Yeni nəşrin məziyyətləri

 

Mədəniyyət və Turizm Nazirliyi Səməd Vurğunun "Seçilmiş əsərləri"ni çapdan buraxıb (Bakı: "Şərq-Qərb", 2016, 472 s). Şeirlərdən ibarət olan toplunun tərtibçisi və şərhlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy, redaktor filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçilər filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru Nüşabə Babayeva - Vəkilovadır.

 

Aslan Salmansoy  "Səməd Vurğun: mühiti və mətni" adlı geniş ön sözündə xalq şairi, akademikictimai  xadim Səməd Vurğunun irsi və şəxsiyyətinə qayıdışın  obyektiv səbəblərini müstəqillik  dövrünün işığında aydınlaşdırmağa çalışıb: həm mühit-müəllif-mətn əlaqələrini üzə çıxarmaqla S.Vurğunun yazıb-yaratdığı dövrün ziddiyyətli məqamlarını müşahidə etməyə, həm də çox mürəkkəb yaradıcılıq yolu keçmiş sənətkarın  əsərlərinin məzmununu daha dərindən anlatmağa, eləcə də son illər şairə olan "hücumların" səbəblərinə aydınlıq gətirməyə xüsusi səy göstərib.

Müəllif qeyd edib ki, hakim ideologiya 1920-50-ci illərdə ədəbi tənqidə nəzarətçi-müfəttiş səlahiyyəti verib. "Partiya ədəbiyyat sahəsindəki siyasətini tənqid vasitəsilə həyata keçirmiş, ədəbiyyatın qarşısında qoyduğu vəzifələrə, "ədəbi-təsərrüfata" tənqid vasitəsilə nəzarət etmişdir". 1930-cu illərdə vulqar sosiologizmə yuvarlanmış tənqid, M.Arifin  təbiri ilə desək, "hər hansı bir yazıçıya və onun hər bir əsərinə birinci növbədə proletar dünyagörüşünə nə dərəcədə yaxınlaşması ilə qiymət verirdi...".

S.Vurğun yaradıcılığına da eyni meyarla yanaşılıb, o da partiyanın ədəbiyyat qarşısında qoyduğu vəzifələri yerinə yetirməyəndə günahlandırılıb, təqib və təzyiqlərə məruz qalıb. Onun da təqibi H.Cavid, Ə.Cavad, H.K.Sanılı, M.Müşfiq kimi siyasi motivlərlə, proletar ədəbiyyatı, kommunist partiyasının siyasəti ilə bağlı olub və 1930-40, hətta, 1950-ci illərdə də davam edib.

Aslan Salmansoy vurğulayır ki, göstərilən illərdə Səməd Vurğun  haqqında tənqidi məqalə və monoqrafik tədqiqatlar yazılsa da, bir çox hallarda şairin irsi obyektiv dəyərləndirilməyib. Müəllif qənaətini şair haqqında, təxminən 25 il ərzində çap edilmiş  məqalələrdən nümunələr təqdim etməklə əsaslandırıb. Bu nümunələrdən şairin, haqqında çap edilən ilk məqalədən (Şeir maraqlısı. Səməd Vəkil. "Şəki fəhləsi" qəz., "Qızıl qələm" vərəqi, 1927, ¹3.) tənqid edildiyi məlum olur. Şair həmin məqalədə  güclü  "lirizmdə" günahlandırılıb. A. Salmansoy mahiyyəti belə ifadə edir: "1920-30-cu illərin tənqidində "lirizm" deyilərkən mücərrəd, lirik əhvali-ruhiyyəni ehtiva edən şeirlər, xüsusilə bədbin, kədərli sevgi şeirləri nəzərdə tutulubonlar proletar şeiri hesab edilməyib". Elə ilk məqalədəki  təəssürat belə olub ki, "Səməd Vurğun zamanın nəbzini tutan, günün mövzusunu seçən, dövrün tələblərinə cavab verən" əsərlər yaza bilməyib. Məqalə müəllifi ilk məqalədə irəli sürülən tənqidi fikirlə səsləşən və "lirizm"in nə demək olduğuna aydınlıq gətirən Mustafa Quliyevdən də sitat gətirib: "Səməd Vurğunun ilk şeirləri lirizmlə dolu olaraq kifayət dərəcədə firqəviliyə və ideoloji cəhətcə sağlamlığa malik olmamışdır" (M.Quliyev. "Yüksəliş yolunda", "Fanar" kitabçası haqqında qeydlər. "Ədəbiyyat qəzetəsi", 10 fevral 1934). Bu məqalələrdə şair, qısa desək, proletar şeiri yaza bilməməkdə günahlandırılır.

S.Vurğuna qarşı çıxışlar, daha geniş şəkildə 1930-cu illərdən mətbuata çıxarılıb. Mikayıl Rzaquluzadə onun "Göydən yerə" şeirindəki "yüksəliş" ideyasına  fərdi yozum verib. Onu  Tofiq Fikrətin "Əyilmə" şeirindəki "sinifsiz, mübarizəsiz bir burjua ideolojisinin meşşancasına təkrarı"  kimi dəyərləndirib (Mim-Re. Yeni yaradıcılıq yollarında. "İnqilab və mədəniyyət", 1930, ¹5, s.24.).

Yeri gəlmişkən, A.Salmansoy Səməd Vurğun romantizminə də münasibət bildirib: "Yaradıcılığının ilk dövrlərində S.Vurğunun romantizm ədəbi cərəyanının nümayəndələrindən - H.Caviddən, M.Hadidən, Türkiyənin romantik şairlərindən təsirlənmişdir, hətta, ədəbiyyata romantizm ədəbi cərəyanının nümayəndəsi kimi gəlməsi də faktdır"-deyir və şairin  sonralar "inqilabi romantika"nı təbliğ etməsini də bu  faktla əlaqələndirir. Müəllif  mülahizələrini şairin bu mövzuda qələmə aldığı əsərlərlə əsaslandırır: Səməd Vurğun "Sızıltılarım" şeirini romantik-fəlsəfəçi şeirin böyük ustadı Hüseyn Cavidə ithaf edib, Namiq Kamalın təsiri ilə "Dilcan dərəsi", Nazim Hikmətin "Herakliti düşünüş" şeirinin təsiri ilə "Hərəkət"i yazıb, Tofiq Fikrətə "T.Fikrətin rəsmi qarşısında" şeirini həsr edib, başqa bir şeirində isə "Fikrəti təqib edəcəyini" (oxu: yolunu davam etdirəcəyini) bildirib, gəncliyində Əbdülhaq Hamiddən təsirləndiyinə də işarə edib.

A.Salmansoya görə ədəbi tənqidin sənətkara geniş marağı 1930-cu ildən, "Şairin andı" kitabının çapından sonra başlayıb: "Zəngili" imzalı tənqidçi Səməd Vurğunu "daxili xırda burjua varlığı ilə məşğul olan, şeirləri hicran və bədbinlik qoxusu verən şair" kimi dəyərləndirib, "Kür çayı" şeirini Sanılıya ithaf etdiyini, "Konsert axşamı" şeirində  Sanılı kimi "kəndi idealizə etdiyini" yazıb. Başqa tənqidi məqalələrdə isə "Şairin andı" kitabına "sosializm quran kəndlilərin, kolxozçuların əhvali-ruhiyyəsini təsvir və ifadə etmir, - deyə qiymət verilib.

1932-34-cü illərin məqalələrində S.Vurğun "öz dünyagörüşü səviyyəsini işçi sinfinin, firqənin dünyagörüşü səviyyəsinə yüksəldə bilmədiyinə", "sənətində firqəvilik  uğrunda az çalışdığına", sazı, "kalağayı"nı təbliğ  etdiyinə görə töhmətləndirilib, tələb bu olub ki, "o üzərinə düşən bu çirkin ləkəni inqilabi yolla silməli və öz təqsirini təmizləmək üçün Şura ədəbiyyatı qarşısında yazıları ilə bəraət qazanmalıdır" (M.K.Ələkbərli. "Səmədin "həsrəti". "Ədəbiyyat qəzeti", 9 yanvar, 1935).

Səməd Vurğunun yaradıcılığına münasibətdə marksist tənqidlə oppozisiyada duran tənqidçilər də olub. Mir Cəlal Paşayev 1932-ci ildə "Özünü yenidənqurma yollarında"  məqaləsində şairin "damğalanmasına" müəyyən mənada etiraz edib, "bu tənqidçilər Səmədi ayrı-ayrı misraları ilə cilovlayaraq istədikləri tərəfə çəkmiş, onun yaradıcılığının ana xəttini belə müəyyən etməmişlər"-deyib ("Hücum", 1932, ¹5-6, s.31).

Aslan Salmansoy şairin arxivini, o dövrün mətbuatını ardıcıl izləyib, 1936-38-ci illərin ədəbi materialları üzərində geniş dayanıb, Səməd Vurğunun Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi  "hazır xalq düşməni"qisminə gətirildiyini  faktlar əsasında izah edib.

A.Salmansoyun təqdim etdiyi materiallardan S.Vurğunun millətçilikdə ittiham olunması, Yazıçılar İttifaqının katibi kimi "millətçi ünsürləri" qanadının  altına almaqda günahlandırıldığı da məlum olur. 1937-ci ilin iyununda Seyfulla Şamilov Yİ-na sədrlikdən, S.Vurğun katiblikdən  azad edilib. "Kənd həsrəti" nə, "şeirlərində Lenin-Stalin şəxsiyyətini göstərə bilmədiyinə görə" suçlanıb, "günahlarını" yumağa dəvət olunub, partiya və hökumətin  etimadını doğrultmaq məsləhət görülüb, 1940-cı illərdə Səməd Vurğuna olan hücumlar "bolşeviklərin ruslaşdırma siyasətinə" qarşı çıxması ilə bağlı olub. Sənətkar "millətçilikdə" cəzalandırılıb (Üzeyir bəyin musiqisi, "Muğamatxalq" mahnılarının ifası ilə bağlı Bakı müşavirəsi və s.). O, millətçi çıxışına  görə 10 fevral 1944-cü ildə İttifaqa sədrlikdən azad edilib. 1948-ci il 23 avqust tarixli  qərarda ("Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onun yaxşılaşdırılması haqqında") göstərilib ki, partiya tapşırıqlarından lazımi nəticə çıxarmayıb, yaradıcılığını yenidən qurmayıb, müasir mövzularda əhəmiyyətli əsər yazmayanların önündə gedib, "İnsan" pyesində mücərrədliyə yol veribs.           

Aslan Salmansoy hesab edir ki, 1950-ci illərdə Səməd Vurğuna hücumun növbəti mərhələsi olub. O, partiya prinsiplərindən döndüyünə, sosializm realizmi yolundan sapındığına, sovet varlığını, sovet adamlarını idealizə etmədiyinə, bədii cəhətdən "sönük əsərlər" yaratdığına görə ittiham olunub. "Böyük sənət məsələləri" ("Oktyabr" jurnalı), "Şairin hüquqları" ("Literaturanaya qazeta") məqalələrinə görə şairə hücumlar genişlənib, Azərbaycan və rus ədəbiyyatşünasları ona qarşı çıxıb. Rus-sovet ədəbiyyatşünası Qorbunova şairə qarşı irəli sürdüyü ittihamları belə konkretləşdirib: S.Vurğun milli xarakterin mahiyyətini yanlış anlayıb - problemə marksist yanaşmadan uzaqlaşıb; "millət" və "milli xarakter" anlayışlarının dəyişkən olduğunu nəzərə almayıb.

A.Salmansoy S.Vurğunun "Şairin hüquqları" məqaləsi üzərində nisbətən geniş dayanıb, bədii ədəbiyyatın mahiyyətinə sənətkar baxışını konkert ifadə edib və göstərib ki, Səməd Vurğun sənətin əsas vəzifəsini "millətlərin, milli dillərin və milli mədəniyyətlərin çiçəklənməsində" görüb.

Aslan Salmansoy Mehdixan Vəkilovun "Ömür dedikləri bir karvan yolu" (B., "Yazıçı", 1986, s.135) kitabının faktlarından istifadə edərək Səməd Vurğunun istintaqa çağırılmasının detallarını da göstərib: şairin öz sözləri ilə "Onlar mənim "Azərbaycan" şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir... Məndən ötrü  ən müqəddəs torpaq Azərbaycandır. Ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dilişeiri mənim vicdan səsimdir, o mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr tarix həqiqəti açar".

Aslan Salmansoyun izahlarından aydın olur ki, Səməd Vurğuna qarşı irəli sürülən ittihamların  hamısı ideoloji  xarakterli olub. Mətnşünas-alim hesab edir ki, tənqid, nəinki  şairin əsərlərinə hücuma keçib, hətta onun da qətlə yetirilməsinə zəmin hazırlayıblar.

Məqalə müəllifi məsələ qaldırıb: "Səməd Vurğunun yaradıcılığına tənqidin belə qərəzli münasibətinə və səbəblərinə tədqiqatlar zamanı ciddi diqqət yetirilməli, sənətkarın yaradıcılıq mövqeyinə kifayət qədər aydınlıq gətirilməlidir. Alim müasir ədəbi-tənqidi suçlayır: Səməd Vurğun sovet dövründə bir tərəfdən  kommunist partiyası və mövcud quruluşun əleyhinə çıxmaqda ittiham edilmiş, digər tərəfdən isə onun "kommunist şair", "xoşbəxt sənətkar",  " günlər şairi"   obrazı yaradılaraq,  təbliğ olunmuş, tədqiqatlar da bu kontekstdə aparılmışdır. Görkəmli sənətkarın kommunist şair kimi tanıdılmasına məqsədli yanaşılmışdır.

Aslan Salmansoy hesab edir ki, bunun belə olmasının bir səbəbi də şairin özünün bir çox əsərində, guya azaddemokratik ölkədə yaşadığını qabartması, özünü xoşbəxt sənətkar kimi təqdim etməsidir. Lakin bununla yanaşı, Səməd Vurğun bir çox əsərində təqib və təzyiqlərlə üzləşdiyini, zamanın, əslində mövcud rejimin onu "yelkən kimi dəryada qərq edəcəyini", "ilanbaşlı  qara bulutların - vaxtsız ölümün başının üzərində dolandığını" (bununla şair qətlə yetiriləcəyinə işarə etmişdir), hətta intihara belə təhrik edildiyini də diqqətə çatdırmışdır.

Müəllif davam edir: Səməd Vurğunun yaşadığı faciələrin əks-sədası olan xeyli şeiri son 20-25 ildə üzə çıxarılıb, mətbuatda dərc olunub,  yeni çap olunan kitablarına da daxil edilmişdir. Fəqət, bunlara monoqrafik  tədqiqatlarda hələ ki, toxunulmur. "Halbuki onlar indiyə qədər naməlum, yaxud səthi toxunulmuş bir çox mətləblərə, daha çox da şairin əsərlərindəki bioqrafik məqamlara aydınlıq gətirir".

Bir baxın, Mir Cəfər Bağırovun izahatı şairin sovet rejiminin adamı, kosmopolit olduğunu iddia edənlərə layiqli cavab deyilmi?! "Hüseyn CavidAbbas Mirzə Şərifzadənin həbsdən azad olub geri dönmələrinin bir yolunu tapmaq olmazmı?" Ondan ötəri ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən, Hüseyn CavidAbbas Mirzə Şərifzadə  Müsavat partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu, o demək deyil ki,  o bundan sui-istifadə etməlidir. Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez  tənqid etmişəm. O, necə vardısa, elə görünür, qatı millətçi kimi qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar  olan Hüseyn CavidAbbas Mirzə Şərifzadə kimi müəllimləri vardır" ("Azadlıq" qəzeti, 12 iyul, 2014).

M.Bağırov Səməd Vurğunu 20 il nəzarətdə saxlayıb, onun bütün hərəkətlərini izlədib, kompromat topladıb. Aslan Salmansoy yazır: "Deməli, M.C.Bağırov Səməd Vurğunu "qatı millətçi", eləcə də "qatı müsavatçıları müdafiə edən" şəxs kimi tanımış və təbii ki, bu, ədəbi tənqidin şairə münasibətinə də təsirsiz ötüşməmişdir".

Vurğunşünas-alim marksist tənqidin S.Vurğuna hücumlarının səbəbləri  üzərində təfərrüatlı dayanıb, xeyli fakt göstərib. "Qərəz və hücumları"n  günümüzdə də davam etdiyini-bir qrup ədəbiyyatdan kənar zümrənin şairə böhtanlar yağdırdığını təəssüf hissi ilə bildirib, müqayisələr əsasında qənaət hasil edib: fərq "Səməd Vurğunun sağlığındakı və günümüzdəki ittiham səbəblərinin yerinin dəyişdirilməsindədir, yəni "əvvəlkilərin əksinə olaraq şair indi bütün istedadını  sovet quruluşukommunist partiyasının mədhinə sərf etməkdə, kosmopolitlikdə, H.Cavidə, Ə.Cavada, H.K.Sanılıya, M.Müşfiqə qarşı çıxmaqda, hətta istedadsızlıqda ittiham edilir. Şairin "Vətənin vizit vərəqi"nə çevrilmiş məşhur "Azərbaycan" şeirini poeziya nümunəsi hesab etməyənlər, şairi repressiyadan sağ çıxmaqda "günahlandıranlar" da var. Daha acınacaqlısı budur ki, "ittihamların əksəriyyəti inandırıcı görünsün deyə şairin ədəbi-ictimai fəaliyyətindən bəzi faktların kontekstdən qoparılaraq yanlış və qərəzli interpretasiyası  ilə həyata keçirilir".

Aslan Salmansoy göstərib ki, marksist ədəbi tənqidin dərc etdiyi bütün  məqalələrdə şairin fitri istedadı heç vaxt inkar edilməyib... "Paradoksal olsa da, bəziləri indi şairi, əksinə, ya "istedadsızlıqda" ya da "istedadını sovet quruluşunun mədhinə sərf etməkdə, kosmopolitlikdə" ittiham edir...

Alim bu qənaətdədir ki, siyasi rejim və tənqid S.Vurğunu mütəmadi hədəfdə saxlayıb, şair isə yönələn hücumlardan yayınmağı bacarıb, azərbaycançılıq məfkurəsini, vətənpərvərliyi yaradıcılığının mahiyyətinə çevirib, azərbaycançılıq ideologiyasının poetik düsturunu verib, ədəbiyyatımızın filosofu  Yaşar Qarayevin  qeyd  etdiyi kimi: "Dünyaplanet auditoriyasına  da o, Azərbaycan  monoloqu  ilə müraciət  etmiş  vətəndaş   və vətənpərvər  şair üçün  Ana vətənin adından  uca poetik xitab olmamış, onun poeziyasında bütün dünya öz əksini tapsa da, lakin dünyanın da mərkəzi  bu poeziyada  - Azərbaycan olmuşdur". (Yaşar Qarayev. "Azərbaycan ədəbiyyatının Vurğun dövrü". S.Vurğun. Seçilmiş əsərləri. 5 cilddə, I c., B., "Şərq-Qərb", 2005. s.4).

Mətnşünas-alim bildirir ki, Səməd Vurğunun 1920-50-ci illər irsinə tənqid-mətn kontekstində metodoloji yanaşma sənətkarın yaradıcılıq metodunun düzgün müəyyənləşdirilməsinə, mətn tarixçəsinin təfərrüatlı öyrənilməsinə, əsərlərinin ideya-məzmun istiqamətinin düzgün izahına və 25 illik ədəbi tənqid mənzərəsinin göz önündə daha aydın canlandırılmasına əsaslı zəmin olar.

Filologiya üzrə fəlsəfə doktoru, dosent  Aslan Salmansoy xeyli vaxtdır ki,  Səməd Vurğun mətnlərinin nəşrləri üzərində gərgin  aparır, sözün həqiqi   mənasında qiymətli mətnşünaslıq xidməti  göstərir. S.Vurğunun əsərlərinin dörd (Bakı, 1996) və beşcildliyini (Bakı, 2005) də o, nəşrə hazırlamışdır. Lakin, haqqında söz açdığımız yeni nəşr əvvəlki nəşrlərdən ciddi şəkildə fərqlənir. Belə ki, "Biblioqrafik məlumat və şərhlər" hissəsində tərtibçi kitaba daxil etdiyi şeirlərin hər birinin tarixçəsinə aydınlıq gətirməyə çalışmış-onların yazılma səbəbi, tarixiçap mənbələri haqqında məlumat vermiş, nüsxələr və variantlar arasındakı tekstoloji fərqləri göstərmiş, səbəblərinə aydınlıq gətirmişdir. O, şərhlərin hazırlanmasında arxiv materiallarından, şeirlərin avtoqrafları və çap nüsxələrindən, onlar haqqında o dövrün qəzet və jurnallarında dərc edilən məqalələrdən, S.Vurğunun doğmalarının və dostlarının xatirələrindən, eləcə də şairin əvvəlki kitablarından və s. mənbələrdən istifadə etmişdir. 472 səhifəlik kitabın, təxminən, 180 səhifəsi şeirlərə yazılan şərhlər və kitaba yazılan ön sözdən ibarətdir. Mühit-müəllif-mətn kontekstində hazırlanan həm biblioqrafik məlumat və şərhlər, həm də ki, ön söz buradakı şeirlərin yazılma səbəblərinə aydınlıq gətirir, onların məzmununu anlamağa kömək edir, eləcə də ustad şairi olduğu kimi tanımağa yardımçı olur. Onlar S.Vurğunun yaradıcılığı üzərində aparılacaq tədqiqatlar üçünçox qiymətli mənbələrdir.

Biz tanınmış ədəbiyyatşünas-alim Aslan Salmansoyun bu sahədə dəyərli xidmətlərini yüksək qiymətləndirir, ona möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq.

 

Əlizadə Əsgərli

filologiya üzrə elmlər doktoru

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.22-23.