onlara doğru uzanıb perspektiv yaratmır, elə buna görə də kül dünyasında ilk qarşılaşdığı adam onun gözündə son dəfə gördüyü kimi qalıb, yəni, biz uzun müddət, aradan uzun illər keçəndən sonra kimisə görəndə qırışların, zaman layının altına nüfuz edib onu tanıyırıq, qırışlı, dəyişmiş üzün altındakı keçmişləri qət edib ilk dəfə gördüyümüz görüntünü alırıq. Bizim onunla münasibətlərimizin mümkün süjetinin qırıldığı yer bizə keçmişdəki hadisələri yada salır, tək bir işarə zamanın axışını dayandırır, həmin o bircə işarəyə sığışa bilən zaman anında keçmişdə yaşayırıq. Ayrılmaq naminə.
Burda isə keçmiş birqatlıdır, ancaq özüdür, təkdir. Ömründə bircə dəfə görmədiyi, şəkildən tanıdığı anasını da belə görür. Nəhayət, sevdiyi qız. Burda məsələ həm eynidir, həm də fərqli. Qızla qəfil görüş, yəni içəridə duyğuların qamçısının zərbəsindən ayılıb gördüyü qız onu ayıldır. Bu nöqtədə həyatı paramparça olmuşdu, həyatına basılan köz onu geri qayıtmağa məcbur edir. Hər şey bundan başlanır və bitir. Qız ona "özünü ələ al" - deyir, bura güzarı təzəcə düşən adam yuxudan ayılacağını güman etsə də, yuxu bitmir. Hekayədə dilimizin müxtəlif deyimləri sayrışır, yanıb sönür və beləcə onların içində çalpaşıq düşmüş hisslər kərratla bu deyimlərin altından xətt çəkir, mənanın bu deyimlərin içindən, pərdə arxasından görünməyi tale və qədərin amansızlığını qabardır. Dünya dolu yoldu, ancaq heç hara gedib çıxmır, dünya dolu adamdı, ancaq kimsə sənə nəsə anlada bilmir, deyiləcək sözlər gedə bilmədiyin, harasa aparmayan yolun bir ucundadır, orda nə vaxtsa olubsan, ömrün orda qalıb. Yanıb kül olub.
"...Birdən-birə sıxıldığını hiss etdi və baxışlarını məchulluqdan yığaraq:
- Darıxıram burda, - dedi, - evə dönmək istəyirəm.
Qız onu başdan-ayağa qədər
süzərək acı-acı
gülümsədi.
- Bu mümkün deyil...
- Niyə? Nə səbəbə?
- Burdan geriyə dönüş yoxdu.
- Bura haradı ki?
- Özünü ələ
al!
- Ölmüşəm mən?!
Qız cavab vermədi, yerdən bir ovuc kül
götürüb onun
başına tökdü.
Qızı itələyərək ayağa
durdu. Təpəciyin üstündən üfüqlərə
qədər uzanan kül yaylalarını, yanıb kömürə dönmüş ucsuz-bucaqsız
ormanları, səmadan
asılan bozumtul buludları, küllükdə
eşələnən insan
yığınını süzdü...
Birdənsə içinin burxulduğunu
hiss etdi.
Həyatı çiliklənib ayaqları
altına tökülmüşdü."
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.30.