Öz əsərini
danışdır"
Məti Osmanoğlu "Biz gəldi-gedərik,
sən yaşa, Yusif Səmədoğlu!"
-Məti müəllim, təzəlikcə
"Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı"
kitabınız nəşr olunub. Təbrik edirəm. Bəlkə,
söhbətimizə kitabın anonsundan başlayaq?
-Bu
kitabın araya-ərsəyə gəlməsinə
keçmiş tələbələrimizdən birinin sosial
şəbəkədə paylaşdığı status qeydi təkan
verdi: "Universitetdə bizim üçün ədəbiyyat
nəzəriyyəsi Aristoteldən başlayıb, Belinskidə
qurtardı"... Bu bir həqiqətdir ki, universitetlərimizdə
tədris olunan ədəbiyyat nəzəriyyəsi və ədəbiyyatşünaslığa
giriş fənlərinin tədrisində qaynaqlarla
tanışlıq baxımından çox ciddi
çatışmazlıqlar var. Kitab hazırlanarkən ilk
növbədə bu amil nəzərə alınıb. Kitabda
antik fəlsəfənin nümayəndəsi Platondan
tutmuş müasir poststrukturalist estetikanın təmsilçisi
Yuliya Kristevaya qədər dünyada tanınmış nəzəriyyəçilərin
əsərlərindən nümunələr seçilib...
-Nədənsə mənə elə
gəlir ki, siz şeir haqda yazmağı daha çox
sevirsiniz, şeirə xüsusi yanaşmanız var, şeiri
bir başqa duyursunuz. Düzü, sizinlə hansı
yazınız barədə danışacağımızı
müzakirə edəndə də söhbətin şeir
axarında gedəcəyini düşünmüşdüm...
-Duymaq
bir az şərti və universal anlayışdır, məncə.
Xüsusən də bədii mətni duymaq. Mətn müəlliflə
oxucu arasında ortaq bir "məkan" - fikir, duyğu məkanı
yaradır. Bədii mətnlə təmas zamanı oxucu və
ya tənqidçi müəllifin "məkanını"
daraltmırsa, nəsə alınır.
-Məti müəllim, uzun illərdir
yazırsınız, gözəl məqalələriniz var,
niyə indiyə kimi onları bir kitabda
toplamamısınız?
-Toplayıb
nəşr etdirmək fikrim var. Ancaq indi kitaba münasibət
o qədər
soyuqlaşıb ki, hərdən tərəddüd
edirəm. Min zəhmətlə və xərclə
başa gələn kitab sona qədər oxunacaqmı? Mənə elə gəlir ki, indi çap olunan
kitablar daha çox gələcəyə, nə vaxtsa
onları oxuyacaq insanlara ünvanlanır.
Bir amili də
nəzərə almaq lazımdır ki, mən yaşda
insanların təsəvvüründə kitab nəşr
etdirmək bir qədər fərqli anlayışdır: kitabı hansısa nəşriyyat
nəşr edəcək, yayacaq, oxucular arasında müəyyən
rəy formalaşacaq... Öz vəsaitinlə az tirajlı
kitab çap etdirmək bu günün acı
reallığıdır. Görünür, bizdə
kitab nəşri hələ kapitalizm münasibətlərinə
uyğunlaşa bilmir.
-Gəlin elə təsəvvür edək
ki, məqalələrinizdən ibarət ikinci kitab çap
olunmaqdadır. Adını nə qoyardınız?
-Kitaba ad qoymaq
adama ad qoymaqan fərqlənir.
Adamın adını kimsə qoyur: ata, ana, baba, nənə,
dost... Kitabın, xüsusən də müxtəlif
yazılardan təşkil olunmuş kitabın adı konkret məna
ifadə etməlidir. Adətən, ad
qoymağı sonraya saxlayıram. Əksər
hallarda ad yazı prosesində doğulur.
-Bəlkə də məqalələrinizdən
birinin adını seçərdiniz?
- Hələlik
ilkin olaraq son yazılarımdan birinin adını nəzərdə
tutmuşam: "An və əbədiyyət".
-Bəs ilk məqalənizi necə,
xatırlayırsınızmı?
-Xatırlayıram.
Orta məktəbdə doqquzuncu sinifdə oxuyanda Osman Sarıvəllinin
əsərləri barədə rəylə Azərbaycan
televiziyasının müsabiqəsində iştirak etmiş
və birinci yeri tutmuşdum.
-Çap olunmuşdumu?
-Yox,
televiziyada səsləndirilmişdi (sonradan Osman Sarıvəllinin
80 yaşı münasibətilə bir məqalə yazıb
çap etdirdim). İlk mətbu yazım universitetin qəzetində
çıxıb: "Cəfər Cabbarlının ədəbi-nəzəri
görüşləri". Onda
dördüncü kursda oxuyurdum.
-Bunları, yəqin ki, tənqidçi
kimi ilk təcrübələriniz hesab edirsiniz. Necə
oldu yolunuzu məhz bu yöndə davam etdirdiniz?
-Bakıdakı
ilk iş yerim "Ulduz" jurnalının redaksiyası olub.
Tənqidçi kimi ilk yazılarım da bu
jurnalın səhifələrində işıq üzü
görüb. O vaxt jurnala Yusif Səmədoğlu rəhbərlik
edirdi...
-Müəllifi olduğunuz bir mətn
haqqında danışmaq istədiyimi deyəndə tərəddüd
etmədən "Biz gəldi-gedərik, sən yaşa, Yusif
Səmədoğlu!" adlı yazınızı
seçdiniz. Yəqin bunun xüsusi bir səbəbi
var?
-Təbii
ki. Həmin məqalə mənim yazı həyatımın
başlanğıcı haqqındadır. "Ulduz"a
gələnə qədər Azərbaycan radiosunda uşaqlar və
gənclər üçün verilişlər hazırlayan
redaksiyalarla əməkdaşlıq edirdim. Efirə hər ay yazılarım gedirdi. Ancaq bunlar qonorar almaq, "çörək
qazanmaq" üçün idi.
-Nələr barədə
yazırdınız?
-Əsasən, yeniyetmələrlə müxtəlif
mövzularda müzakirələr aparırdım. Yaradıcı
tələbələrlə müsahibələr, ədəbi
kompozisiyalar hazırlayırdım. O yazılar radioda bir
dəfə "havaya üfürüləndən" sonra
havaya qarışıb "əriyirdi"... Ancaq
onu da qeyd etməyə borcluyam ki, o vaxt qızıl
dövrünü yaşayan radio mənim üçün
çox qiymətli jurnalistika məktəbi oldu. Mənim təhsilim filologiya sahəsində idi,
jurnalistikanı yaza-yaza öyrəndim.
-Bəs "Biz gəldi-gedərik, sən
yaşa, Yusif Səmədoğlu!" məqaləsini sizə nə yazdırdı?
-Həmin
yazını bir də nəzərdən keçirdim və mənə
elə gəldi ki, daha çox özümü, öz həyatımın
və düşüncələrimin Yusif Səmədoğlu
ilə bağlı epizodlarını qələmə
almışam...
-Kiçik bir yazıdır, amma nələri
- nələri xatırladığınızı,
gözünüzdə yenidən
canlandırdığınızı təsəvvür etmək
olur. Mən bunu bir vəfa yazısı kimi
oxudum.
-Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatının
ən maraqlı şəxsiyyətlərindəndir. Düşünəndə
ki, Bakı şəhərində ilk iş təcrübəm
bu insanla bağlı olub, onun rəhbərlik etdiyi redaksiyada
işləmişəm, onun "Qətl günü"
romanının ilk oxucularından biri olmuşam -
özümü şanslı adam
sayıram.
-Mənə elə gəlir, söhbətimiz
üçün bu məqaləni
seçdiniz ki, Yusif Səmədoğlunun adını bir daha gündəliyə gətirəsiniz,
önə çəkəsiniz...
-Elə insanlar var ki, onları xatırlamağa həmişə ehtiyac var. Daha doğrusu, onlar unudulmamalıdır. Söhbət cəmiyyətin yaddaşından gedir. Yusif Səmədoğlu özü yaddaşa sadiq insan idi. Hələ sovet dövründə Səməd Vurğun şəxsiyyətinə və yaradıcılığına qarşı təşkil olunmuş şəkildə aparılan çirkli kampaniyalar ictimai fikirdə müəyyən tərəddüdlər yaratdığı zaman "Yeddi oğul istərəm" filminin dünyaya gəlişi Azərbaycan kinosunun son dərəcə maraqlı hadisəsi olmaqla yanaşı, Səməd Vurğun yaradıcılığının dərk və təqdim olunmasına da yeni bir yanaşma gətirmişdi. 1930-cu illərdə yazılmış "Komsomol poeması" yazıldığı dövrdə köhnə dünyanı yıxıb təzə bir tarix yaratmaq arzusunda olan gəncliyin qəhrəmanlıq dastanı kimi qəbul edilmişdi. Filmdə isə həmin qanlı qovğalar tarixi tamamilə yeni şəkildə və məzmunda canlandırıldı. "Siniflər mübarizəsinin" tarixi bir qrupun zəfəri kimi deyil, qovğa edən tərəflərin hamısının məğlub olduğu milli faciə kimi təqdim edildi.
Bu filmlə Yusif Səmədoğlu Səməd Vurğunu yeni keyfiyyətdə cəmiyyətin "operativ yaddaşına" gətirdi. Bu mənada, Yusif Səmədoğlunu xatırlamaq, belə düşünürəm ki, cəmiyyəti mənəvi cəhətdən zənginləşdirə bilər və buna cəmiyyətin bu gün daha çox ehtiyacı var.
-Yusif Səmədoğluyla
necə tanış oldunuz? Sonralar necə
yaxınlaşdınız?
-1983-cü ildə universitetin qiyabi aspirantı idim. Qarşımda
qeyri-müəyyən bir yol var idi. Radio
üçün müxbirlik etsəm də, daimi iş yerim
yox idi. Səməd Vurğunun seminariya
yoldaşı və mənim qohumum, Azərbaycan təhsil
sisteminin formalaşmasında müstəsna xidmətləri
olmuş Mirqasım Əfəndiyevlə həmin yay Yusif Səmədoğlunun
"Hökumət evi" səmtindəki yeni mənzilinə
gəldik. Mirqasım müəllimin Yusif Səmədoğludan
mənim barəmdə xahişi təxminən bu oldu ki,
"Gözün Mətinin üstündə olsun..." Yusif
müəllim ad-familiyamı qeyd dəftərçəsinə
yazdı və söz verdi ki, mənim
üçün iş soraqlaşacaq. O, mənim adımı
yazanda bir şeyi hiss edirdim ki, ona bu cür xahişlər
çox olunur. Yusif Səmədoğlunun
"gözü üstümdə olacağına" isə
heç cür inanmırdım. Həqiqətən
də Yusif müəllim uzun zaman məni axtarmadı. Redaksiyada işləyən tələbə
yoldaşım Taleh Həmidə İsi Məlikzadə
haqqında yazımı vermişdim. Yazı
Yusif müəllimə təqdim edilmiş, onun xoşuna gəlmişdi.
Əsl tanışlığımız bundan sonra
başladı...
-Bəs bu yazını nə zaman
yazdınız?
-2015-ci ildə.
-Bu qədər gec?
-Görünür,
hər yazının öz vaxtı olur. Əvvəl
yazmış olsaydım, yəqin başqa şey alınacaqdı.
Bu gün də yazası olsam, başqa bir
yazı alınar. Bu, məhz
yazıldığı zamanın yazısıdır.
-Qəribədir, siz bu yazıda sanki
ötən illərə qayıdıb ordan səslənirsiniz.
-Hər
zamanın "ötən illəri" özünə aid
olur. Məsələn, mənim builki "ötən illərimlə"
beş il bundan əvvəlki "ötən
illərim" eyni deyil... Yaşadıqlarımı
yenidən "yaratmaq", ayrı-ayrı detalları təsəvvürə
gətirmək mənə çox cəlbedici
görünür. Zamanı qaytara bilməsən
də, yenidən qurursan. Ötən
zamanı "bərpa edirsən" və nə qədər
böyük bir tarixin içindən keçdiyinə əmin
olursan.
-Uzaqlaşdıqca aydınlıq
yaranır...
-Bunu
oxucuya da çatdıra bilirsənsə, həm tarix
üçün, həm oxucu üçün faydalı bir
iş görmüş olursan.
-Bəs zaman nələrisə
yaddaşın iç qatında saxlayıb onları verəndə
xəsislik edə bilməzmi? Yəni qeydlər
etmək vacibdirmi? Məsələn, siz gələcəkdə
yazmaq istədiyiniz yazılar üçün qeydlər
götürürsünüzmü?
-Gələcək
yazıları planlaşdırmaq ağlıma gəlməyib.
Ancaq uzun müddət, bəzən illərlə
üzərində düşündüyüm yazılar olub.
Məsələn, Musa Yaqubun "İlahi, mən
bu daşı götürüm, götürməyim?!"
şeiri düşüncəmdə on illərlə
dolaşandan sonra "Daş" essesi yarandı.
Neçə illərdir İsa Muğannanın "Yanar
ürək" və "İdeal" romanlarının
struktur müqayisəsi barədə düşünürəm...
-Yusif Səmədoğlu
atası sarıdan əziyyət çəkirdimi? Bilirəm, soruşacaqsınız ki, nə mənada. Hər mənada. Yazıçı kimi,
övlad kimi, ziyalı kimi.
-Bilmirəm
düzmü anladım, sualınızın qoyuluşunda belə
bir çalar sezmək olur ki, Səməd Vurğunun
övladarı mənəvi əzab çəkməli idilər...
-Xeyr. Səməd Vurğuna
qarşı həmişə nəsə baş verirdi: istər
sağlığında, istər sonrakı illərdə. Yaxşı və pis. Hər bir
övlad bundan mənəvi əziyyət çəkər.
Bunu nəzərdə tutaraq soruşuram.
-Heç
şübhəsiz ki, 1950-ci illərdə Səməd
Vurğuna qarşı dövlət səviyyəsində
aparılan kampaniyalar onun övladlarında da müəyyən
travmalar yaratmışdı.
-Lakin ölümündən sonra
başqa söz-söhbət başladı. Bu
günə qədər mübahisə mövzusu olan
söz-söhbətlər, əsasən də məşum
1937-ci illə bağlı. Səməd Vurğun
getmişdi, bunları yaşamırdı, amma övladları
dururdu, ədəbiyyatda,
proseslərin içindəydilər...
-Həm
Yusif Səmədoğlu, həm də Vaqif Səmədoğlu
ilə 1980-ci illərin ortalarında tanış
olmuşdum. Təbii ki, onların 37-ci illə bağlı
konkret xatirələri ola bilməzdi: Yusif
37-dən iki il əvvəl, Vaqifsə iki il sonra
doğulmuşdu. Vaqif bir şeirində yazmışdı:
"39-da doğuldum, 37-də güllələndim..." Yusif
Səmədoğlu 1937-ci ili Azərbaycanın
böyük faciəsi hesab edirdi və məncə, bunun bədii
ifadəsini "Qətl günü" romanında əhatəli
şəkildə aça bilib. Sizin sualınızın
qoyuluşu bir cəhətdən çox maraqlıdır ki,
1930-cu illərdə və ondan sonrakı dövrlərdə
(elə indinin özündə də) söz adamlarına
qarşı təzyiq yalnız onların özlərinin fizki
və mənəvi
məhvinə səbəb olmurdu, ailələrini,
övladlarını da yaralayırdı..
Yusif Səmədoğlu üçün Səməd
Vurğun bir etalon idi. Yadımdadır, "Ulduz"
jurnalında Cəlal Bərgüşadın Babək
haqqında romanı ilə bağlı Elməddin Əlibəyzadənin
sərt bir yazısı nəşr edilmişdi. Aləm bir-birinə qarışmışdı.
Yazıçılar İttifaqının sədri
Mirzə İbrahimov təkidlə tələb edirdi ki, bu məqaləyə
təkzib verilməlidir. Yusif müəlliminsə Mirzə
İbrahimova cavabı bu olmuşdu: "Siz nəzərə
alın ki, mən Səməd Vurğunun oğluyam!"
-Bunu nə mənada deyirdi?
-Yəni
mənim öz mövqeyimi dəyişməyim mümkün
deyil. Bunu kim etsə də, Səməd
Vurğunun oğlu edə bilməz! Bir
maraqlı məqam da budur ki, Yusif müəllim atasının
əksər əsərlərini əzbər bilirdi. Onun nəsrini Səməd Vurğun poeziyası ilə
bağlayan möhkəm bağlar var və bunun bir səbəbini
də atasının şeirlərini əzbər bilməsi ilə
izah etmək mümkündür.
-Bu barədə nəsə
yazılıbmı?
-Məncə,
yox. Bizim ədəbiyyatşünaslıq
üçün intertekstual təhlil təcrübəsi hələ
yox dərəcəsindədir.
-Bəlkə özünüz
yazacaqsınız...
-Ömür
vəfa etsə... Bu faktor Vaqifin
yaradıcılığında da güclüdür. Mən
15 il əvvəl Vaqif Səmədoğlu
barədə bir məqalə yazmışdım:
"Sözsüz nəğmə"... Orada
müəyyən müqayisələr aparmışam. Maraqlı cəhət budur ki, Vaqifin poetik sistemi
S.Vurğunun poetik sistemi ilə "müxalifətdədir".
Yusif Səmədoğlu
bir ssenari yazmışdı: "Deyilənlər gəldi
başa..."
-Bəli, deyəsən
yarımçıq romandı, tamamlamamışdı...
-Bu,
romandan xeyli əvvəl olmuşdu. 1985-ci il
olardı, Yusif müəllim mənə bir qovluq verib xahiş
elədi ki, evə gedəndə (mən kinostudiyanın
yaxınlığında, 1-ci Mikrorayonun yuxarı tərəfində
olurdum) yolüstü kinostudiyaya çatdırım. Qovluğu həmin axşam özümdə
saxladım, gecə oxuyub səhər tezdən studiyaya
apardım.
Ssenarinin
adı Abbas Tufarqanlının şeirindən
götürülmüşdü: "Deyilənlər gəldi
başa..." (Sonradan Yusif müəllim
yarımçıq qalmış son romanını da belə
adlandırdı.)
Kino estetikasının tələbləri
baxımından fikir söyləmək çətin gəlir,
ancaq mətn son dərəcə maraqlı idi. "Qətl
günü" romanından film üçün şair və
hökmdar xətti əsas leytmotiv kimi
götürülmüşdü. Şair
obrazı daha çox Səməd Vurğunun şəxsiyyətini
və tərcümeyi-halını assosiasiya edirdi.
-Bir də maraqlıdır, sonradan
yazılan romanla ssenarinin məzmunu eyni idimi?
-Yox, tam fərqli
mətnlər idi. Sonra həmin ssenari dəyişdirildi,
"Qətl günü" filmi çəkildi. Bu film
çəkiləndə artıq başqa zaman idi və film 20
Yanvar şəhidlərinin xatirəsinə həsr olundu...
Yusif Səmədoğlu bəzən real həyata da
yazılmamış, qələmə alınmamış əsər
kimi baxırdı. İnsanlarla bədii əsər
personajı kimi davranırdı. Görünür,
bu onun təbiətindəki epos stixiyasından gəlirdi.
-Bunun köklərlə əlaqəli
olduğunu düşünürsünüz? Aşıq ədəbiyyatı,
dastanlar, müşahidə, duyum...
-Bu, yəqin
ki, daha çox şüurun dərinliyində, bəzən də
altında olan yaddaş amili ilə bağlı idi. Yusif Səmədoğlu
şəhərdə, "seçilmiş insanların" əhatəsində
böyümüşdü, Moskvada ali təhsil
almışdı, təhsilində rus dilinin böyük rolu
olmuşdu.
-Amma kök vardı...
-Təbii
ki, və bu kök xeyli dərinlərə bağlı idi. Bu özünü "Qətl günü"
romanında çox aydın göstərir.
-"Qətl
günü" ilə bağlı yazdınızmı?
-Ayrıca
məqalə yazmamışam. Ancaq belə hesab
edirəm ki, əsər bu gün ədəbiyyatşünaslıq
üçün daha çox mövzu verir.
-Hesab edirsinizmi ki, əsərdən də
zaman baxımından uzaqlaşdıqca daha yaxşı yazmaq
olur?
-Əsər var ki, təzə yazılanda daha çox
diqqət mərkəzində olur, haqqında çoxlu
danışılır, yazılır. Sonra həm
özü unudulur, həm də haqqında deyilənlər,
yazılanlar. Əsər də var ki, ona hər
zamanın öz baxışı, öz yanaşması olur.
"Qətl günü" belə əsərlərdəndir
-Bu əsərə ilk üzə
çıxdığı zaman bəslənən münasibətlə
indiki münasibət arasında fərq varmı?
-1984-cü ildə ilk dəfə "Azərbaycan"
jurnalında nəşr olunanda əsərlə bağlı
hökumət özü ajiotaj yaratmışdı,
jurnalın çapı təxminən bir ay ləngidilmişdi. "Qətl
günü" hələ nəşr olunmamış
"antisovet" əsər təsəvvürü
yaratmışdı. Əsər çap
olunan kimi Anar müəllimin məqaləsi nəşr edildi,
Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində
müzakirələri keçirildi. İcmallarda,
ədəbi söhbətlərdə bu romanın adı
başda çəkilirdi.
Sonra film yarandı. Beləliklə, "Qətl
günü" oxuculaırn yaddaşına
köçdü. İndi bu romana
münasibət daha ciddi və daha dərin elmi səciyyə
daşıyır. Məsələn, iki il öncə
AMEA ilə S.Vurğunun ev muzeyi Yusif Səmədoğlu
yaradıcılığına həsr olunmuş elmi konfrans
keçirdi və orada "Qətl günü" romanı
barədə olduqca maraqlı məruzələr dinlənildi.
Yeri gəlmişkən, bu yaxınlarda Cavanşir Yusiflinin
"Ədəbiyyat qəzeti"ndə nəşr etdirdiyi
"Qətl günü"romanında interyer" adlı məqalə
də müasir filologiyanın
roman haqqında maraqlı axtarışlarından biri kimi qiymətləndirilməlidir.
-Məti müəllim, yeni ədəbi
nəsillə bərabər yeni ədəbi tənqid və
oxucu da yaranır. Sizə indiki vəziyyət
necə görünür? Nə çatışır,
nə çatışmır?
-Məncə,
məsələyə çatışan tərəfindən
baxsaq, yaxşı olar... İndi 30-40 il
bundan əvvəlki kimi gənclərin tənqid və ya ədəbiyyatşünaslıq
sahəsinə kütləvi gəlişi müşahidə
edilmir. Buna baxmayaraq, indiki tənqid daha keyfiyyətlidir.
Sadəcə, ədəbi həyatda bir lənglik,
ətalət var və bu özünü tənqiddə də
göstərir.Ən böyük problemimiz isə oxucu
problemidir. Ədəbiyyatı xilas edə
biləcək ən qüdrətli qüvvə oxucudur.
-Bu haqda gözəl bir yazı da
yazmışdınız, ciddi diqqətçəkən fikirlər
vardı...
-Ədəbiyyatda gənc nəsil anlayışı o qədər
şərtidir ki...Bəzən yazıçının uzun
müddət "gənc" statusunda saxlanılması onun
inkişafına mane olur. Əlimizdə yazıçını gənc
adlandırmaq üçün dəqiq kriteriya yoxdur. Bütün bunlara baxmayaraq bəzi adları çəkə
bilərəm. Elnarə Akimova artıq
yetişmiş ədəbiyyatşünasdır. Fərid
Hüseynin, Qan Turalının, Qismətin yazılarını
böyük maraqla izləyirəm. Hərçənd,
onların "təyinatı" sırf tənqidçilik
deyil. Ülvi Babasoyun yazıları diqqətimi
çəkir. Cahan Seyidzadənin gələcəyinə
inanıram...
-Son çap olunan əsərlərə
tənqidin münasibəti sizi qane edirmi?
-Onu deyə
bilərəm ki, ədəbiyyatın heç bir hadisəsi tənqidin
diqqətindən kənarda deyil. Sadəcə, ədəbi
prosesin üzərindəki ətalət özünü tənqiddə
də göstərir. Ədəbiyyatın bütün
çatışmazlıqlarının günahını tənqiddə
axtarmaq isə ədalətsizlik olardı...
-Tənqid yaxşı əsərlərin
yaranması
üçün nəsə edə bilməzmi?
-Məncə,
yox. Tənqid yaxşı əsəri oxucuya
yaxşı təqdim edə bilər. Tənqid
"müfəttiş" vəzifəsini üzərinə
götürməklə (uzun müddət götürüb)
özünü də, ədəbiyyatı da günaha
batırmış olar. Tənqidin işi bədii
mətni oxucuya təqdim etməkdir.
-Yaxşısıyla, pisiylə...
-Məncə,
pis dediyimiz ədəbiyyatla "mübarizə" aparmaq təkcə
tənqidin işi deyil. Sadəcə, gərək
naşirlər pis əsərləri nəşr etməsinlər.
-Çapla bağlı vəziyyət
məlumdur. Bu halda siz haqlı
çıxırsınız-tənqid bütün bu
qarışıqlıqda nəyi çatdırsın, nəylə
mübarizə aparsın?
-İndi vəziyyət elədir ki, əlində pulu olan
aparıb 300-500 nüsxə ilə şeirlər
kitabını nəşr etdirir. Buna tənqid neyləsin?
O başqa məsələ ki, cəmiyyətdə yüksək
zövq formalaşdırmaq, mədəni oxucu yetişdirmək üçün konkret işlər
görmək mümkündür...
-Yaxşı bir tənqidçi nəyi
heç zaman unutmamalıdır?
-Kimin
haqqında, hansı əsərin haqqında
yazır-yazsın, ədalət hissini. Bir də
özünü haqqında yazdığın adamın yerinə
qoymağı....
-Yazılarınız sizi
yüngülləşdirirmi?
-Çox...
-Məti Osmanoğlu
şan-şöhrət axtarışında olmayan,
duyduğu, sevdiyi, böyük-kiçik fərqi qoymadan
inandığı mətnlər barədə heç bir
qarşılıq gözləmədən yazan tənqidçi
təəssüratı oyadır.
-Deməli,
şair demiş, hələ yaşamağa dəyər... Tam
səmimi deyirəm: karyera, var-dövlət, şan-şəhrət
mənim üçün o qədər əhəmiyyət
daşımayıb və daşımır. İndi
mənim üçün ən qiymətli şey
cansağlığı, könül xoşluğudur.
-Neçə illərdir müəllimsiniz,
minlərlə gəncə dərs demisiniz. Tələbələrinizə
güvənirsinizmi?
-Auditoriyaya
girəndə tələbələrimi həmkarlarım kimi
görməyə çalışıram, Yaş artdıqca
onlar mənə daha çox doğmalaşır.
-Yusif Səmədoğlu
haqqında yazınızda dünyanın sərt
üzünü görmüş atanızla bağlı bir
hissə var.
-Atam
maraqlı adam idi: öz amansız
keçmişini həmişə yumorla
xatırlayırdı, mənim faciə kimi gördüyüm
hadisələrə gülüş doğuran üzündən
baxırdı...
"Biz gəldi-gedərik, sən yaşa, Yusif Səmədoğlu!"nu bir neçə dəfə
oxumuşam. Hər oxuyanda oradakı epizodlar məndə
fərqli duyğular yaradır. Sonluğuna
çatanda isə dünyanın çox kiçik
olduğuna bir daha inanıram. Dünyanı
biz həddən artıq böyüdürük.
-Buna kədərlənirsiniz, yoxsa
atanız kimi gülürsünüz?
-Bu məsələdə
mən anama çəkmişəm: anam hər kiçik
şeyi böyüdən, ürəyinə salan adamdır.
Söhbətləşdi: Hədiyyə
Şəfaqət
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.26-27.