"Öz əsərini
danışdır"
Əlabbas
"Qiyamçı"
- Əlabbas müəllim,
"Qiyamçı"nı yazıb
bitirəndə nə baş verdi?
- Dolan
bulud boşalanda necə olursa, təxminən elə bir hal
yarandı. Bütün yazılarımda elə olub,
böyüklü-kiçikli, üstlərində yarpaq kimi
necə əsirəmsə, yükdən qurtulmağım toy-bayrama dönür. Nərimana
(Əbdülrəhmanlı) dedim, bir roman yazmışam, bax
ona. Baxdı, bəyəndi, xırda-para düzəlişləri
ilə də razılaşdım, kitab çıxanda redaktoru
da o oldu, 2004-də.
- Necə qarşılandı?
- İstədiyim
əks-sədanı verməsə də, həmin ərəfədə
xeyli dost
yazısı işıq üzü gördü. Ədəbi
tənqidimizin ağsaqqalı və söz sahibi Akif Hüseynov yüksək dəyərləndirdi. 2010-cu ildə isə
"Qiyamçı" I MKM-də vətənpərvərlik
mövzusunda yazılmış ən yaxşı əsər
kimi xüsusi mükafata layiq görüldü.
- "Qiyamçı"
deyiləndə göz önünə asi, narazı, qəbullanmayan
bir obraz gəlir. Təbriz dəli-dolu yeniyetməlik,
gənclik illərindən keçib gəlib, lakin əsərin
əsas xəttini, ideyasını təqib edən qiyam səssizdir.
O, dağıtmağı, yıxmağı, yenisini
qurmağı deyil, olana vəfanı ideallaşdırıb. "Qiyamçı" vəfanın sehrli hekayəsidir.
Razısınızmı?
- Əlbəttə. Təbriz, söz yox, əməl adamı
idi. Gözə kül üfürənlərdən
deyildi. Dərsini də Qəyyum kimi
mürşiddən almışdı. O insandan ki,
idealları uğrunda canından belə keçməyə
hazır idi. Gəlin bir reallığı da unutmayaq: 60-80-ci
illərdə kim cınqırını
çıxarıb açıq-açığına
xalqı qiyama, üsyana səsləyə bilərdi? Təbriz bir fərd kimi nəyi
bacardısa, onu
da elədi, amma cəmiyyət yenə onu ictimai
adam kimi qəbul etmədi. Hətta
yaxın ətrafı belə son anacan ona şübhəli nəzərlərlə
baxmağından qalmadı.
- Rayon mərkəzindən yola
çıxan adam
artıq doqquz ildir hamının atıb getdiyi kənddə
təkbaşına yaşamaqdadır. Bu illər ərzində
ilk dəfədir, kəndinə özüylə daha
bir-neçə adam aparır. Bu adamlar öz əzəli dədə-baba
yurdlarını qoyub gəliblər. Duruş gətirməyə,
başlarını qoymağa, təzə yurd salmağa hardan
başlayacaqlarını bilmirlər. Həyatda
ilk dəfə gördükləri adamın yanına
düşüb Əyriqar adlı naməlumluğa yol
alıblar. Bu naməlumluq Təbrizin ocağıdır,
ilk dəfədir ümidlənib, ocağının ətrafına
yeni insan nəfəsi yığışa bilər. Yol uzunu doqquz illik, bəlkə
daha irəlidəki, bəlkə daha geridəki bir çox
yaşanmışlar gah nağıl edilir, gah yada
salınır, gah da eləcə, yuxu kimi oxucunun gözünə
dəyib keçir.
-
Bütün mətn boyu heç nəyi qədərindən
artıq etməməyə çalışmışam.
Əzəl başdan hiss etdiyim bir həqiqət olub: əsərin
evini nəyisə idealizə etmək qədər yıxan ikinci bir
şey yoxdu. Olsa-olsa, bir də dil faktoru ola bilər. Burası belə. Qaldı
vurğuladığınız haqlı məqamlara, bunun da səbəbi
var. İş ondadı ki, harda oxucunu bezdirə biləcəyimi hiss
etmişəm, dərhal sadaladığınız fəndə
əl atmışam. Başqa sözlə,
növbəlilik prinsipi işə düşüb. Bu
günün ayıq oxucusunu lap bal kimi
şirin nağıl dili ilə də aldada bilməzsən.
Şəxsən mən çox şirin danışan
adamlardan həmişə ehtiyat etmişəm...
- "Qiyamçı" itkilərlə
dolu mətndir... Deyəsən, hadisələrin
ən qaynar vaxtı ərsəyə gəlmişdi, necə
deyərlər, isti-isti. Bəlkə buna
görə bu qədər canlıdır? Romanda sizin də qeyd etdiyiniz kimi,
onlarla, yüzlərlə köçürdülən kəndlərdən
biri, bəlkə də ümumiləşmiş obrazı
canlandırılıb və bu, bir mesaj rolunu oynayır.
-
Doğrudur. Mənim qəti qənaətim o vaxt
gözüaçıq, ayıq kənd kişilərindən
eşitdiyim bir fikirlə daha da möhkəmlənib ki, sərhəd kəndlərinin
boşaldılması faciələrə gətirib
çıxaracaq. Çıxardı da. Mən bu fikri hələ o vaxt,
altmışıncı illərdə ağlı işləyən
kişilərdən eşitmişdim. Romanı əslində
90-cı ildə tamamlamışdım, bir parçası da o
vaxtlar çıxan
"Dünyaya pəncərə" qəzetində
işıq üzü görmüşdü. O vaxt elə
bilirdim, bu yazı ilə kiməsə kömək əli uzada
bilərəm. Adam o yaşda belə xam xəyallarla
yaşayır axı. Aləm bir-birinə dəyən o
illəri, həyəcan, vahimə dolu günləri
yadınıza salın. Elə bilirdim romanı oxuyan kimi
hamı ondan lazımi nəticə çıxaracaq, bununla da
hər şey həll olunacaq... Sonra hər şeyi atdım
qaldı, 2003-cü ilə kimi... Səbəblərini romana
yazdığım ön sözdə
xırdalamışam... Altmışıncı illərin axırına
yaxın, daha dəqiqi, on-on iki yaşım olanda bir səhər
gözümü açıb uzaq dağ kəndindən gələn
qohumlarımızın öz ağır köçü ilə
həyətimizə düşdüyünü gördüm.
Hamı - qonum-qonşu, tanış-biliş, gələn-gedən
onlara təsəlli, ürək-dirək verirdi, amma bu təskinlikdən
çox, başsağlığına
oxşayırdı. Romanın ilk detalları
uşaq yaddaşıma onda köçüb. Bezgin,
yorğun və solğun sifətlər, ətrafa
dağılmış müxəllafat, alabəzək
xurcunlardan yalnız başı görünən toyuq-cücə,
hərəsi bir tərəfdə düşüb
qalmış qab-qacaq... təxminən iyirmi ildən sonra heç gözləmədiyim
bir halda "Qiyamçı"nın səhifələrində
təkrar üzə çıxdı. Mən,
bax, o köçkün kənd obrazını yaratmaq istəmişəm.
- Qəribədir, doqquz ildən sonra Əyriqar,
sanki ziyarətinə gediləcək müqəddəs yer
kimidir. Bəlkə də, ona bu
nəfəsi verən insan, Təbriz-Bəbirin daha çox
ehtirama haqqı çatır, amma Əyriqar özlüyündə obraz kimi canlıdır. Nəfəs
alır, yaşayır, təzələnir, ağaçı
çiçəklənir, otu göyərir... Ümumiyyətlə,
yer üzündə Əyriqar adlı kənd olubmu?
- Yox,
Əyriqar kəndi yoxdur, yer var o adda... Amma
görün sonradan mənim başıma nə gəldi?
Sən demə qədim
Azərbaycan ellərindən Qarayazı səmtlərdə bu
adda kənd varmış. Qoca bir kişi
öz vəfalı qarısı ilə ölənəcən
o kənddə yaşayıb. Elə həmin o
Əyriqarda. Təsəvvür edirsiniz?
Bu hadisəni eşidəndə az qaldı
havalanam. İllər sonra bu nə xəbər idi belə? Məni
yerimdən oynatdı. Özümdən uydurduğum
yarımifik hadisələrin real bədii zəmini də
varmış, sən demə... Hər halda elə billəm, mənə
qəlbən bu qədər yaxın olan adamları, Təbrizlə
Şəhrizin prototipi anlamına gələn insanları öz gözü ilə
görmək, bəlkə də, xoşbəxtliyim olardı.
- Romanda hər şey oxucuya o qədər
qəribə tərzdə yaxındır ki, insan az qala əlini uzadıb ata, heybəyə, Təbrizin
evinin qapısına, Əyriqarın qarına toxunur,
pişiyinə sığal çəkir, toyuq-cücəsinə
dən səpir... O otağın iyini canına çəkir,
o radionun səsini eşidir, zəminin
xışıltısını hiss edir...
- Həmişə
mənə irad tuturlar ki, bu nə cür yazı yazmaqdı? Necə danışırsan, elə də
yazırsan. Belə ədəbiyyat olmaz
axı, sən publika qarşısına çıxırsan. Bax onda bilirəm ki, nəsə
alınıb,
yazdığımı
düz yazmışam. O
yerdə ki, başladın artırıb-əskiltməyə,
ora sözün qurtaran yeridi. Bu, bir.
İkincisi, gəlin düzünü deyək də:
yazıçı ilə oxucunun təmasları son otuz ildə
qırılma nöqtəsinə o qədər
yaxınlaşıb ki, sizin kimi ayıq oxucunun
qarşısında adam çaşıb
qalır. Bir oxucu kimi o hissləri əsər başa
çatandan sonra özüm də hiss etmişəm. İndi onları o gerçəklikdə təsvirə
çəkə bilmərəm, indi o kökdə deyiləm.
O da bir havadı, gəlib, heyf ki, həm də gedir.
- Deyəsən, tanış adamlar ya sizi Təbrizə,
ya Təbrizi sizə bənzədirlər...
- Elə
özümü düşünüb yazmışam. Mən də Təbriz kimi edərdim. O, mənəvi
cəhətdən tənəzzülə uğramış
insanlara görk etmək istəyir ki, tənha yaşamaq da bir
insan ömrüdü, dədə-baba ocağını niyə
kor qoyub gedəsən? Bunun davasını
aparır. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi
məndə də Təbrizsayağı tərsliklər, inadkarlıq var.
Dediyimdən dönən deyiləm. Təbriz kimi məni də
quru yurdda qoyan elə bu oldu.
- Amma Təbriz tək
deyil. Düzdür, zaman onu tək
qoymuşdu, amma əvvəldə bir bəsləyiş
vardı, bir ilhamvericisi vardı. Məsələn
Qəyyum müəllim. Sovetin necə deyərlər,
gur-gur guruldayan vaxtlarinda belə adamların olduğuna inana bilmirsən.
- Həə,
elə iş də bax bundadı. O illərdə, məsələn,
məscidlərin söküldüyü illərdə yerlərdə
sovetin dini təbliğatına
qarşı mübarizə aparanlar olub. Təbrizin mübarizəsi
də belə barışmaz adamları vərəm oluncaya qədər
çərlədənlərlə idi. Guya,
o gedib öz ailəsinə bir tikə ruzi qazana bilməzdi?
Şəhrizlə xoşbəxt olmağa
haqqı yox idi? Əksinə. Qəyyum müəllimin mənəvi varisi o adamlara
başa salmaq istəyirdi ki, ey dili-qafil, sizi gözəgörünməz
bir əl idarə eləyir, ayıq olun. Altmışıncı
illərdə buraxılan o səhvlərin altını biz
indi çəkirik. Təbrizin də, elə əsərin
də mübarizəsinin
kökündə məhz bu
ideya, bu amal dayanırdı.
- Əlabbas müəllim, bir yandan da
"Qiyamçı" həm də bir qat daha içəridə,
siyasətdən, dövlətdən, münaqişədən
ötə, insan talelərinin hekayəsidir. Və o talelər
bütün səmimiyyətiylə təsvir edilib, pafossuz,
şişirtməsiz, artırmadan, azaltmadan-eynən
güzgüdəki kimi. Bilirsiniz ən çox nəyə
sevinirəm, Təbriz o dağ başında tək deyil,
hamı getsə də, müəllif onunla orda qalıb...
- Əslində, əsərin bu cür
alınmasının səbəbi nədi? İyirmi beş-otuz illik bir
dövrün hadısələrini iki nəfərin birgecəlik
yolboyu söhbətlərinə
sığışdıra
bilmişəm. Müəllifi də bura əlavə
etsək, olar üç. Bütün nəzəri
postulatları bir tərəfə tullayıb, hər şeyi
ürəyimdən necə keçirsə, eləcə
sıra ilə kağıza köçürmüşəm.
Öz qəhrəmanımı Əyriqarda elə
buna görə tək qoya bilmədim. Orda
ona görə qalmışdım ki, görüm təklik
anında insan nə edir? Sevgisiz yaşaya,
oğul-uşaqsız qala bilİr, ya yox? Və nəticəyə
baxın, on ilin ayrılığı da Təbrizin qəlbindəki
atəşi söndürə, insanlıq duyğusunu əlindən
ala bilmir. Bəlkə kiməsə elə gələ bilər
ki, bununla Təbrizi ideallaşdırmağa
çalışmışam. Qətiyyən.
Məsələn, o, qızıl tapır, bircə
anda əlinə bütün maneələri aşmaq
üçün olmazın fürsət düşür.
Lakin, həyatında heç nə dəyişmir...
- Mistiklər, dərvişlər daim
təkliyə can atırlar. Bəlkə Əyriqar, Təbrizin
Yaradana, vicdana, bəşəri hisslərə ən yaxın
olduğu yerdir, əlbəttə o yerdə insan əbədi təmizlik
tapmaya bilməz. Əyriqardakı tənhalıq
Təbrizə içinə dönməyə,
özünü kəşf etməyə, kimliyini, necəliyini,
içindəkinin mələkmi, şeytanmı olduğunu
anlamağa kömək etdi. Azaddır, onu tənhalığa
başqası məhkum etməyib, bunu özü seçib.
- Təbrizin
əzablarını öz əzabım kimi
yaşamışam. Yadımdadı, əsərin
yazıldığı günlərdə havalı kimi gəzib-dolanır,
evdə hamını acılayır, adi sözdən inciyir, heç nədən
dostların qəlbinə dəyirdim. Dərdimi
deməyin "xeyri" o olurdu ki, gülür, lağa qoyur,
başını itirmisən, deyirdilər. Yadınızdadırsa,
Müqəddəs Təbrizi ilk dəfə görəndə
onun ev-eşiyinə, həyat tərzinə və hərəkətlərinə
nəzər salıb deyir ki, məncə, sizin adınız
Zahid olmalıdı. Bununla o, ev yiyəsinin
zahidliyi könüllü qəbul etməsinə işarə
vurur.
- Mənim üçün
romanın əsas qadın qəhrəmanı, bütün
möhtəşəmliyilə Şəhrizdir. Əlabbas
müəllim, lakin oxuduqca düşündüm, Şəhriz
heç zaman Təbrizi Təbrizin onu sevdiyi qədər, o
yanğıyla, o kişiliklə sevməyib. Lakin bunun səbəbləri
var, Müqəddəsi çox-çox yarı yolda qoyub gedəcək
səbəbləri... Məncə, Şəhriz
bütövlüyüylə Mqqəddəsdən daha
çox müqəddəsdir. Baxmayaraq ki, müəllif
onu neçə yerdə gözüyaşlı qoyacaq. Alçaldacaq. Üzərində qələbəsini
vurğulayacaq...
- Şəhriz!
Təbriz bu qızı - Ağgədiyin qara mirvarisini ələ
gətirincə odlar ayaqlayır, ömrünün üç
ilini onun ucbatından damlarda çürütməli olur,
heç sonrası da ürəkaçan deyil: dar məqamda
onun üçün canından keçməyə hazır
olan adamı tək qoyub, bir az loru dillə
desək, aradan çıxır.
Onun taleyini
bir dəvə oğrusuna
bağlamaqla əslində gerçəkdə layiq olduğu yeri göstərmək
istəmişəm. Təbriz isə daha yaxşısına
layiq idi və həyatın bütün bu keşməkeşləri
ondan ötrüdü ki, bu obrazın içini astar-üz eləyə
bilim, özü də
inadkar, mübarizə əzmi ilə dolu olan bir həyat
tarixçəsi ilə.
- Daha yaxşısı? Görəsən
Təbriz Müqəddəsin başına o dərdləri
açsaydı, nə olardı? Əlabbas müəllim, bu
qadına niyə acıqlısınız? Şəhrizin Təbrizin
evinə "gəlin" gəlməsini xatırlayaq,
atasının halını xatırlayaq... Onu bu cür
göstərməyin kökündə bir səbəb var, nədir
o, qisas hissi? Əslində, bunu
cavabınızdan sonra düşündüm, siz Şəhrizdən
heyif çıxmısınız. Təbrizin heyfini, amma
bir az da öz heyfinizi
çıxmış olmayasınız?
- Bəlkə
də, bu cür davranış öz xarakterimdən gələn
şeydi. Qoyub gedən qadını
bağışlamazdım, Təbriz də
bağışlamır. Qadına
qarşı qəzəbli deyiləm axı. Əsər yazılıb qurtarandan sonra
yazıçı özü də oxucuya çevrilir. Mən indi bu əsəri həvəslə oxuyuram, nəyi
düz, nəyi səhv elədiyimi daha aydın görürəm.
Amma qadın obrazlarıma qarşı nəinki
qisas hissi, heç nifrət hissi də yoxdu məndə.
Durub desəm ki, mən Şəhrizi də
sevirdim, heç şübhəniz olmasın, haqli olaraq
gülənlər tapılacaq. Amma siz gəlin,
qələm əhlini qınamayın. Hər
şeyin kökündə sevgi dayanır. Təbrizlə
Şəhrizi Saldaşda görüşdürəndə,
elə bilirdim, hasarın o biri üzündə dayanıb,
onların nə qərara gələcəyini gözləyirəm.
Əgər Şəhriz Allahından
dönüb dilini bir balaca şirin eləsə, Təbriz də
yersiz təkəbbüründən əl çəksəydi,
onları əl-ələ verib yenidən Əyriqara
qaytaracaqdım. Çox əfsus! Baxıram
ki, mən özümdən başqa, heç kimə zülm
eləməmişəm. O səhnəni yazanda günlərlə
özümə gələ, yazıya yaxın gedə bilmədim.
Şəhriz, məktəb illərindən
tanıdığım, tək günahı gözəllik
olan, heç kimsənin ürək edib yaxın düşə
bilmədiyi bədbəxt bir qızın obrazıdır.
Yaxşı, deyək ki, Şəhrizin xoşbəxt ola bilməməyini mənim ayağıma
yazdıq, bəs o qızın taleyinin günahını kimdə
görək?
- Bəzən düşünürəm, özünü öldürmək
istəyən adamlar suallarına cavab axtaran adamlardır. Onlar
bunu ölmək üçün deyil, cavab tapmaq
üçün edirlər. Lakin son andan qayıdan adam yüksək bir yerdədir, artıq
sual-cavabı bitirmişdir, bilir ki, sual vermək də, ona
cavab aramaq da boş həvəsdir. O yerdə ki, Tanrıyla da,
bəndəylə də sual-cavab bitib, ondan sonra əsl həyat
başlayır. Özünüzü
öldürmək fikrinə düşdüyünüz olub?
-
Maraqlı, dəqiq düşüncədir... Yox,
olmayıb elə şey, mənim kimi qaynar təbiətli
adamların bu cür addım atması, sadəcə,
mümkün deyil. Məncə, bu ya psixi
pozğunluğu, ya iradə zəifliyi, ya da çox ciddi bir
ruh düşkünlüyü olan adamların edə biləcəyi
bir insidentdi.
- Günlərin bir günü Təbriz
özünü öldürmək fikrinə düşəcək.
Başdaşı da var... Amma güclü
xarakterə sahib bir adamdır. Az əvvəl
mən bunu ifadə etməyə çalışdım:
Sual-cavabın bir addımlığında dayanmaq, ya dayanmamaq,
siz razılaşdınız.
- Elə
bilirsiniz, on ilin onunda da onun kefi daim eyni mizanda olub? Qətiyyən. Bəs ciddi ruh
düşkünlüyü nəyə deyirəm? Axı bir xarakter kimi onu sevdirən də belə
şeylər idi. İndi belə olur, beş
dəqiqədən sonra ayrı cür, bir beş dəqiqədən
sonra da (dəqiqə şərti zaman vahididi) tamam bir ayrı
sayaq. Yaşamaq göründüyü qədər
də asan bir şey deyil axı.
- Sizcə, bu cavab məni qane etdi? Təbrizi niyə özünü öldürmək
həddinə çatdırmışdınız? Onun
yerinə suallara cavabı sizmi tapdınız, daha doğrusu,
cavabsızlığı, yoxsa özü?
-
Baxın, bu hadisə nə vaxt baş verib? Tək
qaldığı birinci qış. Yol-riz bağlı,
zülmət gecələr, bir inni-cinni yox! Radiosunu
da əlindən salıb sındırıb. Mirzə Cəlilin yuxusu yada düşür. Elə bil onu qəbirə qoyub, hər tərəfi
bərk-bərk hörürlər. Qışqırır,
bağırır, yalvarır ki, hər yeri hörüb onu
dünya işığından məhrum eləməsinlər.
Təbrizsə "Nələr
çəkdiyim sənə əyandır, ya Şahi-Mərdan" - deyib evə od vurmaq,
özünü yandırmaq, birdəfəlik canını
qurtarmaq istəyir, çünki qəlb yarasının lap o
isti vaxtında Şəhrizin hüzuri-şərifinə
qayıtmaq ölümə bərabər bir şey idi,
bütün tərs adamlar kimi isə
səhvini etiraf etməyi
bacarmırdı. Yaxşı ki, hər şey
başdaşına həkk etdirdiyi yöndəmsiz xətlə
yazılan "Bəbir 1979-cu
ilin qışında burda dəfn olunmuşdur" - cümləsi
ilə bitir. O gündən onun içində başqa bir insan
peyda olur.
- Mirzə Cəlil... "Poçt
qutusu"... Mətnlərinizi heç zaman
yazmadığınız ilk məktub yerinə
yazdığınızı demisiniz. Romanda çox təsirli,
tükləri ürpərdən bir məqam var. Təbriz
yaxın adamlarıyla xəyali məktublaşır, onların
cavab məktublarını açıb oxuyur ,
suallarına cavab arayır, ya da artıq bildiyi cavabları
qarşı tərəfdən özünə bir də
yollayır. Öz-özüylə məktublaşmaq
deyil əslində bu, inandığı, güvəndiyi
adamları eyni düşüncədə, eyni təmizlikdə,
eyni doğmalıqda saxlamaq arzusudur, cəhdidir. Həyat
o adamları dəyişə, ona lap yazsalar belə başqa məzmunda
cavablar da alına bilərdi.
- Hədiyyə
xanım, tam səmimi deyim ki, bu romanı sizin roman hesab elədim,
onu ki belə diqqətlə, sevə-sevə oxuyub
özünüzünkü eləmisiniz, başqa cür
düşünməyə haqqım da yoxdur. Heç kim onun barəsində belə ürəkdən,
sidq-könüldən və gerçəyi deyə-deyə
danışmayıb. Qənaətiniz tamamilə
doğrudur, bu həm də özünü aldatmaq istəyidir.
Təbriz hər şeyin onun
düşündüyü kimi olduğuna inanmaq istəyir -
Ona kimlərsə məktub yazır, cavab verir, hər şey
necə lazımdı, eləcə də davam edir. Bilə-bilə ki, özünü aldadır, yenə
o yalandan doymaq bilmir. Relsdən çıxarsa, hər an qəza baş verə biləcəyini
anlayır! Yox, əgər bir müddət
dözə bilsə, arzusuna çatacaq. Çatır
da, o aldatmaların, o yalanların, təbii ki, həm də
polad iradənin hesabına düz on il təkbaşına
yaşaya bilir.
- Amma o illər ərzində
üç adamdan məktub alır: Müəllimindən,
arvadından və geoloq qızdan. Müəlliminin adından
yazılan bir məktub da var, bu başqa məsələdir. Müəllimi bir gün öləcək və məktub
kəsiləcək. Arvadından gələn ilk və son məktubu
oxumamış "oxuyur", taleyin ən ağır zərbələrindən
biridir. Müqəddəsin məktubusa illərlə
poçt qutusunda qalıb. Maraqlıdır,
axı o Mirzə Cəlilin "Poçt qutusu"nun
açarı məhz Təbrizin cibindəydi? İlahi, bu cür insan qorxusu olarmı?
Poçt qutusunu illərlə açmır ki, birdən onu
boş görər və bir daha yıxılar.
- Müqəddəs Təbrizlə kənd köçən
ilin növbəti yayında görüşür. Qız
heyranlıq içində çıxıb gedir, ürəyindəkiləri
aça bilmir. Yenə var olsun məktub! Qoy Təbriz
oxusun, qərar versin. Amma müəllif buna
razı deyil. İllər sonra Xan kəndə gəlir,
darvazanın yanında
poçt qutusunu görür - onun içində nə
var? Bu, artıq o vaxt idi ki, Təbriz, "Mirzə
Cəlil yadigarı" ilə oynunu bitirmişdi, artıq o
qutu Təbriz üçün keçmişdə
qalmışdı. Orda məktub olacağı
ağlına da gəlmirdi... Bu məktub ona daha
hansı sirləri pıçıldamır? Amma
çifayda, cin şüşədən
çıxmışdı... Məktubun ora necə gəlib
düşdüyü düz on ildən sonra, mehmanxanada
görüşəndə bilir.. Təbriz
uzun illər şübhələr içində vurnuxur,
özünü inandırmağa çalışırdı
ki, belə şey ola bilməz, bu,
Allahın işidi. Əgər baş verənlərdən
anındaca xəbər tutsaydı, onu bir Allah bəndəsi
Əyriqarda tapsaydı, mənə nə deyirsiniz, deyin,
mütləq bu dünya gözəlinin eşqinə düşüb
gedəcəkdi. Çünki o vaxt, tənhalığın
ilk illərində
onu Əyriqara bağlayan
səbəblər içərisində belə bir bəndin
olub-olmamağı çox da ciddi önəm
daşımırdı. Bu ağrını, cavankən
qadınsız qalmağın acılarını sonralar, təklik
yarası içində yarğanlar açanda çəkdi. Onda
isə çox gec idi. On il
zarafatdı bəyəm? Mən bunu bilərəkdən,
etmişəm, düşünürəm ki, düz də
etmişəm.
- Əlbəttə, on il orda gözləyən siz deyildiniz, romanı
bəlkə bir neçə aya yazmısınız, siz nə
biləcəksiniz o on ilin ağrısını? Amma, əslində Təbriz öz qiyamıyla sizə
belə qalib gəlib. Hətta on il harda necə
yaşadığını, nələr çəkdiyini,
oğlanlarıyla necə başa
çıxdığını, ehtiyacını,
sızıltısını, qəzəbini oxucudan gizlətməyə
çalışdığınız Şəhriz də qalibdir.
- Sizin
yanaşmanızda ciddi məqam və fərqli anlar
gördüyümə görə deyirəm bu sözü,
hiss edirəm ki, bu əsər sizə müəllifin
özündən heç də az sirayət
etməyib. Ola bilər. Əgər
belədisə, bundan qətiyyən pəjmürdə olmaram.
Əksinə sevinərəm. Deməli, nəsə alınıb, başqa nə
deyə billəm?
- Əyriqar sevgisi, bir cüt oğlu
atasız qoyur. Nəticə göz qabağındadır, bu
durumda Təbrizə haqq verə bilmirsən. Böyüyü,
üstəlik, eyniylə özünə çəkib,
dikbaş, vurub-vurduran, qabağından yeməyən
oğlandır. Kiçiyi, sanki tam Əyriqarın
şeir havasıdır, quşa-heyvana qıymayan,
çiçək yığan, ağaca sığal çəkən.
Amma istənilən halda övladlar
günahsız yerə sürükləniblər.
Anayla-atanın arasında qalıblar, gedib internatacan
çıxıblar...
- Bu məsələdə
sizinlə şərikəm. Təbrizin tərsliyi,
inadkarlığı o uşaqların taleyini müəyyən
eləyir. Xan hətta üzünə
durur. Amma böyük ideallar naminə bəzən
kiçik məqsədləri qurban verirlər. Bir yandan da düz sözə nə deyə bilərəm? Amma son anacan ata kimi sədaqətini
itirmir, oğlunu əsgərliyə yola salır, qayıdan
kimi ona vilayət mərkəzində ev
almağa söz verir. İntəhası,
özüm də bilmirəm, günahlarını yumaq
üçün bunlar bəs edər, ya yox?
- Bəs etməz... Əlabbas
müəllim, əsərin sonuna yaxın danışılan
o hadisə, üç alimin gəlib Əyriqara
çıxması, söhbətləri qanımı
qaraltdı. Ürəkbulandırıcı söhbətlərdi,
amma neyləyəsən, bu da reallıqdır...
- Mən
bununla sovet elminin yetişdirdiyi bəzi alimi-üləmalara
gülmək istəmişəm. Görün nə
qədər yarıtmaz tədqiqat üsulları, "elmi
metodlar" düşünüb tapır onlar? O
vaxtkı ali məktəbə qəbul prosesini çörək
ağacına çevirən belə tiplərdən ayrı
nə gözləyə bilərsən? Onlar
torpaq, el-oba qədri biləndi? Ya yurd-yuva təəssübü
çəkən?
- "Qiyamçı"
sona kimi ciddi, hətta deyərdim, ağır notlarda gedir. Adamın çiynindən basır, hətta
yadımdadır, bir yerdə hiss etmişdim ki, yox, buna dözmək
olmaz, daha oxuya bilməyəcəyəm. Lakin
sona doğru hava qəfil dəyişir. Həqiqətən
qəfil, özünə gəlməyə macal tapmırsan. Müqəddəslə Təbriz şəhərdə
rastlaşırlar. Elə o yerdən sonra
romanın hekayəsi nağıllaşmağa doğru gedir.
Əsər tam bir fərqli havada tamamlanır.
- Bunu bilərəkdən
etmişəm. Bilsəydim ki, roman bundan itirir, söz yox ki, əsəri
onlar Müqəddəslə mehmanxanaya gedən yerdə, elə
yolda ikən
tamamlaya da bilərdim. Amma onda oxucu bəd gümana
düşməzdimi? Mənə nə lazım
idi? Vaxtilə
Əyriqarda ona deyə bilmədiklərini dilə gətirtməklə Təbriz
obrazının içini, əzəmətini, əsl
qiymətini, bir kişi kimi gözü və könlütox
olduğunu bir daha açmaq. Bu adam əsl kişi kimi son anacan
qonağına kəc
nəzərlərlə baxmır. Elə
bilirsiniz belə mərd, dəyanətli, etibarlı insanlar
qırılıb qurtarıb? Yoxdu daha yer
üzündə? Əsla! Bu obraz mənə
bax bu dəyərinə görə lazım idi.
Yalnız belə dərin içqatı olanlar on illik yalquzaq
ömrünü intixab etməyi bacara bilərlər! Əzəmətli
deməklə obraz əzəmətli olmur ki! Daha onda Təbriz
Təbriz olmazdı ki! Onda mən onu hansı
keyfiyyətinə görə arzuladığım obrazlar
sırasında görmək istəyərdim ki?
- Dediyim kimi, sonluq ağlıma gəlmirdi,
amma beləsi heç ağlıma gəlmirdi. Bəlkə
də oxucunun çiynindən yükü düşürməməliydiniz.
Müqəddəs Əyriqara getməməliydi.
- Ola bilər.
Razılaşıram. O da bir
yanaşmadı və heç pis yanaşma da deyil. Öz dediklərimi də Quran ayəsi hesab etməkdən
çox-çox uzağam. Amma mən
onların hamısını dəfən-dəfən
götür-qoy eləyib, nəzərimdə daha məqbul
olanının üzərində dayanmışam. Bax ona görə Müqəddəsi gələn
qonaqların qarşısına çıxartmamaqla oxucunu iki
fikir arasında çaş-baş qoymuşam. O hələ
dəqiq bilmir ki, Müqəddəs Əyriqardadı, ya
yox? O biri tərəfdən də,
məhəbbət macəraları ilə süslənmiş
son səhifələr Təbrizi bir obraz kimi sxematizmdən,
quru bəylikdən qurtarmağa xidmət edir. Bunsuz
o, bəlkə də, xəstə təxəyyülünə
görə qınanardı. Bəlkə, bundan da çox,
özünü bilərəkdən həyatın zövq-səfasından
məhrum etdiyinə görə.
- On il, Əlabbas
müəllim, Təbriz on il bahasına təkliyin,
yalnızlığın içində sualların
cavabsızlığına qarışmışdı, o məqama
yüksəlmişdi, ya da o yerəcən belə
görünürdü... Bilmirəm, bəlkə
düzünü siz etmisiniz. Bilmisiniz ki, Təbriz o
müqəddəsliyi sonacan aparmaq gücündə deyil... Onu
göydən yerə çırpmısınız...
- Nədənsə hər şeyin gözəlliyi nəticəsinin əvvəlcədən bilinməməsindədir, yəni məchulluğunda. İnsan ömrün sonunacan qaranlıq sualların cəngində çapalayır. Əgər Təbrizi də o məqama yüksəldən elə əlində girinc qaldığı suallar, mübarizə, təslim olmamaq əzmi idisə, onlardan yalnız birinin cavabı - Şəhrizi öz həyatından birdəfəlik silməsi - özünü qulyabanı olmaq təhlükəsindən qorumaq cəhdi kənardan yəni, doğrudan, belə görünür? Əyriqarda yeni həyata başlamaq! O biri tərəfdən də cəlayi-vətənlər! Bu, həm də Qəyyum müəllimin arzularının gec-tez həyata keçməsinə verilən müəllif şəhadətnaməsi idi. Yoxsa onillik mübarizənin bir mənası, anlamı, məntiqi olmazdı ki! Bir də mən, uzaqbaşı Təbrizi göylərdən endirə billəm, daha çırpmaq niyə? Nə günah yiyəsi idi o yazıq?..
- Bilmirəm, bunu
siz etmisiniz... Əlabbas müəllim, Əyriqar yuxunuza girmir
ki?
- Heç yuxumdan çıxır ki? Hər dəfə Naxçıvana gedəndə elə bilirəm Əyriqara gedirəm.
Söhbətləşdi:
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2018.- 14
aprel.- S.10-11.