Biz nəyə gülürük?

 

Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində bədii gülüş

 

Əvvəli ötən sayımızdaa

 

Ə.Haqverdiyevin sonrakı hekayələri sosial planda mahiyyətcə "Marallarım" silsiləsindən ciddi fərqlənməsə də, bunlarda tədricən gülüşün səciyyəsi dəyişir; daha çox nisgil və kədərə köklənərək hekayə qəhrəmanı və onun ümumiləşdirdiyi cəmiyyət nümayəndələrindən uzaqlaşaraq şəxsin hərəkətlərinin səbəblərinə yönəlik suallar yaradır.

"Diş ağrısı" hekayəsinin Hacı Rüstəmi gözüaçıq adamdır. Harda xeyir görsə, orda çalışır. "Baxdı ki, baqqallıqdan seyidlik xeyirlidir, nə səriştə, şecərə istəyən var, nə bir sorğu-sual edən. Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa." İnsanın xislətində onu deformasiyaya uğradan hər hansı bir "xəstə" cəhət olanda onu diş ağrısına bənzədirlər. Bəzən üst qatda nəzərə çarpdığı kimi, bu hekayədə Hacı Rüstəmin xəsis olduğu üçün sağlam dişlərini də verəcəyi pula daxil edərək çəkdirdiyi deyilir. Adətən, ədəbiyyatşünaslığımızda ədibin bu finalla Hacı Rüstəmi ifşaedici gülüşə məruz qoyduğu, hekayəni qüvvətli satirik ahənglə yekunlaşdırdığı yazılır: "Hacı Rüstəmin satirik tip kimi ən qüvvətli ifşa momenti məhz buradır. Hekayə boyu onun haqqında yazıçı tərəfindən söylənilmiş bütün təfərrüatlar da məhz bu yerdə ən qüvvətli təsdiqini tapır. Təbiidir ki, məhz bu yerdə Hacı Rüstəm ağır komik vəziyyətə düşmüş olur. Hekayədəki tənqidi gülüşün ən kəsərli və amasız yeri də həmin finaldır. Hekayənin əvvəlindən təmkinli və sakit tonda inkişaf edən və tədricən güclənən satirik gülüş Hacının axırıncı sözlərində son həddinə çatır, ittihamçı bir qəhqəhəyə çevrilir!" (T.Mütəllibov)

Hacı Rüstəmin gülməli görünən hərəkətinin (sağlam dişlərini çıxartdırmaq) səbəbi hekayənin əvvəlindəki tanıtımda əksini tapır: "Təzəşəhərdə üç böyük evi, iki meyvə bağı və bir topdağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə, əlini cibinə salmaz." "...Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı." Taks sındırmaq onunçun bir xarakter məsələsidir - bu, onu Hacı Rüstəm edən məqamdır. Dişinin ağrısına dözə bilmədiyi üçün həkim xanıma elə bu dəqiqə çəkdirməyə məcburdur. Lakin xanım sərt danışır və deyir ki, qiymət on şahıdır, xoşuna gəlmirsə, gedə bilər. Hacı Rüstəm məcburən ona dişini çəkdirsə də, sonda öz bildiyini etmək, nəticənin özü istədiyi kimi olması vacibdir. Və o, sağlam dişlərini xəsislikdən deyil (burada heç məntiq də yoxdur), öz sözünün keçərli olması üçün çəkdirir. Odur ki, əksərən tədqiqatçıların qeyd etdiyi kimi, Hacı Rüstəm burada gülünc vəziyyətdə qalmır, pis və ya yaxşı olduğunu yalnız sonradan müzakirə obyektinə çevrilə biləcək xarakterini nümayiş etdirir. Finaldakı hadisənin çözümü diş həkiminin ona dediyi bircə cümlədə ("Bura sənin dükanın deyil, çənə bazarına çıxasan.") və Hacı Rüstəmin 3 dişini çəkdirəndən sonra Usta Həsənə dediyi sözlərdədir: "Gördün, analar necə oğul doğub! Bax əsl ticarət buna deyərlər. Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz." Bəlkə də bu sonluq həqiqətən, dəyərli tədqiqatçı T.Mütəllimovun qeyd etdiyi kimi "tutarlı ifşa məqamıdır", lakin Hacı Rüstəmin xəsisliyinin yox, mərəz olsa belə, xarakterinə sadiqliyinin ifşasıdır. Fikrimcə, Ə.Haqverdiyev elə müəlliflərdəndir ki, onun hekayələrinə şablon və qəliblərlə münasibət doğru deyil, az qala hər bir obrazı fərdi yanaşma tələb edir. Odur ki, Hacı Rüstəmin finaldakı hərəkətini nəinki "təmsil etdiyi ictimai təbəqənin ifşası" ilə bağlayaraq gülmək, əksinə, milli-müsəlman cəmiyyətinin tipik xarakteri olaraq "yazıq müsəlman" deyə halına acımaq gərəkdir.

Ə.Haqverdiyev hekayələrində yeri gəldikcə haşiyələrə çıxır, bu, mətləbdən yayınırmış kimi görünsə də, əslində, əsas mövzunu daha da dolğunlaşdırmaq, bir növ, tamamlamaq məqsədi daşıyır. "Diş ağrısı" hekayəsində yalnız heç vaxt fürsəti fövtə verməmiş tacir Hacı Rüstəmdən bəhs edilmir, haşiyəyə çıxılıb pul qazanmaqda mahir olan, bütün yolları sınamaqdan çəkinməyən bir başqa "maraldan" da söhbət açılır: "Bəli, bir nəfər maraldan nağıl edirdilər ki, o da fürsəti fövt etməzdi. İranda çox bikar gəzəndən sonra baxır görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir: "Müttətuhü nəfsi binəfsikə,- qəbiltu". Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halalca malı."

Bu "maral" üçün siğə adi bir ticari işdir. Hətta bunun müqabilində küçələrin yetimlə dolması da vecinə deyil. Bir müddət bu yolla qazanır, lakin bir müddət sonra "işini" dəyişməyə məcbur qalanda "ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib" Qafqaza gələrək neçə il mərsiyəxanlıq edir. Ə.Haqverdiyev din adına əslində dinə heç bir aidiyyəti olmayan, uydurulmuş işlərlə məşğul olmaqla cib doldurmağın mümkünlüyünə diqqət yönləndirməklə insanların dini inanc adıyla soyulduğunu, elə bu yolla da "halal" günahlar, şər əməllər törətdiklərini nəzərə çatdırarkən siğəni pisləmir, uzun-uzadı moizə oxumur, sadəcə bunun nəticəsində küçələrin yetimlərlə dolacağını deyir: "Cəhənnəmə dolsun.Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtığını yeyib böyüyəcək."

Göründüyü kimi, el dilində yetim haqqında yayğın olan fikirlər təhkiyəçinin nitqində tamamilə satirik çalar qazanır, çoxluq tərəfindən işlək olan sözlər burada kinayəyə çevrilərək, hekayənin satirik pafosunu artırır.

Əksərən klassik müəlliflərin bu gün üçün aktual olduğunu ürək ağrısı ilə dilə gətiririk. Sənətkarın hər dövr üçün aktuallığı cəmiyyətin inkişafda geri qaldığının göstəricisidir. Bu gün mollalıq edənlərin əksəriyyətinin keçmişinə baxmaq kifayətdir və əksərinin sadəcə asan qazanc məqsədilə bu işə üz tutduğunu görmək mümkündür. Ə.Haqverdiyev uydurmurdu, gördüklərini, qınamalı olduqlarını yazırdı. Hekayədə dünənin mollası, rövzəxanı 1905-ci il inqilabından sonra başlayır "əmmaməni yerə qoyub... zamanaya müvafiq əşar yazmağa". Bir müddət keçdikdən - İran inqilabı başlandıqdan sonra isə patron-tüfəng ticarəti ilə məşğul olur. "Söz yox ki, burada da filan qədər para qazanır. Axır hökumət bunu tutub sürgün edir. Maral sürgündə də bikar durmur. Bir dənə baqqal dükanı açıb əyləşir."  Uzun sözün kəsəsi, "maral" bir xeyli qazanc təcrübəsindən sonra siğə dəllallığına başlayır. Və müəllif sözün bu yerindən sonra daha təfsilata varmayıb, onun qazancları haqqındakı söhbətini bitirir və qayıdır Hacı Rüstəmin üzərinə. (Yeri gəlmişkən, Hacı Rüstəmin "fəaliyyəti" iqtisadi tənqid üçün əməlli-başlı "xammal"dır, haradan, necə və nə qədər qazanması ilə bağlı ətraflı araşdırma aparmaq olar. Bu məsələyə növbəti yazılardan birində qayıdarıq.) "Diş ağrısı" hekayəsinin içərisindəki bu haşiyə ilk baxışda mətləblə bir əlaqəsi olmayan əlavə təfərrüat təsiri bağışlasa da, hekayənin ümumi sosial ideya-məzmunu ilə həmahəngləşir.

"Digər xüsusiyyətlərilə yanaşı, gülüş həm də sosial-ictimai-mədəni proseslərin başa düşülməsi üçün əsas verməkdədir. Gülüş, hər şeydən öncə, insanın öz mövcud halından kənarlaşması, özgələşməsi, hər hansı fikir məntiqi daxilində dağılması, özündən çıxması, hər hansı obrazlı aləmin, vahid həqiqətin təsdiqi deməkdir." (N.Tağısoy) "Mirzə Səfər" portret-hekayəsi bu gün üçün də aktual olan "milli şair"lik bəlamızın təsvirini dəqiq verir. Yeri gəlmişkən, qeyd edək ki, Ə.Haqverdiyevin hekayələrinin təxminən üçdə biri portret hekayədir. Bu sırada onun "Mirzə Səfər", "Şeyx Şəban", "Koroğlu", "Şikayət", "Mütrüb dəftəri", "Yaşılbaş sona", "Diş ağrısı", "Qiraət" və s. hekayələrinin adını çəkmək mümkündür. Bu və digər hekayələrdə süjet protoqonistin portretinə tabe tutularaq, xarakterin açılmasına xidmət edir və mətnin aparıcı qayəsi bu müstəvidə meydana çıxır. Bu hekayələrdə əsas qəhrəmanın tərcümeyi-halının geniş və ətraflı təsvir olunması, zahiri və mənəvi tərəflərinin sözlə "rəsminin çəkilməsi" hadisələrin gedişatında aparıcı əhəmiyyətə malik olur. Məsələn, "Şeyx Şəban" hekayəsi başlayan kimi müəllif oxucuya xitab edir: "Şeyx Şəbanı siz tanıyırsınızmı?

-Xeyr!

-Heyf, sədd heyf. Mən haman o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin qabağında əyləşib pinəçilik edirdi.

Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli olardı.

Deyəsən, yavaş-yavaş yadınıza düşür..." Bu minvalla əvvəlcə onun insani keyfiyyətləri üzə çıxır, ardınca isə başına gələn əhvalatlar nəql olunur. Bütün əhvalat boyunca öz prinsiplərinə, xarakterinə sadiq qalan Şeyx Şəbanın başına gələnlərdə onun insani təbiəti aparıcıdır.

Mirzə Səfərin qafiyə tapa bilmədiyi o bircə misra əslində gerçəkliyin acı ifadəsi idi ki, ona heç qafiyə tapmağa da gərək yox idi. Sadəcə, Mirzə bunu başa düşmürdü, anlamırdı ki, şairlik yalnız şeirə sevgidən yaranmır. Şairliyin zahiri əlamətlərinə bənd olub ("Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır."), onu az qala, sehrlə səhv salıb ("Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar") möcüzə baş verəcəyini gözləyir.

Şairliyi bir az da keflə, əyyaşlıqla qarışıq salan, laübalı, dərdli, dağınıq bir obraz kimi qavramaq elə o dövrdən bəri milli düşüncəmizdə özünə yer edib. Ağılla dərk etməsə də, fəhmlə "darvazamızı fələk vurubdur" gerçəyi məhz Mirzə Səfərin qələmindən çıxması və ardını heç cür gətirə bilməməsi taleyin ironiyasıdır. Əvəzində, atası misranı oxuyan kimi, onu rahatca tamamlayır:

"Darvazamızı fələk vurubdur! \ Səntək bişüuru mənə veribdi."

Hekayənin 2-ci hissəsində Mirzə Səfərin baş tutmayan şairlik sevdasının onu mirzəlik etməyə yönləndirdiyini görürük. Mirzə özünə tənqidi yanaşa bilən adamdır; belə olmasa idi, gəncliyində başına gələnləri, şeir yaza bilməməsini, qonşu qızının onu bəyənməyib başqasına ərə getməsini, sonra kiminsə bu xüsusda ona şeir yazıb göndərməsini özü danışmazdı. Elə bu xüsusiyyətlərinə görə də illərlə dilinin əzbəri olsa da, qafiyə tapa bilmədiyi misrası onun özünə, cəmiyyətimizə, bir əsrdən artıqdır ki, ortada öyünəcək bir xüsus olmayanda belə, şairlik, alimlik, dahilik iddialarımıza ironiyasıdır.

"Marallarım" silsiləsindən sonrakı əksər hekayələrində müəllif, əslində, marallarından çox da seçilməyən qəhrəmanlarına "qəzəb oxlarını" yönləndirmir,  satirik ifşaya məruz qoymur, hekayələrin bədii həlli daha çox komizmə köklənir və üstəlik, bu gülüş bəzən mətnin yarısında qeyb olur, sıxışdırılıb çıxarılır, ona mətndə yer qalmır.

Hekayənin ikinci hissəsində müəllif Mirzə Səfəri oxucusuna ilk baxışda bir-birilə əlaqəsi olmayan ayrı-ayrı epizodlarla tanıdır: Həsən ağanın qohumu ilə baş tutan dialoq, kəndlilərdən biri ilə qısa söhbəti, naçalnikə verdiyi kəsə cavab və s.    Digər dövlət qulluqçularından fərqli olaraq, o, rüşvətxor, cibini güdən, şəxsi maraqları naminə əyilə, sına bilən adam deyil. "Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək ikiqat baş əyəsən... Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib, ayağımdan çıxar." Baxmayaraq ki, Mirzə Səfər qazancına qanedir, bu aylıq 35 manat onun başından girsə də, ayağından çıxmağa bəs etmir. Çünki iki oğlu edadiyyə məktəbində təhsil alır və Mirzənin məişətinin ağır olduğunu nəzərə alaraq, cəmiyyəti-xeyriyyə onun uşaqlarını məktəb pulundan azad edir. Demək, məsələ, onun ailəsinə kifayət edəcək qədər qazanmasında deyil, kifayət etməsə belə, gözütoxluğundadır.

"Mirzə Səfər" portret-hekayə kimi yazılsa da, bütünlüklə cəmiyyəti ağalı-nökərli, varlı-kasıblı, təhsilli-təhsilsiz qatları ilə əhatə edib. Onun həyatı doğuluşundan olmasa da, ilk istəklərindən, doğru və yanlışlarından başlayaraq hekayədə ifadəsini tapır. Xüsusən çağdaş ədəbiyyatda mətnlərdən sanki ümid işığının harasa yox olduğunu seyr etmək üzücüdür. "Mirzə Səfər" məhz işıqlı mətndir, ümidin hekayəsidir. Bütün çətinliklərə rəğmən, halal zəhmətlə mənən böyük qalmağın, cılızlaşmadan, əyilmədən də arzulara yetməyin mümkünlüyünü rəsm edən əsər, insanın bütün şərtlərdə insan qala bilməsinin hekayəsidir. Hekayə komizmin təzahürü ilə başlayır və tədricən psixoloji meyil üstünlük təşkil edir. Bu hekayədə sosial münasibətlərin kəskinləşdiyi və passiv də olsa, etirazçılıq, ifşa ruhu duyulsa da, əsər kəskin satirik pafosdan uzaqdır.

"Qiraət" hekayəsindəki Məşədi Qulam feodal mühitin təzələndiyi bir zamanın obrazıdır. Ümumiyyətlə, milli burjuaziyanın imkanlıları üçün əcnəbi xanımlarla istər nikahdankənar münasibət, istərsə də ciddi ailə münasibətləri, bir növ, prestij sayılırdı. Ə.Haqverdiyevin nəsrində bədii detal əhəmiyyətli "xırdalıq"dır və hekayə üçün xarakterik olan "nəbzinin ritmi"ni yaratmağa kömək edir. Düzgün tapılmış və yerində işlədilən detal müəllifə əlavə təfərrüatlardan qaçmaq imkanı verir:  "Qarpızın saplağı tərəfini dairə kəsib, sonra dördə bölüb yerə atdı. Qabıq parçalarının ikisi qara tərəfinə düşəndə məşədi sevindiyindən qarpızı və bıçağı yerə qoyub, iki şəhadət barmağını bir-birinə ilişdirib "oxay, yəqin barışacaq" deyib bərk şaqqıldatdı". Məşədinin bu sevinc jesti oxucuda maraq oyadır, gələcək hadisələrə hazırlayır, barışmalı olduğu zatın kimliyi sual doğurur.

Təhkiyəçinin "açmadığı" sirdən bəlli olur ki, "Məşədi Qulamın arvadından başqa bir Nataşa adlı aşnası da var" və Nataşa Məşədini qovub: "Səbəbi də bu olub ki, Nataşa Məşədidən brilyant üzük xahiş edb, Məşədi də ona yaqut üzük alıb".

Yazılı ədəbiyyatda da, şifahi söhbətlərdə də məşədilərin (oxu: müsəlman kişilərin) rus qadınlarına (oxu: slavyan qadınları) meyillənməsinin səbəbi elə hekayədə olduğu kimi belə əsaslandırılır: Məşədi Qulamın dilindən: "Allah kəssin müsəlmanın evini-eşiyini, diriliyini-səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxarırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan qudurub qaçar. Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı... Tfu! Gedirsən Nataşanın evinə, süfrə qardan , çəngəl-bıçağın şəfəqindən göz qamaşır... Nataşa özü paltarının ən lətifini geyib, gəlir əyləşir üstülun başında: əl patiska ağı, sifət Ay parçası, tüklərin qoxusundan adam bihuş olur".

Ə.Haqerdiyev bu ikisinə münasibəti sadəcə təsvir etməklə şərqli kişinin qadına münasibətdəki riyakarlığını üzə çıxarır. Bədii mətn yalnız estetik hadisə olaraq qalmır, cəmiyyətin ağrılarını nişan verir və sətir aralığında bu ağrıların səbəblərini də göstərir. Məşədilər nataşalara göstərdiyi diqqət və ilginin bir faizini öz qadınlarına göstərsələr, kömək edib ev qayğılarını azaltsalar, bütün yükü "evin dayağı, sütunu" deyə öydükləri qadının üzərinə qoymasalar, sərbəstlik versələr, qorxu altında saxlamasalar, mental ənənələrin buxovunu boşaldıb insan kimi düşünmək, fikir yürütmək azadlığı imkanları yaratsalar, Azərbaycan qadını da uğrunda böyük məbləğlər sərf ediləcək qədər gözəl, cazibədar, baxımlı, arzuolunan olar. Bu qadınların rəftarı onlar üçün yaradılan boğucu şəraitə adekvatdır. Bütün gün iş-güc və ailə qayğılarının əldən saldığı qadın fədakarlıq mücəssəməsidir. Onun özünə ayırmağa vaxtı yoxdur. Vaxtı olsa belə, dünyagörüşünün azlığından çox şeydən bixəbərdir.

"Mənim əziz məşaduşqam, o gün mən səni incitmişəm. Hərçənd, taqsır sənin özündədir. Amma yenə peşiman olub, səninlə barışmaq istəyirəm. Bu gecəni səni gözləyəcəyəm. Əlbəttə, gələrsən və əgər tapşırdığım üzüyü də gətirsən, sənin qırxıq başından üç dəfə öpüş alacağam". Bu məktub Məşədi Qulamı elə sevindirir ki, "Məşədi qalxıb dükanın ortasında ətrafdan baxan olmasaydı, bir "Uzundərə" oynayırdı." Onun üçün saf hisslərin olmaması, Nataşanın "Maşaduşkaya" sadəcə bir pul kisəsi kimi baxmasının heç bir əhəmiyyəti yoxdur. Əslində, bu və "Ata və oğul" hekayəsində izlədiyimiz kimi, slavyan qadını sevgi və sədaqət simvolu kimi təsvir olunmur. Yalnız pul, hədiyyələr müqabilində Azərbaycan kişisi ilə (yaşlı və ya cavan, fərqi yoxdu) münasibətə razılıq verən qadın "təhlükə" hiss edən kimi "gəmini tərk edir", "sevgilisini" öz dərdləri, pulsuzluq və qayğıları ilə baş-başa qoyur. Demək, burada incə bir məqam var: problem evdəki qadının necəliyindən daha çox, onu nə cür dəyərləndirən kişinin beynində, düşüncəsindədir. Ə.Haqverdiyev qadına münasibətdəki bu ikili yanaşmanı sosial bəla kimi dəyərləndirir və satirik boyalarla təsvirini verirdi.

Ə.Haqverdiyevin qəhrəmanı məharətlə tezcə yalan uydurub sadəlövh xanımını aldadır. Adını saflıq, ya səfehlik, sadəlik və sadəlövhlük - nə qoyarsaq, qoyaq, nəticə dəyişmir və burada Məşədi Qulamın düşdüyü gülünc vəziyyət nə qədər gülməlidirsə, həyat yoldaşının durumu bir o qədər acınacaqlıdır. Aldadan kişi kimi Məşədi Qulama gülürük - burada incə yumor da var, satirik çalarlar da. Həm də bu qadının və onun timsalında haqqı tapdanan bütün qadınların gününə üzülürük.

Nataşalar üçün əxlaq meyarı yoxdur, onlar "hisslərini" pula, pulla alına bilən qiymətli əşyalara  dəyişirlər. Lakin məşədi qulamlar da bu baxımdan onlardan fərqli deyillər: onların əxlaq kodeksində kişinin aldatması normal haldır. Milli-müsəlman düşüncəsinə görə, həyat yoldaşı ac deyilsə, susuz deyilsə, xüsusi böyük ehtiyacları yoxdursa (hətta varsa belə) onu aldatmaq kişi üçün qəbahət sayılmır. Bu əyləncələr müsəlman kişisi üçün həm də özünü, sərbəstliyini və maddi imkanlarını təsdiqləmək vasitəsidir.

Bu hekayədə yenə epizodik obraz olan Məşədi Qulamın övrəti sadəlövhlüklə yanaşı, həm də qayğıkeşdir. Qarşılaşdırıldığı Nataşa isə hiyləgər və tamahkar. Müəllif onları qarşı-qarşıya gətirmir, situasiyanın özü elə qurulub ki, biz onları Şərq və Qərb qadını, müsəlman və qeyri-müsəlman qadın kontekstlərində də müqayisəyə gətirə bilərik. Müəllifi narahat edən əxlaqi problemlər xarakterlərin toqquşmasında meydana çıxır, ona görə biz ilk baxışda güldüyümüzə, diqqət kəsildikdən sonra "ağlayırıq" - gerçəklər bizi kədərləndirir, "niyə belədir?" deyə sual qarşısında qoyur və problemin kökünü aramağa yönləndirir.    

Ə.Haqverdiyevin hekayələrində yalnız bircə yerdə "qadın azadlığı" ifadəsi keçir, o da satirik ahəngdə: "Dəccalabad" hekayəsində şeyxlərdən biri qadın qılığına girib teştlərə atılan pulları götürüb cibinə qoyurmuş. Bu əhvaldan xəbərdar olanda: "İndi Dəccalabad şeyxləri hamısı qadın azadlığı tərəfdarı olublar. Deyirlər: "Əgər arvadlar üzüaçıq gəzsələr, şeyxlər arvad libası geyib pullarımızı oğurlaya bilməzlər." Burada qadın üçün "nəzərdə tutulan azadlıq" da kişilərin xeyri üçündür.

Ə.Haqverdiyevin bədii nəsrinin xarakterik cəhətləri onun ideya-yaradıcılıq istiqamətinin əsas prinsiplərini müəyyənləşdirir. Hekayələrindəki əhvalat üzərində qurulan süjet tədricən obrazın iç dünyasına nüfuzetmə ilə əvəzlənir. Beləliklə,  müəllif müasirlərinin mahiyyətini əks etdirməklə bütövlükdə həmin zamanın ictimai ovqatını, sosial əhəmiyyətli, dolayısı ilə həm də siyasi proseslərin mahiyyətini ifadə edir.

 

Mətanət VAHİD

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.28-29