Daha "...bir nəzər"
Səhv nəzərləri
sərf-nəzər etmə vaxtı
Əvvəli ötən
saylarımızda
Türk-İslam ədəbiyyatı
şeirmərkəzli ədəbiyyat kimi
Həqiqət də budur ki, türk-İslam ədəbiyyatının
(eləcə də daha əvvəlki dövrlərdə
ümummüsəlman ədəbiyyatının) ən gur qolu
poeziyadır.
Hətta bu ədəbiyyatın bütün tarixi poeziyanın
inkişaf tarixidir,- desək belə
mübaliğə olmaz. Çünki İslam
aləmində ta qədim dövrdən ən vacib və
yaddaqalan postulatlar ifadəsini məhz poetik formalarda, şeirlə
tapmışdır. Yüzillər ərzində bir
çox elmi əsərlər, ədəbi risalələr,
tarix və fal kitabları, ikidilli-üçdilli lüğətlər,
ensiklopedik "qamus"lar, hətta tibb əsərləri mənzum
şəkilndə qələmə alınmış, nəsr
də, poetik
ənənələr üzərində yaranmış və
fəaliyyət göstərmişdir. Bir
sözlə, şeir türk-İslam ədəbiyyatının
şah damarı olmuş və onun canlı bir orqanizm kimi
yaşamasında həyati rol oynamışdır. Deyilənlər tam həcmdə XIX əsr ədəbiyyatına
da şamil edilməlidir. Üstəlik, bu
dövrü türk-İslam poeziyasının coşqun
yüksəliş dövrü adlandırmalıyıq. Zira, poeziya tariximizin heç bir mərhələsində
bu sayda parlaq ədəbi simaya və əsərə rast gəlmək
mümkün deyil (hər halda, əldə olan bədii və ədəbi-tarixi
materiallar bunu isbat edir). Statistikaya varmağa lüzum yoxsa
da, "Riyazül-aşiqin", "Təzkireyi-Nəvvab"
və başqa mənbələrdan məlum olur ki, həmin əsrdə
elə bircə Qarabağ mahalında yüzə qədər,
70-ci illərdə isə yalnız Ərdəbildə əllidən
artıq şair yazıb-yaratmışdır (Nəsrəddin Qarayev). Hətta təkcə ədəbi məclisləri mənbələrdə
qeydə alınmış bölgələri də bunun
üzərinə gəlsək, Azərbaycanda o dövrdə
ölüsü-ölüsü, yüzdən artıq peşəkar
(!) şairin ədəbi yaradıcılıqla məşğul
olduğunu rahat söyləmək mümkündür. Bu zənginlikdə ədəbi irsin ötən
müddətdə heç təsviri səviyyədə belə
ciddi araşdırılmaması, əlbəttə,
acınacaqlıdır. Səbəb isə budur ki, sovet
dövründə yuxarıdan direktivlər əsasında bu
ideologiyaya az-çox uyğunlaşdırılması
mümkün olan "nümunəvi" əsərlərin
reyestri yaradılmış, Azərbaycan şeirinin ümumi mənzərəsi
də həmin qondarma dairə içində
cızılmışdır. Bundan da dəhşətlisi
odur ki, "nomenklatur" əsərlərin və müəlliflərin
belə normal tədqiqatına imkan verilməmişdir.
Halbuki ideoloji səbəblərdən tarixi-müqayisəli
araşdırmaya cəlb edilməyən, müxtəlif yarlıqlar vurulub,
siyahılardan çıxdaş edilən şairlər, onların
yaradıcılıq nümunələri türk-İslam ədəbi-mədəni
prosesinin əsas inkişaf təmayüllərini müəyyənləşdirmək
üçün müstəsna əhəmiyyətə
malikdir. Aşağıda XIX əsr Azərbaycan ədəbi-mədəni
mühiti, onun inkişaf qanunauyğunluqları haqqında imkan
daxilində üzə çıxarılan və
türk-İslam poeziyasının ümumi sistemində qanuni
yerini alıb, bu sistemin məntiqi ilə təsdiqlənən
bəzi xüsusiyyətlər diqqətə
çatdırılır. Həmin ədəbi proses isə
son dərəcə çoxcəhətli olub, çarizmin Azərbaycana
gətirib, yerləşdirmək istədiyi Qərb yeniliklərinin
daşıyıcıları (onlar nə qədər
böyük vətənpərvərlər, mahir sənətkarlar və
zamanı qabaqlayan fikir adamları olsalar belə!), yaxud
yalnız paytaxt şəhərlərində cəmləşən
yaradıcı ziyalılar tərəfindən
formalaşmayıb. Mədəni proseslərdə harada, kimlər
tərəfindən irəli sürülməsindən
asılı olmayaraq bütün parlaq ideyaların, cəmiyyətdə
az və ya çox dərəcədə
mübadilə predmeti olmuş fikri təmayüllərin nəzərə
alınması vacibdir. Ədəbiyyatda da ideya-məzmun
kontentinin, bədii zövqün, bir sözlə, ümumi
diskursun, ədəbi təlim və tərbiyənin
yayılmasında iştirakı olmuş hər bir söz sənətkarının
və yaradlıcılıq məhsulunun öyrənilməyə,
araşdırılmağa haqqı var və onların bu
haqqını qaytarmaq ədəbiyyat tarixçilərinin
borcudur. Şairlərin sayının
çoxluğu bizi qorxutmasın. Bəhs
açdığımız dövrdə Osmanlı şairlərinin
sayı müqayisədə qat-qat çox olub və bu da təbiidir.
İstanbul kitabxanalarının türkcə
yazılmış divanlar Kataloqunda 114 şairin divanı
göstərilir. Və bunlar sadəcə divanı məlum
olanlardır! Əlbəttə ki, bu qədər
şairin ayrı-ayrılıqda öyrənilməsi, türk
ədəbiyyatşünaslığının uğurudur.
Yeri gəlmişkən, poeziyanın həmin dövrdə Osmanlı ədəbiyyatında
aparıcı yer tutması fikri C.Məmmədquluzadənin
"Anamın kitabı" pyesində də əksini
tapmışdır. Pyesdə Səməd Vahidlə çar
senzoru arasında belə bir maraqlı dialoq var:
Səməd
Vahid: (bu kitabı qoyur, o birini götürür, oxuyur): -
Elmi-vəzn. Hamısı şeirdir. Bu kitab da üsuli-qafiyədən danışır.
Hamısı şeirdir. Bu
kitab sərbəst nəzm şeirləridir. Bu kitab da müxəmməs şeirləridir. Bu da təxmisdir. Hamısı
şeirdir. Bu da saqinamə şeirləridir.
Bu da məsnəvi. Bu da qəzəllər.
Bu nədir? Tərcibənd.
Bu da tərkibbənd. Genə hamısı
şeirdir...
Senzor: -
...Pəs səbəb nədir ki, Osmanlıdan gələn
kitablar hamısı şeirdir?
Səməd
Vahid: - Səbəb budur ki, Osmanlıda cəmi qələm
sahibləri şairdir, cəmi doktorlar, mühəndislər,
diplomatlar, hətta ministrlər də şairdir, həpsi
şairdir.
Senzor: -
Bağışlayın, pəs sizin sənətiniz nədir?
Səməd
Vahid: - Mən özüm də şairəm. Kəndim
də cəmiyyəti-xeyriyyə məktəbində elmi-qafiyə
dərsi diyorum".
Mirzə Cəlilin ironiyası aydındır. Amma nəzərə
alınası bir neçə məqama da toxunmamaq olmaz.
Əvvəla, Səməd Vahid burada peşəkar şairlərdən
yox, qrafomanlardan bəhs edir. İkincisi, "şeir
bülbülləri" bir-birilərini nə qədər təkrarlasalar
belə onların qələm təcrübələri dövrün ədəbi
panoramını müəyyən
etmək üçün faydalı mənbələrdəndir:
kimin, nəyin və necə təqlid olunması hakim
tendensiyalar barədə daha dəqiq təsəvvür yarada
bilir. Bu, ümumiyyətlə, bir neçə cəhətdən
ciddi məsələdir. Hər bir qələm əhli
(doktor, mühəndis, diplomat, nazir... kim
olursa-olsun) şeir yazmağa ehtiyac duyursa, bu, həmin şəxsin
ətrafındakılara (əlbəttə, özü
üçün yazmırsa!) vacib hesab etdiyi müəyyən
fikir və hissləri çatdırmaq istədiyini göstərir.
Şeir kimi zəif olan, heç bir halda sənət
əsəri sayılmayacaq mənzumələr, təbii ki, ədəbi
nöqteyi-nəzərdən kinayə edilməyə layiqdir.
Lakin bu mənzumələrin hər biri bir şəxsin
(özü də savadlı bir şəxsin!) başqalarına
çatdırmaq istədiyi mesajlar kimi ictimai maraq
daşıyır. Məhz XIX əsr
insanını düşündürən, başqaları ilə
bölüşmək dərəcəsində narahat edən
məsələlər rakursundan baxanda hətta adi
qrafomanın belə qələm təcrübəsi sosial-mədəni
sənəd kimi diqqətə alınmaya bilməz.
XIX əsr
türk-İslam poeziyası kəmiyyət göstəriciləri
ilə bərabər, keyfiyyətcə də çox zəngindir. Məhz bu
dövrdə klassik şeirin elmi-bəlağət
kitablarında rəsmiləşdirilmiş bütün
ülgüləri türk dilinin və onun regional
qollarının daxili potensiyasına tam uyuşdurulur, əsrlərcə
davam edən bu proses məntiqi sonluğuna çatır,
Şeyx Qalib, Seyid Əzim, Əbdülhəqq Hamid,
Əbdürrauf Fitrət, Yəhya Kamal Bəyatlı, Sabir,
Cavid... poetik yaradıcılığında zirvəyə
yüksəlir. Cəsarətlə söyləyə bilərik
ki, türk-İslam şeiri bu dövrdə heç zaman
olmadığı qədər qollu-budaqlı, poetexniki cəhətdən
kamildir və ən yeni ideyaları ifadə etmək qüdrətindədir.
Klassik şeirin elə bir şəkli-üslubi
elementi yoxdur ki, bu dövrdə "kamala"
çatmamış olsun. Deyilənlər
türk-İslam cəmiyyətində şeir və şairin tutduğu
layiqli yer, ictimai proseslərdə on(lar)a ayrılmış
mühüm rol, verilmiş yüksək dəyərlə əlaqədardır.
Bu qədir-qiymət isə boş yerdən
yaranmayıb, böyük bir tarixi keçmişə malik
İslami ənənələrdən nəşət edir.
Şeir və şairin sosial statusu-1:
bədəvilik və cahiliyyə
dövrü
Türk-İslam
şeirinin təməlində durmuş qədim və zəngin
ənənələrdən danışarkən
tanınmış ərəbşünas İ.M.Filştinski
yazır: "Mənşə etibarilə iranlı, türk,
yunan, suriyalı, yəhudi və s. olan ədib və alimlər
yeni dini, mədəniyyəti və ərəb dilini əxz edərkən
öz doğma mədəniyyətləri ilə əlaqələrini
itirməmək şərti ilə təkcə İslam ənənələrini
deyil, həm də qədim ərəb ənənələrini
mənimsəyirdilər". Bu fikri nəzərə almaqla, qədim ərəb
cəmiyyətinə kiçik bir ekskurs etmək ehtiyacı
duyuruq. Ən qədim dövrdə ərəblər
ayrı-ayrı əşirətlər şəklində
yaşayırdılar. Belə icmalara xas
olan ümumi cəhət kimi əşirətlərarası
mübarizə ictimai həyatın əsas məzmununu təşkil
edirdi. Bədəvi ərəblər
tayfalarını böyük və vahid bir ailə kimi dərk
edir, dünyaya bu prizmadan baxırdılar. Şairlər
də yaradıcı fəaliyyətdə ilk növbədə
tayfalarının şan-şöhrətini, şərəfli
tarixini, şəcərəsini, soy ağacını, habelə
qəhrəman övladlarının gücünü-qüvvətini,
əşirət rəisinin ləyaqətini tərənnüm
etmək, əbədiləşdirmək məqsədi güdürdülər.
Öz tayfalarının maraqlarını müdafiə edərkən
həm də onun düşmənləri ilə mübarizəyə
girişən, onları lağa qoyan, aşağılayan, müqabil tərəflərdən
edilən hücumlara cavab verən şairlər icma
iyerarxiyasında yüksək mövqe tuturdular. Onların
sosial funksiyalarına baş verən hadisələrin (daha
çox tayfalararası münasibətlərin müxtəlif
təzahürlərinin) qələmə alınması,
müvafiq ictimai rəyin yaradılması və tarixə
salınması, mövcud adət-ənənələrin, əxlaqi
dəyər və əmək vərdişlərinin
translyasiyası və s. daxil idi. Beləliklə, şairlərə
tayfanın şanlı
ənənələrinin qoruyucusu və sonrakı
nəsillərə ötürücüsü kimi
mühüm rol ayrılmışdı. Sözün sehrinə,
magik qüvvəsinə inanan, şeiri müqəddəs bilən tayfa
sakinləri öz şairləri ilə fəxr edir, onları
qoruyur və yüksək qiymətləndirirdilər. Təəbbata Şərran, əş-Şənfəra,
Urva ibn əl-Vardi, Hatəm ət-Tai, əl-Mühəlhil kimi
bədəvi şairlərin adları qədim ərəb
tarixinə həkk olunmuşdur. Bu dövr şairləri
tərənnüm, təsvir və ağı səciyyəli
şeirləri ilə mədhiyyə, risa (mərsiyə), fəxriyyə,
vəsf (təbiətin, gözəlliklərin təsviri) və
s. şeir şəkillərinin təməlini qoymuş, ərəb
poeziyasının inkişaf istiqamətlərini müəyyən
etmişlər. Demək olar ki, artıq bədəviyyə
dövründən ərəb şairlərinin
yaradıcı fəaliyyəti məqsədyönlü səciyyə
daşımışdır. Rus şərqşünası
V.Rozen o dövrlərdə şeirin mətbuatı əvəz
etdiyini söyləyərkən, onun belçikalı həmkarı
A.Lammens isə qədim şairləri "öz
zamanlarının jurnalistləri" adlandırarkən məhz
bu qarşılıqlı ictimai münasibətlər sistemini
nəzərdə tuturlar.
Bir qədər sonra, qəbilə-tayfa münasibətlərinin
zəifləməsi, tədricən süquta uğraması,
şəhərlərin yaranıb böyüyərək, mədəniyyət
mərkəzlərinə çevrilməsi ilə ərəb
poeziyası yeni mərhələyə- "cahiliyyə
dövrünə" qədəm qoyur. Şairlərin
şəhərlərə köçməsi və şəhərlər
ətrafında mərkəzləşən əmirlik tipli
dövlətlərlə yaxınlaşmaları poetik fəaliyyət
sferasında müəyyən dəyişikliklər
yaranmasına səbəb olur; get-gedə bədəvilik
elementləri, tayfa təfəkkürü əhəmiyyətini
itirir. Əgər ən qədim ərəb bədii mətnlərində
fərdi-müəllif mövqeyi zəif, kollektiv tayfa
maraqları qabarıq ifadə olunurdusa və bu, insanların
dünyanı hələ kiçik etnik bütövlər
halında dərk etmələrini, məntiqi və bədii təfəkkürdə
üzvlənmənin hələ başa
çatmadığını göstərirdisə, cahiliyyə
dövrü poetik mətnlərində şairlər gah tayfaları
ilə hökmdarlar arasında vasitəçi rolu oynayır,
gah da əşirət çərçivələrini
aşaraq, etnik icmalarını və özlərini deyil, himayə
gördükləri hökmdarları tərif və tərənnüm
edirlər. Bu mərhələdə saray şairi/şeiri kimi
yeni təsisat(lar) meydana gəlir. Saray həyatı poeziyanın əyləncə
funksiyasını önə çıxarır, şeir musiqi
ilə müşayiət olunur və ona
uyğunlaşdırılır. Şərabı
tərənnüm, ziyafət və əyləncə səhnələrini
təsvir edən "xəmriyyat" şeirləri əmələ
gəlir. Saray şairləri çox vaxt
deyişir və bu zaman yaranan "qarşıdurma
oyun"ları, zarafat və lağlağılar əyləncə
effektinin yüksəlməsinə xidmət edir.
Lakin əgər qədim ərəb poeziyasının,
habelə, ümummüsəlman ədəbiyyatının
fundamental əsaslarından danışırıqsa, ilk
növbədə mədhiyyə~mərsiyə~fəxriyyə
məzmunlu mənzumələri xatırlamalıyıq. Bunlar eyni
poetik cərgənin vahidləridir. Mədhiyyə
ilə mərsiyə arasında fərq budur ki, birində insan
sağ ikən, o birində isə öldükdən sonra tərənnüm
olunur. Bunu hələ X əsrdə ərəb
filoloqu Kudamə ibn Cəfər qeyd etmişdir. Türk ədəbiyyat
tarixşünaslığının banisi Mehmet Fuad
Köprülü isə sanki həmin fikri davam etdirərək
yazırdı: "Əlimizdə olan əsərlərin ən
qədimləri kimi qəhrəmanlıq şeirlərini və
mərsiyələri göstərə bilərik. Əvvəllər
ölən rəislər, hökmdarlar və qəhrəmanların
mənqibələrini tərənnüm edən ozanlar tədricən
yaşayan rəisləri, hökmdarları və
xanımları (məlikələri) öyməklə məşğul
olmuşlar... Mərsiyələrin əsl
qüvvətli və mühüm hissələri ölən qəhrəmanın
igidlik və cəngavərliyini tərənnüm edən cəng
səhnələridir". Molla Pənah Vaqifin yaradıcılığına
həsr etdiyi məqalədə Muxtar İmanov da prinsipcə
eyni qənaətə gəlir: "Vaqifin bir mərsiyəsi
var- İbrahim xanın oğlu Cavadın vaxtsız
ölümü münasibətilə yazılıb... Bu, hansısa bir mərsiyədən çox mədhiyyəni
yada salır. Bu fikrə inanmaq üçün mərsiyənin
bir bəndinə nəzər salmaq kifayətdir:
Od
düşüb, köşkü saraylar, guiya tağlar yanar,
Səs
verir, səngü şəcərlər, od
tutub dağlar yanar.
Yasə
girmiş səbzələr, geymiş qara bağlar yanar,
Cümleyi-xəlqi-cahan
qan-yaş töküb ağlar, yanar
Səndən
ötrü, xan Cavad,
sərdar
Cavad, sultan Cavad!
Sərbəsər
geysin qara
bundan
geri dövran, Cavad!
Oldu
çün nazik vücudun
xak ilə
yeksan, Cavad!.."
Tərənnüm şeirinin üçüncü növü olan fəxriyyədə şair başqalarını yox, özünü tərif edir, ustalığını nəzərə çarpdırır. Türk-İslam şeiri tarixində mədhiyyənin mərsiyə və fəxriyyə ilə müqayisədə sayca üstünlüyü öz-özlüyündə anlaşılandır. Amma fəxriyyə də tarixən bunlarla eyni paradiqmaya aid edilib; bunu unutmamaq, "üçlüyün" hər hansı üzvü haqqında söylənən mülahizələrdən o biri ikisinə assosiativ keçidlər olması ehtimalını (heç olmasa, bu yazıda) nəzərdə tutmaq lazımdır.
Ardı var
Nizaməddin MUSTAFA
Ədəbiyyat qəzeti.- 2018.- 14
aprel.- S.12-13.