Xalıq Koroğlu: Sağlığında

nekroloqunu oxumuş görkəmli alim  

 

Əvvəli ötən sayımızda

 

Söhbət zamanı Xalıq müəllim o hadisədən və F.Kuznetsovun yanaşmasından sonra İnstitutla əlaqələrini kəsdiyini dedi   dastanı rusca çap etdirmək xatirinə  Tenişevin təklifini qəbil etməmi istədi. Yaşar Qarayev isə bunu mənim qarşımda bir milli vəzifə kimi qoydu. Ancaq bundan sonra bir müddət  Dünya Ədəbiyyatı İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmək təklifini qəbul etdim.   Məsələ burasındadır ki, elə o vaxtlar  Moskva Dövlət Linqvistika Universitetinin rektoru, professor İrina Xaleyeva mənimlə görüşərək, universitetdə Türk dili və ədəbiyyatı bölümünü açmamı və ona rəhbərlik etməmi təklif etmişdi. Mən artıq universitetdə işləyir, bölümün açılmasıyla bağlı kadr və təşkilat işləriylə məşgul olurdum. İşimin çox olmasına baxmayaraq dastanın Lebedyeva tərəfindən edilmiş tərcüməsini bir daha orijinalıyla  tutuşdurdum, xirda düzəlişlər etdikdən sonra "Koroğlu"  dastanını çapa hazırladım və elmi şuradan keçirdim. Dastanın tam hazır hala gətirib nəşriyyata göndəriləcəyi ərəfədə İmran Seyidov Bakıdan Kuznetsovun adına məktub göndərir və o məktubda "Koroğlu"nu ruscaya tərcümə etdiyini, Lebedyevanın azəricə bilmədiyi üçün tərcüməsinin yanlışlıqlarla dolu olduğunu, Xalıq Koroğlu və mənim ona qarşı qərəzli davrandığımıza görə tərcüməsini qəbul etmədiyimizi və bunun kimi əsası olmayan bir sıra absurd şeylər yazır. İnstitut müdirliyi İ.Seyidovun məktubuna dayanaraq yeni komissiyanın yaradılmasını qərarlaşdırır. Nə Tenişev, nə də mən bu danos mahiyyətli məktuba görə dastanın çapının ləngidilməsinin doğru olmayacağını Kuznetsova desək də,  o  komissiyanın yaradılmasınında israr edirdi. 90-cı illərdə ağır maddi vəziyyətdə olan institutun bir ildən sonra komissiyanın varacağı nəticəyə dayanaraq "Koroğlu"dastanını "Dünya dastanları"seriyasında çap edəcəyi sual altında idi. Heyiflər olsun ki, hər şey düşündüyümüz kimi oldu. Bu hadisə hamımızı, xüsusilə də Yaşar Qarayevi həddindən çox üzmüşdü. Mənə ən çox pis təsir edən isə sapı bizdən olanların milli mədəniyyətimizi deyil, ancaq öz çıxarlarını güdmələri idi. Bu olaydan sonra mən institutda qala bilməzdim. Həm də Linqivistika Universitetində görüləcək işlərim həddindən çox idi.

Xalıq müəllimlə əlaqələrimiz həmişəki kimi davam edirdi. O, "Ocaq " cəmiyyətinin keçirdiyi bütün ədəbi tədbirlərdə iştirak edir, mən isə onun  aspirantlarının dissertasiyasına rəylər yazır, bəzilərinin də opponenti olurdum.

Xalıq müəllimin Azərbaycanda yaxın qohumu yox idi və bu səbəbdən dəvət olunduğu zaman böyük həvəslə Bakıya gələrdi. 1988-ci ildə Bakıda keçirilən və "Dədə Qorqud Kitabı"na həsr olunmuş birinci Sovet-Türk kollokviumunun iştirakçılarıyla bərabər  Bakı, İsmayıllı və Lahıcda olduğumuz  səkkiz gün ərzində Xalıq müəllimin  vətən sevgisini, ona olan bağlılığını görməmək mümkün deyildi. Birinci kollokviumdan sonra Moskvada mənə qarşı başladılan böhtanları, danosları ifşa edərkən, xüsusilə də SSRİ EA Ədəbiyyat və Dil bölməsində Bakı toplantısıyla bağlı məsələlər görüşülürkən Xalıq müəllim obyektiv, parlaq çıxışlarıyla  danosçulara təsirli zərbə vurmuşdu.

1996-cı ilin iyun ayının axırlarında Bakıya getməyə hazırlaşırdım. Hər zaman olduğu kimi, Xalıq müəllimə telefon edib, Azərbaycana gedəcəyimi bildirdim və bir istəyinin olub-olmadığını soruşdum. O, həmişəki şirin danışıq üslubu ilə:

- Ah, nə gözəl! - dedi.-Mən elə Azad Nəbiyevlə bərabər yazdığımız  "Azərbaycan qəhrəmanlıq eposu" kitabının redaktə olunmuş variantını Bakıya göndərməyə adam axtarırdam. Onu Nəbiyevə çatdıra bilərsənmi?

- Əlbəttə, Xalıq müəllim. Sabah işə getməzdən əvvəl, həmişəki kimi "Lenin kitabxanası" metrosunun vestibülündə görüşək, əlyazısını sizdən alım.

Ertəsi günü Xalıq müəllimlə görüşüb,  qovluğu  aldım və işə getdim. Bir gün sonra da Bakıya uçdum və gələn kimi də professor Azad Nəbiyevə telefon edib, əl yazısını gətirdiyimi söylədim. Çox keçmədən Azad bəy bizim evə gəldi. Qovluğu verərkən  onun üzündə bir qəribəlik, təlaş sezdim:

- Tofiq müəllim, Xalıq Koroğlunu son dəfə nə vaxt görmüsünüz"

- Dünən. Bunu niyə soruşdunuz, bir şeymi olub?

- Bizim qəzetlər onun vəfat etdiyini yazıb.

- Ola bilməz, dünən onu sağ-salamat işə gedərkən görmüşəm.

Azad Nəbiyev getdikdən  bir az sonra dostum Yaşar Qarayev gəldi və biz onun maşınında Ədəbiyyat İnstitutuna gedərkən eyni dialoq təkrarlandı.

- Əzizim Yaşar, bu işdə bir yanlışlıq var,  dünən axşam vəfat etsəydi belə, qəzetlərin bir neçə gün əvvəl bu haqda məlumat verməsi yayılan xəbərin yanlış olduğunu göstərir.

- İnstituta gələn kimi onun evinə telefon edib, durumu öyrənərik.

Yaşar bəyin kabinetindən Moskvaya - Xalıq müəllimin evinə telefon etdim. Dəstəyi Xalıq müəllimin özü qaldırdı.

- Xalıq müəllim, salam. Zəng edib xəbər vermək istədim ki, narahat olmayasınız, əl yazısını Nəbiyevə çatdırdım.

- Əziz Tofiq, təşəkkür edirəm, çox məsuliyyətli insansınız.

- Yazı-pozu işlərində mən doğrudan da çox məsuliyyətli adamam,- dediyimdə,  özümü zorla ələ alaraq gülməməyə çalışırdım. Xalıq müəllim nə bilsin ki, mən hansı məqsədlə ona zəng etmişəm.

Yaşar Qarayevlə söhbət əsnasında məlum oldu ki, Xalıq müəllimin yeni mənzilə köçdüyündən, telefon nömrəsinin dəyişdiyindən xəbərsiz olan həmkarlarımızdan biri tez-tez köhnə nömrəyə telefon edib Xalıq müəllimi soruşurmuş. Görünür, bu zənglərdən bezən, mənzilin yeni sahibi olan qadın, Xalıq müəllimin öldüyünü və bir daha  narahat edilməməsini deyib. Bundan sonra Koroğlunun ölüm xəbəri yayılıb və bu acı olayın etkisiylə Kamil Vəli Nərimanoğlu yazdığı "Türk dünyası Xalıq Koroğlunu itirdi" başlıqlı nekroloq Anar, Y.Qarayev, F.Qoca, T.Hacıyev, K.Bəliyev, C.Qiyasi və C.Nağıyevin imzalarıyla 27 iyul 1996 tarixli "Ədəbiyyat qəzeti"ndə çap olunur.

Yaşar Qarayev Xalıq müəllimin sağ-salamat olmasına  sevinir, eyni zamanda, alimin bu hadisəyə necə reaksiya verəcəyindən narahatlıq keçirirdi.

- Yaşar bəy, narahat olma. Mən Xalıq müəllimi yaxşı tanıyıram, olduqca müdrik adamdır, onun bu hadisəyə normal, hətta yumorla yanaşacağından əminəm. Ancaq  o qəzetin bir nüsxəsini mənə verin,  mütləq ona çatdırmalıyam. Xalıq bəyin nekroloqa necə  reaksiya verəcəyini mütləq   sənə  bildirəcəm.

Xalıq müəllimin vəfat etmədiyi, sağ olduğu xəbəri tezliklə hər tərəfə yayıldı və 9 avqust 1996 tarixində "Ədəbiyyat qəzeti"ndə  Kamil Vəli Nərimanoğlunun belə bir məktubu çap olundu:

"Hörmətli redaksiya. 27 iyul tarixli sayınızda bir qrup Azərbaycan yazıçısı və alimi görkəmli şərqşünas-türkoloq Xalıq Koroğlunun ölüm xəbəri ilə bağlı yazı çap etdirmişdik.

Həmin sətirlər, şübhəsiz ki, görkəmli elm xadiminə böyük məhəbbətin və onunla əlaqədar xəbərdən doğan acı təəssüfün ifadəsidir.

Ancaq xeyirlə şər qoşa doğulur. Moskvadan gəlmiş tanınmış şərqşünas-alim dostumuz Tofiq  Məlikov Xalıq Koroğlunun sağ-salamat olub Moskvada başqa bir evə köçüb yaşadığını bildirdi.

Bu xəbər bizi çox sevindirdi. Allaha çox şükür. Allah Xalıq bəyə min il ömür versin.

Ancaq Xalıq müəllimin əski evində yaşayan nankora da ar olsun ki, Azərbaycandan zəng edən adamlara yalan  xəbər verməkdə vicdan əzabı çəkməyib.

İstər o yazıda imzası olanlar, istərsə də imzası olmayan elmi ictimaiyyət görkəmli alimə, sevimli insana cansağlığı, ailə xoşbəxtliyi arzulayır. Ondan, redaksiyadan və bütün oxuculardan dönə-dönə üzr istəyirik."

Moskvaya qayıdan kimi Xalıq müəllimə telefon etdim və sabahısı günü onunla görüşdük. Azad Nəbiyevlə bərabər rusca yazdığı "Azərbaycan qəhrəmanlıq dastanı" kitabının yaxın zamanda nəşr olunacağı haqqında məlumat verdikdən sonra könhə evində yaşayan qadının Bakıdan zəng edənlərə onun öldüyünü dediyini və bu  yanlış acı xəbərin alimləri, yazıçıları, dostlarını son dərəcə üzdüyünü və bu üzüntülərini nekroloqda dilə gətirdiklərini dedim.

Xalıq müəllim gülümsəyərək:

- Yaxşı, mənim nekroloqumu gətirmisənmi?

- Bəli, gətirmişəm, buyurun, oxuyun.

Yazını  tələsmədən, diqqətlə oxuduqdan sonra:

- Sağ olsun Kamil, yaxşı nekroloq yazıb, - dedi.

- Amma orada hamı çox narahatdır, sizin bu olaya verəcəyiniz reaksiyadan nigarandırlar.

- Mən sağlığında özü haqqında nekroloq oxuyan bəlkə ilk adamam. Buna  necə pis baxa bilərəm. Qəzet  məndə qalsın, tərcümə edib xanımıma da oxuyacağam.

Heyiflər olsun ki, Xalıq müəllim, o böyük alim, o təmkinli, sadə, gözəl insan beş ildən sonra - 2001-ci ilin oktyabrında, 82 yaşında dünyaya vida etdi. Onu son yolçuluğuna yola salan qohumları, iş yoladşlarından başqa ancaq dörd azərbaycanlı Alla Axundova, Abuzər Bağırov, Çingiz Hüseynov və mən vardım.

Ensiklopedik bilgiyə sahib olan Xalıq müəllim mükəmməl öyrəndiyi bir çox dillər sayəsində Şərq və Qərb folklorunu qarşılıqlı tipoloji şəkildə araşdırmış və filoloji elminin bu sahəsində mövcud olan bir çox problemlərinə aydınlıq gətirmişdir.  Heç şübhəsiz, onun çoxşaxəli elmi irsi zamanla diqqətlə öyrəniləcək və beləliklə folklorşünaslığımızın daha da inkişafına dəstək olacaqdır.

Türklüyü ilə qürur duyan, türklərin folklorunu  araşdıraraq dünyaya zəngin  ədəbi, mədəni irsimizi tanıdan bu böyük türkoloq-alimə, heyiflər olsun ki, layiq olduğu dəyəri, qiyməti verə bilmədik, bu günə kimi  onun  yaradıcılığını, elmi irsini, metodikasını  öyrənib faydalanmadıq.  Professor Vaqif Sultanlı Xalıq Koroğluya həsr etdiyi "Nekroloqunu oxumuş insan" məqaləsində haqlı olaraq yazır ki, "Xalıq  Koroğlunun yaradıcılığı Azərbaycanda kifayət qədər öyrənilmədiyi və təbliğ olunmadığı üçün, nəinki geniş oxucu kütlələri, hətta ədəbi ictimaiyyət onun fəaliyyəti haqqında ətraflı məlumata malik deyildir. Hətta Xalıq Koroğlunun vəfatına belə rəsmi mətbuat orqanları münasibət bildirməmiş, ədəbi ictimaiyyət isə bundan xeyli gec xəbər tutmuşdur."

Həyatdaykən Xalıq Koroğlunun tək  bir istəyi, bir arzusu  vardı. Bu da türk xalqlarının folkloruyla bağlı zəngin arxivinin, dünyanın dörd tərəfindən topladığı xalq ədəbiyyatlarıyla bağlı kitablarının, bir çox nadir əlyazmalarının  vətəninə, Azərbaycana bağışlamaq istəyirdi. Heyiflər olsun ki, böyük alimin bu istəyi həyata keçmədi. Moskvada yaşamış və yaratmış  türkoloq Əkbər Babayev, professor Qəzənfır Əliyev, professor Qasım Kərimov və başqa alimlərimizin arxivləri kimi, Xalıq Koroğlunun da  arxivini  qoruya bilmədik və nəticədə  unikal məxəzlərdən, əlyazmalarından, qiymətli kitablardan məhrum olduq. Bəlkə də bu səbəbdən türk dünyası folklorunun  nəhəng bilginlərindən, araşdırmaçılarından  biri olan Xalıq Koroğlunun bütün varlığı ilə sevdiyi Azərbaycanında elmi irsi yetəri qədər öyrənilmir, bir neçə alimdən başqa  elmi ictimaiyyət, xüsusiylə gənc türkoloqlar onu tanımırlar, yaradıcılığından xəbərdar deyillər...

Dünya türkologiyasının nəhənglərindən biri olan  bu alimin yaradıçılığından bəhs edən professor Vaqif Sultanlı haqlı olaraq yazır: "Xalıq Koroğlunu olduğu kimi anlatmaq çətindir. Monumental tədqiqatları ilə dünya türkologiya elminə yeni bir ab-hava gətirən böyük alimin zəngin irsinə hələ bundan sonra qayıdılacaqdır. Qeyri-adi intellekti ona filoloji fikrin mürəkkəbliklərini ümumiləşdirməyə, ən sadə şəkildə təqdim etməyə imkan verirdi." Unutmayaq  ki, ancaq xələflərimizin irslərinə və  yaratdıqları əsərlərə dayanaraq elmimizi daha yüksək səviyyələrə qaldıra  bilərik.

 

Tofiq MƏLİKLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.21.