Azərbaycan şeirinin qərib səhifələri

 

II məqalə

 

2. Qənbəroğlu və ikidilli şeir yaradıcılığı

 

Poetik irsi Azərbaycan, Türkiyə və cığatay şairlərinin diqqətini cəlb edərək, nəzirə və təxmislərə örnək olan Qənbəroğlunun adı nəinki geniş oxucu kütləsinə, hətta elmi ictimaiyyətə də az məlumdur. Bunun başlıca səbəbi şairin mirasını hələlik  azsaylı qəzəllərin təmsil etməsi və bu əsərlərin ayrı-ayrılıqda çeşidli toplularda (üç  məcmuə və bir divan) yer almasıdır.

Orta çağ qaynaqları və çağdaş araşdırmalarda həyatı, doğum yeri, milli mənsubiyyəti, ədəbi dili və şəxsiyyəti barədə konkret bir məlumat verilməyən bu şair daha çox Nəsiminin ona nəzirə yazması ilə tədqiqatçıların nəzərini cəlb edərək, ara-sıra xatırlanmışdır. Lakin bu yadetmələr də ötəri xarakterli olmuş, şairin şəxsiyyəti və onun bədii sənətkarlığı başqa tədqiqatçılarda maraq doğurmamış, dil xüsusiyyətləri, şeirlərinin fərqli və fərdi özəllikləri təhlil edilməmişdir. Qənbəroğlu şəxsiyyəti və şeir yaradıcılığı bizim nəzərimizi də məhz Nəsimi şeirinə örnəklik edən qəzəli ilə cəlb etdi. Bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində şairin altı qəzəlini üzə çıxardıq. Bu qəzəllərdən üçü Azərbaycan türkcəsində, üçü isə çığataycadır. Şairin bu əsərlərində istifadə etdiyi təxəllüslər də çeşidlidir: Qənbəroğlu (Qəmbəroğlu), Qənbəroğlan, İbni-Qənbər.

Onun Azərbaycan türkcəsində olan şeirləri Osmanlı sahəsində qələmə alınmış iki nəzirələr toplusu və Ağqoyunlu şairlərindən Hidayətin divanında, cığatayca şeirləri isə uyğur əlifbası ilə yazılmış bir məcmuədə yer alır. Buna görə də şairin hansı coğrafiyaya aidiyyəti, bu əsasda milli mənsubiyyəti və hansı ədəbi çevrənin nümayəndəsi olmasını dəqiq müəyyənləşdirmək çətinlik törədir. Bu mürəkkəb məsələnin çözülməsinə və onun Azərbaycan türkü olmasını güman etməyə bir sıra dəlillər birbaşa və ya dolayısı ilə yardım edir. Bu ehtimalımızı qüvvətləndirən bir cəhət onun Nəvainin şairlər ("Məcalisün-nəfais") və övliyalar ("Nəsayümül-məhəbbə") təzkirələrində yer almamasıdır. Bu mənada, zənnimizcə, Qənbəroğlu cığatay və ya Teymuri dönəmi şairlərindən olsaydı, Nəvainin nəzərindən qaçmaz və təzkirələrindən birində ona da yer verilərdi. Doğrudur, türkcə ilk təzkirə olan "Məcalisün-nəfais"də Qənbəri təxəllüslü iki şairin adı çəkilir, lakin onlardan biri Nişapur, digəri isə Məşhəddəndir. Həmin şairlərin əsərləri fars dilində bir beytlə təmsil olunduğu üçün konkret bir fikir söyləmək çətin olsa da, iki məlum faktdan çıxış edərək, bəzi mülahizələr irəli sürmək olar. Qənbəroğlunun cığatayca qəzəllərindən birinin ("Bolmağay") İbni-Qənbər təxəllüsü ilə yazılmasını əsas götürərək, onun şeir yaradıcılığının türkcə ilə hüdudlanmadığı qənaətinə gəldik. Çünki şairin müasiri olduğunu ehtimal etdiyimiz Həsənoğlu türkcə şeirlərini Həsənoğlu, farsca şeirini eynianlamlı Pur-e Həsən təxəllüsləri ilə yazmışdır. Qənbərinin Qənbəroğlu təxəllüsünün variantı ola biləcəyinə isə bu şairə nəzirə yazmış Bəhramoğlunun da təxəllüsünü qəzəllərində Bəhramoğlu və Bəhrami şəkillərində istifadəsi ipucu verir. Bu mənada Nəvainin haqqında söz açdığı iki şairdən birinin Qənbəroğlu ola biləcəyini ehtimal şəklində söyləmək olar. Amma təbii ki, bu məsələyə gələcəkdə şairin divanı və ya divanları üzə çıxarılarsa, tam aydınlıq gətirmək mümkün olar.

Qənbəroğlunun yaşadığı dövrü, təqribi də olsa, müəyyənləşdirmək niyyəti ilə ona nəzirə yazan şairlərə istinad etmək lazım gəlir. Amma təəssüf ki, bu istiqamətdə təşəbbüs göstərərək, şairin yaşadığı dövrün təyin edilməsinə çalışan tədqiqatçılar fikirlərini əlaqələndirmədiklərindən dəqiq bir nəticə əldə olunmamışdır. Tanınmış nəsimişünas alim H.Ayana görə, Qənbəroğlu Nəsiminin müasirlərindəndir. Tədqiqatçı O.F.Sərtkayaya görə isə, o, uyğur əlifbalı məcmuənin XV yüzilliyin I yarısında yaşamış tərtibçisinin  (Mənsur Bəxşi) müasiri və dostu olmuşdur. Tanınmış dilçi alimə görə, məhz bu səbəbdən katib öz toplusuna Qənbəroğlu, Cövhəri, Seyyid və Qasım kimi tanınmamış şairlərin əsərlərini daxil etmişdir (O.F.Sertkaya. Uygur Harfleriyle Yazılmış Bazı Manzum Parçalar, II, İstanbul Üniversitesi Edebiyat Fakültesi. // Türk Dili ve Edebiyatı Dergisi, II, İstanbul: 1975, s. 183). Halbuki Qənbəroğlunun digər bir şeirinə 6 il sonra türk şair və tərtibçisi Ömər bin Məzidin nəzirələr toplusunda da yer verilmişdir. Bundan başqa, Seyyid təxəllüsü ilə şeir yazan digər "tanınmamış" şair Nəsimidən başqası deyildir. İlk dəfə olaraq həmin şeirin Nəsimiyə aidiyyətini və bu qəzəlin şairin uyğur əlifbası ilə yazıya alınmış bir əsəri olduğunu müəyyənləşdirdik. (bu barədə bax: S.Şixieva. Nesimi i uzbekskaə klassiçeskaə pogziə v period Timuridov (XV-XVI vv.), s.28-45).

Ağqoyunlu şairlərindən Hidayətin divanını tədqiq edən İbrahim Sonaya görə, Qənbəroğlunun Hidayət tərəfindən tanınan bir sair olması ehtimalı çox yüksəkdir (İbrahim Sona. Hidayet Çelebi ve Divani. Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü Eski Türk Edebiyati Bilim Dali Yüksek Lisans Tezi. Ankara, 2006, s. 31). Amma Əmir Hidayət Ağqoyunlu dövlətində Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun səltənətlərini görmüş bir şair və dövlət adamıdır. (bax: Yenə orada, s. 1-2). Görkəmli dilçi alim Zeynəb Qorxmazın tədqiqatlarına görə, o, divanını Uzun Həsənin cəmi bir il hakimiyyətdə olmuş oğlu Sultan Xəlilə ithaf etmişdir. Şübhəsiz ki, belə olduğu halda, onların çağdaş olması üçün Qənbəroğlunun ədəbi fəaliyyəti XV yüzilliyin ikinci yarısına təsadüf etməli idi. Bu ehtimalı isə təsdiqləmək mümkün deyildir. Çünki 1437-cı ildə (h.840) qələmə alınmış bir məcmuədə qəzəli yer alan, Nəsiminin də nəzirə yazdığı şairin XV yüzilliyin II yarısında yaşamış Hidayətin müasiri və tanıdığı şair ola bilməsi ağlabatan görünmür. Şairə yazılan nəzirələrdən onun yaşadığı dövrü, təqribən də olsa, təyin etmək olur. Belə ki, ona nəzirə yazan şairlərdən Nəsiminin vəfat ili (1417), Ömər bin Məzidin əsərini qələmə aldığı tarix (1437) və nəhayət, Hidayətin hansı hökmdarların zamanında yaşadığı bəllidir. Qənbəroğlunun yaşadığı dövr və onun şeir yaradıcılığının təsadüf etdiyi illəri təyin etmək baxımından onunla əlaqəli şairlərdən ən qədiminin Nəsimi olması bu məsələyə müəyyən aydınlıq gətirir və onun Hidayətin müasiri olaraq qəbul edilməsinin mümkünsüzlüyünü göstərir.

Şairin üç qəzəlinin uyğur əlifbası ilə qələmə alınmış məcmuəyə daxil edilməsi ona Nəvaiyəqədərki çığatay şairləri arasında yer verilməsinə də səbəb olmuşdur. (bax: Hülya Kasapoğlu Çengel. Türkçe Rahatü'l-kulüb Yazmaları Üzerine // Yalım Kaya Bitigi. Osman Fikri Sertkaya Armağanı. Ankara: Türk Kültürünü  Araştırma Enstitüsü, 2013)

Göründüyü kimi, şairin yaşadığı dövr və coğrafiya barədə araşdırmalarda fikir ayrılıqları vardır. Qənbəroğlunun yaşadığı dövrün nisbi aydınlığa qovuşmasına isə təzkirəçi Lətifi Qəstəmonulunun (XVI) əsəri yardım edir və Orta əsrlər qaynağında yer aldığı üçün onun qeydləri daha mötəbərliyi ilə seçilir. Təzkirəçinin Sultan Murad və Sultan Mehmed xanın məddahı olmuş bursalı şair Ülvi haqqındakı bəhsdə verdiyi məlumat əsasında Qənbəroğlunun Həsənoğlunun müasiri olması qənaətinə gəldik. Məşhur təzkirəçi Ülvidən bəhs edərkən yazır ki, o, şeir sənətində qədim şairlərin - Qənbəroğlu, Həsənoğlu və Vəzindaroğlunun üslubunda yazır. Bu məlumatdan Sultan Murad  (öl.: 1389) və Sultan Mehmed xanın (öl.: 1421) müasiri olan Ülvinin sələflərindən olan Qənbəroğlunun daha öncəki dövrdə yaşadığı və XIII əsrin II yarısı - XIV əsrin I yarısında yaşamış Azərbaycan şairi Həsənoğlunun müasiri olması nəticəsi hasil olur.

Bundan başqa, Nəsiminin Qənbəroğluya nəzirəsində  hürufilik ideyalarının yer almamasına baxmayaraq, irfani məzmunlu şeiri həm sənətkarlıq, həm də ideya baxımından dolğundur. Bu mənada şeirin onun ilk qələm təcrübələrindən ola bilməyəcəyi şəksizdir. Yetkin yaşda bir şairin gənc birinə nəzirə yazması da az inandırıcı görünür. Buna görə də Qənbəroğlunun ən gec XIV yüzilliyin II yarısında  yaşayıb-yaratdığını təxmin etmək olar və Lətifinin verdiyi məlumat onun yaradıcılığının daha erkən dövrə aid olduğunu göstərir.

Şairin bir çox tədqiqatçının nəzərini cəlb edən şeiri Ömər bin Məzidin 1437-ci ildə qələmə aldığı "Məcmuatün-nəzair"də yer alır. Qənbəroğlunun bir prototip qəzəlinə Nəsimi, eləcə, daha iki şair nəzirə yazmışlar.

Qənbəroğlunun örnək qəzəlinin çox şöhrət tapdığı və buna görə də Nəsiminin diqqətini çəkdiyini söyləmək çox çətindir. Çünki həmin şeirə yalnız Bəhramoğlu adlı tanınmamış bir şair, Nəsimi və "Məcmuətün-nəzair"in tərtibçisi Ömər bin Məzid nəzirə yazmışlar. Qənbəroğlu:

 

Anıldı qarğının dalı anın qəddi-çinarından,

Dilər bimarinə şərbət ləbinun ləli yarından.

 

Nəsimi:

 

Səba hər dəm gəlür mişkin saçın Çini-tatarından,

Cahanı ənbərin eylər nəsimi-müşkbarından.

 

Qeyd etməliyik ki, Nəsimi Qənbəroğluya nəzirə yazan yeganə azərbaycanlı şair deyildir. Tərtibçinin şairə yazılan nəzirələri sıralaması Qənbəroğlunun bu qəzəlinə ilk nəzirə yazanın Bəhramoğlu təxəllüslü şair olması təsəvvürünü yaradır. Haqqında heç bir məlumatımız olmayan şairin:

 

Səba bundan Sipahana ilət kühlü cəvahir der,

Əlünə girsə bir zərrə ayağınun qubarından,

 

- kimi beytindən onun İsfahandan olması və qürbətdə olduğundan o torpaqların həsrətini çəkməsi məlum olur. Zənnimizcə, İsfahan və yaxud ora yaxın bir çevrədən olan və türkcə şeirlər yazan bir şairin Azərbaycan türkü olması şübhə doğurmamalıdır.  Şairin Ətayiyə nəzirəsində də bu həsrət və nisgilin işartılarını gördük:

 

Zülfünilə hindu xalün bir araya cəm olub,

Rum elində edisərlər sərbəsər yəğma bəni.

 

Qeyd etməliyik ki, Nəsiminin Qənbəroğluya yazdığı qəzəlin mətlə beyti daha çox Bəhramoğlu qəzəlinin yuxarıdakı beyti ilə səsləşir. Ömər bin Məzidin mətlə beytindən isə onun hər iki şeirdən təsirlənməsi məlum olur.

Qənbəroğlunun bu qəzəli ilə səsləşən şeirə XV əsr cığatay şairlərindən Ətayinin divanında da rast gəldik. Aşağıda leksik vahidlər baxımından daha yaxın olan beyti qeyd etməklə kifayətlənirik:

 

Buyunqni naxli-xavosinda

                        çu buldi ximmatim oli,

Maozallax! Ki yod etsam

                        çaman sarvu çinarindan.

 

Qənbəroğlunun digər bir şeiri XV yüzilliyin II yarısında yaşamış Azərbaycan şairlərindən Hidayətin təxmisinin tərkib hissəsidir. Ağqoyunlu dövrü Azərbaycan şeirinin tanınmış nümayəndələrindən olan bu şair Qənbəroğlunun 9 beytlik bir  qəzəlini təxmis etməklə həmin qəzəlin qorunub günümüzə çatmasına da vasitəçi olmuşdur. Hidayətin bəhsini etdiyimiz şeiri onun divanının Azərbaycandakı nəşrində yanlış olaraq, "müxəmməs" adı altında verildiyi üçün Qənbəroğluya aid hissələr də Hidayətin qələminin məhsulu kimi təqdim edilmişdir. Lakin türkiyəli tanınmış alim Zeynəb Qorxmaz və gənc tədqiqatçı İbrahim Sona şeirin janrını düzgün təyin edərək, onun təxmis olduğunu və örnək şeirin Qənbəroğluya aidiyyətini qeyd etmişlər. Hidayət:

 

Müdam cövrü cəfa yayını sipehr qurur,

Bəla oxını çəküb, kimə uğradıysa urur,

Hidayət, anda vəfa umuban kişimi durur,

Vəfa ümidi cahanda ki, Qənbəroğlu umar,

Zəhi təsviri-batil, zəhi xəyali-məhal.

 

Göründüyü kimi, Azərbaycan şairi Hidayətin və onun şeirinə örnəklik edən Qənbəroğlu qəzəlinin dil baxımından ayrılığı yoxdur. Daha sonrakı yüzillikdə yaşayan xələfin prototipin dilini dəyişdirməsi də inandırıcı görünmür. Burada belə bir müqayisə aparmaq yerində olardı ki, XV əsr Azərbaycan şairlərindən Kişvəri təxmis etdiyi şeirin hansı ədəbi dilə məxsusluğuna xüsusi diqqət yetirmişdir. Nəvaiyə yazdığı təxmislərdə onun dili cığataycaya olduqca yaxın, Osmanlı şairlərinə (Əhməd, Nizami Qaramanlı) yazdığı təxmislərdə isə oğuz türkcəsindədir. Eyni durum Füzulinin nəzirə və təxmislərində də nəzərə çarpır. İndiyədək diqqət yetirilməmiş bu özəllik Kişvəri və Füzulinin bir şair olaraq geniş imkanlarından soraq verdiyi kimi, təxmis yazılan əsərin dilinin qorunmasının lazım gəldiyi qənaətini də yaradır. Bununla belə, bu dəlilə də tam arxalanmaq çətindir və bu istiqamətdə daha təfərrüatlı araşdırmalara ehtiyac vardır.

XV əsr cığatay şairlərindən Ətayinin aşağıdakı beytinin yer aldığı qəzəli də Qənbəroğluya yazılmış nəzirə kimi dəyərləndirmək mümkündür:

 

Ey Atoyi, vaslininq tadbirida joy uynoqil,

Kim muxabbat bobida siqmas fanu makru xiyal.

 

Bir sıra şairlərin diqqətini cəlb edərək, poetik təxəyyülünü yeni təsvir və fərqli deyimlər aləminə pərvazlandıran bu şeirdə həm də avtobioqrafik məlumatlar ifadəsini tapmışdır. Qəzəldən şairin bir zaman yüksək mənsəb, şan-şöhrət ("Cahanda mən dəxi bir şəhsüvari-dövlət idüm // Ki, həm-inanum idi təxtü bəxtü izzü cəlal") və gözəl camal sahibi olduğu, lakin bir qəza nəticəsində bunlardan məhrum olması təsəvvürü yaranır. Yuxarıda xatırlatdığımız beyt və sonrakı parçalarda ifadəsini tapan təhkiyə tərzindən onun atdan yıxılaraq, ölümlə üz-üz qalması və sonda şikəst olmasını öyrənə bilirik. Şairin əlimizdə olan altı şeirindən ikisində təxəllüsünü "şikəst" epiteti ilə verməsi də küskünlüyünün ifadəsi kimi anlaşılır.

Qənbəroğlunun indiyədək tamamilə tədqiqatdan kənarda qalmış üçüncü şeiri:

 

Sənin zülfün bana damü bəladur

Ki, gönlüm daim anda mübtəladur,

 

- mətləsi ilə başlayan qəzəldir. Əyridirli Hacı Kamalın "Məcmuatün-nəzair" (1512) adlı tərtibində yer alan bu şeir də Azərbaycan türkcəsində qələmə alınmışdır. Qənaətimizcə, hər üç şeir  söz sənətkarlığı və dilinin zərifliyi baxımından Azərbaycan ədəbiyyat tarixi və ədəbi dil tarixində xüsusi bir yer almağa layiqdir.

Tərtibçiyə görə, Qənbəroğlunun yuxarıdakı mətlə ilə verilən qəzəli "Nəti-Rəsul əleyhissəlam rədifi-digər" ("Rəsul əleyhissəlamın tərifinə aid digər rədifli şeir") başlığı altında verilən örnək əsərə yazılmış nəzirədir. Təəssüf ki, prototip şeirin müəllifi bəlli deyildir. Tədqiqatçı Yasemin Ertek Morkoç bu şeirin hazırladığı elmi-tənqidi mətnin əsasında duran hər iki əlyazma nüsxəsində müəllifsiz verildiyini qeyd edir. Maraqlıdır ki, nə bu şeirin məqtəsində, nə də ardınca gələn "Nəzireyi-ust" ("Onun nəzirəsidir") başlıqlı eyni müəllifə aid qəzəlin məqtəsində təxəllüs verilməmişdir. Süleyman, Qasım, Rəbbani təxəllüslü şairlərlə yanaşı, Nəsimi və Qənbəroğlunun da nəzirəsi qeydə alınan bir mətnin müəllifi, hələ ki, anonimdir. Hacı Kamalın "Qənbəroğlan" təxəllüsü ilə verilən şeiri "Nəzireyi-Qənbəroğlu" başlığı altında verməsi  xüsusi əhəmiyyətə malikdir və bu qeyd şeirin müəllifi ilə əlaqəli yaranacaq fikir dolaşıqlığının qarşısını alır.

Qənbəroğlunun şeirləri dağınıq şəkildə çeşidli toplularda yer aldığından şairin şəxsiyyəti, yaradıcılığı və s. ilə bağlı dəyərləndirilmələrində də sistemlilik yoxdur. Onun iki türk ləhcəsi ilə yazması və bunun hansı səbəblərdən qaynaqlana biləcəyi isə digər tədqiqatçıların diqqətini cəlb etməmişdir. Tədqiqatçılardan yalnız İ.Sona Hidayətin təxmisinin zəminini təşkil edən qəzəlin müəllifinin - Qənbəroğlunun bəzi şeirlərinin uyğur əlifbası ilə də yazıya alındığını qeyd etməklə kifayətlənmişdir.

Qeyd etməliyik ki, Qənbəroğlunun Nəsimi və Hidayətin şeirlərinə örnəklik edən qəzəllərində, eləcə   Əyridirli Hacı Kamalın "Məcmuatün-nəzair" adlı toplusunda yer alan şeirində çığatayca leksik ünsürlər yer almır və onun bu əsərlərinin dilinə Azərbaycan türkcəsi hakimdir. Şeirləri dil baxımından müqayisəmiz əsasında onun yuxarıda bəhsini etdiyimiz iki örnək qəzəlinin Azərbaycan türkləri Nəsimi və Hidayətin dilindən seçilmədiyi, sonuncu qəzəlinin də eynilə oğuz türkcəsi özəlliklərinə malik olduğu qənaətinə gəldik.

Qənbəroğlunun, artıq qeyd etdiyimiz kimi, digər üç  qəzəli isə uyğur əlifbası ilə qələmə alınmışdır. Tanınmış alim O.F.Sərtkayanın araşdırmasına görə, bu toplunu Mənsur Bəxşi adlı tanınmış katib 1431-ci ildə tərtib etmişdir. Bu mənada həmin məcmuə şairin əsərlərinin yer aldığı topluların ən qədimi olması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qənbəroğlunun həmin məcmuədə yer alan cığatayca şeirlərinin poetik inikasını Nəsimi və Hafiz Xarəzminin (XV) divanlarında da görmək mümkündür. Bu mənada Nəsiminin yuxarıda örnəyini verdiyimiz və nəsimişünasların diqqət mərkəzində olan qəzəli onun Qənbəroğlu yaradıcılığına bələdliyinin yeganə göstəricisi deyildir. Belə ki, sələfin "Kıldınq kılmagıl" və Nəsiminin "Etmək dilərsən, etməgil" rədifli qəzəllərində rədif uyğunluğu ilə yanaşı, fikri ifadə tərzi, üslub və mövzu seçimi baxımından da yaxınlıq müşahidə olunur. Qənbəroğlunun "Bolmagay" və Nəsiminin "Olmasun" rədifli qəzəllərinin səsləşmələri isə daha çox rədif və qafiyə səviyyəsindədir.

Qənbəroğlunun:

 

Ta kim ol servi-sehi sümbülni gülpuş eyleti,

Sedhezaran bülbüli gülşente methuş eyleti,

 

(Mətndə: "sat-hesaran")

 

- mətləli cığatayca qəzəli təkcə rədif və qafiyə baxımından deyil, bəzi beytlərin məzmunu baxımından da Hafiz Xarəzminin "Eylədi" rədifli qəzəli ilə yaxındır. Nümunələrə nəzər salaq. Qənbəroğlu:

 

Kasti-canım kıltı tilber naveki-müjgan bile,

Niçekim niş urtı ol, bu xesdetil nuş eyleti.

 

Hafiz Xarəzmi:

 

Kirpigün ta nişü şirin ləlini nuş eylədi,

Cami-meydin aşiqini məstü bihuş eylədi.

 

Təsəvvür aydınlığı yaratmaq niyyəti ilə O.F.Sərtkayanın Qənbəroğlu şeirini transliterasiyasını mümkün qədər dəyişməməyə çalışsaq da, yuxarıdakı beyti iki şəkildə oxumaq və onu asanlıqda dövrün oğuz ədəbi türkcəsinə də uyğunlaşdırmaq mümkündür. Başqa sözlə, dövrün hər iki ədəbi dilinin yaxınlıq səviyyəsi bu beytdə də aydın şəkildə görünür və ləhcə ayrılığı yaradan fərqin, əsasən, kar samitlərin üstünlüyündən ibarət olması xüsusi araşdırmaya möhtac deyildir. Əslində, bu yaxınlıq fərdi xarakterli olmayıb, o dövrün dil xüsusiyyətlərindən irəli gəlir.

Qənbəroğlunun bir sıra beytlərini oğuz və cığatay türkcəsinə uyğunlaşdırmanın mümkünlüyü şairin dilinin katiblər tərəfindən dəyişdirilə biləcəyini də fikrə gətirir. Bu kimi hallar Orta əsrlər mətnləri üçün nadir hadisə deyildir. Məsələn, XV yüzilliyin birinci yarısında yaşamış cığatay şairlərindən Ətayinin Səfəvilər dövründə köçürülərək, Azərbaycan türkcəsinə uyğunlaşdırılan, Nəsiminin isə Mərkəzi Asiyada üzü köçürülən türkcə divanının cığataycaya uyğunlaşdırılması məlumdur. Bu mənada Qənbəroğlunun Teymurilər dövründə köçürülən şeirlərinin  cığataycalaşdırılmasının mümkünlüyünü ehtimal etmək olardı. Həmin topluda yer alan Nəsiminin şeirinin dil özəllikləri baxımından daha az, həm də müəyyən fonetik dəyişikliyə məruz qalması belə bir halı ehtimal etməyə imkan verir. Lakin Qənbəroğlunun cığatayca şeirində bu dilin xüsusiyyətləri fraqmentar deyil, bütün səviyyələrdə müşahidə olunduğundan dilin dəyişdirilə biləcəyi ehtimalını şübhə altına alır.

Zənnimizcə, bu istedadlı şairin öz şeirlərini türkcənin o dövrdəki hər iki ədəbi dilində qələmə alması onun daha geniş çevrələrdə tanınmaq istəyindən qaynaqlanmışdır. Bu ədəbi təzahürlərin özünəməxsusluğu, şairin hər iki ləhcənin xüsusiyyətləri görünən şeirlərində bəzən ləhcələrin birindən digərinə rəvan keçidin mümkünlüyü onun da  Həsənoğlu və Xoca Dehhani kimi Xorasan bölgəsindən ola biləcəyi fikrinə yönəldir.

Qənbəroğlunun əsərlərinin ərəb və uyğur əlifbaları ilə yazıya alınması, eləcə də ona Qərb (oğuz) və Şərq (cığatay) türkcələrində nəzirələr yazılması bu şairin Azərbaycan, Osmanlı və cığatay ədəbi sahələrində kifayət qədər tanınmış bir şəxs olduğunu göstərir. Şairin əsərlərini həm cığatay, həm də Azərbaycan türkcəsi ilə qələmə alınması onu bu iki ədəbiyyatı  əlaqələndirici bir şəxs kimi öyrənməyə də əsas verir və bu ədəbi əlaqələrin tarixinin daha yüzilliklərdən başlamasının mümkünlüyünü göstərir.

Burayadək söylənilənlərdən və əldə olan faktiki bədii materialdan çıxış edərək, Qənbəroğlunun da müasiri türk şairi Şəyyad Həmzə kimi dövründə ədəbi dilə malik  olan iki türk ləhcəsində - Şərq və Qərb türkcəsində yazdığını ehtimal edirik.

Sonda bunu deyə bilərik ki, Qənbəroğlunun kifayət qədər tanınmış olduğunu ona Azərbaycan, Türkiyə və cığatay türkcələrində yazılan nəzirələr sübut edir. Şairin ərəb və uyğur əlifbaları ilə yazıya alınmış ikidilli qəzəlləri və onlara yazılan nəzirələr şairin şöhrətinin təkcə öz dövrü ilə hüdudlanmadığını, təqribən iki yüzil boyunca onun geniş bir coğrafiyada tanındığını, poetik sözünün və təbii yaşantıları zərif ifadələrinin rəğbətlə qarşılandığını göstərir. Bizə gəlib çatan qəzəllərinin hələlik say baxımından az olmasına baxmayaraq, onun hər iki ədəbi çevrədə məşhur olduğunu düşünmək mümkündür. Nəzirə müəlliflərinin mənsub olduğu bölgələrə və onların şeirlərinin prototipinə nəzər saldıqda belə bir mənzərənin şahidi olduq: Qənbəroğlunun dilindən asılı olmayaq, eyni bir qəzəlinə həm çığatay, həm də Azərbaycan şairləri nəzirə yazmış, qəzəlin dilindən artıq, söz sənətkarlığı, poetik düşüncəsinin təsiri altında olmuşlar.

Göründüyü kimi, sağlığında və sonrakı yüzilliklərdə tanınaraq sevilən, poetik düşüncəsi digərləri üçün bir sənətkarlıq meyarı olan Qənbəroğlu sözünün şöhrəti Kiçik Asiyadan Mərkəzi Asiyaya qədər yayılmış bir şairdir. Onun indiyə qədər bu geniş coğrafiyada dövlətini qurmuş, milli ədəbiyyatı və ədəbi dilini yaratmış türk xalqlarından heç birinin ədəbiyyatında yer almaması, əbədi bir qəriblik həyatına məhkumluğu, özünün də şeirində işarə etdiyi kimi, taleyinin dönüklüyündən deyil, biz varislərinin diqqətsizliyindəndir.

Nəhayət, Qənbəroğlunun hər iki ləhcə ilə yazılmış şeirlərinin bu iki qohum xalqın ədəbi münasibətlərini öyrənmək kontekstində diqqətəlayiq bir fakt olduğunu və onun da Həsənoğlu kimi Azərbaycan ədəbiyyatında layiqli bir yer tutmağa haqqı çatdığını qeyd etməklə kifayətlənirik.

 

Qənbəroğlunun Azərbaycan türkcəsində şeirləri

 

1.      Nəsiminin nəzirə yazdığı prototip qəzəl:

 

Anıldı qarğının dalı anın qəddi-çinarından,

Dilər bimarinə şərbət ləbinun ləli yarından.

 

Gözü caduları əfsun oquyub bini məst etdi,

Gərü huşyar edər, sunar dilə ləli-üqarından.

 

Çəməndə bülbülü gördüm, dili ağzında lal olmuş,

Məgər kim ayru düşmüşdür

                        gülər gülyüzlü yarından?

Bənüm gönlim alan yarı qamudan ixtiyar etdüm,

Bəli, heç ixtiyarım yox bu dünya etibarından.

 

Çü eşqün damına düşdüm,

                        dəxi pərvaz urı bilməz,

Gögərçin nicə qurtulsun bu şəhbazun şikarından.

Şikəstə Qənbəroğluna buyursalar ki, təcrid ol,

Girəm meydanə mərdanə,

                        ətək silkəm nə varından.

 

2. Əyridirli Hacı Kamalın "Məcmuatün-nəzair"də bir anonim şeirə nəzirə olaraq təqdim etdiyi qəzəl:

 

Sənin zülfün bana damü bəladur

Ki, gönlüm daim anda mübtəladur.

 

Təbibə söylədüm dərdi-dilümdən,

Təbib eydür ki, dərdin bidəvadur.

 

Sana "ömrüm" dedim, ey bivəfa yar,

Yəqin bildüm ki, ömrüm bivəfadur.

 

Cəmalun bərgini Həqq tazə dutsun

Ki, hər şamü səhər zikrüm duadur.

 

Sor, egləsün şikəstə Qənbər Oğlan,

Hezar əhlən və səhlən mərhabadur.

 

3. Hidayətin təxmisində yer alan qəzəl:

 

Sabah sənilərə vardum bərayi-dəfi-məlal,

Sepidedəm kim əsərdi nəsimü badi-şimal.

 

Bir ün qulağuma gəldi ze həftqani-ləhəd

Ki, ey fəqirü həqir, olmağıl mükəddərhal.

 

(Hidayətin Azərbaycan nəşrində son ifadə: "pərişan hal")

 

Çahar-balişi-dünya degül bisati-nişat

Kim, anda təkyə qılursan zəhi qürurü xəyal.

 

 (Hidayətin Azərbaycan nəşrində: "təkyə" yerinə, "yektə" verilib)

 

Cahanda mən dəxi bir şəhsüvari-dövlət idüm

Ki, həm-inanum idi təxtü bəxtü izzü cəlal.

 

(Hidayətin Azərbaycan nəşrində: "guru cəlal")

 

Haçan ki sərpə salurdum niqabi çöhrəmdən,

Günəş yüzi sararurdı ze rəşki-hüsnü cəmal.

 

Qəzayi-hökmi-İlahi irişdi peyki-əcəl,

Gətürdi nameyi-həsrət zəvalə döndi kəmal.

 

İki fəriştə həm ol dəm müvəkkil oldı mana,

Hesab qılmaq içün dəftəri-haramü həlal.

 

Mən ol zaman ki olarun səlabətin gördüm,

Dutuldı öylə kim, oldı zəbani-natiqə lal.

 

Vəfa ümidi cahanda ki, Qənbəroğlı umar:

Zəhi təsviri-batil, zəhi xəyali-məhal.

 

Səadət ŞIXIYEVA

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.24-25.